Polşa yaxın günlərdə Ukraynaya dörd ədəd “MiQ-29” göndərəcək

Polşa yaxın günlərdə Ukraynaya dörd ədəd “MiQ-29” qırıcı təyyarəsi tədarük edəcək. Bunu bu gün keçirdiyi mətbuat konfransında çıxışı zamanı Polşa Prezidenti Andjey Duda bəyan edib. Polşa lideri vurğulayıb ki, hazırda ölkəsinin Silahlı Qüvvələrinin anbarlarında 10-dan çox belə qırıcı təyyarə var: “Yaxın bir neçə gün ərzində biz tam istismara yararlı dörd ədəd təyyarəni Ukraynaya göndərəcəyik”. Duda onu da əlavə edib ki, digər qırıcı təyyarələrə hazırda texniki xidmət göstərilir, onlar da istifadə üçün hazırlanaraq təhvil veriləcək.

Azərbaycanda narkomanların sayı KƏSKİN ARTIB

Cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 12904 nəfər istiqamətləndirilib. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 394 nəfərindən 241-nin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Səhiyyə Nazirliyinin məlumatına əsasən 2023-cü ilin yanvar-fevral ayları ərzində 1041 nəfər yeni qeydiyyata götürülüb. Həmin şəxslərdən 499 nəfəri dispanser, 542 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 26 nəfəri qadındır. 1035 nəfər isə qeydiyyatdan çıxarılıb.

Türkiyədə daşqınlarda ölənləri sayı artdı

Türkiyənin Şanlıurfa və Adıyaman ərazisində baş verən daşqında ölənlərin sayı artıb. Sozcu.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Məlumata görə, sel fəlakətində həyatını itirənlərin sayı 15-ə yüksəlib. Şanlıurfada itkin düşən 2 nəfərin axtarışları davam edir.

Uşaq bağçasında tərbiyəçi uşağa yemək yedizdirən zaman şiddət göstərib

Bakıda fəaliyyət göstərən uşaq bağçasında xoşagəlməz hadisə baş verib.  “Ayşənim” uşaq bağçasında tərbiyəçi uşağa yemək yedizdirən zaman şiddət göstərib.  Valideyn saytımıza bildirib ki, bu barədə rəhbərliyə məlumat verilsə də, heç bir tədbir görülmür. (oxu.az)

Ukraynada Rusiyanın daha 1040 hərbçisi, 1 qırıcısı MƏHV EDİLDİ

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 162560 (+ 1040) nəfər canlı qüvvəsi, 3504 (+12) tank, 6810 (+11) ədəd zirehli döyüş maşını, 2539 (+11) ədəd artileriya sistemi, 503 (+1)) reaktiv yaylım atəşi sistemi, 265 (+3) hava hücumundan müdafiə sistemi, 305 (+1) təyyarə, 289 (+0) helikopter, 2145 (+13) PUA, 907 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5394 (+17) avtomobil texnikası və avtosistern, 257 (+0) xüsusi texnikası məhv edilib.

Azərbaycanda broyler yumurtaları bahalaşdı

Son günlər hamının “ferma yumurtası” dediyi broyler yumurtasının qiyməti 18-19 qəpikdən 25 qəpiyə yüksəlib. Kənd yumurtasının topdansatış qiyməti 30-35 qəpik, pərakəndə satışı isə 40 qəpikdir. Amma mövsüm olaraq toyuqların yumurtladığı dövrdür. Bəs hansı səbəbdən bahalaşma indi baş verib? Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov yumurtanın qiymətinin artmasını inhisarçılıq amili ilə əlaqələndirib: “Yumurtanın bahalaşmasında heç bir iqtisadi amil yoxdur. Son illər elektrik enerjisi, su təchizatı, nəqliyyat vasitələri və dizel yanacağının qiymətində kifayət qədər artım baş verib. Bu fonda bəzi digər məhsullar kimi, yumurtanın da qiymətində artımın olması başadüşüləndir. Ancaq bu heç də o anlama gəlmir ki, yumurtanın qiyməti son 15 ildə iki dəfəyə qədər bahalaşsın. 2007-ci ildən üzü bəri yumurtanın qiyməti iki dəfədən də çox artıb. Bu isə anormal haldır və belə vəziyyətin yaranması birmənalı şəkildə inhisarçılıqla bağlıdır. Yumurta istehsalı tənzimlənmir. Bunun üçün dövlət orqanları müdaxilə etməli, bazar araşdırmaları aparmalı, səbəblər öyrənilməlidir”. Digər ekspertlərin fikrincə isə bu, bayramla əlaqədardır. Adətən, Azərbaycanda dünya ölkələrindən fərqli olaraq, hər şey bayramqabağı bahalaşır. Quşçuluq Cəmiyyətindən verilən məlumatda isə bildirilir ki, düzdür, toyuq yemlərində dünyada baş verən böhrandan dolayı müəyyən bahalaşma baş verib. Amma dövlətin gördüyü tədbirlər nəticəsində yemin də kəskin bahalaşmasının qarşısı alınıb: “Elə də ciddi böhran halı baş verməyib. Eyni zamanda, Cəmiyyət tərəfindən bazara çıxarılan yumurtalar topdansatış qiymətinə əvvəlki şəkildə satılır. Sadəcə, bu işlə məşğul olan ticarətçilər süni artıma gedirlər. Amma bu, müvəqqəti xarakter daşıyır, indi yumurtanın daha çox istehsalı dövrüdür”.

Ukraynada savaş həlledici mərhələyə daxil olub - Pentaqon rəhbəri

Pentaqonun rəhbəri Lloyd Ostin Ramşteyn-10 toplantısında çıxış edib. Sozcu.az "Ukrinform"a istinadən xəbər verir ki, o, Ukraynadakı savaşın həlledici mərhələyə daxil olduğunu bildirib. "ABŞ və Rusiya Federasiyasının genişmiqyaslı təcavüzünə qarşı müqavimət göstərməkdə Ukraynanı dəstəkləyən digər ölkələrin koalisiyası qətiyyət nümayiş etdirir. Hazırda ukraynalıların azadlıq mübarizəsinin həlledici məqamındayıq və birlik çox önəmlidir", - deyə ABŞ müdafiə naziri bildirib. Qeyd edək ki, Ramşteyn-10 onlayn formatda keçirilir.

Ordumuzun mövqeləri atəşə tutuldu

Martın 15-i saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

"Rusiya Qarabağın Azərbaycanla inteqrasiyasının əleyhinədir" - Erməni mediası

Rusiya Federasiyası Qarabağın Azərbaycanla inteqrasiyasının əleyhinədir. Sozcu.az erməni mediasına istinadla xəbər verir ki, dünən Nikol Paşinyan Putinlə son söhbətinin əsasən Qarabağda vəziyyətin gərginləşməsi təhlükəsinə həsr olunduğunu açıqlayıb. Rusiya Federasiyasının Qarabağın Azərbaycanla inteqrasiyasının tərəfdarıdırmı sualına o, belə cavab verib: “Bu məsələlərdə Rusiyanın mövqeyini səsləndirməyi düzgün hesab etmirəm, xüsusən də Rusiya Federasiyası öz mövqeyini dəfələrlə səsləndirib”. Qarabağdakı qondarma qurumun “deputat”ı Metakse Akopyan deyib ki, Rusiya inteqrasiyanın əleyhinədir. “Rusiya inteqrasiyanın əleyhinədir, əks halda Qarabağ məsələsi Rusiyanın təklif etdiyi sülh müqaviləsinin variantında Qərb variantında olduğu kimi olacaq. Rusiya Federasiyası məsələni sonraya saxlamağı təklif edir”, – deyə Akopyan bildirib.konkret

Polis İmran Xanı həbs etmək istəyir, tərəfdarları müqavimət göstərir

Bu gün səhər saatlarından etibarən Pakistanın Lahor şəhərində müxalifət fəalları sabiq Baş nazir İmran Xanın evinə yaxınlaşan polis avtomobillərini yandırıb, toqquşmalar baş verib. Bu barədə yerli “Dawn” nəşri yazıb. Nəşrin məlumatına əsasən, polis və təhlükəsizlik qüvvələri əməkdaşları sabiq Baş naziri iqamətgahında həbs etmək üçün yenidən cəhd ediblər, onun tərəfdarları isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına ciddi müqavimət göstəriblər və xüsusi təyinatlılar nümayişçilərə qarşı gözyaşardıcı qaz qumbaralarından istifadə edib. Hazırda iğtişaşlar baş verən əraziyə təcili tibbi yardım maşınları və xüsusi polis texnikası cəlb edilib. Həmçinin əlavə olunub ki, İmran Xan “Twitter“də tərəfdarlarına onun müdafiəsinə qalxmağa çağırış edib, bildirib ki, polis qüvvələri onu oğurlamaq və ya öldürmək niyyətindədir.

“Caliber”: Separatçılar Qarabağ ermənilərinin Bakıya gəlməsinə qarşı və Azərbaycanın rəsmi dəvət faktı - FOTO

Daha öncə xəbər verilmişdi ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Caliber.Az-ın məlumatına görə, görüşün yaxın günlərdə Bakıda keçirilməsi təklif olunub. Dərhal Ermənistanın müxtəlif kütləvi informasiya vasitələri və “Telegram” kanalları Qarabağ ermənilərinin belə bir dəvət almadıqlarını, Azərbaycan tərəfinin təşəbbüsü haqda yalnız mediadan öyrəndikləri barədə yalan məlumatlar yaymağa başladılar. Lakin qeyd etmək lazımdır ki, dəvətlə bağlı informasiya Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmi “Twitter” hesabında dərc edilib. Məlumatı həmçinin Azərbaycan Dövlət İnformasiya Agentliyi olan AZƏRTAC da yayımlayıb.  Bundan başqa, əldə edilmiş etibarlı məlumatlara görə, bu press-reliz yayılmazdan əvvəl Qarabağ ermənilərinin nümayəndələri ilə əlaqəyə məsul şəxslər rəsmi Bakının bu təklifi onlara çatdırıb və yalnız bundan sonra məlumat mətbuatda yayımlanıb. Aydındır ki, bu cür informasiya kirliliyi yaradanlar Qarabağ ermənilərinin müəyyən hissəsini təşkil edən dairələrdir. Onlar növbəti dəfə bu əməlləri ilə reinteqrasiya ilə bağlı məsələlərin konstruktiv məcraya yönəlməsinə qarşı çıxış etməyə cəhd göstərirlər.

“İmtahana dərslikdən kənar sualların salınması düzgün deyil” – Keçmiş nazirdən etiraz

Martın 12-si 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi. Əlli mindən çox şagird öz biliyini bu imtahanda yoxladı. Həmişə olduğu kimi, imtahan prosesi bu dəfə də söz-söhbətsiz ötüşmədi. Bəzi abituriyentlər imtahandan sonra sualların çətin olduğunu iddia etdilər. Bu iddia nə dərəcədə əsaslıdır? DİM-in abituriyentləri çətin suallarla sınağa çəkməsi nə dərəcədə doğrudur? Mövzu ilə bağlı Yenisabah.az-a danışan sabiq Təhsil naziri, professor Misir Mərdanov bildirib ki, bəzi nüanslar nəzərə alınaraq imtahana çətin suallar salınmamalıdır: “Mən imtahanla bağlı suallara cavab verməkdə bir az çətinlik çəkirəm, çünki o işin içində deyiləm. Ancaq mən hesab edirəm ki, sualların hər biri orta məktəb proqramı daxilində olmalıdır və proqrama daxil olan orta səviyyəsi suallar hazırlanmalıdır, yüksək səviyyəli yox.  Eyni zamanda, sualları hazırlayarkən o da nəzərə alınmalıdır ki, ötən il şagirdlər pandemiya şəraitində dərsə gəlib-gediblər, onlayn təhsil alıblar. Ona görə də mən imtahan suallarında çətinləşmənin tərəfdarı deyiləm.  Mənə elə gəlir ki, suallar orta səviyyəli şagirdin cavablaya biləcəyi tipdə olmalıdır. Mən özüm də ordan-burdan eşidirəm ki, suallar çətindir, amma işin içində oladığıma görə konkret bir fikir söyləməkdə çətinlik çəkirəm”. M.Mərdanov qeyd edib ki, imtahana orta məktəb dərsliklərdən əlavə, Dövlət İmtahan Mərkəzinin ümumi dərs vəsaitlərindən də sualların salınması qətiyyən doğru deyil: “Sualların orta məktəb dərsliklərindən kənar, DİM-in əlavə vəsaitlərindən tərtib edilməsi, dərslikdə olmayanların imtahana salınması qətiyyən düzgün deyil. Bu qəti doğru yanaşma deyil. Suallar hazırlandıqda orta məktəb proqramı əsas olmalıdır, başqa sualların salınması doğru deyil”.