Rusiyanın itkiləri 177 mini keçdi

Ukrayna müharibənin 408-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 177 110 hərbçi, 3633 ədəd tank, 7016 ədəd zirehli döyüş maşını, 2722 ədəd artilleriya sistemi, 533 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 281 hava hücumundan müdafiə sistemi, 306 ədəd hərbi təyyarə, 292 ədəd helikopter, 5587 ədəd avtomobil texnikası, 2291 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 304 xüsusi avadanlıq itirib.

İsraildə iğtişaşlar başladı: ərəblər ayağa qalxdı

İsrailin ərəb əsilli vətəndaşlarının üstünlük təşkil etdiyi şəhərlərində qarşıdurmalar başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb. Bildirilib ki, iğtişaşların baş verdiyi şəhərlərdən biri Umm-əl-Fahmdır. Burada onlarla vətəndaş şinlər yandıraraq, polislərə sərt predmetlər ataraq çaxnaşma yaradıblar. İki nəfər saxlanılıb. Həmçinin Sahnin, Qüds şəhərlərində, o cümlədən paytaxt Tel-Əvivin Yaffo rayonunda da etirazlar baş qaldırıb. Məlumata görə, etirazlar İsrail-Fələstin sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədardır. Onu əlavə edək ki, ötən gün İsrail Livandan raket hücumlarına məruz qalıb.

SON DƏQİQƏ: Krımda güclü yanğın - Video

Krım yarımadasının Simferopol (Ağməscid) şəhərində güclü yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Ukrayna Teleqram kanalları görüntü paylaşıb. Yerli əhali güclü partlayış səslərinin eşidildiyini bildirir.

"Maşının qapısını açıb əyilərək evə doğru qaçdım. Yoldaşım qapını açanda dedim ki, məni vurdular"

Bir neçə gün öncə Bakıda silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafa həmin hadisədən danışıb. Sozcu.az xəbər verir ki, o, bu barədə müalicə aldığı xəstəxanda Real TV-yə söz açıb. Deputat bildirib ki, hadisə baş verən gün axşam dostları ilə birgə restoranda iftar edib. Terror hücumu isə restorandan çıxıb evə gələn zaman baş verib. Maşını isə millət vəkilinin özü idarə edib: “Mənim ümumiyyətlə, sürücüm olmayıb. Belə təklif olanda da istəməmişəm. Evə yaxınlaşarkən heç bir şübhəli məqam hiss etmədim. Bizim darvaza pultla açılır. Evə yaxınlaşana yaxın pultu basdım. Dedim, qapı açılana qədər qardaşıma zəng edim. Evə gəlməyimin səbəbi də o idi ki, axşam namazını evdə qılım. Qapını pultla açdım, bu vaxt telefonu əlimə götürəndə dəhşətli parıltı gördüm. Bunun avtomat olduğunu düşünmədim, elə bildim telefonum partladı. Deməli, güllə maşının qapısından keçib ayağıma dəyib. Birdən ağlıma gəldi ki, mənə atəş açırlar. İkinci atəş də maşının içində çiynimi tutdu. Darvaza bağlı olsaydı, sürüb geri gedəcəkdim. Amma sui-qəsdi törədənlərin neçə nəfər olduğunu bilmirdim. Maşının qapısını açıb əyilərək evə doğru qaçdım. Yoldaşım qapını açanda dedim ki, məni vurdular, qapını bağlayın. Gözüm kamerada idi ki, görüm onlar mənim arxamca gələcəklər, yoxsa yox. Təminatım yox idi ki, onlar evə hücum edəcək, yoxsa yox. Çünki darvaza açıq idi. Maşının qapısı da açıq idi, kimsə sürüb gedə də bilərdi. Yoldaşım pultu tapıb darvazanı bağladı. Xəstəxanaya gələnə qədər huşum özümdə idi, özümü itirməmişdim. Özüm 102-yə zəng etdim ki, mən filankəsəm, mənə qarşı sui-qəsd olub. Sonra mülki geyimdə polislər gəldi. Ondan sonra hər tərəfə məlumat verildi”.

İranın 4 diplomatı Azərbaycandan qovuldu

Aprelin 6-da İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb. Sozcu.az xəbər verir ki, görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

"Azadlıq" sözündən şirin söz, azadlıqdan daha xeyirxah və yüksək niyyət yoxdur!.."

"Bizim azad olmağımız azadlığın Moldovada, Gürcüstanda və Belarusda mütləq bərqərar olacağına zəmanətdir" "Düşmən müstəqilliyimizi dəfn etmək və Rusiya məkanında milli mədəniyyətlərimizi əridib yox etmək istəyir. Amma biz çiyin-çiyinə möhkəm dayanmışıq!.." Ukrayna prezidenti Vladimir Zelenski aprelin 5-də Polşa parlamentinin hər iki palatasının deputatları, Ukrayna və Polşa ictimaiyyəti nümayəndələrinin qarşısında çıxış edib. Öz nitqində o, dünyaya Ukraynaya dəstəyi gücləndirməyə çağırış edib, Polşaya ardıcıl həmrəyliyinə görə minnətdarlığını bildirib və Ukraynanın Rusiya üzərində qələbəsinin labüdlüyünə əminliyini bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşri məlumat yayıb. Zelenskinin nitqini kiçik ixtisarla təqdim edirik. "Böyük Polşa xalqı və böyük Ukrayna xalqı bu gün çiyin-çiyinə azadlıq, möhtəşəm tarix və yaxınlaşdırdığımız qələbə ruhu ilə birləşib! Biz, ukraynalı və polyaklar, bir-birimizi çoxdan tanıyırıq. İndi isə Polşa paytaxtının ürəyində ukraynalı ürəklər polyak ürəklərinin hər birinə müraciət edir. Hər dəfə Ukrayna bayrağı Ukrayna torpağında özünün tamamilə qanuni yerinə dönəndə, rusiyalı işğalçı qaçıb gedəndə, Polşa bayrağı da möhkəmlənir. Mənim üçün burada olmaq böyük şərəfdir. Ukrayna və Polşanın ürəkləri azadlıq uğrunda, dövlətlərimizin müstəqilliyi, ümumi evimiz olan doğma Avropamız uğrunda döyünür və biz qalib gələcəyik! Azad Polşa və azad Ukrayna heç vaxt süqut etməyəcək. Bizim xalqlarımıza nəzarət edən və bizim nə istədiyinizi anlamayan yad hakimiyyət iflasa uğrayıb. Bu gün biz birlikdə dayanmışıq! Ukrayna və Polşa, Avropa və azad dünya bir yerdədir!  Düşmən müstəqilliyimizi dəfn etmək və Rusiya məkanında milli mədəniyyətlərimizi əridib yox etmək istəyir. Biz isə çiyin-çiyinə möhkəm dayanmışıq və bütün bu müsibətlər Rusiya imperializminin özünə qayıdacaq! Polşa, biz səninlə yan-yana Avropada azadlığı həmişəlik bərqərar edəcəyik. Tiraniya Ukraynada məğlub olandan sonra tarixdə məğlub olacaq. Moskva öldürməyəcək, Peterburq bölməyəcək. Bunlar daha heç vaxt olmayacaq! Bu şanlı meydanda və Polşanın Ukraynanın digər meydanlarında, eləcə də Ukraynanın bütün maydanlarında Rusiya bizim qələbəmizdən sonra daha heç vaxt olmayacaq! Bu qələbəyədək çoxmu addımlar qalıb? Yox. Amma bunun üçün dayanmadan həmrəylik lazımdır. Döyüş artilleriya tələb edirsə, onu vermək lazımdır. Qələbə tanklar tələb edirsə, onların gurultusu ön cəbhədən eşidilməlidir. Müstəqillik hava tələb edirsə, Rusiyanın bizim təyyarələrə necə reaksiya verməsinə diqqət yetirmək lazım deyil, "F" hərfinin yanında 16 və ya  hansısa başqa bir rəqəmin təhlükəsiz olduğunu düşünmək lazım deyil. Hərəkət etmək gərəkdir! Sizin tank koalisiyasında liderlik nümunəsi göstərdiyiniz kimi.  İnanıram ki, bu, aviasiya koalisiyasında da özünü büruzə verəcək. Çünki bu, azadlıq uğrunda döyüşdür və bu döyüşü qismən udmaq mümkün deyil! Bu yaxınlarda Varşavada bizim azadlıq mübarizəmiz üzrə güclü müttəfiqimuz ABŞ prezidenti Bayden çıxış edərək deyib: "Azadlıq" sözündən şirin söz yoxdur. Azadlıqdan başqa xeyirxah məqsəd yoxdur. Azadlıqdan başqa yüksək niyyət yoxdur!". Biz azad olacağıqsa, Avropa İttifaqının qonşu ölkələrində də azadlığın möhkəm olacağına zəmanət olacaq. Biz azad olacağıqsa, hamı daha güclü olacaq. Biz azad olacağıqsa, azadlığın Moldovada, Gürcüstanda, Belarusda da mütləq bərqərar olacağına zəmanət demək olacaq. Və tarixi ədalət bərpa ediləcək!"

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılır

Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə hökumətin bu gün keçirilən iclasında qərar qəbul olunub. Təlim-məşq toplanışında 2431 sıravi və kiçik rütbəli zabit, 124 rütbəli zabit, 160 çavuş iştirak edəcək. Təlimlər mayın 1-dən iyulun 7-dək keçiriləcək.

Paşinyan sərhəddəki VƏZİYYƏT BARƏDƏ: "Razılıq əldə olunub"

Paşinyan Azərbaycanla sərhəddəki vəziyyətin xeyli yaxşılaşdığını bildirib. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 6-da hökumətin iclasında deyib. “Sərhədin mühafizəsi prosesinin dərhal başlanması zamanı xəritələrdə uyğunsuzluqların olduğu müəyyən edilib. Bu məlumatı Ermənistan Təhlükəsizlik Xidməti verib. Məlumata görə, buna görə problemlər yaranıb. Müəyyən ərazilərdə Azərbaycan tərəfi Ermənistan sərhədlərinin 100-300 metr dərinliyində qoşun yeridib və mühəndis işləri aparıb. Bundan sonra hər iki tərəfin kartoqraflarının vəziyyəti aydınlaşdıracağına dair razılıq əldə olunub. Xüsusən, 12 km-dən 7 km-də mövqelər dəqiqləşdirilib, 5 km-də işlər davam etdirilir. Ümid edirəm ki, dispozisiyaların dəqiqləşdirilməsi işi konstruktiv şəraitdə aparılacaq. Ən azından bizim münasibətimiz belədir”, – Paşinyan deyib.

Rəşad Dağlının məhkəməsi bu tarixdə başlayacaq — Vaxtı AÇIQLANDI

Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.  Sozcu.az xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 17-nə təyin edilib.  Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsininə göndərilib. İş araşdırılması üçün hakim Leyla Əsgərova-Məmməfovanın icraatına verilib. İttihama görə, ötən ilin noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada olub. Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub. Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və noyabrın 9-da, səhər saat 05 radələrində hər iki şəxs Lökbatan qəsəbəsində görüşüblər. Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb. Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb. İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib. Rəşad Əmirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Ukrayna qoşunları Krımın sərhədlərinə çatarsa... - Yermak

Ukrayna qoşunları Krımın sərhədlərinə çatarsa, Kiyev Moskva ilə Krımla bağlı danışıqlara hazır olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

Azərbaycan İsraildən yeni silahlar alacaq: PUA-lar, raketlər...

Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq İnstitutu İsrail və Azərbaycan əlaqələrinə həsr olunan məqalə dərc edib. Sozcu.az xəbər verir ki, məqalədə Azərbaycanın İsraildə səfrilik açmasından, İsrailin Azərbaycana silah satmasından bəhs edilir. Müəllif məqalədə İsrail mediasına istinadən yazır ki, "Meteor Aerospace" və "SpearUAV" müdafiə şirkətlərinin bu ilin əvvəlində və ya 2024-cü ilə kimi Azərbaycanla müqavilələr imzalaması gözlənilir. Qeyd olunur ki, Azərbaycanın İsraildən patrul gəmisi, raketlər və hava hücumundan müdafiə sistemi alacağı gözlənilir. "SpearUAV" şirkəti İsraildə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və yaradılması ilə məşğuldur. 30 ildən çox təcrübəyə malik "Meteor Aerospace" şirkəti isə hücum və müdafiə raket sistemləri, peyklər, ballistik raketlərdən müdafiə sistemləri üzrə ixtisaslaşıb. Qeyd edək ki, Azərbaycanın silah təchizatında İsrailin payı son illərdə artıb. İsrail Azərbaycana PUA-lar, raket sistemləri, hava hücumundan müdafiə sistemləri, zirehli texnikalar tədarük edib.

Vəzifəli şəxslə bağlı cinayət işi başlandı

Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Bərdə rayon prokurorluğu məlumat yayıb. Bərdə rayon Güloğlular kənd ümumi orta məktəbinin direktoru Tinatin Rzayevanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2015-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaq davam edir.