Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan terrorçu-separatçıların başçısı Araik Arutyunyan "istefa" verib.
Sozcu.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə səhifəsində yazıb.
Araik “istefası” ilə bağlı sosial şəbəkə hesabında müraciət yayıb. Müraciətində bildirib ki, 2020-ci ilin mayında “prezidentlik” fəaliyyətinə başladıqdan sonra “arsax”ın “sərhədlərini” gücləndirməyə başlayıb, amma 44 günlük müharibə ərzində Azərbaycan qalib gəlib.
“Əlbəttə ki, məğlubiyyətin bütün günahını dörd aylıq “prezidentin” üzərinə yıxmaq olar və mən məsuliyyətdən qətiyyən yayınmıram, amma inanın ki, bizim hər birimizin öz statusuna görə məsuliyyət payı var idi. Hər halda, mən bir neçə dəfə bəyan etmişəm, indi də günah payıma görə erməni xalqından bir daha üzr istəyirəm”, - separatçı bildirib.
Arutyunyan müraciətində "istefası"ndan öncə son "sərəncam"la "dövlət naziri" Qurgen Nersisyanı da "vəzifəsindən" azad etdiyini, onun yerinə "tş katibi" Samvel Şahramanyanı təyin etdiyini və ona "böyük səlahiyyət" verdiyini qeyd edib:
“Mən Qurgen Nersisyana minnətdarlığımı bildirirəm və bunun 2020-ci ildə əvəzolunmaz olduğunu vurğulamaq istəyirəm”.
Arutyunyan istefasından sonra da Qarabağda yaşayacağını bildirib:
“Mən ailə üzvlərimlə “arsax”da yaşamağa davam edəcəyəm. Mənim bu addımım həm də “arsax”da daxili sabitliyin və möhkəm ictimai asayişin təmin edilməsinə yönəlib. Bütün ehtimallara baxmayaraq, bizim daxili sabitliyimiz və ictimai həmrəyliyimiz bütün uğurun ilkin şərtidir və ondan hər hansı bir sapma və ya yayınma cəhdi istisna edilməlidir”.
Qeyd edək ki, Arutyunyan "istefa" ərizəsini sabah qondarma "parlamentə" təqdim edəcəyini bildirib.
Xatırladaq ki, Arutyunyanın "səlahiyyətlərini" S.Şahramanyan icra edəcək.