“Üç ildir ki, əlillik dərəcəsi ala bilmirəm” - Qarabağ qazisi

Tarixi 44 günlük İkinci Vətən Müharibəsində igidlik göstərmiş, qanı ilə qəhrəmanlıq dastanı yazmış oğullardan biri də biləsuvarlı Qafur Hafiz oğlu Hüseynlidir. Keçmiş hərbçi, gizir və İkinci Vətən Müharibəsindən, yaralanmasından az qala üç il keçməsinə baxmayaq, hələ də əlillik haqqını ala bilməyən Vətən sevdalısı Qafur Hüseynli...

Qafur 1995-ci ilin oktyabr ayının 22-də Biləsuvar rayonunun Çaylı kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra, 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb və Naxçıvan Muxtar Respublikasında (NMR) yerləşən “N” saylı hərbi hissələrindən birində həqiqi hərbi xidmət keçib. 

Həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra evinə, ailəsinə dönüb. 23 oktyabr 2016-cı ildə isə gizir və tank komandiri olaraq, yenidən Ordu sıralarına yazılıb, hərbçi kimi xidmətə başlayıb. Və bir Vətən sevdalısı, hərbçi, Gizir kimi İkinici Vətən Müharibəsinin ilk günündən, ilk saniyəsindən də cəbhənin ən ağır nöqtələrində olub. Tərtər-Ağdərə, Talış-Suqovuşan istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlar, igidliklər nümayiş etdirib. 

Talış-Suqovuşan istiqamətində, oktyabrın ayının 21-də qanlı döyüşlərin birində isə sağ ayağından ağır şəkildə yaralanıb, barmağının biri travmatik şəkildə qopub, digər barmağı isə kəsilib. Həmçinin, ağır kəllə-beyin travması, kontuziya alıb. 

Əməliyyatdan, uzun müddət müalicə-müayinələrdən keçib. Qazimizin igidliyi, qəhrəmanlığı dövlətimiz, Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, “Cəsur döyüşü” medalı ilə təltif edilib.

Evli, ailəli olan qazimizin hazırda da səhhəti tam düzəlməyib, yaxşı deyil. Ancaq çox təəssüflər olsun ki, üç ilə yaxın müddətdə Qafur haqqı olan əlillik dərəcəsini ala bilmir. Digər qurumlardan müsbət rəy verilsə də, daha doğrusu, əlillik almasına heç bir maneənin olmadığı bildirilsə də, amma hər dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasından imtina çavabı alır. Ona əlillik dərəcəsi verilməsindən imtina olunur. Bu isə Vətən yolunda sağlamlığını qurban vermiş, iki barmağını itirmiş Qazimizi dərindən üzür, çox məyus edir, incidir...

Qafur Hüseynlinin dediklərindən:

“Üç ilə yaxındır qanuni, halal haqqım olan əlillik dərəcəmi ala bilmirəm. Üç ildir yollarda qalmışam. Onsuz da kəllə-beyin travması, kontuziya almışam, ötən müddətdə isə üzləşdiyim haqsızlıqlardan olan-qalan əsəbim də gedib. Bütün əsəblərim pozulub. Səhhətim yaxşı deyil, özümü yaxşı hiss etmirəm. Axı, nəyə görə əlillik haqqım verilmir, tanınmır? İki barmağımı itirmişəm, normal yeriyə bilmirəm…Bundan böyük problemim olmalıdır ki, əlilliyimi versinlər? Niyə bu qədər məsuliyyətsizlik haqsızlıq edirlər? Bugünədək işim-gücüm də yoxdur. Ailəliyəm, ailəmi dolandırmalıyam… Ancaq nə ilə, hansı pulla? Müalicə-müayinə olunmalıyam, ancaq nə ilə, hansı vəsaitlə? Ona görə müvafiq qurumlardan bu ədalətsizliyə, haqsızlığa son vermələrini xahiş və tələb edirəm. Heç nə istəmirəm, sadəcə, istəyirəm ki, əlillik Haqqım tanınsıın!” 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Share on Facebook