Ətin qiyməti 20 manata qalxacaq

2 il əvvəl 1 kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manatdır. İnsanları indi bu sual düşündür: mövcud qiymət sabit qalacaq, ya artım davam edəcək? “Kaspi” qəzeti mövzu ilə bağlı  araşdırma aparıb. Sahibkarlar deyiblər ki, əvvəllər bu sahə sahibkarlar üçün yaxşı gəlir gətirsə də, indi vəziyyət dəyişib. Hazırkı qiymətlərlə 1 kiloqram ət satışından gəlir 50 qəpikdir. Heyvan yemi bahalaşdıqca, onlar da qiymətləri yüksəltməyə məcbur olurlar.  Əvvəllər Rusiya və Ukraynadan yem məhsulları gəlirdi, daxildə də yem məhsulları vardı. Bolluq idi. Ancaq indi Rusiya və Ukraynadan məhsul gəlmir, yerli bazarda da yem bahadır. Məsələn, 2 il əvvəl qışda 1 yonca presini 3-4 manata, yayda isə 2 manata alırdıq. Ətin qiyməti də 11 manat idi. İndi presi 8 manata satırlar. Sahibkarlar bildirib ki, qarşıdakı dövrdə ətin qiymətində artım ola bilər. Ətin qiyməti artdıqca isə əhalinin alıcılıq qabiliyyəti də aşağı düşür.  Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov bildirdi ki, dünyada insan sayı sürətlə artır və bunun fonunda adambaşına düşən ət nisbəti də azalır: “2021-ci illə müqayisədə 2022-ci ildə ölkədə diri çəkidə ət istehsalı 3 faiz artıb. Bununla paralel insan sayı da artır. Bu proses tək bizdə yox, dünyada gedir. Almaniyada 2021-ci ildə adambaşına 65 kiloqram ət istehlakı var idisə, 2022-ci ildə bu rəqəm 53 kiloqram olub. Tələb çoxdur, təklif də zamanla azalır. Bu, qiymətlərə təsir edir. İnflyasiya fonunda da qiymətlərdə artım gedir”. Ekspertlər onu da deyir ki, 6-7 il əvvəllə müqayisə etsək, respublikada həm xırdabuynuzlu, həm də iribuynuzlu mal-qaranın baş sayında 1 milyona yaxın azalma var. Bu, tələb-təklifə təsir göstərir. Tələb çox, təklif az olanda, qiymətlər artır. Heyvandarlıqda maya dəyərinin əsas hissəsini yem məhsulları təşkil edir. Ona görə hazırda qiymətlər bu səviyyəyə çatıb. Ətin bahalaşmasına səbəb kimi regionlarda fermerlərin üzləşdiyi problemlər də göstərilir. Bizimlə söhbətdə narazılığını bildirən Kamilə Bayramova qeyd edir ki, bölgələrimizdə heyvan saxlamaq ucun örüş yerləri yox səviyyəsindədir: “Məmurlar tərəfindən hər yer tutulub, əkinlə məşğul olmağa da su yoxdur. Ona görə də heyvandarlıqla heç kim məşğul olmaq istəmir”. Digər oxucumuz Miri Orucov isə 23 ildir Cəlilabadda suyun olmadığını, heyvan yemlərinin baha olduğunu deyir: “Bu il yağış yağmasa, ət 20 manata qalxacaq”.  Elşən Əliyev isə deyir ki, rayonda heyvanları otarmağa otlaq sahəsi qalmayıb: “Bələdiyyələr satıb sovurub örüş yerlərini, heyvanlar harada otlasın?!” Yeri gəlmişkən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,8 %, süd istehsalı 1,1% və yumurta istehsalı isə 16,1% artıb. Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli  “Yeni Müsavat”a dedi ki, ətin və yemin qiymətinin artması yem bazasının azalması ilə bağlıdır: “Bu proses təqribən 2014-2016-ci illərdən başladı. Daha çox otlaq sahələrinin texniki bitkilərə, yem bazasına xidmət edən sahələrin pambıqçılığa və digər bitki növlərinə ayrılması yemin azalmasına səbəb oldu. Yem azaldıqca da ət bahalaşmağa başladı. Nəticə etibarilə də maldarlıqla məşğul olan insanlar yemi daha baha almağa məcbur oldular. Sonra da qiymətlərin qəpik-qəpik artdığının şahidi olduq, son vaxtlar isə artım sürətlənib. Bunun əsas səbəblərindən biri yemin bahalaşması ilə əlaqəli olsa da, digər səbəbi də var. Çünki hər şey bahalaşır, yəni inflyasiya çox sürətlə gedir. Ərzaq inflyasiyası 20 faizdir, ümumi inflyasiya 14 faizə yaxındır. Bu sahə ilə məşğul olan insanların xərcləri də artır. Hər şeyin qiyməti artırsa, bu sahə ilə məşğul olan insanların xərcləri də artır. Hər şey bahalaşırsa, heyvandarlıqla məşğul olan insanların qiymətləri artırmaması mümkün deyil”. Ekspert əlavə edib ki, qiymət artımının qarşısının alınması üçün yeganə çıxış yolu işğaldan azad olunmuş torpaqların tezliklə iqtisadiyyata cəlb olunmasıdır. “Çünki orada Laçın, Kəlbəcər, Qubadlı kimi ənənəvi heyvandarlıq rayonlarımız var. Orada yaxşı otlaq sahələri var, yem bolluğu var. Həmin bölgələrin heyvandarlığa, kənd təsərrüfatına cəlb olunması, orada məskunlaşmanın və heyvandarlığın inkişafı məhsul bolluğu yarada bilər. Daha çox məhsulun bazara çıxması isə qiymətlərin tənzimlənməsində rol oynaya bilər. Əgər bu, tezliklə baş verməsə, yəqin ki, növbəti aylarda da qiymət artımını görə bilərik”, - ekspert deyib.    Bununla belə, ekspert əlavə edib ki, yazın sonu, yay aylarında qiymət artımında səngimə olur: “Yayın əvvəllərində qiymətlərdə müəyyən sabitləşmə olur. Bu da onunla əlaqəlidir ki, yem bazası artır, təbii otlaqlar yaranır. Fermerlər öz heyvanlarını yemləmək üçün daha çox təbii otlardan istifadə edir. Bir müddət sabitlik olacaq, amma işğaldan azad olunmuş rayonlarda iş ləngisə, noyabrda yenidən qiymət artımını görəcəyik. Bu, dairəvi bir xətt alıb”. Ekspert ümumi qiymət artımı ilə bağlı isə deyib ki, qiymət artımının qarşısını almaq üçün  rəqabət mühiti artırılmalı və iqtisadi qanunlar işə düşməlidir: “Bu isə hökumətin borcudur. Hökumət vergiləri salmaqla, rüsumları azaltmaqla, rəqabətli və ədalətli biznes mühiti yaratmaqla qiymət siyasətinə təsir edə bilər, amma etmir. Sonra da məmurlar, deputatlar məhz hökumətə lazım olan mənasız "süni qiymət artımı" deyimini ortalığa atıb məsuliyyətdən yayınırlar. Pərakəndə satışda malı, istənilən qiymətə satmaq olar, kafe və restoran yeməkləri istədiyi qiymətə sata bilər, təki alıcısı olsun və vergisini versinlər, vəssalam... Hökumət vergiləri salmaqla, rüsumları azaltmaqla, rəqabətli və ədalətli biznes mühiti yaratmaqla qiymət siyasətinə təsir edə bilər".

Təcili yardım maşınımız Xankəndiyə daxil oldu

Bu gün axşam saatlarında ekoloji fəallarımızın aksiyasının keçirildiyi yerin yaxınlığında diqqətçəkən vəziyyət yaşanıb. Sozcu.az xəbər verir ki, saat 18:15 radələrində Rusiya sülhməramlıları Ermənistandan bir qrup erməni vətəndaşı gətirsələr də, onların keçidini ilkin olaraq razılaşdırmayıblar. Vəziyyət aydınlaşarkən səhhəti pis olan üç mülki şəxsə tibbi yardımın gərəkdiyi məlum olub. Azərbaycan tərəfi erməni əsilli vətəndaşları üçün təcili tibbi yardım maşını təşkil edib və o gələnə qədər həkimlərimiz yerindəcə köməklik göstəriblər. Daha sonra Azərbaycanın təcili tibbi yardım maşını xəstələri Xankəndiyə çatdırıb. Çox simvolikdir ki, Xankəndiyə ilk olaraq əsgərlərimiz yox, həkimlər daxil olub. İnteqrasiya öz yolundadır.

NATO-ya üzvlüyümüz kiməsə qarşı deyil - Niinistö

Finlandiyanın NATO-ya daxil olması hansısa ölkəyə qarşı yönəlməyib. Sozcu.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistö Tvitterdə bildirib. “Finlandiyanın üzvlüyü kiməsə qarşı yönəlməyib. Bu, həmçinin dövlətin xarici və təhlükəsizlik siyasətinin əsasını və ya məqsədlərini dəyişmir. Finlandiya mübahisələrin sülh yolu ilə həllinə çalışan sabit və proqnozlaşdırıla bilən Skandinaviya ölkəsidir. Finlandiya üçün vacib olan prinsiplər və dəyərlər bundan sonra da xarici siyasətimizi müəyyən edəcək”, - o, bildirib.

Donald Trampın həbs qərarı ləğv olunub

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs qərarı ləğv edilib. Bu barədə CNN məlumat yayıb. Qeyd edilir ki, Tramp ittiham olunduğu məhkəmə binasını tərk edib. Daha əvvəl Trampın qiyabi həbs olunduğu xəbər verilib. Bildirilirdi ki, həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək.

Tramp həbs edildi - Təcili

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.

Azərbaycanın İrandakı konsulluğunun qarşısında təxribatın ŞOK DETALLARI... - FOTO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında “Hüseyniyyun” qruplaşmasının “bayraqları” quraşdırılıb. Musavat.com aksiyanın təşkilatçılarına dair bir sıra məlumatlar əldə edib. Belə ki, konsulluğun qarşısında "Hüseyniyyun"un əskilərinin quraşdırılması prosesinə SEPAH-ın kəşfiyyat xidmətinin əmri ilə bilavasitə Bəxtiyar Bayramov rəhbərlik edib. Aksiyada terrorçu qruplaşmanın 6 nəfəri iştirak edib ki, onlar konsulluğun qarşısına İsmayıl və Nəbi adlı iki şəxsin avtomobillərində gəliblər. Bu "aksiya" İranın Kəşfiyyat və İnformasiya Nazirliyinin razılığı ilə keçirilib.

İrandan Azərbaycana qarşı növbəti təxribat - Polislər yenə göz yumdu

Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna qarşı təxribat törədilib.  Sozcu.az xəbər verir ki, Baş Konsulluğun binası qarşısına naməlum şəxslər tərəfindən "Hüseyniyyun" terror təşkilatının bayraqları qoyulub. Ərazidə xidmət aparan polis əməkdaşları təxribatın qarşısını almaq üçün müdaxilə etməyib. "Azad İran" teleqram kanalları bununla bağlı görüntülər paylaşıb. Qeyd edək ki, martın 31-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları Azərbaycanın İsraildə səfirlik açmasına etirazlarını bildiriblər. Etirazçılar konsulluğun bağlanması tələbi ilə şüarlar səsləndirib, təxribatçı fikirlər irəli sürüblər.

Rusiyada naməlum PUA komissarlığa zərbə endirdi

Rusiyanın Bryansk vilayətində naməlum PUA hərbi komissarlığa zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz deyib. O bildirib ki, Sevsk rayonunda baş verən hadisə zamanı komissarlığın yerləşdiyi bina zərər görüb, xəsarət alan yoxdur.

Ukraynalılar Baxmut uğrunda inadla döyüşür - Kirbi

Rusiya təbliğatçılarının iddialarının əksinə olaraq, Ukrayna inadla Baxmut uğrunda mübarizə aparır. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Baxmut ukraynalılar üçün böyük əhəmiyyət kəsb edir və buna hörmət edirik, anlayırıq. Ukrayna ordusunun Baxmutdan geri çəkilməsi belə, strateji baxımdan döyüşün dinamikasını dəyişməyəcək”, - deyə o bildirib.

Fazil Mustafaya hücum edən şəxs görün kim imiş - Yeni detal

Millət vəkili Fazil Mustafaya qarşı terror işində yeni detallar ortaya çıxıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılanlar arasında İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəkləri barədə təhdid ünvanlamış Hüseyn Ramiz oğlu Hüseynovun qardaşı Həsən Ramiz oğlu Hüseynov da var. Belə ki, Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə, hava məkanında obyektlərin hərəkət trayektoriyası müşahidə edən İrandan göndərilmiş xüsusi qurğu ilə həbs edilib). Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.

Salyanda yanğında iki azyaşlı qardaş xəsarət alıb, onlardan biri ölüb

Salyanda yanğın zamanı xəsarət alan iki qardaşdan biri ölüb. Hadisə ötən axşam saatlarında rayonun Həsənli kəndində qeydə alınıb. Kənd sakini İsmayılov Amilə məxsus fərdi yaşayış evi anidən alovlanıb. Bu barədə məlumat daxil olan kimi FHN-nin Salyan Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub və yanğın söndürülüb. Yanğın zamanı 2018-ci il təvəllüdlü İsmayılov Nihad Amil oğlu ağır yanıq xəsarətləri ilə hadisə yerində ölüb. Qardaşı 2013-cü il təvəllüdlü İsmayılov İsmayıl Amil oğlu isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan İ. İsmayılov Bakıya göndərilib. Faktla bağlı araşdırma aparılır./APA

Fazil Mustafaya qarşı cinayətlə bağlı 4 nəfər tutulub, Bakının bir neçə istiqamətində polis postları quraşdırılıb

"Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb. Bakının bir neçə istiqamətində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir". Sozcu.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb. Əlavə məlumat veriləcəkdir.