İki hərbiçimiz şəhid oldu

Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus "KamAZ" markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub. Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.

Erməni nümayəndələr Xocalıya gəldi: növbəti görüş başlayır

Xocalıda Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başlayır. Sozcu.az xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov təmsil edir.

Artıq Xankəndidə Azərbaycan işığı yanır

2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə keçirilmiş görüşdə müzakirə edilən məsələlərin həlli istiqamətində təxirəsalınmaz işlər davam etdirilir. Azərbaycan Prezidentinin Administrasiyasından Sozcu.az-a bildirilib ki, növbəti addım olaraq, Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib. Qeyd edək ki, hələ 2021-ci ildə "Azərenerji" tərəfindən tikilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən "Şuşa" yarımstansiyasında Xankəndi üçün ehtiyat yuvalar quraşdırılmışdı. 2023-cü il sentyabrın 19-dan etibarən "Azərenerji" tərəfindən "Şuşa" yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksək gərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb. Aparılan işlər nəticəsində artıq proses yekunlaşıb. Paralel olaraq "Azərenerji" və "Azərişıq" əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilib. Artıq Xankəndidə Azərbaycan işığı yanır.

Paşinyan bu gün xalqa müraciət edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 24-də günortadan sonra müraciətlə çıxış edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. Qeyd edək ki, bu, Qarabağda Azərbaycanın qələbəsilə başa çatan antiterror əməliyyatından sonra Ermənistan baş nazirinin xalqa üçüncü müraciətidir.

Ukrayna cəbhənin dərinliklərinə doğru irəliləyir

Ukrayna qoşunları Zaporojye vilayətinin dərinliklərinə doğru irəliləyir və Robotinodan 1,5 km cənubda yerləşən Novoprokopovka kəndinə hücum edir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. İnstitut çoxsaylı rusiyalı mənbələrə istinadla məlumat verir ki, sentyabrın 22-də rus ordusu Ukrayna hərbçilərinin Novoprokopovka kəndinə hücumunu dəf edib: “Bu, Ukrayna ordusunun Novoprokopovka yaxınlığında ilk təsdiq olunmuş hücumudur”.

Çeçenlər üçün Kadırov heç kimdir - Məshədov

Heç bir çeçen Çeçenistan rəhbəri Ramzan Kadırovu dəstəkləmir, onlar üçün o, heç kimdir. Sozcu.az xəbər verir ki, bunu çeçen ictimai-siyasi xadimi, İçkeriya Respublikasının keçmiş prezidenti Aslan Məshədovun oğlu Anzor Məshədov deyib. “Səfərbərlikdən qaçmaq üçün işğal olunmuş İçkeriyanı tərk edən insanlar orada nə baş verdiyini izah edirlər. Onlar Kadırovu tərəvəz hesab edirlər. Çünki çeçen xalqının bu xaini həqiqətən tərəvəzə çevrilib”, - Məshədov bildirib.

Xankəndidə Bayrağımızın qaldırılmasına hazırlıq gedir

Ermənistan mediasında yayılan məlumatların analizi Xankəndidə Azərbaycanın mərkəzi hakimiyyətinin bərpasına hazırlıq getdiyini deməyə əsas verir: artıq heç bir fəaliyyəti qalmamış separatçı rejim arxivlərini yandırır, erməni əhalisi isə nə baş verəcəyini gözləyir. Xankəndidə ermənilər separatçılardan “nə olacaq” deyə soruşanda cavab vermirlər. Onların arxivləri yandırması isə artıq təslim olmağa hazırlaşdığından xəbər verir. Bunun fonunda diqqət çəkən məqam separatçıların “rəhbəri” olanları 20 sentyabrda təslim olduqdan sonra yoxa çıxsa da, rəsmi Bakıya qarşı əvvəl qondarma “vəzifələrdə” olmuş şəxslərin – Vardanyan, Beqlaryan və s; - danışması, ittihamlar irəli sürməsidir. Bunu hələ də “müqavimət” göstərmək cəhdi kimi qiymətləndirmək olar, hərçənd, danışanların konkret şəxslər olması və digər separatçıların ümumiyyətlə görünməməsi diqqəti başqa məqama çəkir. Təslim olduqdan sonra separatçılar üçün əsas məsələ özlərini qorumaq, rəsmi Bakının amnistiya siyahısına düşməkdir, çünki Xankəndidə erməni əhalisinə təhsil, dil, din, bələdiyyə seçkisi kimi hüquqlar verilsə belə, mərkəzi hakimiyyətin bərpasından sonra qondarma qurumun keçmiş və indiki “rəhbərliyində” olanların burada qalması mümkünsüz olacaq, onlar ya həbs olunacaqlar, ya da Qarabağdan çıxmaq imkanları olacaq. Rəsmi Bakı amnistiya təklifini irəli sürüb, amma bu o demək deyil ki, qondarma rejimin “rəhbərliyində” əvvəl və indi olanların hamısı bundan yararlana biləcək, bu prosesdə mütləq kimlərsə cəzasını da almalıdır. Və separatçılar kimlərisə “qurban” verməli olacaq. İstisna deyil ki, hazırda susanlar amnistiyadan yararlanmaq və getmək imkanı qazanmaq istəyirlər, danışanlar, ittiham irəli sürənlər isə siyahıya düşməmək təhlükəsini hiss edənlərdir.

Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın ŞOK SİYAHISI - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra sentyabrın 23-dək müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısı açıqlanıb. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd edək ki, bölgədəki qanunsuz silahlı birləşmələrin tərk-silah olunmaları istiqamətində görülən işlər davam etdirilir.

577-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 577-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 275 460 hərbçi, 4655 ədəd tank, 8912 ədəd zirehli döyüş maşını, 6210 ədəd artilleriya sistemi, 789 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 530 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8716 ədəd avtomobil texnikası, 4867 ədəd PUA, 1518 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 912 xüsusi avadanlıq itirib.

Rusiya sülhməramlılarının 15-ə yaxın yük maşını Laçın dəhlizi ilə Qarabağa daxil oldu

Rusiya sülhməramlılarının 15-ə yaxın yük maşını Laçın dəhlizi ilə Ermənistandan Qarabağa daxil olub. Bu haqda Ermənistanın “Haykakan Jamanax” nəşri məlumat yayıb. Bildirilir ki, Rusiya bayraqları olan yük maşınlarının karvanı AFP müxbirləri tərəfindən  lentə alınıb. Həmin maşınlarda hansı yükün daşındığı məlum deyil.(Basta)

Baxmut işğaldan azad olunur - Zelenski müjdələdi

"Baxmutu işğaldan azad edirik. Düşünürəm ki, biz daha 2 şəhəri işğalçılardan azad edəcəyik".  Sozcu.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski CNN-ə deyib.  Dövlət başçısı bunların hansı şəhərlər olacağını deməyəcəyini vurğulayıb.  "Hansı şəhərləri azad edəcəyimizi deməyəcəyəm, üzrlü sayın. Deməliyəm ki, planımız var. Çox, çox detallı bir plan", - o qeyd edib.  Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 

BMT-nin TŞ-nin Qarabağ dinləməsi: qərar... – Təcili

BMT TŞ-də Ermənistanın Fransanın dəstəyi ilə çağırdığı Qarabağ üzrə dinləmələr başa çatıb. Sozcu.az xəbər verir ki, iclasın nəticəsi olaraq heç bir qərar, qətnamə qəbul edilməyib.