Baydenin çağırışı Szinpinə təsir etdi: qərarını dəyişdi

Çinin lideri Si Szinpin iki il əvvəl Rusiyaya silah verməyə hazır idi, lakin ABŞ Prezidenti Co Baydenin telefon zəngindən sonra o, bundan imtina edib. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” Vaşinqton administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Bayden 2022-ci ilin martında Szinpinə zəng edərək, Moskvaya silah tədarük edəcəyi təqdirdə ABŞ-ın cavab addımı atacağı barədə xəbərdarlıq edib. İddia olunur ki, Çin lideri keçmiş baş nazirin müavini Liu Heyə (2018-2023) Rusiyaya hərbi əməliyyatlarda gizli yardımın göstərilməsinə nəzarət etməyi tapşırıb: “Eyni zamanda Çin Ukraynaya və onun avropalı tərəfdarlarına sülh yolu ilə nizamlanma təklifləri göndərib”.

Azərbaycanda oğul atasını öldürtmək üçün adam tutdu - Həbs edildi

2024-cü ilin yanvar ayında İmişli rayonunda baş vermiş xüsusilə ağır cinayətin üstü açılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib. Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib. "Cinayət işi üzrə təqsiri olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək. Bağlı qalmış cinayət işlərinin açılması daim diqqət mərkəzində saxlanılmaqla, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Fətullah Gülən öldü, yoxsa qaçırıldı?

FƏTÖ lideri Fətullah Gülənin Pensilvaniyadakı terror düşərgəsindən qaçırıldığı iddiası və ölüm xəbəri ABŞ mətbuatında dərc olunub. Gülənin qardaşı oğlu Ebuseleme Gülən Fətullah Gülənin “Uzun Cövdət” ləqəbli Cevdet Türkyolu tərəfindən qaçırıldığını iddia edib. Bundan əlavə, Ebuseleme Gülən 15 iyul çevriliş cəhdini də etiraf edib. Lakin bu iddiaların doğruluğu rəsmi orqanlar tərəfindən hələ ki, təsdiqini tapmayıb. FƏTÖ lideri Fətullah Gülənin Pensilvaniyadakı terror düşərgəsindən qaçırıldığı iddiası gündəmdədir. Gülənin ölüm xəbəri ABŞ mətbuatında da yer alıb. İddialara görə, FƏTÖ-nün yüksək səviyyəli şəxsləri tərəfindən qaçırılan Gülənin ölümü ilə bağlı məlumatlar ortaya çıxıb. Ebuseleme Gülen FƏTÖ lideri Fətullah Gülənin qaçırıldığını iddia etdiyi video paylaşıb. Lakin bu iddianın doğru olub-olmadığı hələlik bəlli deyil. FƏTÖ lideri Fətullah Gülənin səhhətinin vəziyyəti ilə bağlı davamlı fərziyyələr səslənir. FƏTHULLAH GÜLƏN oğurlanıb? Gülənin qardaşı oğlu Ebuseleme Gülənin Pensilvaniyadakı FƏTÖ düşərgəsindən aparılaraq təşkilatın yüksək səviyyəli şəxsləri tərəfindən qaçırıldığını iddia edib. Ebuseleme Gülən Pensilvaniyadakı təşkilat düşərgəsi qarşısında yayımladığı videoda Fətullah Gülənin “Uzun Cövdət” ləqəbli Cevdet Türkyolu tərəfindən qaçırıldığını bildirərək bu hadisədən danışıb. O, videoda “Hocaəfəndini başqa yerə qaçırıblar” deyib. Eyni zamanda Ebuseleme Gülən də 15 iyul çevriliş cəhdini etiraf edib. O, paylaşımlarında Pensilvaniyada “Məsləhət Şurası” adlı strukturun onları dövlətə və xalqa qarşı qoyduğunu və onların dövlətə təhvil verilməsi lazım olduğunu bildirib. Ebuseleme Gülen, Cevdet Türkyolu və Adil Öksüz kimi yüksək rütbəli FƏTÖ üzvlərinin adını çəkdiyi paylaşımlarında çevrilişə cəhd edən komanda arasında olduğunu etiraf edib. Bu hadisə FƏTÖ daxilində qarşıdurmanın getdikcə böyüdüyünü göstərir. Lakin hələlik rəsmi orqanlardan heç bir təsdiqləmə olmadığı üçün bu iddiaların doğruluğu ilə bağlı dəqiq məlumat yoxdur. Mənbə: Haberler.com

Daha bir şəhidimiz 30 il sonra dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hacıyev Firuddin Nadir oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.  Sozcu.az xəbər verir ki, şəhidin nəşi bu gün rayonun İnçə kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.  Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.  Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.  Qeyd edək ki, Hacıyev Firuddin Nadir oğlu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı. 

Gerasimovun müavini saxlanıldı

Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarin saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Hüquq-mühafizə orqanlarındakı mənbə təsdiqləyib ki, generalın evində dələduzluq iddiası ilə bağlı cinayət işi üzrə axtarış aparılıb. Nəticələrə əsasən, V.Şamarin dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb. İşə 235-ci qarnizon hərbi məhkəməsində baxılır. Bundan əvvəl müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılaraq həbs ediliblər. Onların hər ikisi xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. Qeyd edək ki, 2020-ci ildə Baş Qərargah rəisinin sabiq müavini Xəlil Arslanov silahlı qüvvələrə texnikanın tədarükündə dələduzluq və korrupsiya faktları ilə bağlı həbs edilib. O, dələduzluqda və rüşvət almaqda ittiham olunub.

Ana özünü və üç uşağını ZƏHƏRLƏDİ

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib. Sozcu.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib. Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib. Zəhərlənən uşaqlar 2007-ci il təvəllüdlü N. Süleymanova, 2016-ci il təvəllüdlü N. Süleymanov və 2017-ci il təvəllüdlü Y. Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər. Ananın vəziyyəti qənaətbəxş olsa da azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşadırma aparılır. (Apa)

Kiyev Fransa silahları ilə Rusiyanı vurmalıdır

Fransa Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün fransız silahlarından istifadəsinə qoyulan qadağanı ləğv etməlidir. Sozcu.az xəbər verir ki, bu barədə Fransa parlamentinin Xarici əlaqələr komitəsinin sədri Jan Lui Burlanj deyib. Fransalı deputat Paris hökumətini gözləmə vəziyyətindən çıxmağa və ingilis, eləcə də amerikalıların qərarı ilə müqayisə oluna bilən qərar qəbul etməyə çağırıb.

İsrail Rəisinin qəzası ilə bağlı açıqlama yaydı - Təcili

İsrail  İran prezidenti İbrahim Rəisinin helikopter insidenti ilə əlaqəsini təkzib edib. Bu barədə Oxu24.com  İsrail televiziyasının 13-cü kanalına istinadən xəbər verir. Jurnalistlər qeyd edirlər ki, İsraildən insidentlə bağlı heç bir rəsmi şərh yoxdur, lakin eyni zamanda, rəhbərlik dünya ölkələrinə onun bu hadisə ilə heç bir əlaqəsi olmadığını açıqlayır. Mayın 19-da İran prezidentini daşıyan helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra digər İran rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb. Hazırda İranın bütün təhlükəsizlik qüvvələri prezidentin axtarışı ilə məşğuldur.

Rəisinin olduğu helikopter tapıldı? - Təcili

İran Prezidenti İbrahim Rəisinin qəzaya düşdüyü helikopter tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə Press TV məlumat yayıb. İran Qızıl Aypara Cəmiyyətinin operativ qərargahı xilasedicilərin Raisinin helikopterini tapması ilə bağlı məlumatı təsdiqləməyib. İranın energetika naziri bildirib ki, xilasetmə işləri davam edir və onlar fövqəladə hadisə yerinə 2 km məsafəyə qədər yaxınlaşıblar.

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

Az öncə İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasına görə bu gün keçirilməsi planlaşdırılan hökumət iclasının ləğv edildiyi haqda məlumat yayılıb. Sozcu.az xəbər verir ki, bunun ardınca İran mediası Böhran Qrupunun yaradıldığını elan edib. Eyni zamanda, DİN hadisə yerinə gedən xilasedicilərin qəzaya uğrayan helikopteri tapmadığını, ərazidə axtarışlara davam etdiyini, hava şəraitinin bu axtarışlara mane olduğunu bildirib. Digər tərəfdən, “Mehr” agentliyi də İbrahim Rəisinin sağ olduğu və avtomobillə Təbrizə doğru hərəkət etdiyi barədə xəbəri saytından silib. İranda Böhran Qrupu yalnız prezident bu və ya digər səbəbdən öz səlahiyyətlərini yerinə yetirə bilmədikdə yaradılır. Beləliklə, İbrahim Rəisinin sağ olmadığı və ya yaralandığı haqda ciddi şübhələr yaranıb.

Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!

Ermənistanın Azərbaycanla həmsərhəd Kirants kəndində iki evin sakinlərinə iyunun 24-dək evlərini tərk etmək əmri verilib. Sozcu.az xəbər verir ki, bu barədə "Sputnik" agentliyi kənd sakinlərindən biri Artak Kazaryana istinadən məlumat yayıb. "Sərhəddə yerləşən Kirants kəndində iki evin sakinlərinə evlərini boşaltmaq üçün iyunun 24-dək vaxt verilib: kəndin bu hissəsi Ermənistan-Azərbaycan sərhədinin o tayında qalır", - agentlik Kazaryandan sitat gətirib. Qeyd edək ki, mayın 15-də Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə Dövlət Komissiyalarının iclası keçirilib, bundan sonra protokol imzalanıb. Delimitasiyadan sonra Kirants kəndində iki evin, bir mağaza və bir qarajın Azərbaycan ərazisinə düşdüyü məlum olub.

Balasanyan Azərbaycandan necə qaçdığından DANIŞDI

Qarabağdan Ermənistana qaçmış qondarma “artsax təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan Azərbaycanı necə tərk etməsindən danışıb. Sozcu.az xəbər verir ki, erməni jurnalistlər Balasanyandan Azərbaycanı necə tərk etdiyini soruşublar. Xocalı qatili KİV nümayəndələrinə bu barədə geniş danışmaq istəməyib. “- Azərbaycandan çıxmağı necə bacardınız? - Sakitcə, gördüm ki, heç kim yoxdur, çıxıb gəldim. Qoy detallar sirr olaraq qalsın. Aidiyyatı dövlət qurumları müraciət edəndə, necə gəldiyimi deyəcəm, orada işarələrin olduğunu görəcəklər”. Vitali Balasanyan həm qondarma “artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. O, vaxtilə Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb, torpaqlarımızın işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə keçmiş separatçı rejimin müdafiə nazirinin müavini olub. Daha sonra “artsax təhlükəsizlik şurasının katibi” kimi fəaliyyət göstərib. V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir erməni kimi ad çıxarıb. O, Xocalı qətliamını törədənlərdən biridir. Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. Sentyabrın 28-də isə o, Qarabağə tərk edərək Ermənistan istiqamətinə yollanıb. Ermənistan mətbuatı onun dağ yolları ilə qaçmağa müvəffəq olduğu barədə məlumat yayıb. İddiaya görə, Balasanyan gizli dağ yolları ilə piyada getdiyinə görə, Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çata bilib.modern)