İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb. Bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri xatırlanıb, səfər zamanı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub. Dövlət başçısı və Gürcüstanın müdafiə naziri əməkdaşlığımızın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Ermənistan təxribatları dərhal dayandırmalıdır - XİN

Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Tvitter səhifəsindəki paylaşımda bildirilib. "Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi yük maşını qəsdən basdırılmış minaya düşüb və mina partlayışı nəticəsində 3 hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!", - paylaşımda vurğulanıb. Qeyd edək ki, aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb. Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.

İrəvan Bakının təkliflərinə 6 həftədir cavab vermir

Ermənistan sülh sazişinin mətni ilə bağlı Azərbaycanın sonuncu təkliflərinə 6 həftədir cavab vermir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonla görüşdə məlumat verib. Nazir postmünaqişə mərhələsində Azərbaycanın Ermənistanla normallaşma, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlı olduğunu bildirib. Buna baxmayaraq, qeyd edilən istiqamətlərdə Ermənistan tərəfindən prosesə maneçilik səyləri, sülh sazişinin mətni üzrə Azərbaycanın sonuncu təkliflərinə 6 həftə ərzində hələ də cavab verməməsi, bir sıra provokativ bəyanatlar və təxribatlar diqqətə çatdırılıb. C.Bayramov bununla yanaşı, Ermənistandan azaraq Azərbaycana keçmiş hərbçilərin qısa müddətdə Ermənistana geri təhvil verilməsi kimi etimad quruculuğu tədbirlərinə baxmayaraq, Ermənistanda Azərbaycan hərbçilərinə qarşı son zorakılığın Ermənistan tərəfindən pozucu fəaliyyətin nümunəsi olduğunu qeyd edib. Eyni zamanda bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Almaniya XİN-nin məsul şəxsi müsavatçı vəkil və hüquq müdafiəçiləri ilə görüşüb

Bakıda səfərdə olan Almaniya Xarici İşlər Nazirliyi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə şöbə müdiri Mattihast Volert vəkil Nemət Kərimli və hüquq müdafiəçiləri ilə Rüfət Səfərov və Elşən Həsənovla görüşüb. Bu haqda “Basta”ya Nemət Kərimli məlumat verib. Görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslar və digər məsələlər müzakirə olunub, – deyə, Nemət Kərimli bildirib. Basta

Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Toplantıda 12 məsələnin müzakirəsi nəzərdə tutulub. Həmin məsələlər aşağıdakılardır: 1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında. 2. Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı. 3. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 4. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 5. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 6. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 10. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 12. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

İlham Əliyev Olsonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlarla bağlı fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı qeyd etdi ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanla sülh müqaviləsinin imzalanması məhz Azərbaycanın təşəbbüsüdür və bu xüsusda sülh müqaviləsinin əsasını təşkil edəcək 5 prinsip ölkəmiz tərəfindən təklif olunub. Erika Olson vurğuladı ki, ABŞ regional sülh gündəliyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir. Bu əsnada ABŞ Dövlət katibi Antoni Blinkenin rolu xüsusi qeyd olundu. Söhbət zamanı regional məsələlər, Azərbaycan ilə ABŞ arasında ikitərəfli siyasi əlaqələr, o cümlədən enerji, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

“İsraildə səfirliyimizin açılması əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir”

“Azərbaycan və İsrail arasında yaxşı siyasi əlaqələr mövcuddur. Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir”. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edərkən söyləyib. Dövlətimizin başçısı vurğulayıb ki, ölkələrimiz arasında əlaqələr dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanır. Əməkdaşlıq gündəliyinin genişləndiyini deyən Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətini xüsusi qeyd edib və bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvar olduğunu bildirib.

Prezidentdən sülh açıqlaması: İrəvan rəsmən qəbul edib ki...

Sülh müqaviləsinin imzalanması ilə əlaqədar Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni, müxtəlif dəyişikliklər olub. Sozcu.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib. Dövlətimizin başçısı deyib ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır.

XİN: “Davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmalıdır”

“Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və nifrət siyasətinin növbəti təzahürü olan Başlıbel qətliamının 30-cu ildönümündə 21 qurbanın xatirəsini yad edirik”. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterində edilən paylaşımda bildirilib. “Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk”, – XİN-dən qeyd olunub. Qeyd edək ki, 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməyib və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Prezident və birinci xanım Salyan Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Sozcu.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Başlıbel faciəsindən 30 il keçir

Bu gün – 18 apreldə Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi kütləvi qətliamın növbəti ildönümüdür. Sozcu.az-ın məlumatına görə, hadisə 1993-cü il aprelin 18-də törədilib. Rəsmi məlumata görə, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıb. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Həmin 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub. Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin avtomat və iriçaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 1993-cü il aprelin 18-də silahsız mülki şəxslərin doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkarlayıb, köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları həmin gün saat 15-dən 21 radələrinədək atəşə tutmağa başlayıblar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1-i 12 yaşlı uşaq, 1-i 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın və 6 kişi olmaqla) – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülüblər. Hücum nəticəsində 14 nəfər - 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9-u aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər. Cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər. Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 1993-cü il mayın 12-də gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar. 1993-cü il aprelin 19-dan sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər. Faktlar Azərbaycan Baş Prokurorluğunun apardığı istintaqla rəsmi təsdiqini tapıb. Cinayət işinin istintaqı zamanı kənddə mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirildiyi sübuta yetirilib. Başlıbeldə qətlə yetirilənlərdən 12 nəfərin cəsədi 44 günlük müharibədən sonra, ötən ilin aprelində ekshumasiya edilərək Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilərək müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizləri əsasında aparılmış ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib. Dörd ay davam edən istintaqdan sonra ekshumasiya edilmiş cəsədlər əvvəlki yerinə qaytarılaraq orada dəfn edilib.

İrəvan hərbçilərimizi dərhal azad etməlidir! - Bayramov

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı, Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gələcək perspektivləri, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesinin digər komponentləri müzakirə olunub. Nazir Ceyhun Bayramov Üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, Azərbaycanın 8 kəndini işğal altında saxladığını, mütəmadi hərbi və siyasi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb. Bununla yanaşı, Azərbaycanın iki hərbçisinin əsir götürüldüyü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyi, onların dərhal azad edilməsinin vacib olduğunu bildirib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.