Zamin Salayevin ürəyində ağrılar baş qaldırıb

Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında 29 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin səhhəti daha da ağırlaşıb. O, şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir. “Salayevin səhhəti hədsiz dərəcədə ağırlaşıb. 20 kiloqram arıqlayıb, hərəkəti çətinləşib. Ciddi ürək ağrıları var. O cür qüvvətli, sağlam adam artıq çətinliklə yeriyir. Buna baxmayaraq həkimin xüsusi nəzarəti yoxdur. Dedi ki, həkim çağıranda gah gəlir, gah da gəlmir. O hələ də tibb-sanitar hissəyə köçürülməyib”, martın 6-da Zamin Salayevlə təcridxanada görüşdən sonra vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib. Vəkil öz adından, AXCP sədri Əli Kərimlinin adından Zamin Salayevdən aclığı dayandırmasını xahiş edib. “O bildirdi ki, aclığı sonadək davam etdirəcək. Ya ədalət bərpa olunaraq həbsdən azad olunacağını, ya da həbsxnadan azad insan kimi son mənzilə gedəcəyini dedi”, vəkil qeyd edib. Vəkil təcridxana əməkdaşlarının qanunsuz olaraq Salayevin qohumları və yaxınları ilə görüşünə imkan yaratmadığını bildirib. “Mən bu gün ombudsmana və prokurorluğa şikayət verəcəm. Çünki istintaq orqanı Salayevin qohumları və yaxınları ilə görüşünə qadağa qoymadığı halda təcridxana rəhbərliyi görüş üçün imkan yaratmır”, o qeyd edib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində partiya f'əalı Zamin Salayevi aclığı dayandrımağa çağırıb. “Mübarizə apardığımız, məhrumiyyətlər yaşadığımız illərdə hər zaman ona inanmışıq ki, sonda mütləq azadlıq və ədalət qalib gələcək. Ölkəmizdə azadlıq və ədalətin qalib gəlməsini sürətləndirmək üçün sənin kimi cəsur, mübariz insanlar yaşamalıdır və çox olmalıdır. Həm də xalqımızın repressiv rejim üzərində qələbəsinə töhvə verə bilmək üçün aclığı dayandırıb, yaşamalısan. Sənin də, siyasi məhbus həyatı yaşayan digər cəbhəçi dostlarımızın da, bütün siyasi məhbusların da hüquqlarınızı sonadək müdafiə edəcəyik. Ardıcıl mübarizəmizin nəticəsində siz siyasi məhbuslar da, ölkəmiz də bir gün mütləq azadlığına qovuşacaq,” AXCP sədri əqidədaşını aclığı dayandırmağa çağırıb. Öz növbəsində Penitensiar Xidmətdən Amerikanın Səsinə bildiriblər ki, əgər problemləri varsa Penitensiar Xidmətə şikayət etsinlər. Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir. Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. Zamin Salayev isə məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər. “Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar”, o, fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb. Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

Müsavat Divanında Qarabağda baş verənlər müzakirə olunub

Martın 6-da Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Sozcu.az -a verilən məlumata görə, iclasda əvvəlcə Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfat etməsinin 68-ci ildönümü ilə bağlı, onun xatirəsi sayğı duruşu ilə anılıb. Partiya başqanı Arif Hacılı Almaniyanın Azərbaycandakı səfiri ilə keçirdikləri görüş barədə məlumat verib. Qeyd edib ki, görüşdə Almaniya-Azərbaycan münasibətləri, Azərbaycanda ictimai siyasi vəziyyət, Qarabağ nizamlanması, siyasi məhbuslar, Müsavat Partiyası və Almaniya səfirliyi arasındakı münasibətlər və digər məsələlər müzakirə olunub. Görüşdə Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Nemət Kərimli və səfirliyin birinci katibi Marsel Vietor iştirak ediblər. Qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarınln ziyarət olunması barədə məlumat verilib. Divan üzvü Könül All qadın hüquqlarının müdafiəsi ilə bağlı BMT-nin Bakı ofisinin təşkil etdiyi tədbirə dəvət alması barədə məlumat verib. Qarabağda son durum, ölkədə və dünyada gedən proseslər barədə fikir mübadiləsi aparılıb. Sonda cari məsələlər müzakirə olunub

İlham Əliyev Klaarla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşü məmnunluqla xatırladı və ölkəmizin Brüssel sülh gündəliyinə sadiq olduğunu vurğuladı. Toivo Klaar da öz növbəsində Münxendə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidentinin səmərəli görüşünü qeyd etdi və Avropa İttifaqının da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcəyini dedi. Görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparıldı.

Prezident Marton Nadı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ceyhun Bayramov Qətərə getdi

4 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Yeni nazir müavini kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini təyin olunub. Sozcu.az-ın məlumatına görə, U.Tağıyeva bu təyinatadək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi idi. O, aprelin 3-ü 1968-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1990-1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsi, sinoptik, mühəndis, 1993-2001-ci illərdə Hidrometeorologiya Xidmətində şöbə rəisi, 2001-2015 - ci illərdə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru, 2018-ci ildə ETSN-nin Ekoloji Təbliğat Şöbəsinin müdiri, Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsində işləyib. 03.04.2020-ci il tarixdən bu günədək Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsində çalışıb. 22 may 2009-cu ildə “Əməkdar mühəndis” fəxri adı, 22 may 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Ailəlidir, 1 övladı var.

Kolumbiyalı jurnalist: “Gəncəyə raket hücumları ermənilərin qeyri-insaniliyindən xəbər verir”

“İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə edilən raket hücumları ermənilərin qeyri-insaniliyindən, onlarda başqa millətə qarşı nifrət hissinin nə qədər güclü olmasından xəbər verir”. Sozcu.az xəbər verir ki, bunu Kolumbiyanın milli televiziyasının jurnalisti Lauryen Kalderin deyib. "Mən heç vaxt raket hücumlarının bu qədər dağıntıya, bu qədər itkiyə səbəb olduğunu görməmişdim. Bunu təsəvvürümə belə gətirə bilməzdim", - o bildirib. Jurnalist ermənilərin gecə vaxtı şəhərə raket zərbəsi endirməsinin onlardakı böyük nifrətdən xəbər verdiyini bildirib və bundan çox məyus olduğunu söyləyib: "İlk dəfədir ki, belə bir şeylə rastlaşıram. Kolumbiyada bu barədə çox az adam bilir. Geri qayıdandan sonra tamaşaçılara gördüklərim haqqında çox şey danışacağam". Dünənki Ağdam səfəri ilə bağlı təəssüratlarını bölüşən jurnalist gördüklərindən şoka düşdüyünü söyləyib: "Nə qədər yol getsək də, dağıntılar bitmək bilmir. Bu, böyük təəssüf hissi doğurur".

Ceyhun Bayramov İsrailə gedir

Xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Martın 29-da baş tutacaq səfərin məqsədi Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak etməkdir. Eyni zamanda səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi gözlənilir.

İlham Əliyev AEBA-nın Baş direktorunu qəbul etdi - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib. Sozcu.az xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olmasına görə dövlət başçısını təbrik edib. Bildirib ki, Azərbaycanın bu Hərəkata sədrliyi praktiki xarakter daşıyaraq beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfə verib, Hərəkatın dünyada rolunu daha da gücləndirib. Rafael Mariano Qrossi ölkəmizlə rəhbəri olduğu agentlik arasında səmərəli əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Rafael Mariano Qrossiyə tədbirdə iştirakına görə minnətdarlığını ifadə edib, Azərbaycanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verdiyini deyib. Dövlət başçısı nüvə texnologiyasından dinc məqsədlər üçün istifadənin vacibliyini bildirib. Bu xüsusda kənd təsərrüfatı, tibb, neft-kimya səhələrində Azərbaycanla agentlik arasında əlaqələrin praktiki əhəmiyyəti qeyd edilib. Prezident İlham Əliyev nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirib, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki probemlərinin olduğunu diqqətə çatdırıb və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulayıb. Görüşdə Nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə bütün dövlətlər tərəfindən riayət edilməsinin vacibliyi bildirilib, bu xüsusda nüvə silahının yaradılması cəhdlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yarada biləcəyi ilə bağlı narahatlıq ifadə olunub. *** 14:46 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Müsavat başqanı Almaniya səfiri ilə görüşüb

Martın 2-də Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann ilə görüşüb. Partiyadan verilən məlumata görə, görüşdə Almaniya-Azərbaycan münasibətləri, Azərbaycanda ictimai siyasi vəziyyət, Qarabağ nizamlanması, siyasi məhbuslar, Müsavat Partiyası və Almaniya səfirliyi arasındakı münasibətlər və digər məsələlər müzakirə olunub. Görüşdə Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Nemət Kərimli və səfirliyin birinci katibi Marsel Vietor iştirak ediblər. Basta

Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilir

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Sozcu.az xəbər verir ki, Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar. Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə yüksəksəviyyəli nümayəndələrin iştirakı bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşdü - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Sozcu.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: - Hörmətli Şavkat Miromonoviç, xoş gəlmisiniz. Vaxt tapıb Azərbaycana səfər etdiyiniz üçün sağ olun. Birlikdə mühüm beynəlxalq tədbirdə iştirak edəcəyik, lakin həm də görüşmək, söhbət etmək və bizim əvvəlki görüşlərimiz zamanı da razılığa gəldiyimiz kimi, verdiyimiz tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək üçün yaxşı imkandır. Prezident Şavkat Mirziyoyev: Komandalarımıza. Prezident İlham Əliyev: Düşünürəm ki, komandalar yaxşı işləyir. Onlar tez-tez görüşürlər, bu yaxınlarda yenə Özbəkistanda mühüm görüş olub. Həmçinin telefonla çox fəal ünsiyyətdə olurlar. Beləliklə, bütün istiqamətlər üzrə çox fəal qarşılıqlı fəaliyyət aparılır. Zənnimcə, ötən il münasibətlərimizin inkişafında rekord il olub. Mən üç dəfə Özbəkistana səfər etmişəm. Bu il Sizin səfərinizlə başlayır. Əminəm ki, bu il bir neçə görüş keçirəcəyik. Çünki müzakirə olunası çox məsələ, çoxlu mövzular var. Ən başlıcası, bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında və hətta, düşünürəm ki, planlaşdırdığımızdan da böyük həcmdə yerinə yetirilir. Çünki elə bu yaxınlarda Daşkənddə tədbirdə yeni ideyalar, yeni layihələr müzakirə olunub. Həm sənaye kooperasiyası, həm kənd təsərrüfatı, həm şəhərsalma – bütün istiqamətlər üzrə proses qardaşlar arasında getməli olduğu kimi davam edir. Mən Sizə bu münasibətə görə çox təşəkkür edirəm. Mən Özbəkistana səfərlərimi böyük səmimiyyətlə xatırlayıram. Göstərilən qonaqpərvərliyi xoş duyğularla xatırlayıram. Həmçinin Qarabağin bərpasında iştiraka görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihədir. Bu, Sizin tərəfinizdən keçmiş köçkünlərə hədiyyə edilən məktəbdir. Biz buna görə çox minnətdarıq. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Tikinti işləri sürətlə gedir. İnşallah, bu il birlikdə qeyd edəcəyik. Bir daha xoş gəlmisiniz. x x x Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dedi: - Çox sağ olun, hörmətli İlham Heydər oğlu. Bizə çox doğma, yaxın və dost ölkə Azərbaycanda olmaq mənim üçün çox xoşdur. Həqiqətən, biz hazırlaşırdıq və bu gün ilk dəqiqədən bu cür qonaqpərvərliyi hiss edirik. Biz sanki öz evimizdəyik. Buna görə çox sağ olun. Əslində, Siz qeyd etdiyiniz kimi, bizim mütəmadi görüşlərimiz strateji tərəfdaşlığımıza tamamilə yeni məzmun gətirib. Son illər biz Sizinlə ikitərəfli münasibətlərimizdə böyük sıçrayış etmişik. Artıq Sizin dediyiniz kimi, bizim komandalar da başqa cür işləyir. Real nəticələr var və yəqin ki, bizim hər bir görüşümüz münasibətlərimizə, razılaşmalarımıza impuls verir. Düşünürəm ki, bizim ciddi nəzarət edəcəyimiz komandalarımız hər şeyi vaxtında yerinə yetirəcək. Siz artıq komandalarımızın intensiv görüşlərini qeyd etdiniz. Ötən ilin dekabrında bizim Baş nazirin mavini Xocayevlə görüşlər olub. Bu yaxınlarda mən Mikayıl Cabbarovu qəbul etmişəm. Biz çox uzun müddət danışdıq və bütün məsələləri müzakirə etdik. Bu, bizim münasibətlərimizin nəticəsidir ki, regionlar görüşür və belə işgüzar forumun keçirilməsi çox şeydən xəbər verir. Siz indi yeni layihələri qeyd etdiniz, sanki sadəcə görüşdük, amma buna çox ciddi hazırlaşırdıq. Layihələr 800 milyon dollar dəyərindədir. İlham Heydər oğlu, bu, onu göstərir ki, əslində, bizim nəhəng potensialımız var. Xüsusən regionların forumunu və biznes şurasının toplantısını qeyd etmək istəyirəm. Bu tədbirlərdə çoxlu sahibkar iştirak etdi. Mən qardaşlaşmış şəhərlərin - Daşkənd, Səmərqənd, Buxara, Xivə, Kokandın rəhbərləri ilə danışmışam. Onlara dedim: biz görüşdük, sabah isə qardaşım İlham Heydər oğlu ilə görüşəcəyəm və onunla bunları danışacağıq. Onlar dedilər: Əmin ola bilərsiniz ki, müzakirə etdiyimiz bütün məsələlər yerinə yetiriləcək və həll olunacaq. Tezliklə avtomobil istehsalı üzrə ciddi nəticələr olacaq. Bu, martda istehsalına başlanılacaq 3 min və sentyabrda buraxılacaq 7 min yeni marka avtomobillərdir. Bu, tamamilə başqa markadır, ayrı keyfiyyətdir. İkincisi, biz pambıq klasteri haqqında razılığa gəlmişik. Bizim hər iki komandamız artıq razılaşıb. Bunun üçün torpaq sahələri ayrılıb. Düşünürəm ki, biz burada danışdığımız nəticələri əldə edə bilərik. Bizdə ipəkçilikdə çoxlu problemlər var idi, lakin fikirləşirəm ki, onlar çox yaxşı həll olunur. Bizim ipəkçilik müəssisələrinin rəhbərləri mənə məruzə edirlər ki, onlar öz evlərində işləyirlər, deyirlər bizim üçün evdə bütün şərait yaradılıb. Biz məruzə etmişik ki, maşınqayırmada, həmçinin bütün məsələlər, preferensiyalar, parlament səviyyəsində həll olunur. Bu artıq onu göstərir ki, perspektivdə bizim bu sahələrdə də çoxlu birgə layihələrimiz olacaq. Neft-qaz sahəsində SOCAR-la böyük layihə hazırlayırıq. Artıq layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır və düşünürəm ki, bu proses tədricən inkişaf etdiriləcək. Düşünürəm ki, bizim bugünkü görüşümüz, Qoşulmama Hərəkatında iştirakımız faydalı olacaq. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanın, şəxsən Sizin uğurlu sədrliyiniz ilə bu təşkilatın nüfuzu artıb. Birləşmiş Millətlər Təşkilatının vaksinlə bağlı xüsusi qətnaməsi qəbul edildi, Hərəkatın parlament və gənclər strukturları yaradıldı. Fikrimcə, bu, Qoşulmama Hərəkatında Azərbaycanın tarixi sədrliyidir. Bütün dövlətlər həmin qətiyyəti, səyləri gördülər. Hazırkı mürəkkəb şəraitdə bu Hərəkatın səviyyəsini yalnız Azərbaycan qaldıra bilər. Mən bu münasibətlə Sizi təbrik etmək istəyirəm. Bir daha Sizinlə görüşümüzə şadam. Düşünürəm ki, bizim fikir mübadiləsi aparmaq, komandalarımızı dinləmək üçün yaxşı imkanımız var. Prezident İlham Əliyev: Sağ olun. x x x Görüşdə ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olundu. Şavkat Mirziyoyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının bu il 100 illiyinin qeyd edildiyini vurğuladı, bu xüsusda Özbəkistanda da tədbirlərin keçiriləcəyini bildirdi. *** 20:46 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Sozcu.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidentinin Mətbuat xidməti məlumat yayıb.