Əliyev açıqladı: Buna görə görüşdə iştirak etmədik!

Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı deyib. Prezident İlham Əliyev həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirdi.

Zelenskinin Qarabağ barədə açıqlamasından sonra Fransada Ukrayna bayrağı endirildi

Fransanın cənub-şərqində yerləşən Vyana şəhərinin (İzer departamenti) hakimiyyəti meriya binasının fasadından Ukrayna bayrağının götürülməsinə qərar verib. Buna səbəb Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından sonra Ermənistan və Qarabağla bağlı söylədiyi sözlər olub. Meriyadan bildirilib ki, bayrağın götürülməsi barədə qərar məlum telefon danışığından sonra Zelenskinin verdiyi bəyanatlarla əlaqədar qəbul edilib. Ukrayna prezidentinin İlham Əliyevlə söhbətində dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyi ilə bağlı son bəyanatları buna səbəbiyyət verib.  Xatırladaq ki, Zelenski öz “Telegram” kanalında oktyabrın 4-də İlham Əliyevlə regional təhlükəsizlik, mövcud çağırışlar və qarşılıqlı fəaliyyət formatlarını müzakirə etdiyini bildirib. “Biz dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyimizi təsdiqlədik”, - deyə Volodimir Zelenski qeyd edib. Məlumata görə, Ukrayna bayrağı 2022-ci ilin fevralında Vyana meriyası binasının fasadında asılmışdı. Mənbə: “Le Dauphine Libere”

“Normativ hüquqi aktlar” informasiya sistemi yaradılacaq

Prezident İlham Əliyev Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. Sozcu.az xəbər verir ki, Fərmanla “Normativ hüquqi aktlar” informasiya sistemi yaradılıb. “Normativ hüquqi aktlar” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə” təsdiqlənib. Müəyyən edilib ki, “Normativ hüquqi aktlar” informasiya sistemi (bundan sonra — Sistem) Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, digər dövlət orqanları, habelə nizamnamələrinə əsasən normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən normativ hüquqi aktların layihələrinin hazırlanmasını, digər dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını və yuxarı orqanlara təqdim olunmasını elektron qaydada təmin edir, sistemin sahibi funksiyalarını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, operatoru funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. Nazirlər Kabinetinə normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, sistemin aparılması və saxlanılması ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi üçün, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görmək, Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

"Rusiya sülhməramlıları 2025-ci ildən sonra da çıxıb getməyəcək. Qarabağda qalacaqlar"

Azərbaycan ordusunun ötən ay həyata keçirdiyi 24 saatdan az müddət davam edən antiterror tədbirlərindən sonra regionda yeni siyasi vəziyyət yaranıb. Artıq separatçılar təslim olub və Qarabağdakı erməni sakinlərin bir çoxu könüllü şəkildə Ermənistana gedib. Rəsmi Bakı Qarabağın erməni sakinləri ilə reinteqrasiya prosesinə start verib. Artıq onlarla erməni Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edib. Qarabağda vəziyyətin sabitləşməsindən sonra orada sülhməramlıların qalıb-qalmaması müzakirə mövzusuna çevirilib. Ötən gün Rusiya Müdafiə Nazirliyi sülhməramlıların Əsgəran, Ağdərə və Şuşa bölgələrindəki postlarını tərk etdiyini açıqlayıb. Həmçinin, Valdayda keçirilən Beynəlxalq Diskussiya Forumunda Rusiya Prezindenti Vladimir Putin sülhməramlıların statusundan danışıb.  "Azərbaycan hesab edirdi ki, sülhməramlıların statusu ilə bağlı əlavə saziş imzalamağa ehtiyac yoxdur. Azərbaycansız saziş imzalamaq isə mənasız idi. Rusiya sülhməramlılarının missiyası atəşkəsin qorunmasına nəzarət etmək idi. Orada sülhməramlıların başqa hüquqları yoxdur”, - Rusiya prezidenti bildirib. Bu gün isə Rusiyanın TASS dövlət informasiya agentliyi adı açıqlanmayan mənbələrə istinadən yazıb ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün İrəvana səfər edəcək. Bütün bunların fonunda Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxacağı ilə bağlı fikirlər ortaya atılıb. Həqiqətən bu mümkündürmü? Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, Rusiya sülhməramlıların kimisə qorumasına ehtiyac qalmayıb: “10 noyabr 2020-ci il tarixli sənəddə Rusiya sülhməramlılarının hansı missiyaları həyata keçirməli olduğu təsbit olunmuşdu. Lakin səmimi desək, sülhməramlılar ərazimizə gələndən öhdəliklərini həyata keçirmək yerinə, separatçıları, terrorçuları, cinayətkarları qorumaqla, onların fəaliyyətinə şərait yaratmaqla məşğul oldu. Bir sözlə, separatçılarla əməkdaşlıq yolunu tutdular. Ötən 3 il ərzində Azərbaycan ərazisinə silah-sursat daşınmasında sülhməramlılar da iştirak etdi. Azərbaycan 44 günlük müharibə ilə BMT-nin qəbul etdiyi 4 qətnaməni necə icra etdisə, eləcə də 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə sülhməramlıların həyata keçirməli olduğu işləri həyata keçirdi. Yəni erməni silahlılarını ərazidən çıxarmalı olduğu halda, Azərbaycan bunu antiterror tədbirləri ilə özü etdi. Bu gün ərazilərimizdə Ermənistana aid silahlı birləşmələr yoxdur. Separatçıların başçılarının müəyyən qismi həbs olunub, digərləri də həbs olunacaq. Bunların sayı çoxdur. Təbii ki, bunlar haqqında Azərbaycan hüquq-mühafizə orqanlarında kifayət qədər məlumatlar var.  İmkan olduqca, onlar da həbs olunacaq. Belə olan halda, Rusiya sülhməramlıları kimi kimdən qoruyacaq? Artıq kimlərinsə, təhlükəsizliyinin təmin edilməsindən söhbət gedə bilməz. Onların ərazimizdə missiyası başa çatmış hesab olunur”. Deputat Rusiya sülhməramlılarının ərazidən nə vaxt çıxacağı ilə bağlı məsələyə də toxunub: “Rusiya Federasiyasının Prezidenti cənab Putin Valday klubundakı çıxışında sülhməramlıların heç bir missiyasının qalmadığını deyib. Qarabağ məsələsi artıq başa çatıb. Sülhməramlıların orada daha icra edəcəyi vəzifə yoxdur. Onların nə vaxt və necə gedəcəyi artıq gedişatda, işgüzar şəraitdə müəyyən olunacaq. Ərazilərimizdə Azərbaycan Ordusundan başqa bizə qardaş və dost olan dövlətlərə aid müttəfiqlik səviyyəsində müəyyən hərbi birləşmələr ola bilər. Ancaq daha Rusiya və digər məsələlər artıq tarixdə qaldı”. Elman Məmmədov Fransa və Ermənistanın bu məsələyə razılıq verdiyini deyib: “Fransa və Ermənistan bu məsələni rahatlıqla qəbul edirlər. Guya ki, Rusiya  sülhməramlılarının Qarabağdan çıxması ilə yanaşı Ermənistanın tələbi və təzyiqi ilə Rusiyanın 102-ci briqadası da Ermənistandan çıxacaq.  Beləliklə, Fransa və başqa Avropa dövlətləri Cənubi Qafqaza ordu yeridə biləcək. Ancaq bu, onların  xam-xəyallarıdır. Ermənistan ərazisinə gələ bilərlər. Azərbaycan ərazisinə isə təbii ki, gələ bilməyəcəklər. Bir məsələ də var ki, Rusiya sıradan, asan həzm olunan dövlət deyil. Rusiya Cənubi Qafqazda, xüsusilə də, Ermənistanda öz mövqelərini qoruyub, saxlayacaq”. Hərbi ekspert Üzeyir Cəfərov isə deyir ki, Rusiya sülhməramlıları 2025-ci ildən sonra da Qarabağdan çıxıb getməyəcək: “Rusiya sülhməramlıları Qarabağda 20 əvəzinə, 25 post qurmuşdular. Yəni postların sayı əvvəlcədən razılaşdırılmış saydan çox idi. indi Əsgəran, Şuşa və Ağdərədə onların qalmasına ehtiyac yoxdur. Çünki həmin ərazilərdə erməni millətindən olan şəxs yoxdur. Oraya hələ Azərbaycan əhalisi də köçməyib. Boş ərazilərdir. Həmin postlarını tərk ediblər. Azərbaycan cəmiyyəti olaraq, Rusiya Prezidentinin dünən Valdayda keçirilmiş Beynəlxalq Diskusiyya Forumundakı çıxışına ciddi yanaşmalıyıq. Əgər kimsə, düşünürsə ki, noyabr ayında Rusiya sülhməramlıları gedəcək, mən həmin adama imkanım daxilində ən böyük hədiyyəni verməyə hazıram. Eyni zamanda son 3 gün  ərzində Rusiyada rəhbərlikdə təmsil olunan şəxslər sülhməramlılarla bağlı məsələni Azərbaycan ilə müzakirə aparacaqlarını dedilər. Çıxarılacağından söhbət getmədi. Əminliklə deyə bilərəm ki, Rusiya sülhməramlıları 2025-ci ildən sonra da çıxıb getməyəcək. Qarabağda qalacaqlar. Buna heç kəsin şübhəsi olmasın. Dünən Putinin bəzi açıqlamalarından sonra qərarımı qətiləşdirmişəm. Onlar Qarabağdan getməyəcəklər”. Hərbi ekspert Rusiya-Azərbaycan patrulunun yaradılacağını bildirib: “Azərbaycan erməniəsilli vətəndaşların Xankəndidə saxlayacaq. Onlarla azərbaycanlılar arasında Rus-Azərbaycan patrulu yaradılacaq. Ermənilərə etimad edilib, polis kimi işləmələrinə icazə verilənə qədər bu patrul işinə davam edəcək. Buna heç kəsin şübhəsi olmasın”.

Əliyev və Paşinyan Brüsseldə görüşəcək - Mişel

Azərbaycan və Ermənistan liderləri oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bunu AB Şurasının rəhbəri Şarl Mişel deyib.

Aİ Şurası sədri Azərbaycan və Ermənistan liderlərini Brüsselə dəvət etdi - İDDİA

Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı oktyabrın sonunda Brüsselə görüşə dəvət edib. Diplomatik mənbələrdən verilən məlumata görə, görüş oktyabrın son həftəsində baş tuta bilər. Mənbə: TASS

Azərbaycan XİN Fransanı saxtakarlıqda ittiham etdi

"Neokolonializmi hələ də davam etdirən, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən ölkələrdən biri kimi Fransanın bu gün özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır". Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) BMT-nin 4-cü Komitəsinin (Xüsusi Siyasi və Dekolonizasiya Komitəsi) iclasında Fransanın müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun idarə heyəti üzvünün çıxışına dair şərhində yer alıb. Fransanın heç bir əsası olmayan iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur. "Bu gün Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə məsuliyyət daşımaq və tarixdən dərs çıxarmaq əvəzinə Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neo-kolonialist mənfur təcrübəsini tətbiq etməyə çalışması eyni dərəcədə təhlükəli və qəbuledilməzdir", - deyə məlumatda qeyd edilib.

ABŞ da təsdiqlədi: Türkiyədə gizli Qarabağ görüşü...

Dövlət Departamenti Azərbaycanın Qarabağda antiterror tədbirlərindən 2 gün əvvəl ABŞ, AB və Rusiya diplomatlarının Türkiyədə görüşməsi barədə mətbuatda dərc olunan məlumatı təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Departamentindən “Amerikanın səsi”nə verilən açıqlamada bildirilib. “Sentyabrın 17-də İstanbulda keçirilən görüşün məqsədi Qarabağda aktual humanitar ehtiyacların həlli olub. ABŞ mövcud vəziyyətə dərindən qarışmaqda davam edir və tərəflərə Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə kömək etmək öhdəliyi götürür”, - məlumatda qeyd olunub. Xatırladaq ki, “Politiko” nəşri İstanbulda 17 sentyabrda ABŞ, AB və Rusiyanın Qarabağla bağlı gizli görüş keçirdiyi haqda məlumat yaymışdı.

İlham Əliyev görüşdən niyə imtina etdi? - Şok təfərrüat

Xəbər verdiyimiz kimi, Azərbaycan lideri İlham Əliyev İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin növbəti iclasına qatılmaqdan imtina edib. Sozcu.az xəbər verir ki, Qranadada Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolt və AB Şurası Prezidenti Şarl Mişellə görüş gözlənilirdi. Hələ ötən gün AB-dən verilən açıqlamada görüşün dəqiqləşmədiyi, Şarl Mişelin tərəflərlə görüşün təşkili üçün danışıqları davam etdirdiyi, nəticənin bu gün bəlli olacağı açıqlanmışdı. Bu gün isə Prezident İlham Əliyevin görüşdən imtina etdiyi üzə çıxdı. Görüşdən imtinanın səbəbi nədir? Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, xüsusilə Fransa və Almaniya buna qarşı olub və onların israrı qəbul edilib. Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) antiazərbaycan ab-havası formalaşdığı şübhəsizdir. Xüsusilə Fransa və Almaniyanın Azərbaycana qarşı tutduğu son mövqe, o cümlədən Fransa XİN başçısının hazırda İrəvanda səfərdə olması və ölkəmizə qarşı ədalətsiz, regionda münasibətləri gərginləşdirməyə xidmət edən açıqlamaları görüşü mümkünsüz edib. Fransa XİN başçısının Ermənistanla hərbi əməkdaşlığın genişləndirilməsi, silah-sursat veriləcəyi haqda bəyanatı, AB Şurasının Prezidenti Şarl Mişelin belə dünən Azərbaycanı ittiham edən açıqlaması görüşün müqəddəratına təsir edib. Qeyd edək ki, Azərbaycan regiona müzakirələrdə region ölkələrinin, xüsusilə Türkiyənin iştirakında israrlıdır. Azərbaycanın bu mövqeyi region ölkələrinin maraqlarına tam cavab verir. çünki qeyri-region ölkələrinin bölgəyə hərbi-siyasi yerləşmə cəhdlərini artırması Cənubi Qafqazda münasibətləri gərginləşdirməklə yanaşı, destabilizasiya yaradır. Xatırladaq ki, Azərbaycan 2020-ci ilin 10 noyabr qələbəsindən sonra regional məsələlərin həlli üçün “3+3” formatını təklif edib. Hazırda İran da qəti şəkildə bu formatın tərəfdarı olduğunu Ermənistana bəyan edib. Təsadüfi deyil ki, İranda səfərdə olan Ermənistan TŞ katibi Armen Qriqoryana qeyri-region ölkələrinin regiona müdaxiləsinin yolverilməzliyi barədə xəbərdarlıq edilib və “3+3” formatlı platformanın vacibliyi vurğulanıb.axar

İlham Əliyev Qranada görüşündən imtina etdi

Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır.

Bakı Qalstyana vəzifə verib?

Azərbaycanın Sərkis Qalstyanı Xankəndidə patrul zabiti təyin etməsi barədə dünən yayılan məlumat doğru deyil. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Nəşr bildirib ki, Qalstyan qondarma “parlament”in deputatı David Qalstyanın əmisidir və separatçıların “təhsil nazirliyi”ndə işləyib. Araik Arutyunyanının “seçkiqabağı kampaniyası” zamanı Şuşa və Kərkicahandakı “qərargahlar”da “məsul” şəxs olub. Separatçıların keçmiş “prezident”i Bako Saakyanın onun “xaç atası” olduğu bildirilir. Saytın mənbələri bildirib ki, Qalstyan sentyabrın 28-də Samvel Şahramanyanın “əmri” ilə “prezident administrasiyası” rəhbərinin müavini təyin olunub. Qondarma “arsax”ın özünü buraxmasından sonra isə Qalstyan oradakı ən yüksək statuslu “məmur” olub. Qohumlarına bildirib ki, Azərbaycan hökuməti ona heç nə tapşırmayıb, o, sadəcə qondarma qurum özünü buraxana qədər “aparat rəhbərinin müavini” vəzifələrini icra edir.

Əliyevlə Paşinyanın görüşü dəqiq deyil, Mişel çalışır

Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında hələ də görüş təşkil etməyə çalışır. Sozcu.az xəbər verir ki, bu barədə AB-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib. “İndi görüş haqqında danışmaq tezdir. Sabah axşama qədər aydın olacaq”, - diplomat jurnalistlərin sualına cavabında deyib. Diplomatın sözlərinə görə, AB Bakı-İrəvan münasibətlərinin normallaşmasında irəliləyişə nail olmaq üçün Ermənistan, Azərbaycan, o cümlədən Fransa, Almaniya və Avropa Şurasının iştirakı ilə “2+3” formatında görüş təşkil etmək istəyir.