"Sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını bəyan etdi. Bundan əvvəl isə separatçı qurum silahları və hərbi texnikanı Azərbaycana təhvil verməyə başlamışdı və ardınca xunta rejiminin liderləri həbs olunaraq Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verilib. Siyasi təhlilçilər “DQR”in süqutunu Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi qiymətləndirirlər və Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri qapandığını bildirir." Sozcu.az xəbər verir ki, bu sözləri musavat.com-a Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. O bildirib ki, “DQR”-in özünü buraxmasını münaqişənin bitməsi kimi dəyərləndirmək olar: “Ancaq Rusiya sülhməramlılarının hələ bölgədə olması sonrakı proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmağa imkan vermir. Rusiya sülhməramlılarının mandadı 2025-ci ildə bitir. Mandatın taleyi ilə bağlı hələ ki, nə Rusiya, nə də Azərbaycan rəsmiləri öz mövqeyini açıqlayıb. Yalnız Türkiyə lideri Rəcəb Təyyub Ərdoğan bununla bağlı qəti mövqe ortaya qoyub və güman edilir ki, rəsmi Bakının da istəyi bu yöndədir”. S.Əsədli bölgədə rus sülhməramlılarının varlığının proseslərə müsbət təsir göstərmədiyinin şahidi olduğumuza da diqqət çəkib: “10 noyabr sazişindən keçən 3 il ərzində erməni separatçılarının bütün hərbi təxribatlarının, terror aktlarının arxasında məhz rus sülhməramlıları dururdu. Bu müddətdə Azərbaycan səbir və təmkin nümayiş etdirdi, lakin ardıcıl diversiya və terror siyasətinin davamına əsla yol verilə bilməzdi. Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri aktivləşib, Azərbaycan hərbçilərinə, hətta sivil insanlara qarşı terror aktı həyata keçirirdi. Bir sutkadan daha az bir zaman kəsiyində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları dövlətimizin qətiyyətinin göstəricisi idi. İndi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi həyata keçirilir. Bir sözlə, separatçıların mövcud olduğu boz zonada Azərbaycanın konstitusion quruluşunu bərpa etmək üçün tədbirlərə start verildi. Azərbaycan vətəndaşlığımızı qəbul edən erməni kökənli şəxslərin də təhlükəsizliyini təmin etmək gücündədir. Antiterror tədbirləri zamanı mülki vətəndaşların zərər görməməsi və Qarabağı tərk edən ermənilərə münasibətdə hər kəs bunun şahidi olub. Belə olan halda hansısa sülhməramlı missiyasına ehtiyac qalmır”.
Üç il əvvəl biz əsas hədəfimizə nail olduq, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğalın, etnik təmizləmənin qurbanı olmuşuq. Bu, bizim xalqımız üçün böyük faciə idi və böyük humanitar fəlakət idi. Biz uzun illər ərzində çalışırdıq ki, münaqişəni dinc yolla həll edək və işğala dinc yolla son qoyaq. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında söyləyib. 28 il ərzində danışıqlar prosesinə güclü sadiqliyimizi nümayiş etdirdiyimizi, lakin üç il əvvəl BMT-nin Nizamnaməsinə uyun olaraq özünümüdafiə hüququndan istifadə etdiyimizi vurğulayan dövlətimizin başçısı bildirib: “Biz 3 il bundan əvvəl ərazilərimizi işğaldan azad etdik, işğala son qoyduq. Ötən ay isə bütün ölkə ərazisində suverenliyimizi tam bərpa etdik”. Prezident İlham Əliyev təəssüflə vurğulayıb ki, münaqişəyə son qoymalı olan o beynəlxalq təşkilatlar bu istiqamətdə heç bir nəticə əldə etmədilər. “BMT-nin dörd qətnaməsi Ermənistan qonşularının ərazimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin bu qətnamələr 27 il kağız üzərində qaldı. Biz şəhidlər verərək bu qətnamələrin icrasını təmin etdik”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin (DMX), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası məlumat yayıb. Bildirilib ki, DMX əməkdaşları Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ilkin qeydiyyatına dair müraciətlərinin yerində qəbul edilməsi və bununla əlaqədar maarifləndirmə tədbirlərinin yerində təşkili, ƏƏSMN əməkdaşları isə sakinlərin sosial-humanitar ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı fəaliyyət göstərirlər. Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu DMX-nın əməkdaşları tərəfindən Xankəndi şəhərində yerləşən keçmiş “polis” binasında aparılır. Həmçinin ilkin qeydiyyata dair müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi DMX tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal (reintegration.gov.az) vasitəsilə elektron həyata keçirilir. Dövlət orqanları əməkdaşlarının bölgədə fəaliyyəti Qarabağda yaşayan erməni sakinlərin yerli cəmiyyətə reinteqrasiyasının daha sürətli həyata keçirilməsinə, həmçinin sosial-humanitar ehtiyaclarının qarşılanmasında səmərəliliyin artırılmasına imkan yaradacaq.
BMT-nin missiyası Qarabağa gəlib. Sozcu.az xəbər verir ki, missiyanın üzvləri səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə təşkilatın müxtəlif qurumlarının nümayəndələri daxildir. Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.
"Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın Qarabağ bölgəsini öz istəkləri ilə tərk edərək Ermənistana köçən erməni sakinlərə qarşı pis rəftarla bağlı heç bir fakt qeydə almayıb". Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn çıxışı zamanı bildirib. “Bilirəm ki, indiyədək heç bir insident, pis rəftar halları ilə bağlı heç bir fakt yoxdur. Bu, uzun yoldur, tıxaclar insanlar üçün çətinlik yaradır. Lakin azərbaycanlılar tərəfindən pis rəftar halları qeydə alınmayıb”, - o deyib. BMT nümayəndəsinin sözlərinə görə, bir həftədən az müddətdə 88,7 mindən çox insan Qarabağı tərk edərək Ermənistana gedib.
Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının məlumatında bildirilib. Görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub. Mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsi, humanitar yardımların göndərilməsi, yanacaq, qida ehtiyaclarının qarşılanması yüksək qiymətləndirilib. Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər. Xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər. Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib. Bildirib ki, təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.
Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib. Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlətimizin başçısı deyib ki, burada infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi icra olunmaqdadır. “2025-ci ildə, ola bilər bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niyyətindədir. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “CBC Nyus”a müsahibəsində deyib. O bildirib ki, Azərbaycan Qarabağın erməni sakinlərinin ərazidə qalmağını istəyir: "Azərbaycanın onları təhlükəsiz və daha yaxşı yaşayış şəraiti ilə təmin etmək istiqamətində hərtərəfli planı var. Ancaq istəyəcəkləri təqdirdə ərazini tərk etməkdə də sərbəstdirlər. Azərbaycanın Qarabağdakı erməni sakinləri oranı tərk etməyə məcbur etmək kimi bir planı olmayıb və hazırda da yoxdur. Əksinə, Azərbaycan Qarabağda qaldıqları təqdirdə onların təhlükəsizliyə tam zəmanət verdiyini bildirib. Biz onların qalmağını istərdik. Azərbaycan onlara təhlükəsizliklərinin təmin ediləcəyi ilə bağlı çağırışlara davam edir. Amma biz ermənilərin hərəkət sərbəstliyini də dayandıra bilmərik. Bu, ərazidəki hər kəsin suveren və şəxsi seçimidir”. H.Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın qondarma məsələ ilə bağlı bəyanatını şərh edərkən “etnik təmizləmə” ifadəsi istifadə etməsi ittihamını “təhqir” adlandırıb: “Təəssüf ki, dezinformasiya elementlərinin çox olduğunu görürük. Azərbaycan heç vaxt etnik təmizləmə həyata keçirməyib və keçirməz, ərazidə mülki insanlara qarşı güc tətbiq etmək kimi bir vəziyyət yoxdur”. Prezidentin höməkçisi bildirib ki, Azərbaycan hökuməti avtomobili olmayan erməni sakinlərin kömək istəməsindən sonra Xankəndiyə avtobuslar göndərib: “Lakin insanlar avtobuslara minməyə məcbur edilmirlər. Azərbaycan əlindən gələni edəcək və elə bir yol təşkil edəcək ki, mülki insanlar təhlükəsiz şəkildə seçdikləri istiqamətə gedə bilsinlər”. H.Hacıyev vurğulayıb ki, Azərbaycan bir neçə gün ərzində BMT-nin beynəlxalq ekspert qrupunu mediaya çıxış potensialı ilə birlikdə əraziyə buraxmaq niyyətindədir.
12:53 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda olub. Dövlətimizin başçısı Alıbəyli kəndinin təməlini qoyub. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Alıbəyli kəndi barədə məlumat verdi. Alıbəyli kəndi Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. İşğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən, Alıbəyli kəndi Birinci Alıbəyli, İkinci Alıbəyli, Sarıl və Xumarlı kəndləri ilə birlikdə layihələndirilir. Kəndin mövcud məskunlaşma ərazisi 103,5 hektar sahəni əhatə edir. Layihələndirilən ərazinin sahəsi isə 170,3 hektardır. Bildirildi ki, Alıbəyli kəndində 2568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır. Kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq. Qeyd olundu ki, Alıbəyli kəndində əhali üçün tələbata uyğun ümumilikdə 462 şagird yerlik iki tam orta məktəb binasının tikintisi planlaşdırılır. Birinci mərhələdə 143 şagird yerlik məktəb binası inşa olunacaq. Üçmərtəbəli məktəbin ərazisində həm şagirdlər, həm də əhali üçün qaçış zolağı olan geniş idman meydançasının yaradılması nəzərdə tutulur. Kənddə məskunlaşacaq əhali üçün ümumilikdə 160 yerlik iki uşaq bağçası da inşa olunacaq. Əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdirilib. Sonra Alıbəyli kəndinin inkişaf planı barədə videoçarx nümayiş etdirildi. Prezident İlham Əliyev Alıbəyli kəndinin təməlini qoydu. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib. Dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verilib. Bildirildi ki, ərazisi 2,2 hektar olan Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Digər korpusda isə kiçik həcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur. Məlumat verilib ki, Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilib. Kompleksin tikintisinin qısa müddətdə başa çatdırılması üçün üçnövbəli iş qrafiki tətbiq olunub. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının da fəal iştirakı ilə tikinti işləri yüksək keyfiyyətdə və standartlara uyğun şəkildə aparılıb. Kompleksin ərazisində yaşıllıq zonaları, yerüstü parklanma sahəsi mövcuddur. Mərkəzin binasının dam hissəsində günəş panelləri yerləşdirilib. Gələcəkdə bu mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib. “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi. Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə yeni “yaşıl enerji” potensialının yaradılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2022-ci ilin payız aylarında “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan su elektrik stansiyaları (SES) silsiləsinin tikintisinə başlanılıb. Artıq “Sarıqışlaq”, “Şayıflı” və “Zəngilan” SES-lərdə işlər yekunlaşmaqdadır, “Cahangirbəyli” SES-də isə işlər tamamlanıb. Bildirildi ki, “Cahangirbəyli” SES üçün tikilən maşın zalında 5,25 meqavat gücündə Avropa istehsalı olan yaşıl sertifikatlı frensis tipli iki eko-turbin, generatorlar, məsafədən idarəedilən rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyada il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcək. Prezident İlham Əliyevin cari ilin mayında tikintisinə baxış keçirdiyi bu 4 stansiyadan ibarət 42 meqavatlıq “Zəngilan” Su Elektrik Stansiyalar Silsiləsi işğaldan azad edilən ərazilərdə tamamilə yeni inşa edilən ilk ən böyük enerji istehsalı layihəsidir. Bu layihə rekord müddətdə - cəmi bir ilə ərsəyə gəlib. İndiyədək nə Azərbaycanda, nə də digər yerlərdə bu sayda, bu gücdə və bu müddətdə SES-lərin tikilməsi faktına rast gəlinməyib. Bu dörd stansiyanı su ilə təmin etmək üçün “AzərEnerji” tərəfindən dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Eni 450, uzunluğu 250 metr olan qurğunun su tutumu 400-450 min kubmetrə bərabərdir. Bu qurğunun yaradılması enerji istehsalından əlavə, kənd təsərrüfatı və ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Baş suqəbuledicinin tikilməsi 30 il müddətində çirklənən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə də yardım edəcək. Baş suqəbuledicidən çayın suyunun 35 faizi məcrasında saxlanılmaqla 23 kilometr məsafədə qoşa derivasiya boruları çəkilib. Borudan çıxan su təkrar çaya buraxılır. “Cahangirbəyli” SES-in ətrafında 8 mindən çox ağac əkilib. Dövlətimizin başçısı “Cahangirbəyli” Su Elektrik Stansiyasını işə saldı. Qeyd edək ki, Oxçuçay üzərindəki SES-lərin tikilməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinin təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının, media və qeyri-hökumət təşkilatlarının iştirakı ilə açıq ictimai dinləmələr keçirilib və layihəyə yüksək qiymət verilib. İşğaldan azad edilən ərazilərdə bolsulu çaylar üzərində “AzərEnerji” tərəfindən tikilən və gələcəkdə inşa olunacaq 370 meqavat gücündə SES-lər say və güc baxımından ölkənin digər yerlərində fəaliyyət göstərən azsulu çayların üzərində yerləşən 1060 meqavat gücündə böyük SES-lərdən üç dəfə az olmasına baxmayaraq, daha çox enerji istehsal edəcək. Çünki əsasən Azərbaycan ərazisində formalaşan bolsulu və iti axan dağ çayları üzərində tikilən yeni stansiyalar ölkənin digər yerlərindəki stansiyalardan fərqli olaraq, suyun azalan vaxtı da məhsuldar işləyir. Belə ki, avqust-sentyabr aylarında istehsal həcmi 25-30 faizə düşsə də, aprel-may aylarında 80 faizdən yuxarı olur və ilin bütün fəsillərində orta hesabla 40-42 faiz güclə çalışır. Digər yerlərdə isə bu göstərici 10-12 faizdir. Beləliklə, işğaldan azad edilən ərazilərdə tam yeni tikilən 4 stansiyadan ibarət “Zəngilan” su elektrik stansiyaları silsiləsində il ərzində 130 milyon kilovat-saatdan artıq “yaşıl enerji” istehsal ediləcək. Bu da alternativ enerji mənbələrinə keçiddə çox böyük rol oynamaqla, Prezident İlham Əliyevin regionu “Yaşıl enerji” zonasına çevirməklə bağlı tapşırığının icrasına mühüm töhfədir. Silsilə SES layihəsi regionun enerji və iqtisadi inkişafına töhfə verməklə bərabər, əhalinin məşğulluğu baxımından da əhəmiyyətlidir. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda Zəngilan kəndinin təməlini qoyub. Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, Zəngilan kənd inzibati ərazisinə daxil olan bu kənd şəhər mərkəzindən 3,1 kilometr məsafədə, Oxçu çayın sahilində, Zəngilan-Mincivan yolunun üzərində düzənlik ərazidə yerləşir. Baş plana əsasən, Zəngilan kəndi İçəri Müşlan və Məlikli kəndləri ilə birlikdə layihələndirilib. Kəndin layihələndirilən ümumi ərazi 111,3 hektardır. Zəngilan kəndində 1631 sakin üçün 306 fərdi evin və 102 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin tikilməsi nəzərdə tutulur. Birinci mərhələdə Zəngilan kəndinə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı və qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Bu kənddə də əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdiriləcək. Zəngilan kəndində 294 şagird yerlik tam orta məktəb, 60 və 40 yerlik iki uşaq bağçası da inşa olunacaq. Dövlətimizin başçısı kəndin inkişaf planından bəhs edən videoçarxa baxdı. Prezident İlham Əliyev Zəngilan kəndinin təməlini qoydu. *** Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub, Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub. Sonra dövlət başçısı Zəngilan şəhərində üçüncü, dördüncü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməllərini qoyub.
“Hazırda bölgədəki bütün proseslər Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarının nəzarəti altındadır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib. Müsahibimiz qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən həbs edilməsindən sonra digər separatçı xunta üzvlərinin həbsi ilə bağlı sosial şəbəkələrdə və ictimaiyyətdə yaranan tələb və fikirlərə münasibət bildirib. Xatırladaq ki, Ermənistanın “Hraparak” nəşri bugünkü məqaləsində tanınmamış “DQR” “rəhbərləri”nin hazırda Xankəndidə olduğunu yazmışdı. Məlumata görə, qondarma rejimin sabiq “prezident”ləri Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, habelə “dövlət məmurları” və “hərbçilər” Xankəndidə qalmaqda davam edir. Öz növbəsində, E. Məmmədov söyləyib ki, Azərbaycan polisi artıq Xankəndi və ətraf ərazilərdədir: “Həmçinin DTX öz üzərinə düşən işləri bu sahədə yüksək səviyyədə yerinə yetirir. Buna görə də qətiyyən narahatlıq keçirməyə dəyməz ki, kimsə cəzadan yayınacaq. Ermənilər bir az həlləm-qəlləm millət olduqları üçün ola bilər ki, bir neçə pasportları olsun, yaxud görkəmlərini dəyişib cürbəcür imiclərə girə bilərlər. Bəlkə də başqa sənədlər altında sıravi ermənilərə qoşulub sərhədi keçə bilərlər”. Millət vəkili hesab edir ki, bunlar olmayacaq: “Bunların könüllü təslim olanları da var. Kim lazımdırsa, bu illər ərzində Azərbaycan dövlətinə və xalqına qarşı kim cinayət törədibsə, hamısı həbs olunub cəzasını alacaq. Separatçılarla bağlı bir sıra xarici dövlətlərdə və Ermənistanda narahatlıq keçirənlər var. Ancaq o, cinayət törədibsə, mütləq cəzasını alacaq”. “Mütləq şəkildə başda Araik Arutyunyan olmaqla, onun kimiləri və ondan əvvəl olanların hamısı həbs olunacaq. 1988-ci ildən bu günə qədər kimlər ki, Azərbaycan dövlətinə qarşı qiyam qaldırıb, cinayətlər törədibsə, insanlarımıza qarşı soyqırımı edib onları qətlə yetiribsə, hamısının haqqında hüquq-mühafizə orqanlarında kifayət qədər məlumatlar var. Qısacası, hamısı öz cəzasına çatacaq”, - fikirlərini yekunlaşdırıb.
Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcək. Yenisabah.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey lavrovla telefon danışığı zamanı bildirib. Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyini diqqətə çatdırıb. Azərbaycan ərazilərində qondarma rejimin buraxılması və erməni silahlı qüvvələrinin tərksilahı, habelə Azərbaycan ərazilərindən çıxarılması işinin həyata keçirildiyi, bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin irəliləməsində maraqlı olduğu vurğulanıb.
Qarabağda yaşayan erməni sakinlərin hüquqları təmin ediləcək. Bu barədə Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin də hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək. Prezident qeyd edib ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.