Şənbə günü AXCP-nin qurultayı keçiriləcək

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qurultaya hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə partiya sədri Əli Kərimli sosial şəbəkə hesabında məlumat yayıb. “AXCP-nin Şənbə günü keçirəcəyimiz qurultayında çox ciddi qərarlar verəcəyik. Əvvəla, partiyanın müasir zamanın tələblərinə uyğun yeni proqramını qəbul edəcəyik. İkincisi, qurultay artıq təyin olunmuş növbədənkənar prezident seçkilərini də müzakirə edib, seçkilərdə iştirak edib-etməməklə bağlı qərar verəcək”, – deyə Ə. Kərimli qeyd edib.

Yaxın vaxtlarda sülh sazişinin imzalanması… - Paşinyan

Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında görüşün təşkilinə çalışırıq”

“Avropa İttifaqı Şurası Azərbaycan və Ermənistan liderləri arasında görüş təşkil etmək istiqamətində cəhdləri davam etdirir”. Bunu Şuranın sədri Şarl Mişel Ermənistanın “Azatutyun” portalına müsahibəsində bildirib. O deyib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsini təşkil etmək üçün sülh sazişi lazımdır: “Bu sülh sazişi demarkasiya prosesinə əsaslanmalıdır. Eyni zamanda bizim regionda əməkdaşlığımız üçün bir vasitə kimi istifadə edə biləcəyimiz müsbət əsas ola bilər”. Ş.Mişel qeyd edib ki, bu da Cənubi Qafqaz regionunun digər ölkələri, o cümlədən Gürcüstan iqtisadiyyatının inkişafı üçün yaxşı haldır. “Danışıqların əsas istiqaməti Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasıdır”, - o vurğulayıb.

Ceyhun Bayramov Brüsselə yola düşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Səfər zamanı C.Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Müsavat Partiyası seçki müzakirələrinə başladı

Bu gün Müsavat Partiyasının rayon təşkilatı sədrləri və bir qrup fəalının partiya başqanı Arif Hacılı ilə görüşü keçirilib. Görüşdə fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb. Partiya strukturlarına bu müzakirələrin davam etdirilməsi tapşırılıb. Qeyd edək ki, bir gün əvvəl Müsavatın Divanı növbədənkənar seçki ilə əlaqədar xüsusi bəyanat yayıb. Bəyanatda Azərbaycan hakimiyyətindən siyasi məhbusların dərhal azad olunması və ölkədə demokratik seçki mühitinin yaradılması tələb edilir.

Əgər sülh sazişi imzalanmasa... - Prezident

Prezident İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunması ilə bağlı sualı da cavablandırıb. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı bu barədə danışarkən deyib. “Vaxt qrafiki ilə bağlı mən nikbin fikirdə idim, çünki biz Azərbaycanın özünün hazırladığı sülh sazişinin ilkin layihəsi ilə bağlı şərhləri bir neçə dəfə Ermənistanla mübadilə etmişdik. Bundan sonra isə iki ölkə arasında altı dəfə şərhlər mübadilə edilmişdir və keçən dəfə “Avronyus”a bunun haqqında danışdıqda mən ümid edirdim ki, Ermənistan bizim təkliflərin nəzərdən keçirilməsi vaxtını uzatmayacaq. Biz sentyabrın 11-də onlara sonuncu şərhlərimizi təqdim etmişdik və onlardan cavabı yalnız iki gün əvvəl almışıq. Beləliklə, təqribən iki ay yarımdır ki, onlar bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər. Bu, nə deməkdir? O deməkdir ki, onlar süni olaraq prosesi ləngitmək istəyirlər. İndi noyabrın sonudur və ilin axırına qədər sülh sazişinin imzalanması ilə bağlı ümidlər o qədər də nikbin deyil. Lakin hesab edirəm ki, zaman qrafiki o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir. Məhz Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıdılıb”, - ölkə başçısı vurğulayıb. Bununla belə, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklifi Azərbaycanın verdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Hazırda Qarabağ məsələsi bitdikdən sonra düşünürəm ki, Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə, fikrimcə, Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Bir sözlə, biz qeyd etdiyim kimi, iki gün əvvəl aldığımız ən son təklifləri dəyərləndirəcəyik və öz şərhlərimizi verəcəyik. Bununla yanaşı, biz müxtəlif rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə təmasları saxlayırıq. Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Müsavat Partiyasının bəyanatı

Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması ilə əlaqədar Müsavat Partiyasının bəyanatı: 1993-cü ildən başlayaraq Azərbaycanda keçirilən ümummilli seçkilərin və referendumların heç birində demokratik seçkilərin əsas şərtlərinə əməl edilməyib. Belə ki: ⁃ ölkədə bir qayda olaraq seçkilərin azad və ədalətliliyini təmin edən seçkiqabağı demokratik şərait mövcud olmayıb, ⁃ seçki qanunvericiliyi demokratik standartlara cavab verməyib, seçki komissiyaları iqtidarın nəzarəti altında olub, ⁃ seçki kampaniyası dövründə iddiaçı tərəflərin bərabərhüquqlu təbliğat imkanları təmin edilməyib, ⁃ səsvermə və səslərin sayılması prosesi kobud qanun pozuntuları və kütləvi saxtakarlıqla müşayət olunub. Bütün bunlar azmış kimi, son illərdə siyasi hakimiyyət öz “qələbəsini” asanlaşdırmaq  məqsədilə növbədənkənar seçkilər praktikasından istifadə edir. Ölkə başçısı İlham Əliyev, bunun səbəbləri barədə cəmiyyətə hər hansı izahat vermədən, 2024-cü il fevralın ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb. Hakimiyyət bu qərarla siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin, eləcə də potensial müşahidəçi missiyalarının seçkilərə hazırlaşmaq imkanını minimuma endirib. Seçki kampaniyasının tətillərin çox, günlərin qısa, havanın soyuq dövrünə düşməsi əhalinin seçki prosesində aktivliyinin azalmasına səbəb olacaq ki, bu da seçkini formal bir prosedura çevirmək istəyən hakimiyyətin maraqlarına uyğundur. Seçkilər ərəfəsində ölkədə repressiyaların yeni dalğasına rəvac verilməsi, siyasi fəalların və jurnalistlərin həbsi hakimiyyətin bu dəfə də demokratik seçki keçirmək niyyətinin olmadığını bir daha təsdiq edir. Müsavat Partiyası Azərbaycan hakimiyyətindən seçkilərin keçirilməsi üçün demokratik mühitin yaradılmasını, bütün siyasi məhbusların azad olunmasını, sərbəst toplaşma, söz və ifadə azadlığının, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin olunması tələb edir. Müsavat Partiyası Azərbaycan hakimiyyətindən bu şərtlərə əməl etməyi, seçkilərin bərabərhüquqlu siyasi rəqabət şəraitində keçməsini əngəlləyən bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.  Basta

Prezident Avropa Şurasının baş katibini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Mirzoyan Vaşinqtonda Bayramovla görüşə HƏ dedi

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan ABŞ Dövlət katibi Antoni Blinkenin dəvəti ilə Vaşinqtonda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirməyə hazır olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ararat Mirzoyan bununla bağlı razılığını ABŞ Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə görüşündə ifadə edib. "Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunublar. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələrə və sülh müqaviləsi layihəsinə tərəflərin yanaşmaları müzakirə edilib. Ermənistan tərəfi Vaşinqtonda Azərbaycanın xarici işlər naziri ilə görüşün keçirilməsinə dair ABŞ-ın təklifinə müsbət cavab verib”, - deyə məlumatda qeyd olunur.

Növbədənkənar prezident seçkiləri elan edildi

Prezident İlham Əliyev Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sozcu.az sərəncamın mətnini təqdim edir: 1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin. 2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Azərbaycana qəti şəkildə qarantiya lazımdır - Əliyev

Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib. Dövlətimizin başçısı qeyd edib: “İstərdik ki, iki ölkə arasında, ümumiyyətlə, müharibə olmasın, bununla bağlı qarantiya olsun”.

ABŞ Dövlət katibinin köməkçisi O’Braynın Bakıda nəyi müzakirə edəcəyi məlum olub

Azərbaycana və Rumıniyaya səfər etməkdən çox şadam. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn “X” platformasında bildirib. O, Azərbaycana səfəri çərçivəsində Cənubi Qafqazda sülhün irəliləməsi ilə bağlı rəsmi şəxslərlə görüşəcəyini vurğulayıb. Ceyms O’Brayn Rumıniyada isə taxıl ixracı ilə bağlı yüksək vəzifəli şəxslərlə müzakirələr aparacağını qeyd edib. Qeyd edək ki, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms K. O’Brayn dekabrın 6-8-də Bakı və Rumıniyanın Buxarest və Tulça şəhərlərinə səfər edəcək.