Bu ölkə Ermənistanı müharibəyə hazırlayır - Prezident

Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirib. Dövlət başçısı deyib ki, bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun, burada da Fransa yenə ön plandadır. “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”, - deyə Prezident vurğulayıb.

Mirzoyan sərhəddəki Aİ missiyasından DANIŞDI

Ermənistanın XİN başçısı Ararat Mirzoyan Aİ-nin mülki monitorinq missiyasını Azərbaycanla sərhəddə təhlükəsizlik və sabitliyin mühüm amili adlandırıb. Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, İrəvanda olan yunanıstanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bu barədə danışıb. "Bununla belə, Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək üçün çox uzun yol var. Tərəflər hazırda bir sıra konkret proqramları və tədbirləri müzakirə edirlər", - o bildirib.

Roma Papasından Bakı və İrəvana çağırış

Roma Papası Fransisk Azərbaycan və Ermənistanı sülhə çağırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə Vatikanda akkreditə olunmuş diplomatlara müraciət edərkən bildirib. Roma Papası Azərbaycan və Ermənistanı sülhə nail olmağa səsləyib. O, həmçinin Cənubi Qafqazdakı durumdan narahatlığını bildirib. Fransisk dini abidələrə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb.

Tofiq Yaqublu məhkəmə qarşısına ÇIXARILIR

Milli Şura üzvü Tofiq Yaqublu sabah məhkəmə qarşısına çıxarılacaq. Sozcu.az-ın məlumatına görə, bu barədə vəkil Aqil Layic bildirib. Tofiq Yaqublunun ev dustaqlığı məsələsinə sabah - 9 yanvar 2024-cü il tarixində saat 14:30-da Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın icraatında baxılacaq”, - vəkil deyib.

Prezidentin köməkçisi: “Regionda kommunikasiyanın açılmasına hələ də mane olan məhz Ermənistandır”

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət vermək barədə öhdəlik götürüb. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycan Naxçıvanla lazımi əlaqənin yaradılmasında maraqlıdır, ancaq Ermənistan öhdəlik götürməsinə baxmayaraq, artıq üç ildir ki, bu prosesə mane olur. “Ona görə də Azərbaycan artıq İranla onun ərazisindən keçən alternativ marşrut barədə razılığa gəlib. Biz Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməyə hazır olmasını və kommunikasiya marşrutlarımızı şaxələndirmək üçün hər fürsətdən istifadə etməsini gözləmək niyyətində deyilik”, - o deyib. H.Hacıyev vurğulayıb ki, Azərbaycan malların gömrük və sərhəd nəzarətindən yalnız Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına daşındığı zaman azad edilməsini gözləyir. O qeyd edib ki, mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, tətbiq olunan gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq. “Önəmli olan Ermənistanın həqiqətən də bu layihədə maraqlı olub-olmamasıdır. Xoşniyyətli istək olduqdan sonra texniki məsələlər yaradıcı təfəkkür vasitəsilə tapıla bilər. Velosiped icad etməyə ehtiyac yoxdur. Ermənistandan keçən marşrut İrəvanın öhdəliyidir və onlar buna əməl etməlidirlər. Başqa sözlə, “Pacta sunt servanda” (Razılaşmalar yerinə yetirilməlidir)”, - H.Hacıyev deyib. Prezidentin köməkçisi deyib ki, beynəlxalq təcrübə, humanitar prinsiplər də Ermənistandan Naxçıvanı Azərbaycanın əsas hissəsindən blokadaya almağı dayandırmağı tələb edir. “Hələlik biz Ermənistandan heç bir səy görmürük. Əksinə, Ermənistan “Sülhün kəsişməsi” layihəsinin təşəbbüskarı olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyindən boyun qaçırmağa və yalandan özünü regional blokadanın açılmasını fəal şəkildə dəstəkləyən tərəf kimi təqdim etməyə çalışır. Ancaq reallıqda isə regionda kommunikasiyanın açılmasına hələ də mane olan məhz Ermənistandır”.

Sülh sazişi masada: Tərəflər anlaşıb! - “The Guardian”dan şok iddia

Nüfuzlu “The Guardian” nəşrində Azərbaycanla bağlı məqalə dərc olunub.  Sozcu.az xəbər verir ki, məqalənin müəllifi Patrik Vinturun, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə Sankt-Peterburqda görüşdüklərini xatırladıb. Qeyd edilib ki, Azərbaycanın rəsmi şəxsləri ölkənin çoxillik münaqişəyə son qoymaq üçün Ermənistanla sülh sazişinin imzalanmasına yaxın olduğunu bəyan ediblər. O, Azərbaycanın antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsi üzərində nəzarəti tam bərpa etdiyini bildirib. Vurğulanıb ki, iki ölkə münasibətləri normallaşdırmaq və sərhədləri qarşılıqlı tanımaqla sülh sazişinin imzalanması barədə danışıqları sürətləndirib. Oxucuların diqqətinə çatdırılıb ki, bu yaxınlarda hər iki tərəf xoş məram nümayiş etdirərək saxlanılan şəxsləri dəyişdirib. Eyni zamanda, tərəflər vasitəçi olmadan birgə bəyanatla çıxış ediblər. Məqalədə bildirilib ki, dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburqda Paşinyanla görüşüb. Tərəflər artıq sülh sazişi üzrə potensial və nisbətən qısahəcmli bir neçə layihəni mübadilə ediblər. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib ki, ölkə hazırda sonuncu sülh sazişi layihəsində göstərdiyi təkliflərə Ermənistanın cavabını gözləyir. “Anlamaq vacibdir ki, danışıqların belə bir həlledici mərhələsində biz göründüyü kimi, yekun sazişin imzalanmasından elə də uzaq deyilik, bu halda bizə nəticəyə gətirib çıxaracaq səylər gərəkdir. Mən bilirəm ki, üç onillik ərzində davam edən və heç bir ciddi nəticələr verməyən danışıqlardan sonra tərəflərin hər birində müəyyən yorğunluq, üstəlik, hər hansı həqiqi nəticələr olmadan tərəflərin bir-biri ilə görüşlərinin hələ nə qədər davam edəcəyi ilə bağlı yaranmış məyusluq var”, - deyə o qeyd edib. Müəllif qeyd edir ki, E.Əmirbəyovun sözlərinə görə, sülh sazişi layihəsinin beş prinsipi aşağıdakı maddələri ehtiva edir: bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, indi və gələcəkdə bir-birilərinə qarşı hər hansı ərazi iddialarını və ziddiyyət təşkil edən hər hansı aktları, gücdən istifadə və ya güc tətbiq etmək hədəsi kimi BMT nizamnaməsinə zidd olan hər hansı hərəkətləri rədd etmək, eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası, iki ölkə arasında kommunikasiyaların və əlaqələrin qurulması. Sərhədlərin demarkasiyası məsələsi çətin olduğundan daha sonrakı mərhələdə də həll edilə bilər. Azərbaycan, həmçinin bu sazişin müəyyən mənada mübahisələrin həlli mexanizmini də nəzərdə tutmasını istəyir. “Biz, həmçinin yarana biləcək bütün mümkün anlaşılmazlıqları və fərqlilikləri yoluna qoya biləcək ikitərəfli komissiyanın yaradılmasını ehtiva edən maddənin sülh sazişində öz əksini tapacağı müqaviləyə nail olmağa üstünlük veririk”, - deyə nəşr E.Əmirbəyovun sözlərindən sitat gətirir. Müəllif, eyni zamanda, Naxçıvan məsələsinə də toxunur, 2020-ci ilin noyabrında imzalanmış Bəyanatda Paşinyanın Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyalarının açılmasına razılıq verdiyini bildirib. “Biz bundan artıq vaxt itirə bilmərik. Üç il ərzində Ermənistan hətta 42 kilometrlik yolun texniki-iqtisadi əsaslandırılmasına başlamayıb. Əlbəttə, biz Ermənistanı üzərinə öhdəlik kimi götürdüyü işi görməyə vadar edə bilmərik, üstəlik, bu layihəni zorla da olsa həyata keçirmək üçün həmin ölkənin ərazisinə müdaxilə edəcəyimizi güman etmək də çox mənasızdır. Buna görə də, biz İrandan keçməklə avtomobil və dəmir yolu xəttinin inşası üçün Tehrana müraciət etdik”, – deyə xüsusi tapşırıqlar üzrə nümayəndə qeyd edib.

Demarkasiya və delimitasiya sülhə daxil edilməyəcək - Şəfiyev

Azərbaycanın hədəfi Ermənistanla sülh sazişidir və ona çox yaxınıq. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, hələlik sülh sazişinin imzalanacağı dəqiq tarixi demək çətindir: "Ən əsas odur ki, mənfi münasibət sıfıra endirilib. Demarkasiya, delimitasiya uzun prosesdir və bu, sənədə daxil edilməyəcək, çünki bu proses uzun çəkir. Rusiya ilə 25 il çəkib. Gürcüstanla sərhədin bir hissəsi heç müəyyən olunmayıb".

Ermənistan XİN: “Sülh üçün fürsət yaranıb”

“İrəvanla Bakı arasında sülhün bağlanması üçün fürsət yaranıb”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İrəvan prosesin uğuruna inanır. Ermənistan rəsmisinin sözlərinə görə, İrəvan Azərbaycanın sülh müqaviləsi üzrə son təkliflər paketi ilə bağlı yanaşmalarını öyrənəcək və lazımi qaydada təqdim edəcək.

İlham Əliyev və Paşinyan nələri müzakirə etdi...

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının qeyri-rəsmi sammitində bir araya gəlib. Sozcu.az xəbər verir ki, Ermənistan hökuməti tərəflər arasında təmasların olduğunu açıqlayıb. Liderlər ayaqüstü söhbət zamanı sülh gündəmindəki məsələləri müzakirə ediblər. Qeyd edək ki, görüş qeyri-rəsmi formatda baş tutub.

Prezident gələn ilin büdcəsini TƏSDİQLƏDİ

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib. Sozcu.az xəbər verir ki, qərar prezidentin rəsmi saytında dərc olunub. Azərbaycanın 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 397 645,0 min manat, yerli gəlirləri 775 355,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 978 197,0 min manat, yerli xərcləri 784 803,0 min manat) məbləğində təsdiq edilib.

Ərəstun Oruclu da prezidentliyə namizəd oldu

Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq Ərəstun Oruclu 7 fevral 2024-cü il növbədənkənar Prezident seçkilərində iştirak edəcək. Sozcu.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında məlumat paylaşıb. “Müraciət, təklif və tələbləri nəzərə alaraq seçkilərə qatılmaq haqqında qərar verdim”,- politoloq qeyd edib.

Samvel "dqr"i “bərpa etdi”: İrəvanda mübarizə başlayır

Qarabağdan Ermənistana qaçan Samvel Şahramanyan Xankəndidə separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina edib və bildirib ki, “Dağlıq Qarabağın (qondarma) dövlət qurumlarının buraxılmasını nəzərdə tutan heç bir hüquqi sənəd yoxdur”. O, hətta qondarma “qurumlara” vaxtarışı olaraq “hökumətə” məlumat verməyi tapşırıb. Onun “müşaviri” kimi təqdim edilən Vladimir Qriqoryan isə bildirib ki, Şahramanyan İrəvana qayıtdıqdan sonra – oktyabrın 19-da separatçı rejimin fəaliyyətinin davam etdirilməsi ilə bağlı “fərman” imzalayıb və əsas sənəd bu qərardır. Beləliklə, separatçılar mövcudluqlarını davam etdirməkdə israrlı görünür. Xankəndidə verilən qərarla separatçı rejimin özünü buraxması 1 yanvar 2024-cü ilə qədər başa çatmalı idi, lakin separatçıların qaçması və erməni əhalisinin Qarabağı tərk etməsindən sonra bu qərarın heç bir əhəmiyyəti qalmadı və bundan sonra separatçıların İrəvanda “özünübərpası” da praktiki olaraq Azərbaycana təhlükə yaratmır. Şahramanyanın qərardan imtina etməsi isə Ermənistan daxilində qondarma “artsax” ideyası ətrafında baş verən qarşıdurmadan qaynaqlanır və bunun əsas zərbəsi də Ermənistan hakimiyyətinə dəyəcək: - daxili siyasətdə Paşinyana qarşı Qarabağ məsələsi üzərindən müxalif mövqe separatçıların, dolayısı ilə onların bağlı olduğu Qarabağ klanının inhisarında qalacaq və bu, kənar oyunçular, xüsusilə Rusiya üçün rıçaqlardan biridir; - separatçılar Qarabağla bağlı iddialarını davam etdirdiyi müddətdə sülh danışıqları, ümumiyyətlə, Azərbaycanla münasibətlərin normallaşması çətin görünür. Bu baxımdan, Şahramanyanın timsalında separatçıları susdurmaq Paşinyanın “ev tapşırığı” olmalıdır, əks təqdirdə Ermənistanın kommunikasiyaları açaraq, özünə yeni gələcək qurmaq planları kağız üzərində qalır.axar) Asif Nərimanlı