İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirilir

Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin peşəkar heyətini qəbul edib. Bu barədə Sozcu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə cari regional vəziyyət, 8 Avqust Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmaların əhəmiyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh sazişi ilə bağlı görülən tədbirlər, yekunlaşmaqda olan ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası layihəsi, eləcə də ikitərəfli gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Görüş zamanı həmçinin Azərbaycanla bağlı Konqresdə qaldırılmış təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb və Azadlığa Dəstək Aktına 907-ci Düzəlişin Azərbaycana münasibətdə ləğv edilməsinin əhəmiyyəti vurğulanıb.

Mirzoyan sülh müqaviləsindən danışdı: yaxın aylarda...

“Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında yaxın aylarda sülh müqaviləsi imzalanacaq”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 28 yanvarda Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı zamanı bildirib. "Sülhün komponentlərinə kommunikasiyaların açılması və tranzitdə qarşılıqlı yardımın göstərilməsi daxildir", - deyə Mirzoyan bildirib. O əlavə edib ki, TRIPP (Zəngəzur dəhlizi) Cənubi Qafqaz regionunda "sülh və əməkdaşlıq üçün semantik amilə" çevriləcək.

Ukrayna münaqişəsi ilə bağlı mühüm danışıqlar başa çatıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Rusiya-ABŞ-Ukrayna danışıqları başa çatıb. Sozcu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya nümayəndələri qaldıqları otelə qayıdıblar. Mətbuata heç bir rəsmi şərh verilməyib. Xatırladaq ki, dünən başlayaraq Əbu-Dabidə Ukrayna münaqişəsini sonlandırmaq üçün Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri danışıqlar aparır.

Ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Avronyus” (Euronews) televiziyasına müsahibəsində bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir: “Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır”.

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, nazirlər regional məsələləri müzakirə ediblər. Ümumilikdə ikitərəfli gündəlik və regional məsələlər müzakirə olunub.

NATO Baş katibinin müavini Azərbaycana gəlir

NATO Baş katibinin müavini Radmila Şekerinska yanvarın 21-də Azərbaycana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi səhifəsində məlumat verilib. Bildirilib ki, Baş katibin müavini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşəcək. Bundan əlavə, Radmila Şekerinska beyin mərkəzlərinin nümayəndələri, eləcə də NATO-ya üzv ölkələrin Azərbaycandakı səfirləri ilə də görüşlər keçirəcək.

Prezident Əfqan Cəlilovu yüksək vəzifəyə təyin etdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinə yeni sədr təyin edilib.  Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinə sədr təyin olunub. 

Avropa İttifaqının nümayəndəsi Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıldı

Yanvarın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının cari vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub. Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və sair istiqamətlər üzrə əməkdaşlıq məsələləri, əməkdaşlıq platformaları və alətləri üzrə əldə edilmiş razılıqlar, habelə növbəti addımlar nəzərdən keçirilib. Ceyhun Bayramov öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə məlumat verib, ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paşinyan: Ermənistan Aİ üzvü olmalıdır

Ermənistan hökuməti açıq şəkildə Ermənistanın Avropa İttifaqının tamhüquqlu üzvü olmasını istəyir və Aİ standartlarına cavab verən bir ölkə olmaq yolundadır. Sozcu.az xəbər verir ki, bunu Nikol Paşinyan "Ermənistan və Dünya Risklər və Fürsətlərin Kəsişməsində" təhlükəsizlik forumunda vurğulayıb. Baş nazir ötən il Ermənistanın Aİ-yə daxil olması ilə bağlı qanunun qəbul edilməsini çox əlamətdar hadisə adlandırıb. O, Ermənistan hökumətinin mövqeyini vurğulayıb. "Aİ-nin tamhüquqlu üzvü olmaq istəyirikmi? Bəli, mütləq və qeyd-şərtsiz. Bunu necə təsəvvür edirik? Heç bir ölkə geosiyasi və ya digər məqsədəuyğunluq səbəblərindən Aİ-yə qəbul edilmir. Bunun baş verməsi üçün çox vacib və zəruri şərt var: ölkə obyektiv olaraq Aİ standartlarına, ən azı 97, 98, 99 faiz cavab verməlidir. Strategiyamız belədir: Ermənistanı Aİ standartlarına cavab verən bir ölkəyə çevirmək yolunu çox qətiyyətlə və aydın şəkildə izləməliyik" Paşinyan əlavə edib ki, bu baş verdikdə siyasi qərar üçün vaxt gələcək. Baş nazirin sözlərinə görə, Aİ genişlənməyi dayandırmaq qərarına gələ bilər, amma bunun əksi də baş verə bilər. Baş nazir bildirib ki, "Standartlara cavab verəndə iki seçimimiz olacaq: ya Aİ-yə qəbul olunacağıq, ya da olmayacağıq". Paşinyanın sözlərinə görə, Ermənistan hər iki ssenaridə faydalanır: bir halda o, Aİ-nin tamhüquqlu üzvü olacaq, digər halda isə üzv olmayacaq, Avropa standartlarına cavab verən müasir dövlətə çevriləcək. “Növbəti nüans ondan ibarətdir ki, biz eyni zamanda Aİ və Aİİ-nin (Avrasiya İqtisadi İttifaqı) üzvü ola bilməyəcəyimizi başa düşürük. Lakin indi fərqli bir reallıq ortaya çıxır: Aİİ-yə üzvlük də daxil olmaqla, hər iki yol üçün hələ də yer var. Və bu gün biz bu məkandayıq. Biz açıq şəkildə bildiririk ki, bu yolu gedirik. Biz Aİİ-in üzvüyük, bu o deməkdir ki, bu məsələdə heç bir uyğunsuzluq yoxdur. Buna görə də, uyğunluq mümkün olduğu müddətcə, Aİİ-in üzvü olaraq qalacağıq. Uyğunluq mümkün olmadıqda, Ermənistan vətəndaşları ilə birlikdə, Ermənistan Respublikası xalqının iradəsinin sərbəst ifadəsinə əsaslanaraq qərar verəcəyik”, - deyə Baş nazir vurğulayıb.

Əminəm ki, bundan sonra müharibə olmayacaq - Prezident

Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə deyib. “Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir”, - deyə dövlətimizin başçısı əlavə edib.

İrana qarşı hər şey edəcəyik - Almaniya hədələdi

İranda rejim açıq-aydın bütün legitimliyini itirib və artıq İran xalqının dəstəyi yoxdur. Sozcu.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful deyib. “Sanksiyalar da daxil olmaqla, bu rejimə qarşı əlimizdə olan bütün tədbirləri tətbiq edəcəyik”, - o bildirib.