İlham Əliyev onu Naxçıvana başçı təyin etdi

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Ərdoğan Bakıya gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında - COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gələcək. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin noyabr ayında nəzərdə tutulan səfərlərinin proqramında bildirilir. Məlumata əsasən, Türkiyə Prezidenti 11-12 noyabr tarixlərində COP29-da iştirak etmək üçün Bakıda olacaq. Qeyd edilir ki, konfransda Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən “Sıfır Tullantı Layihəsi” çərçivəsində bəzi tədbirlərin təşkili də nəzərdə tutulur. Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Prezident yeni başçı təyin etdi

Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Türkiyə XİN: Avrointeqrasiyada irəliləyiş Aİ-nin iradəsindən asılı olacaq

Türkiyənin Avropaya inteqrasiya prosesində irəliləyiş Avropa İttifaqının (Aİ) siyasi iradəsindən və ona strateji yanaşmasından asılı olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Aİ-yə üzv olmağa namizəd ölkələrin genişlənməsi və irəliləyişinə dair oktyabrın 30-da dərc etdiyi illik hesabatına Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi şərhdə deyilir. “Mövcud regional və qlobal çağırışlar fonunda aydındır ki, Türkiyə-Aİ münasibətlərinə yeni baxış lazımdır. Biz Aİ-nin Türkiyə ilə əməkdaşlıq məsələsində son vaxtlar göstərdiyi səyləri alqışlayırıq. Bununla belə, münasibətlərin canlandırılması siyasi iradə və Aİ-nin strateji baxışına əsaslanan konkret addımlar tələb edir”, - şərhdə vurğulanıb. Qeyd olunub ki, Türkiyə Aİ ilə konstruktiv əməkdaşlığa ümid edir. Xatırladaq ki, Ankara 2005-ci ildə Aİ-yə tamhüquqlu üzv kimi daxil olmaq üçün rəsmi müraciət edib. Danışıqlar prosesində maneələrdən biri də Kipr problemidir.

Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Hikmət Hacıyevdən Bərdə terrorunun ildönümü ilə bağlı paylaşım

"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kassetli sursatlarla dolu "Smerç" raketləri ilə bombalanmasından 4 il ötür. Nəticədə 30-a yaxın günahsız dinc sakin həlak olub, daha 100 nəfər ağır yaralanıb". Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədəki paylaşımında yazıb. "Beynəlxalq Cinayət Məhkəməsinin tərəfi kimi Ermənistan Respublikası Azərbaycanın günahsız mülki əhalisinə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları məsuliyyətə cəlb etmək öhdəliyi və hüquqi məsuliyyəti daşıyır", - Prezidentin köməkçisi qeyd edib.

Müsavat rəhbərliyi Gürcüstanda seçkiləri müşahidə edir

Müsavat Partiyasının başqanı İsa Qəmbər, Məclisin sədri Arif Hacılı, başqanın müavinləri Gülağa Aslanlı və Razim Əmiraslanlı Gürcüstanda səfərdədirlər. Bu haqda Arif Hacılı özünün feysbuk səhifəsində paylaşım edib. “İsa bəy, Gülağa bəy və Razim bəylə birlikdə beynəlxalq qurumların dəvəti ilə beynəlxalq müşahidəçi kimi burada, Tbilisidəyik. Bu gün Tbilisi, Rustavi şəhərlərində, Marneuli rayonu ərazisində bir çox seçki məntəqələrində olduq. Yeni texnolgiyaların tədbiq edildiyi seçki prosesini izlədik. Siyasi qüvvələr arasında çox ciddi rəqabət şəraitində keçən parlament seçkiləri tezliklə başa şatacaq. Ümid edirik ki, seçkilərin nəticələri xalqın azad iradəsini ifadə edəcək və Gürcüstanın gələcək inkişafında mühüm rol oynayacaq” – deyə, Arif Hacılı qeyd edib.

Blinke və Fidan Cənubi Qafqazdan danışdılar

ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller məlumat yayıb. Məlumatda qeyd olunur: “Onlar Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə edilməsinin vacibliyini müzakirə ediblər və bu, regionda hər kəsə fayda verən əlaqələri gücləndirib”.

Əliyevlə Paşinyan sülh sazişini müzakirə etdi - Foto

Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRİKS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Sozcu.az xəbər verir ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Tramp Azərbaycana qarşı - Qarabağı "artsax" adlandırdı - Foto

Keçmiş ABŞ prezidenti, respublikaçıların prezidentliyə namizədi Donald Tramp Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edib. Sozcu.az xəbər verir ki, Tramp "X" hesabından etdiyi paylaşımda Demokrat rəqibi Kamala Harrisi tənqid edib və bu zaman Qarabağı "artsax" adlandırıb. Tramp həmin paylaşımında yazıb:"Kamala Harris 120 min erməni xristianın dəhşətli təqiblərə məruz qaldığı və "artsax"dan zorla köçürüldüyü zaman heç bir şey etmədi. Kamala Harris ABŞ-nin prezidenti olarsa, dünyadakı xristianlar təhlükədə olacaqlar. Mən prezident olsam, təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığı və etnik təmizləməni dayandıracağam. Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyəm"

Erməni parlamentindən delimitasiya ilə bağlı qərar

Ermənistan parlamenti bu gün keçirilən iclasda Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında müddəanı ratifikasiya edib. Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Onun sözlərinə görə, 67 deputat layihənin lehinə səs verib. Səsvermədə yalnız Mülki Müqavilə Partiyasının deputatları iştirak edib. “Ermənistan” və “Şərəfim var” müxalif fraksiyaların deputatları səsverməyə qatılmayıb.

Quterreş Bakıya gəlməyə HAZIRLAŞIR

BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak üçün Azərbaycan hökümətinin dəvətini qəbul edib və o, Azərbaycana səfərə hazırlaşır. Sozcu.az xəbər verir ki, bunu BMT sözçünün müavini Florensiya Soto Nino “Report”a açıqlamasında deyib. BMT sözçüsünün müavini əlavə edib ki, dünya təşkilatının Baş katibi Azərbaycanın sədirliyi ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 çərçivəsində Bakıya səfər edəcək və tədbirin açılışında iştirak edəcək: “Baş katib COP29 çərçivəsində ən yüksək səviyyəli tədbirlər və müzakirələrə qatıldıqdan sonra digər səfərə yollanmağı nəzərdə tutulub. Quterreş COP29-un bağlanış mərasimində iştirak etmək üçün yenidən Bakıya dönəcək”, – sözçü müavini bildirib.