Prezidentin yüksək vəzifə verdiyi 37 yaşlı şəxs kimdir?

Xəbər verdiyimiz kimi, dövlət başçısının müvafiq sərəncamı ilə Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib. Sozcu.az xəbər verir ki, Ş.Babayev 1988-ci ildə anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb. Bundan başqa, Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür. Bildirilib ki, Ş.Babayev əmək fəaliyyətinə 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında başlayıb. 2012-ci ildən Azərkosmosda çalışan Şahin Babayev 2021-ci ilə qədər Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib. Ş.Babayev bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olub.

ABŞ səfirliyi Xocalı soyqırımı qurbanlarını yad etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarını yad edib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin X hesabındakı paylaşımda qeyd olunub. “Bu gün biz Azərbaycan xalqı ilə birgə 1992-ci ildə Xocalıda şəhid olanların xatirəsini ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib.

Prezidentlə baş nazirin geniş tərkibdə görüşü başladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentdən mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı FƏRMAN

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsi hazırlanacaq. Sozcu.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azər Qasımov vəzifəsindən azad edildi

Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad olunub. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Azərbaycanla Ermənistan razılığa GƏLDİ

Fevralın 14-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya çərçivəsində videokonfrans formatında işçi görüş keçirilib. Sozcu.az xəbər verir ki, görüşdə tərəflər delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələrini müzakirə edib, həmçinin komissiyaların növbəti əyani görüşünün təşkili ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar. Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Azərbaycan Ermənistanı məhkəməyə VERDİ

Azərbaycan Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. Bu barədə XİN-dən Sozcu.az-a məlumat verilib. Bildirilib ki. 12 fevral 2025-ci il tarixində Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya ("Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib: "İddia sənədində Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb. Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın ətraf mühiti məhv etməsinə və dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti və növlərini qoruya bilmədiyinə dair dəhşətli sübutlar aşkar edib. Ermənistanın hərəkətlərinin bölgədəki canlı təbiətə və növlərinə dönməz şəkildə ciddi ziyan vurduğu müəyyənləşdirilib. Qeyd edək ki, 18 yanvar 2023-cü il tarixində Azərbaycan sözügedən dəlillərə əsaslanaraq arbitraj prosesinin başlanması üçün Ermənistana arbitraj bildirişi göndərib. 15 sentyabr 2023-cü il tarixində arbitraj məhkəməsinin tərkibi təsdiqlənərək, 12 aprel 2024-cü ildə Haaqadakı Sülh Sarayında Azərbaycan ilə Ermənistan arasında ilk prosedur iclası keçirilib". Qeyd edilib ki, Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiası Bern Konvensiyası əsasında indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesidir: "Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaşı 2000-dən çox olan qədim ağacların olduğu Azərbaycanda minlərlə hektar xüsusi mühafizə olunan və qiymətli meşənin zərər gördüyünü bildirib. Bu qoruqlardan bəziləri Bəsitçay vadisindəki şərq çinarı meşəsi kimi nadir və kövrək ekosistemləri qorumaq üçün yaradılmışdı. UNEP hesabatında Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını əlavə edərək, əvvəllər işğal olunmuş ərazilərdə mədənçiliyin "suyun, torpağın və biomüxtəlifliyin kimyəvi çirklənməsinə" səbəb olduğunu sənədləşdirib. İşğal zamanı Ermənistan tərəfindən törədilən hərəkətlər hələ də bir neçə qorunan balıq və amfibiya növünü təhdid edir. Azərbaycan ədalətin təmini istiqamətində fəaliyyətini davam etdirəcək və Ermənistanın qanunsuz işğalı zamanı ətraf mühitin, heyvan növlərinin və yaşayış yerlərinin məhv edilməsi və qorunmaması ilə bağlı bu ölkəni beynəlxalq məsuliyyətə cəlb edəcək".

Paşinyan: Aİ ilə bağlı qanun AİB və Rusiya ilə münasibətlərdə riski artırmır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentinin “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləməsinin Avrasiya İqtisadi Birliyi (AİB) və Rusiya ilə münasibətlərdə riskləri artırmadığını hesab edir. Sozcu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə parlamentdə çıxışında bildirib. “Hamımız bilirik ki, çoxlu risklərimiz var. Amma bu qərar bu risklərin heç birini daha da riskli etmir, əksinə, bu, bir çox riskləri idarəolunan edir”, - deyə o, deputatın sualını cavablandırıb və qəbul edilən qanunu hökumətinin balanslaşdırılmış siyasətinin sübutu adlandırıb.

Azərbaycan Rusiyaya nota göndərdi

Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Sozcu.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Rusiya Federasiyasının “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib. “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – Rus Evinin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib. Bununla, Azərbaycan tərəfinin ölkəmizdə Rus Evinin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir.

Prezident naziri vəzifədən azad etdi

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Digər sərəncamla Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.

Paşinyan "artsax" bayraqlarını dirəyindən kəsdirir

Ermənistanın Eçmiədzin şəhərinin Komitas meydanından Qarabağda ləğv edilmiş separatçı "artsax" rejiminin "bayrağı" götürülüb. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Qeyd olunub ki, hadisə gecə saatlarında baş verib. Metal bayraq dirəyi kəsilib, "bayrağ"ın özü isə götürülüb. Şəhər sakinləri bunun ilk olmadığını, daha əvvəl də sözügedən əski parçalarının yığışdırıldığını bildiriblər. Şəhər meriyası bu barədə göstərişin verildiyini təsdiqləyib: "Bəli, biz bunu etdik. Əmri kimin verdiyini soruşmağa gəlincə, bunu özünüz təxmin etməlisiniz. Əmr yuxarıdan verilib". Eçmiədzin sakini Armen Aleksanyan bildirib ki, Paşinyan rejimi hesab edir ki, "artsax bayrağı" Ermənistanda olmamalıdır.

İrəvandan sülh açıqlaması: Çox yaxınıq…

2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Sozcu.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib. “İl ərzində sülh müqaviləsinin imzalanmasını mümkün hesab edirik, buna görə də səylərimizi davam etdiririk. Son zamanlar həm baş nazir, həm də xarici işlər naziri bu proseslərə toxunub. Burada bircə onu təsdiq edə bilərəm ki, həqiqətən də sülh sazişinin yekunlaşdırılmasına çox yaxınıq”, - nazir müavini bildirib. Həmçinin Ovannisyan qeyd edib ki, delimitasiya prosesinin irəli aparılması üçün də müsbət dinamika var: “Kommunikasiyaların (nəqliyyat yollarının) açılması ilə bağlı yanaşmalarımız da konstruktivdir, bunlar sabit sülhə nail olmaq məqsədi daşıyır”.