İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Amerika Birləşmiş Ştatlarının Mormon Kilsəsinin rəhbər heyəti, “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednarı, Mormon Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerardı, Stirlinq Fondunun prezidenti Mayls Hanseni və Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rounu qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə toxunularaq, bu tədbirin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Forumda müxtəlif ölkələrdən çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə dünyada göstərilən marağın nümunəsi kimi dəyərləndirildi. Söhbət zamanı Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfə barədə danışıldı, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin vahid bir ailə kimi dinc və sülh şəraitində yaşadıqları məmnunluqla vurğulandı.

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

Ermənistanda parlament çoxluğu müxalifət “Hayastan” fraksiyasının Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi ilə bağlı bəyanat layihəsini rədd edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, hakim partiya buna səbəb kimi “Ermənistanın 1 millimetr ərazisinin heç kimə verilməməsi” faktını müzakirə etməyəcəyini göstərib: “İndiki proses Ermənistan və Azərbaycan sərhədinin bərpası prosesidir, orada sərhəd dirəkləri quraşdırıla bilər. Müxalifətin 1993-cü ilin sentyabrında MDB-yə üzv olduğu dövrdə Azərbaycan sərhədini əsas götürmək təklifi Ermənistanın dövlət sərhədindən imtina edilməsinə və hərbi əməliyyatların məntiqinə qayıtmağa çağırışdır”.

İsa Qəmbər başqanlığa namizədliyini irəli sürdü

Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, İsa Qəmbər bu haqda qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb. Bundan əvvəl Natiq Ulubəy və Osman Kazımov başqanlığa öz namizədliklərini irəli sürüblər. 1957-ci il fevralın 24-də doğulan İsa Qəmbər Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1979-cu ildən elmi fəaliyyət göstərib. Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra bir müddət həbsdə yatıb. İsa Qəmbər Müsavat Partiyasının bərpasının rəhbərlərindəndir. 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə partiya başqanı seçilib. 2014-cü ildə başqan postundan gedən İsa Qəmbər partiya Məclisinin üzvüdür.(basta)

Azərbaycanda iki yeni nazir müavini TƏYİN EDİLDİ - DOSYE

Elmin Məmmədov və Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. Elmin Fikrət oğlu Məmmədov 1987-ci ildə anadan olub. O, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr təhsili alıb. Elmin Məmmədov 2011-2013-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində, 2013-2015-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsində, 2015-2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. Şahin Tofiq oğlu Babayev 1988-ci ildə anadan olub. O, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb. Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür. Əmək fəaliyyətinə 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında başlayıb. 2012-ci ildən Azərkosmosda çalışan Şahin Babayev 2021-ci ilə qədər Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib. Şahin Babayev bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Sülh danışıqları: XİN rəhbərləri Almatıda görüşəcək

Sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcək. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə baş tutan telefon danışığı zamanı bildirib.

ABŞ səfirliyi Şuşada mina partlaması ilə bağlı paylaşım etdi

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün Şuşada baş verən mina partlayışı barədə məlumat yayıb. Sozcu.az xəbər verir ki, bununla bağlı səfirliyin "X" hesabında paylaşım edilib. "Bu gün mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması xəbəri bizi kədərləndirdi. Birləşmiş Ştatlar ölkəni minalardan təmizləmək səylərində Azərbaycana dəstək vermək öhdəliyində qətiyyətlidir. Bütün mina qurbanlarının və onların ailələrinin kədərini bölüşürük", - məlumatda bildirilib. Qeyd edək ki, aprelin 27-də ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Bakı və İrəvan arasında yeni razılıq: Tarixi tezliklə açıqlanacaq

Qazaxıstanın təklif etdiyi Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mümkün görüşün tarixi razılıq əldə olunan kimi elan ediləcək. Sozcu.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. “Ermənistan həqiqətən Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini və ya danışıqlar platformalarını nəzərdən keçirir, fundamental prinsipləri və qarşılıqlı razılaşdırılmış sənədləri, o cümlədən Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında qarşılıqlı tanınma prosesini dəstəkləyir”, - deyə o qeyd edib. Yada salaq, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl bəyan etmişdi ki, Bakı Qazaxıstanda görüşə razıdır.

Osman Kazımov Müsavatın başqanlığına namizədliyini irəli sürdü

Müsavatın Divan üzvü Osman Kazımov partiyanın başqanlığına öz namizədliyini irəli sürüb. Bu barədə o, özünün feysbuk hesabında məlumat yayıb.  Osman Kazımov Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.  Bakı Dövlət Unuversitetinin məzunudur.   Ötən həftə Natiq Ulubəy başqanlığa namizədliyini irəli sürüb.  Qeyd edək ki, Müsavatın növbəti 11-ci qurultayı mayın 4-də keçiriləcək. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsindən verilən məlumata görə, indiyədək Məclis üzvlüyünə 80-dən artıq, MNTK üzvlüyünə isə 7 nəfər namizədliyini irəli sürüb. Namizədlərin irəli sürülməsi prosesi aprelin 30-dək davam edəcək. Basta)

Müsavatın qurultayının günü və yeri bilindi

Müsavat Partiyasının 11-ci qurultayı mayın 4-ü Bakının Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək. Rəsmi xəbər aprelin 24-də yayılıb. Qurultay təşkilati məsələlərə baxacaq, o cümlədən partiyanın yeni başqanını seçəcək. 1911-ci ildə yaradılan Müsavat 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda bərpa olunub. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbərdir. 2014 və 2019-cu illərdə Arif Hacılı başqan seçilib. Partiyanın nizamnaməsinə görə, eyni şəxs ardıcıl iki müddətdən artıq başqan seçilə bilməz.Novator.az)

Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin mühüm meyarıdır

Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda səsləndirib. “Bilirəm ki, həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var: iki proses paralel getməlidir. Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Klaar Paşinyanla görüşdü: Delimitasiya prosesini tam dəstəkləyirik!

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin "Armenpress"ə verdiyi məlumatda deyilir. Bildirilib ki, görüşdə Aİ-nin Ermənistan Respublikasındakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib. Regional vəziyyət, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar və sərhədlərin delimitasiyası prosesinə toxunulub. Ermənistan-Avropa İttifaqı əməkdaşlığı və onun gələcək inkişafı məsələləri müzakirə edilib. Toivo Klaar bir daha qeyd edib ki, Aİ hərtərəfli və uzunmüddətli nizamlanma məqsədi ilə Ermənistan-Azərbaycan danışıqlar prosesini, eləcə də 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyası prosesinə başlamaq barədə razılaşmanı tam dəstəkləyir.