Qeydiyyatda olan 390 mindən çox anemiya xəstəsi var

2022-ci ildə ilk dəfə anemiya diaqnozu ilə 46 min 770 nəfər qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, tibb müəssisələrində anemiya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı isə isə 390005 nəfər olub. Qeyd edək ki, ilk dəfə qoyulmuş diaqnozla 2018-ci ildə 47 min 552, 2019-cu ildə 47 min 912, 2020-ci ildə 43 min 188, 2021-ci ildə 43 min 150 nəfər qeydə alınıb.

Bu içkilər zob yaradır - DİQQƏT

İnsan orqanizmində yod çatışmazlığı ən böyük problemdir. Bu, ilk növbədə zob xəstəliyinə səbəb olur. Zob xəstəliyinin yod çatışmazlığı nəticəsində əmələ gəlməsi halı ilk dəfə 1820-ci ildə aşkar olunub. Həmin vaxtlar alimlər bunu ciddi qəbul etməyiblər. Müasir dövrdə isə zob daha çox yayılıb və təhlükəli hesab edilir. Sozcu.az axşam.az-a istinadən bildirir ki, orqanizmin inkişafı üçün insana qida ilə yanaşı, kimyəvi elementlərin olması da vacibdir. Bu elementlər içərisində yod mühüm rol oynayır. İnsan həyatı üçün mühüm əhəmiyyət kəsb edən yod insan orqanizminə üç yolla - hava, su və qida məhsulları ilə daxil olur. Son günlər isə içdiyimiz rəngli sular zob yaradır. Tibb elmində boğaz uru adlandırılan bu xəstəlik el arasında zob adı ilə məşhurdur. Zob - qalxanabənzər vəzin potologiyasıdır. Bu anadangəlmə və qazanılmış ola bilir. Zobun bir çox növləri mövcuddur: qarışıq, düyünlü, defus toksik, endemik. Bunlar həmçinin zəhərli və adi zob olmaqla da iki yerə ayrılır. Bu vəzin inkişafının dayanması və funksional aktivlikdən qalması ilə müşayiət olunur. Zob xəstəliyinə dağlıq bölgələrdə daha çox rast gəlinir. Belə bölgələrdə yod çatışmazlığı olduğu üçün endemik zoba tutulanlar çoxdur. Zobun ən geniş yayılmış forması defus toksikli urdur. Bu, eyni zamanda zobun ən qorxulu, fəsadlı formasıdır. Mərkəzi sinir və qan damar sisteminin pozğunluğu, ağırlaşması ilə müşayiət olunur. Hətta bu hal mərkəzi sinir sistemini psixoza və ürək çatışmazlığına gətirib çıxarır. Bu, bir çox kliniki hallarla özünü büruzə verir: Ürək tez-tez döyünür, gözlər bərəlir, bədən əsməyə başlayır, xəstədə kəskin arıqlama halları başlayır. Xəstəlik zamanı insan qəribə hallar keçirir: həyəcanlı,  narahat olur, özünə yer tapa bilmir, cümlə qurub danışmaqda çətinlik çəkir, ürəyi sıxılır. Müalicə vaxtında aparılmadıqda bu hallar daha da kəskinləşir, xəstənin vəziyyəti ağırlaşır, tez-tez qorxur, dəli kimi olur. Adi halda ürək 4-5 litr qan vurursa, bu zaman 30-40 litr qan vurmağa başlayır ki, bu da qan-damar sisteminin zəifləməsinə, ürək çatışmazlığına gətirib çıxarır. Zobun müalicəsi necə aparılmalıdır? Müalicə əsasən üç üsulla aparılır: konservativ, cərrahi və radiaktiv şüalar vasitəsilə.  Ümumiyyətlə, dünya alimlərinin araşdırmalarına görə, zob xəstəliyi tamamilə yoxedilmə funksiyasına malik deyil. Xəstəlik müəyyən müddətdən sonra yenidən baş qaldıra bilər.  Dəniz kələmini qurudub, ondan çay kimi dəmləyib içməklə özünüzü zobdan qoruya bilərsiniz. Zobun digər bir dərmanı isə feyxuadır. Onu ət maşınından çəkib, şəkər tozu ilə qarışdırın (hər ikisi eyni miqdarda olmaq şərtilə). Hər səhər yeməkdən 30-40 dəqiqə əvvəl 2 xörək qaşığı qəbul edin.  Şirin və rəngli qazlı sular içməkdən çəkinin.

800 milyon insan bel ağrısından əziyyət çəkəcək - SƏBƏB

Sidney Universiteti, Vaşinqton Universiteti Tibb fakültəsi və digər təşkilatların mütəxəssisləri 2050-ci ilə qədər 800 milyon insanın bel ağrısından əziyyət çəkəcəyi qənaətinə gəliblər. Sozcu.az lent.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri tibb jurnalı "The Lancet Rheumatology"də dərc edilib. Müəlliflər 1990-cı ildən 2020-ci ilə qədər 204 ölkədən tədqiqat iştirakçılarının daxil olduğu məlumatların təhlilini aparıblar. Bu, zamanla dəyişən bel ağrısı şikayətləri olan xəstələrin dinamik xəritəsini yaratmağa imkan verib. Alimlər müəyyən ediblər ki, 2017-ci ildən bəri belə halların sayı yarım milyard insanı ötüb. 2020-ci ildə bel ağrısından əziyyət çəkən təxminən 619 milyon xəstə olub. Çox vaxt qadınlar bel ağrısından əziyyət çəkiblər. Əldə edilən məlumatlara əsasən, 2050-ci ilə qədər bel ağrısı şikayətlərinin sayı demək olar ki, 50 faiz artacaq. Ən çox yoluxma Asiya və Afrikada qeydə alınacaq. Dünyada ümumilikdə 843 milyon insan bu xəstəlikdən əziyyət çəkəcək - əsasən əhalinin sayının artması və qocalması səbəbindən. Bu, gələcəkdə bel ağrısının yayılmasının modelləşdirilməsi üçün istifadə edilən ilk araşdırmadır. Komanda bel ağrısının idarə edilməsinə ardıcıl yanaşmanın olmaması və məhdud terapevtik seçimlərin sağlamlıq böhranına səbəb ola biləcəyinə inanır, çünki bel ağrısı dünyada əlilliyin əsas səbəbidir.

Xərçəng riskini azaldan 5 TƏRƏVƏZ

Bəzi tərəvəzlər xərçəngin başlanğıcı və inkişafı ilə mübarizə aparmağa kömək edir. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda rusiyalı terapevt Svetlana Nikitina "MedicForum"a danışıb. Onun sözlərinə görə, bəzi tərəvəzlər müxtəlif digər faydalarla yanaşı, sağlam hüceyrələrin böyüməsini təşviq edir ki, bu da xərçəng riskini effektiv şəkildə azaltmağa kömək edir. Brokoli Brokolinin tərkibində xərçəng əleyhinə xüsusiyyətlərə malik olan sulforafan var. Tədqiqatlar göstərdi ki, sulforafanın döş xərçəngi hüceyrələrinin ölçüsünü və sayını təsirli şəkildə 75 faiz azalda bilər. Pomidor Pomidor likopenlə doymuş tərəvəzdir, istifadəsi də xərçəng əleyhinə təsir göstərir. Xüsusilə tədqiqatçılar onun prostat xərçəngi ilə mübarizədə faydalılığından danışırlar. Amerika Xərçəng Araşdırmaları İnstitutu tərəfindən heyvanlar üzərində aparılan sınaqlar likopenin xərçəng hüceyrələrinin böyüməsini dayandırmaq qabiliyyətini nümayiş etdirib. Sarımsaq Sarımsaq müxtəlif araşdırmalara görə xərçəng hüceyrələrini "öldürə" bilən allisin kimi tanınan aktiv birləşmə ilə zəngindir. Alimlər sarımsağın müntəzəm istehlakını kolorektal xərçəng riskinin azalması ilə əlaqələndirərək, onun xərçəng hüceyrələrinin böyüməsini yavaşlatmaq və iltihabı azaltmaq qabiliyyətini qeyd ediblər. Lobya. Lif və proteinlə zəngin olan lobya yemək kolorektal xərçəngdən qorunmağa kömək edə bilər. İspanaq Yaşıl yarpaqlı tərəvəzlər beta-karoten və lutein antioksidantlarının mənbəyidir. Antioksidanlar bədəndə sərbəst radikalların və kanserogenlərin qarşısını almağa kömək edir. Bundan əlavə, ispanaqda xərçəng hüceyrələrinin inkişafının qarşısını alan C vitamini var.

Bu dərman “Altsheymer” riskini azaldır

"Parkinson" və "Altsheymer" xəstəliklərinin riskini azaldan dərmanın adı açıqlanıb Vaşinqton Universitetinin Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, allopurinol preparatı neyrodegenerativ xəstəliklərin riskini azalda bilər. Sozcu.az report-a istinadən xəbər verir ki, araşdırma "PLOS ONE" jurnalında dərc olunub. Alimlər neyrodegenerativ xəstəliyi olan 43 min xəstənin və 334 min sağlam insanın tibbi qeydlərindən alınan məlumatları təhlil ediblər. Tədqiqatın məqsədi üç neyrodegenerativ xəstəliyin daha aşağı riski ilə əlaqəli reseptlə satılan dərmanları müəyyən etmək idi: "Parkinson" xəstəliyi, "Altsheymer" xəstəliyi və amiotrofik yanal skleroz. Tədqiqatçılar, hər üç neyrodegenerativ xəstəlik üçün ən güclü riskin azaldılmasının ksantin dehidrogenaz/oksidaz blokerləri ilə müşahidə edildiyini aşkar ediblər. Allopurinolun daxil olduğu bu dərmanlar "Gut" xəstəliyi üçün istifadə olunur. Onların istifadəsi neyrodegenerativ xəstəliklərin hər bir qrupu üçün riskin 13-34%, orta hesabla 23% azalması ilə əlaqələndirildi. Tədqiqatçılar həmçinin allopurinol qəbul edən və qəbul etməyən xəstələrdə neyrodegenerativ xəstəliklərin yayılmasını müqayisə edən əlavə bir araşdırma aparıblar. Tədqiqatın beşinci ilində allopurinol qəbul edənlərin neyrodegenerativ pozğunluq inkişaf etdirmə ehtimalı 23% az idi. Alimlər qeyd ediblər ki, "Gut" dərmanlarının neyrodegenerativ xəstəliklərin gedişatını ləngidə biləcəyini öyrənmək üçün əlavə tədqiqatlar lazımdır.

Siqaret çəkənlərdə bu orqan hər il kiçilir

Elm adamları siqaret səbəbiylə hansı orqanın daim azaldığını müəyyən ediblər. Bununla belə, yaxşı bir xəbər var: bu proses geri dönə bilər, sadəcə pis vərdişi tərgitmək lazımdır. Sozcu.az medicina.az-a istinadən xəbər verir ki, Pensilvaniya Universitetinin alimləri siqaretin başqa bir təsirini aşkar ediblər. Məlum olub ki, siqaret beyin həcminin azalmasını və demensiyanın inkişaf riskini artıra bilər. Belə ki, çəkənlərin beyin həcmi orta hesabla çəkməyənlərə nisbətən daha kiçikdir. 1 ildə çəkilən hər bir siqaret qutusu, təhlil göstərdiyi kimi, beyində boz maddənin təxminən 0,15 kub santimetr azalması ilə nəticələnir. Məlum olub ki, siqaretdən çoxdan imtina edənlərin beynində bu daha çox boz maddə var. Beləliklə, siqaretdən imtinanın beyin həcminin azalmasının qarşısını almağa kömək edəcəyi sübut edilib.

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər ödəniləcək məbləği nağdsız qəbul edə biləcəklər

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər ödəniləcək məbləği nağdsız qəbul edə biləcəklər. Sozcu.az xəbər verir ki, bununla bağlı “Özəl tibb fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi təklif edilib. “Nağdsız hesablaşmalar haqqında” qanununa edilən dəyişikliyə əsasən nağdsız hesablaşmaların əhatə dairəsi genişləndirilərək bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər də əlavə edilib. Bununla da, hüquqi şəxs yaradıb-yaratmamasından asılı olmayaraq, bütün özəl tibbi fəaliyyətə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunub. "Özəl tibb fəaliyyəti haqqında” qanun layihəsi də, qeyd olunan “Nağdsız hesablaşmalar haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma məqsədi daşıyır.

Azərbaycanda 50-yə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycanda 50-yə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib. Bildirilib ki, mərkəz tərəfindən özəl tibb müəssisələrində planlaşdırılmış və plandankənar yoxlamalar keçirilir. Bu ilin I rübü ərzində plan üzrə yoxlamalar siyahısında olan 77 özəl tibb müəssisəsindən 49-da planlı yoxlamalar baş tutub. Bunun nəticəsi olaraq, 38 müəssisədə nöqsanlar aşkarlanıb. Digər 28 özəl müəssisədə isə reyestrdən imtina, ünvan dəyişmə, təmir və ya lisenziyanın ləğvi səbəbindən yoxlamaların aparılması mümkün olmayıb, 11 müəssisədə isə heç bir nöqsan aşkarlanmayıb. Eyni zamanda, plandankənar yoxlamalar nəzərdə tutulmuş 33 müəssisənin 28-də yoxlamalar aparılıb. Nəticədə 8 müəssisədə nöqsanlar aşkarlanıb. Aparılan monitorinqlərin nəticəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1, 215.1 və 215.4 maddələrinə əsasən 52 protokol tərtib edilib və icraata göndərilib. Qeyd edilməlidir ki, İXM-in 210.1–ci maddəsinə (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) fiziki şəxslər 2 000 manatdan 3 000 manatadək, vəzifəli şəxslər 5 000 manatdan 10 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 30 000 manatadək cərimə edilir. İXM-in 215.1-ci maddəsinə görə (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə edilir. İXM-in 215.4-cü maddəsinə görə (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir. Bundan əlavə, 67 özəl tibb müəssisəsinin fəaliyyət ünvanlarında yaradılan şəraitin normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib, onlardan lisenziya almaq üçün edilən 55 müraciətə müsbət rəy verilib.

Yüksək təzyiqin ilginc səbəbi – Telefon və media...

Telefonda çox vaxt keçirmək hipertoniyaya tutulma riskini 25 faizə qədər artıra bilər. Sozcu.az Medicina.az-a istinadən xəbər verir ki, elmi araşdırmalar telefon danışıqlarının və sosial medianın qan təzyiqinə mənfi təsir etdiyini sübut edib. Gündə cəmi 45 dəqiqə telefonda vaxt keçirmək və sosial medianı izləmək təzyiq xəstəliyinin əsasını qoya bilir. Cənubi Quançjou Tibb Universitetinin professoru Siyanhuey Sinin sözlərinə görə, ürək sağlamlığı üçün insanların telefonla danışmağa sərf etdiyi dəqiqələrin sayı vacibdir: dəqiqələr nə qədər çox olarsa, hipertoniya riski də bir o qədər yüksəkdir. Bu isə gələcəkdə ürək xəstəliyi deməkdir. İstər dostunuzla telefonda danışırsınız, istərsə də iş üçün söhbət edirsinizsə,sərf olunan vaxtı minimuma endirmək tövsiyyə olunur. Araşdırmanın nəticələri göstərib ki, sutkada yarım saatdan çox telefonla danışan insanlar hipertoniyaya 12 faiz daha çox meyllidir. Üstəlik, həftədə altı saat telefon danışığı riski 25 faiz artırıb. Sosial şəbəkələr və gündəlik zənglərin müddəti 30 dəqiqədən çox olmadıqda, hipertoniya inkişaf riskinə təsir göstərə bilməz. Yadda saxlamaq lazımdır ki, telefonun yanında yatmaq olmaz. Elektromaqnit şüalanma bioritmlərimizə təsir edir, bu da yuxusuzluğa, kabuslara və tez-tez gecə oyanmasına səbəb olur. Hipertoniyanın inkişaf riskinin faizi birbaşa həftədə mobil telefonlardan istifadə müddətindən belə asılıdır: 30-50 dəqiqə - 8 faiz 1 saatdan 3 saata qədər - 13 faiz 4 saatdan 6 saata qədər - 16 faiz 6 saatdan çox - 25 faiz Mobil qurğular demək olar ki, bütün bədənimiz tərəfindən udulan radiotezlik enerjisi yayır. Buna əsasən, təkcə qan təzyiqi deyil, həm də görmə, yaddaş, eşitmə və psixo-emosional rifahs mənfi təsir göstərir.

Bu kartoflar yaşlı insanlar üçün faydalıdır

Təzə kartof C vitamini və böyük miqdarda kalium ilə zəngindir. Bu, yaşlı insanların ürək-damar sistemi üçün çox faydalıdır. Sozcu.az AZƏRTAC-a istinadən bildirir ki, diyetoloq Marqarita Korolyovanın sözlərinə görə, bu qida məhsulu orta miqdarda hətta şəkərli diabeti olan yaşlı insanların rasionuna da daxil edilə bilər. Təzə kartof qabığı ilə qəbul edildikdə daha faydalıdır, çünki o bağırsaq üçün faydalı olan lif və mineral maddələrlə zəngindir.

Stresdən xilas edən çay

Stres insan orqanizmində yaranan narahatlıq və ya gərginlikdir. Bu hal davamlı olarsa, depresiyaya çevrilə bilər. Sozcu.az Axşam.az-a istinadən xəbər verir ki, streslə mübarizə aparmağın ən asan yollarından biri bitki tərkibli çaydan istifadə etməkdir. Lazım olanlar: 50 qr. çobanyastığı çiçəyi 50 qr. melisa 30 qr biyan kökü 20 qr yaşıl çay Bu bitkiləri qarışdırıb quru şüşə qabda saxlayın. 300 ml qaynar suya 1.5 ç.q əlavə edərək 8 dəqiqə ağzı qapalı olaraq dəmləyin. Hər gecə yatmazdan 2-3 saat əvvəl qəbul edin.

Həkim: Abortlar sonsuzluğa qədər gətirib çıxara bilər

“Ən uğurlu” abortların da ciddi fəsadları olur. Sozcu.az-ın xəbərinə görə, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Qadın Məsləhətxanasının şöbə müdiri Bilqeyis Qaragöz deyib. “Ümumiyyətlə, abortlar 2 qrupa ayrılır: Erkən və gec abortlar. Hər bir halda qadın sağlamlığı üçün təhlükəli bir prosesdir. Lakin gec həyata keçirilmiş abortlar daha ağır fəsadlar verə bilir. Uşaqlıq, uşaqlıq boynu abort zamanı ciddi zədələnir, uşaqlıq qanaxmaları, xroniki, kəskin iltihabi xəstəliklər, aybaşı tsiklinin pozulması, sonrakı hamiləliklərin sona çatdırılmaması, hətta sonrakı hamiləliklərin baş tutmaması, sonsuzluğa qədər gətirib çıxarda bilər”, - deyə həkim bildirib. Həkim selektiv abort üzrə də ölkəmizdəki vəziyyətin ürəkaçan olmadığını, abortun bu növü üzrə göstəricilərin artdığını diqqətə çatdıran şöbə müdiri bunun təbii cinsi tarazlığın pozulmasına səbəb olacağını, nəticədə isə cəmiyyət üçün təsirsiz ötüşməyəcəyini deyib.