Redaktor seçimi

Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurovun büstü ucaldılıb

22 iyun saat 10:00-da Şəmkir rayonu Kür qəsəbəsində yerləşən 1 saylı orta məktəbin qarşısında yeni ucaldılmış şəhid Milli Qəhrəman Isgəndər Aznaurovun büstünün açılış tədbiri keçiriləcəkdir.  İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir. 1963-cü ildə orada məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışmışdır. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib. Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir. Aznaurovu "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdurBaşkəndin erməni quldurlarından təmizlənməsində, "Mutudərə", "Ərdağı", "Kaftar qayası", "Ləzgi daşı" əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv etmişdir. 1993-cü il 18 apreldə Gədəbəydə "Hörükdaş"da düşmənin 13 texnikasına qarşı, 3 növ texnika ilə vuruşur. Səhhətində problemlər yaranmasına baxmayaraq müalicə almaqdan imtina edir. Daha sonra arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə — döyüşlərin ən qızğın hissəsinə yollanır. Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gəlir və qəhrəmancasına həlak olur. Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Sözcü.az

“Hərbçilərimizin belə problemləri olmamalıdır”

“Bu gün Azərbaycanın sərhəd bölgələrində Ermənistanın işğalçı bölmələri və onları dəstəkləyən Avropa İttifaqı və digər himayədarları tərəfindən Azərbaycanın suveren hüquqları pozulur”. Sozcu.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.  Deputat qeyd edib ki, buna baxmayaraq, Azərbaycan hər bir təxribatın qarşısını alır: “Orada mübarizə aparan əsgərlərimizin problemlərini, təhlükəsizliyini burada da düşünməli və həll etməliyik. Hərbçilərimiz pensiya hüququnun artılması məsələsini gündəmə gətirirlər. Onların belə problemləri olmamalıdır, kiçik problem olsa belə həll etməliyik. Prezident maaşları artırır, gündən-günə irəliləyiş üçün addımlar atılır. Amma hələ də hərbçilərimizin problemləri həll olunmur. Müvafiq qurumlar bununla bağlı addımlar atmalıdır”. 

Ermənilər Arazdəyəndə zavod tikməyə davam edir - Video

Xəbər verdiyimiz kimi, Ermənistan tərəfi beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq Azərbaycana çox yaxın ərazidə, Arazdəyəndə metallurgiya zavodu inşa edir. Həmçinin bunlarla yanaşı, Ermənistan ordusunun bu mövqedəki hissələri son bir neçə gündə təxribata əl ataraq ordumuzun mövqelərini intensiv atəşə tutublar. Sozcu.az xəbər verir ki, Naxçıvan televiziyası sərhəddən birbaşa bağlantı edib. Qeyd edilib ki, Ermənistan hazırda zavodun tikintisini davam etdirir.

Ermənistanın təxribata başladığı post belə darmadağın edildi - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün dövlət sərhəddinin Zəngilan istiqamətində Ermənistan tərəfindən təxribat törədilib. Belə ki, Dövlət Sərhəd Xidmətinin cavab tədbirləri nəticəsində Ermənistanın təxribata başladığı post darmadağın edilib. Sözügedən görüntüləri "Caliber" yayıb. 

Rusiya XİN-dən sərsəm iddia: “Bakı hədələyir“

Rusiya tərəfi Vaşinqtonun Bakı və Xankəndi arasında dialoqda vasitəçilik xidmətlərini, o cümlədən güc tətbiqi hədələri ilə tətbiq etməyə çalışması barədə məlumatlardan narahatdır. Sozcu.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-dəki mənbə məlumat yayıb. Bir müddət əvvəl Vaşinqtondakı diplomatik mənbə RİA Novosti-yə bildirmişdi ki, “Vaşinqton ultimatum formasında Dağlıq Qarabağ nümayəndələrini üçüncü ölkədə Azərbaycan nümayəndələri ilə görüşməyə məcbur edir və bundan imtina etdiyi təqdirdə Azərbaycanın terror əməliyyatı adıyla əks-hücum keçirəcəyi ilə hədələyir.  Agentliyin həmsöhbətinin sözlərinə görə, “Amerikanın sülhməramlı təşəbbüsü Dağlıq Qarabağın xarici işlər naziri, Azərbaycanın maraqları ilə tam üst-üstə düşən Sergey Qazaryan tərəfindən lobbiçilik edilir”. Rusiya XİN-in bu bəyanatının konkret hansı məlumatlara əsaslandığı bəlli deyil. Güman ki AZərbaycan XİN bu sərsəm iddianı cavabsız qoymayacaq.

Qafar Çaxmaqlı: “Torpaqlarımızın ermənilər tərəfindən işğalında bu ölkənin payı olub”

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və bu əsnada verdiyi bəzi açıqlamalar ictimai rəydə geniş müzakirələrə səbəb olub. Moderator.az-a açıqlama verən ermənişünas alim, professor Qafar Çaxmaqlı Ərdoğanın ölkəmizə səfəri fonunda baş verənlərlə bağlı maraqlı fikirlər səsləndirib, mövcud reallıqlara diqqət çəkib: “Türkiyə prezidenti  Ərdoğan  Azərbaycandan dönərkən təyyarədə jurnalistlərin suallarına cavab verərkən Zəngəzur koridoru ilə bağlı bu fikirləri söyləmişdir: “Zəngəzur Koridoruna gəlincə, bu Ermənistanla bağlı bir problem deyil. Zəngəzur koridoru İranla bağlı bir problemdir”. Qardaş ölkə rəhbərinin bu fikri həm Ermənistanda, həm də İranda qızğın müzakirələrə səbəb olmuşdur. Ermənistanlı politoloqların əksəriyyəti Ərdoğanın bu mövqeyini  son zamanlar Ermənistan baş nazirinin sərgilədiyi siyasətə bağlayırlar. Nikolun Ərdoğanın inaqurasiya tədbirinə qatılaraq  Türkiyə-  Ermənistan münasibətlərinin normallaşdırılması üçün iradə nümayiş etdirməsi və Azərbaycanla barış anlaşması yolunda Azərbaycanın 86,6 min kavadratkilometrlik ərazisini tanımaq kimi bəyanlarından başlayaraq son Moskva görüşündən sonra bölgənin kommunikasiya xətlərinin açılması məsələsində tutduğu mövqeyə qədər bütün bunlar  Paşinyanın ölkəsinin maraqlarını  təhlükələrə tərk etməmək addımı kimi  qiymətləndirilir. Özəlliklə Zəngəzurdan Naxçıvana, oradan da Türkiyəyə uzanacaq dəmir yolu və quru yolun  salınmasına qarşı çıxmanın mənasız olduğunu bu ölkədə nəhayət  anlamışlar.   Paşinyan erməni diasporunun və içəridəki Türk düşmənlərinin təzyiqi ilə  Zəngəzur dirənişini davam etdirə bilməzdi. 44 günlük savaşdan sonra Ermənistanın imzaladığı  10 noyabr 2020-ci il üçtərəfli Bəyannamədə bu koridorun açılması öhdəliyi var və Ermənistanın uzun zaman saxta arqumentləri işə yaramadı. Azərbaycanın “xoşla olmasa bu yol açılacaq”  qərarlığı da öz işini gördü. Həm də bu dəhlizin açılmasında maraqlı beynəlxalq güclər və dövlətlər var.  Rusiyanın özü də bu xəttin fəaliyyət göstərməsinə indi daha çox maraqlıdır. 2020 də qəbul edilmiş  Bəyannamənin 9-cu bəndində açıq yazılmışdır ki, Ermənistan ərazisindən keçməklə bu  koridor, ya da yol ( onu necə adlandırmağın mənası yoxdur ) açılmalıdır və ona nəzarəti isə Rusiya Federal Təhlükəsizlik xidməti aparmalıdır. Ermənistan isə bu öhdəliyi yerinə yetirməlidir!  Ermənistanın bu dəhlizin açılması ilə bağlı mövqeyi uzun zaman ziddiyyətli olmuşdu , ən son zamanlara qədər  belə bir mövqe sərgiləməkdə idilər ki, dəhlizin açılmasına maraqlıyıq, amma ona nəzarət Ermənistana məxsus olmalıdır. Bəzən də bu dəhlizin açılmasına izin verməyəcəklərini bəyan edirdilər.  Bəzi erməni politoloqlar da  indi bu fikrə gəliblər ki, Ermənistanı bu məsələdə ürəkləndirən İran idi  və məsələnin kökündə nəyin , hansı məqsədin durmasından asılı olmayaraq, İran bu bölgədə hər hansı dəyişikliyin özünün “ qırmızı çizgisi” elan etməsiydi. Hələ də Ermənistanda İranı Azərbaycan və Türkiyəyə qarşı siyasətdə etibarlı müttəfiq görənlər var.  Çünki İran bütün münaqişə dövründə Ermənistanın yanında olmuş və torpaqlarımızın işğalında onun da payı olduğunu hər kəs bilir. Savaş günlərində belə Ermənistana yardımlarını dayandırmadı.  İran Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini, güclü bir Azərbaycan dövlətinin olmasını sadəcə olaraq istəmir. Zəngəzurdan koridorun açılmasını, bu yolun hardasa türk dünyası üçün önəmli bir  əlaqə vasitəsinə çevrilməsini həzm edə bilmir.  Erdoğan “Zəngəzur koridoru İranla bağlı bir problemdir” deyərkən  çox haqlıdır. Son zamanlarda İranın Azərbaycanla bağlı apardığı siyasətin, gərginliyə səbəb olan bir çox olayların mayasında bu dururdu. Müharibəni uduzmuş, özünə havadar axtaran Ermənistanı da öz tərəfinə çəkməklə  İran Türk Dünyasının birləşməsindən , gücə çevrilməsindən  çox qorxduğuna görə bu ölkəyə önəm verməyə başlamışdı. İran bir müddət öncə  tarixi İpək Yoluna “alternativ” layihəsini ortaya atmışdı . Çin- Hindistan-  İran- Ermənistan- Gürcüstan- Bolgarıstan yolu  təklif edilirdi ki, bu da Ermənistanı şirnikləndirmişdi və uzun müddət Ermənistanın siyasi elitası bunun üzərində “baş  sındırmağa” başlamışdılar. Adı çəkilən ölkələrdən gələn dövlət yetkililəri də bunu ciddi şəkldə müzakirə etməyə başlamışdılar. Bu səbəbdən də Ermənistan Zəngəzur dəhlizi məsələsində ziddiyyətli bəyanatlar verir və bəzən bunun heç zaman gerçəkləşməycəyi ilə bağlı  bəyanlarında bulunurdu. Ermənistandakılar anlamırdılar ki, Zəngəzur dəhlizinin və digər komunikasiya xətlərinin açılması ilk növbədə Ermənistanın özünün iqtisadi gəlişməsinə və bölgə dövlətləri ilə inteqrasiyaya gedəcəyinə dəlalət edəcəkdir. İndi anlamağa başlayırlar ki, bu mənasız dirəniş çoxlu vaxt itkisinə və ekonomik olaraq zərərə səbəb olmuşdur. Moskva görüşündən sonra artıq üç ölkənin -Rusiya, Ermənistan və Azərbaycanın baş nazirləri səviyyəsində oluşdurulan Komissiya müəyyən irəliləyişlər əldə edib və indi Ermənistan zərərin yarısından qayıtmaq üçün addımlar atmağa başlamışdır.  İndi Ermənistanda bəziləri deyirlər ki, Azərbaycanın Qərb rayonlarını Naxçıvana bağlayacaq dəmir yolunın Türkiyəyə, İğdıra uzanmasına ermənistan razı olmamalıdır. Bu xətti  əvvəlcə İran xəttinə, sonra İrəvan- Gümrüyə, oradan da Qarsa birləşdirmək gəlir mənasında Ermənistan yeni imkanlar verə bilər və danışıqlar prosesində Ermənistan  bunu şərt olaraq ortaya atmalıdır. Qəribədir ki, İran da bu fikri dəstəkləməkdədir, Zəngəzur məsələsində irəlidə yeni sürprizlərlə qarşılaşa bilərik. Bu fikir də əslində İranın fikridir, İğdıra dəmir yolu uzanacaqsa İranın Culfa dəmir yolunun bir anlamı qalmayacaq. Ona görə də Naxçıvandan Türkiyəyə uzanacaq dəhlizə qarşı çıxmağa başlayıblar.  Ermənistan bu fikri təlqin edən yenə İrandır. Sayın Ərdoğan deyəndə ki,  “Zəngəzur problemi  İranla bağlı bir problemdir”, yəqin ki,  bizim bildiyimiz və bilmədiyimiz bir çox cəhətləri nəzərdə tutur”.

“Zəngəzur dəhlizi”indəki problem İrandan qaynaqlanır” - Ərdoğan

"Zəngəzur dəhlizi" məsələsindəki problem Ermənistandan yox, İrandan qaynaqlanır. Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra Şimali Kipr Türk Cümhuriyyətinə  və Azərbaycana ilk xarici səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib. Türkiyə bölgədə və dünyada sülhə və sabitliyə tərəfdardır.  Bu istiqamətdə prioritet vasitələr dialoq və diplomatiyadır, Ərdoğan deyib. Prezident vurğulayıb ki, Türkiyə öz xarici siyasətində Qərblə Şərq arasında fərq qoymağa can atmır. “ “Biz həm Şərqə, həm də Qərbə yaxınıq", - “Anadolu” agentliyi Ərdoğandan sitat gətirir. Dövlət başçısı Cənubi Qafqazdakı vəziyyətə diqqəti çəkərək qeyd edib ki, Bakı və Yerevan arasında sülh prosesinin irəliləməsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da mühüm töhfə verəcək. "Çox acının yaşandığı bölgədə qapılar sülhə açıqdır. Odur ki, tərəflər bu şansı əldən verməməli və məsuliyyətlə hərəkət etməlidirlər", - Türkiyə lideri vurğulayıb. O, Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda Ankaraya səfərini "mühüm addım" adlandırıb. "Türkiyə tərəfinin dəvətinə müsbət cavab verən Paşinyan öz ölkəsində bir çox maneələri və müxalifətyönlü əhval-ruhiyyəni dəf edib. Mərasim zamanı onunla qısa söhbət etmək imkanım oldu. Türkiyəyə gəlişinə görə minnətdarlığımı bildirdim", - prezident deyib. Ərdoğan Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Ermənistan baş nazirinin sözlərini "mühüm" adlandırıb. "Ancaq əvvəllər dediyim kimi, Ermənistanda (Nikol) Paşinyana qarşı mənfi münasibət var. Və bu, çox vacib məqamdır. Bu günə qədər Paşinyan geri addım atmayıb", - Ərdoğan deyib. Onun sözlərinə görə, Ankara türk dünyasının birliyinin möhkəmləndirilməsi naminə Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək. "Zəngəzur dəhlizi" mövzusuna toxunan Türkiyə prezidenti qeyd edib ki, bu məsələ ilə bağlı problem Ermənistandan yox, İrandan qaynaqlanır. "İki ölkə (İran və Azərbaycan) – qeyd "Anadolu") əhalisinin əksəriyyəti müsəlmandır. Tehranın mövqeyi Bakı və Ankaranı məyus edir. Əslində vəziyyət onları (İran) məyus etməlidir", - o deyib. Ərdoğanın sözlərinə görə, dəmir yolu ilə yüklərin daşınması üçün rüsumlar "çox yüksəkdir". "Ümid edirəm ki, bu problem (vaqonla daşıma rüsumu) tezliklə həll olunacaq. Regionda kommunikasiya məsələlərinə müsbət yanaşma ilə Türkiyə-Azərbaycan-İran vahid dəmir yolu və avtomobil şəbəkəsini yaratmaq mümkündür və "Pekin-London" yolunu açmaq mümkün olacaq", - Ərdoğan istisna etməyib.

“Savaş nəinki Rusiya daxilinə keçib, artıq ölkənin öz içində partizan hərəkatı başlayıb...”

“Rusiya ordusunun komandanlığı başını itirib. Yəni bilmir ki, qoşunlarını Donbasın, Zaporojyenin, Xersonun işğal etdiyi ərazilərinin müdafiəsinə, yoxsa öz sərhədlərinin mühafizəsinə göndərsin...” “Müharibənin hər günü yüz milyonlarla pul deməkdir. Bu da Rusiyanın iqtisadiyyatını tam çökürdür və gec-tez daxildə əhalinin kütləvi etirazlarına gətirib çıxaracaq... Rusların gözləri açılıb, mitinqlərdə Putin rejiminə qarşı nələr səsləndirdiklərini görürük. Soruşurlar ki, nəyə görə bizimlə eyni kökdən olan slavyan mənşəli, qardaş Ukrayna xalqına qarşı müharibə aparmalıyıq. Onlar özləri bilərlər, necə dövlət qururlar, hansı quruluşda yaşayırlar. Ukrayna xalqından bizə bir təhlükə yoxdur, onlar heç vaxt bizə qarşı hücuma keçən deyildi...” Bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib. “Bundan əlavə, bildiyiniz kimi, artıq müharibə Rusiyanın daxilinə keçib. Belqorod, Bryansk vilayətlərində faktiki hərbi əməliyyatlar gedir. Və Rusiya ordusunun komandanlığı başını itirib. Yəni bilmir ki, qoşunlarını Donbasın, Zaporojyenin, Xersonun işğal etdiyi ərazilərinin müdafiəsinə, yoxsa öz sərhədlərinin mühafizəsinə göndərsin. Özü də Rusiya ərazisində döyüşənlər Ukrayna ordusu deyil, Putin rejiminə qarşı vuruşan ruslar özləridir. Onlar söz verib ki, Vladivotokadək bütün Rusiyanı bu zülmdən xilas edəcəklər. Ölkənin daxilində, demək olar ki, hər gün hansısa strateji hərbi obyekt, zavod, silah-sursat anbarı, neft bazaları partladılır, yandırılır.  Bir də internetdə baxırsan ki, Moskvada filan obyekt yanır. Yəni müharibə nəinki Rusiyanın daxilinə keçib, həm də ölkənin öz içində artıq partizan savaşı başlayıb.  Bu da, sözsüz ki, öncə dediyimiz kimi, Kreml rejiminə qarşı kütləvi xalq hərəkatının vüsət almasına, hətta vətəndaş savaşına da gətirib çıxara bilər. Bunun da sonu dövlət çevrilişi ilə nəticələnəcək”, -deyə davamında general-mayor vurğulayıb.

Paşinyanın təhlükəsizliyi necə qorunur? - DETALLAR

"Baş nazir Nikol Paşinyanın təhlükəsizlik xidməti görüşdən əvvəl deputatlardan telefon və ağıllı saat toplayır". Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb. Qəzet hakim "Mülki Müqavilə" Partiyasının parlamentdəki nümayəndələrindən biri Ovik Ağazaryandan mövzu ilə bağlı münasibət alıb. "Bu, onların diqqəti yayınmasın və "TikTok"a girməsinlər deyə edilir", - deputat izah edib. “Hraparak” qəzeti isə onu da yazır ki, bu yaxınlarda baş nazirin iştirak etdiyi məmurlardan birinin oğlunun toyunda 900-ə yaxın qonağın üst-başı Paşinyanın gəlişindən əvvəl təhlükəsizlik əməkdaşları tərəfindən metal detektorlar vasitəsilə yoxlanılıb.

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin təlimi...

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Bakıda “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilib. Qeyd edək ki, beynəlxalq təlimin keçirilməsində əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.

İcra Hakimiyyətinin 11 minlik cizgi işləri

Tərtər Rayon İcra Hakimiyyəti işçi cizgilərin tərtib olunması və sərflərin müəyyən edilməsi işlərinin hazırlanmasının satın alınması ilə bağlı müsabiqə elan edib. Sozcu.az xəbər verir ki, müsabiqənin qalibi "TFM-Smart Project” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 11.795,28 AZN təşkil edir.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, "TFM-Smart Project” MMC 15 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Qarabaqqal kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Fərid Tahir oğludur. Fərid Mikayov haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Lakin onun qanuni təmsilçisi olduğu şirkətin adı ağacların kəsilməsində hallandırılır. Söhbət Nəsimi rayonu, 5-ci mikrorayon 20 Yanvar küçəsi, 22, 24 nömrəli binaların arasındakı yaşıllığın məhv edilməsindən gedir. 2018-ci ildə baş verən bu qalmaqal barədə mediada da çoxsaylı materiallar tirajlanıb. Sakinlər bildiriblər ki, həmin ərazidə 13 mərtəbəli bina inşa edən şirkət yaşıllığı məhv edib.(qaynarinfo)

Paşinyanın müavini Kaspşiklə kommunikasiyaları müzakirə etdi

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşiklə görüşüb. Sozcu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş zamanı həmsöhbətlər regional vəziyyəti və nəqliyyat kommunikasiyalarının açılması məsələsi ətrafında baş verənləri müzakirə ediblər. "Xüsusilə Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolu əlaqəsinin bərpası və təşkili perspektivlərinə toxunulub", - deyə məlumatda qeyd olunub.