Redaktor seçimi

"Qaçqınkom"la bağlı QƏRAR

“Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 yanvar tarixli 1 nömrəli Qərarında dəyişiklik edilib. Sozcu.az xəbər verir ki, dəyişiklik barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Kollegiyanın üzvləri aşağıdakı kimidir: Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinləri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Dövlət qulluğu, hüquqi təminat və sənədlərlə iş şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının I ərazi şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının II ərazi şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının III ərazi şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının IV ərazi şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının V ərazi şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Maliyyə və təminat şöbəsinin müdiri Azərbaycan Diasporuna Dəstək Fondunun İcraçı direktoru.

Rüşvət alan gömrük polkovnikləri azadlığa buraxıldı - Dəymiş ziyanı ödəyiblərmiş...

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, polkovnik Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi, polkovnik Şükür Səfərov azadlığa buraxılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, ittiham olunan şəxslər cinayət işi üzrə dəymiş ziyanı tam ödəyiblər. Bildirilib ki, bu əsasla cinayət işlərinə xitam verilib, barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Qeyd edilib ki, polkovniklər - Rəşad Babayev və Şükür Səfərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ötən ilin iyul keçirilən əməliyyatla həbs olunmuşdular. Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Əliyev sülh müqaviləsindən danışdı: Beş prinsip...

İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. Beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər. Sozcu.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib. “Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”, - deyə Prezident İlham Əliyev deyib.

Büdcə belə talanır: 1 ssenari, 1 aparıcı, 100 dənə şara 40 min manat...

5 nömrəli Uşaq Vərəm Sanatoriyası cari ilin fevral ayının 27-də və mart ayının 2-də 3 lot üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Sozcu.az xəbər verir ki, bu satınalmaların ümumi məbləği 82.715 manat təşkil edib. Dövlətin pulu nəyə xərclənir? Sanatoriyanın keçirdiyi satınalmalarda şişirdilmiş rəqəmlərə rast gəlinir. Belə ki, Sanatoriyanın “İstehlakyönlü müxtəlif xidmətlər” lotu üzrə yekun vurduğu satınalma “8 mart” qadınlar günü münasibəti ilə keçiriləcək tədbirlə bağlıdır. Bu satınalmanın məbləği 40.168 manatdır. Satınalmanın qalibi isə “VİOLET-F” Məhdud Məsuliyyətli Cəmiyyətidir. “VİOLET-F” MMC 2022-ci ilin iyul ayında təsis edilib. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Bəşirov Fuad Əlişah oğludur. “VİOLET-F” MMC-nin maddi-texniki bazası, fəaliyyət profili, müvafiq lisenziyaları barədə heç bir məlumat yoxdur. Dövlətin 40 min manatdan artıq vəsaitini tibb müəssisəsinin hansı işlərə xərclədiyinin siyahısına nəzər yetirək: 1. Ssenarinin yazılması və tədbirin hazırlanması 2. Musiqi qrupunun iştirakı (5 nəfər) 3. Zalın bazədilməsi, gül çələngi (təbii güllərdən) 4. Helium şarlar (rəngli) (100 ədəd) 5. Aparıcı 1 nəfər 6. Səsgücləndirmə musiqi alətləri, mikrofonun quraşdırılması və kirayəsi Qeyd edilən işlərə büdcədən 40 min manat vəsaitin xərclənməsi səlahiyyətli orqanların ixtiyarına buraxıb keçək sanatoriyanın digər satınalmalarına… “Otkad”da adı hallanan MMC ilə işbirliyi? 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının 2023-cü ilin fevral ayının 27-də “Çirkab mayelərin daşınması” və “İçməli suyun alınması” lotu üzrə yekun vurduğu satınalmalarda da çox ciddi şübhəli məqamlar var. Bu satınalmaların ümumi məbləği 42.547 manat təşkil edir. Hər iki lotun qalibi “OPPONENT-2019” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “OPPONENT-2019” 2019-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 5 manat, hüquqi ünvanı isə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 9, mənzil 56 ünvanıdır. “OPPONENT-2019” MMC-nin qanuni təmsilçisi Allahverdiyev Ruhin Səxavət oğludur. Əldə etdiyimiz məlumata görə əslən Cəbrayıl rayonundan olan Allahverdiyev Ruhin Səxavət oğlu Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə qeydiyyatdadır. Onun adına xeyli sayda MMC-lərin rəsmiləşdirildiyi və bu MMC-lərin dövlət satınalmalarında “otkad” məqsədlərlə istifadə edildiyi deyilir. Qlobal.az məsələ ilə əlaqədar 5 nömrəli Uşaq Vərəm Sanatoriyasından mövqe öyrənə bilməyib. Qeyd edək ki, 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının direktoru Cavadova Ruhəngiz Kamil qızıdır.(Qlobal.az)

Akşener: “Pul almışamsa, şərəfsizəm“

Türkiyənin müxalif İYİ Partiya sədri Meral Akşener "Millət İttifaqı"nı tərk etməsi və daha sonra geri dönməsi ilə müşayiət olunan 2 günlük zaman kəsiyində baş verənlərdən danışıb.  Sozcu.az xəbər verir ki, "HaberTürk"də jurnalist Fatih Altaylının verilişinə qonaq olan Akşener ittifaqı tərk etməsi ilə bağlı açıqlama verdiyi brifinqdəki nitqinin sərt olmasına aydınlıq gətirib.  "Sərt idi və sərt olmalı idi. O mətni mən özüm yazmışam. 28 ildir aktiv siyasətlə məşğulam. Sərt olaraq ifadə edilsə də, konkret olmasına diqqət yönəltdim. Çox konkret idi, bəli. Qədərindən artıq konkretlik insanları əsəbiləşdirə bilər", - deyə o söyləyib.  Akşener Kılıçdaroğlunun hiddətlənərək ayağa qalxması məsələsinə də toxunub. "Heç kim ayağa qalxmamışdı. Amma gərginlik yaşanmışdı. Mən fikrimi açıq və net söyləmişdim. Davutoğlu və Babacan araya girib ortalığı sakitləşdirdi. Amma Temel bəyin də "Sizdən çəkdiyimiz bəsdir" deməsi də həqiqətə uyğun deyil. O yaş qrupundan olan insanlar səbr məsələsində peşəkarlaşıblar. Kemal bəyi də səbrli insan kimi tanıyıram... 5 nəfər imzaladı, o formada da elan oluna bilərdi. Sonra bir "nəfəs alaq" dedik. Getdim dostlarla məsləhətləşməyə. Belə qərar çıxdı. Hər kəs üçün ən yaxşısı oldu", - deyə İYİ Partiya sədri ittifaqı tərk etməzdən əvvəlki son toplantının təfərrüatlarını açıqlayıb. (Qeyd edək ki, bu barədə ilk açıqlamasında Akşener Kılıçdaroğlunun onun bələdiyyə sədrlərinin namizədliyinin də müzakirə olunması barədə təklifindən hiddətlənərək ayağa qalxdığını və vəziyyətin gərginləşdiyini demişdi. Ali Babacanın müavini isə onu təkzib edərək bu cür hadisə baş vermədiyini bəyan etmişdi - red.)  Partiya sədri CHP-HDP yaxınlaşmasına da münasibət bildirib: "Səmimi deyirəm. Türkiyədə hər partiyanın bir-biri ilə əlaqələrinə digər partiyalar sayğı göstərməlidir. Biz bu günə qədər bunu etmişik. Amma iddia olunduğu kimi guya o masada HDP-nin də var olması gerçək deyil. Dialoq isə başqa şeydir. CHP HDP ilə görüşə bilər, amma bizim olduğumuz masaya əsla gətirə bilməz. Nazir alış-verişi kimi bir məsələ də mümkün deyil. "Sizin səs faizinizlə HDP-nin səs faizi fərqlidir, sizə gülə-gülə, sağ olun" desəydilər, masadan qalxardıq". Akşener Ərdoğana yaxın iş adamlarından pul aldığı üçün ittifaqı tərk etməsi ilə bağlı iddiaları təkzib edib: "Pul məsələsinə gəlsək, əgər mən Ərdoğanın çevrəsindən və ya başqa bir Allah qulundan belə bir məsələ ilə bağlı 1 lirə, 5 lirə pul almışamsa, dünyanın ən şərəfsiz insanıyam. Maaşımdan başqa heç bir gəlirim olmayıb mənim. Hər şeyim də açıqdır. Bu günə qədər Ərdoğan mənlə danışmaq üçün heç nə etməyib. Mənim də onunla gizli bir görüşüm olmayıb. Hətta zəlzələ vaxtı necə görüşdüyümüzü də televiziya vasitəsilə danışdım".  Qeyd edək ki, İYİ Partiya Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək "Altılı Masa"nı tərk etmişdi. Daha sonra Ankara və İstanbul bələdiyyələrinin sədrlərinin vitse-prezident təyin olunması şərti ilə ittifaqa geri qayıdan Akşener CHP sədrinin namizədliyinə razılıq verib. 6 mart tarixində "Millət İttifaqı"nın toplantısından sonra Kamal Kılıçdaroğlu vahid namizəd elan olunub./Modern.az  

“Ermənilər bayrağımızın altından keçsin, desin ki, Azərbaycan vətənimdir...”

“Ermənilərə sosial müavinətlərin veriləcəyi bağlı səslənən fikirlərin hamısı siyasətdir. Onsuz da ermənilər heç buna gedən də deyillər. Bizimkilər də bunu deməyə məcburdurlar. Ona görə də millət bir balaca gözləsə, daha yaxşı olar”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib. O, siyasi şərhçi Zərdüşt Əlizadənin “Qarabağ ermənilərinin hakimiyyətimiz altına keçməsi üçün onlara 30 il ərzində yığılıb qalan müavinətlərini verməliyik” fikirlərinə münasibət bildirib.  N.Cəfəroğluya görə, bu, sadəcə olaraq dövlətin siyasətidir ki, beynəlxalq təşkilatlara mövqeyimizi göstərək:  “Biz buna dözməliyik, görək, axırı nə olacaq. İndi buna nə hə, nə də yox demək olar. Hazırda elə şeylər də var ki, biz bunun içərisində deyilik, amma dövlət rəsmiləri xarici siyasətimizdə o qədər əziyyətlər çəkir ki, biz nəsə əldə edək”.  “Hesab edirəm ki, ağıllı insanlar gözləməli və fikirləşməlidirlər ki, dövlətin qorunması, habelə bütövlüyü üçün nə vacibdirsə, onu da etməliyik. Xalqımız təmkinli olmalıdır”, - əlavə edib.  “Əgər onlar bizim Konstitusiyamızı qəbul edəcəklərsə, qanunlarımızla oturub-duracaqlarsa, bayrağımızın altından keçəcəklərsə, ən əsası isə Xankəndinin Azərbaycan ərazisi olduğu həqiqəti ilə barışacaqlarsa, onda əhalimiz olduğu üçün biz də onlara hansısa güzəşlər edə bilərik. Amma açıq ürəklə desinlər ki, Azərbaycan mənim dövlətimdir və mən bu dövlətin vətəndaşıyam”, - yekunlaşdırıb. 

“Bakı Nəqliyyat Agentliyi yalandan “online” monitorinqlər apararaq hesabat verir”

“Bu gün düz 40 dəqiqədən artıq “Gənclik” metrostansiyasının yaxınlığındakı dayanacaqda 199 nömrəli avtobusu gözləmişəm. Dayanacaqda 199-u gözləyən iyirmidən artıq insan var idi. İşə, instituta, getdiyi ünvana gecikən... Bakı Nəqliyyat Agentliyi, aylardır ki, sərnişinlər bu marşrut üzrə avtobusların intervalının nizamlanmasını gözləyir. Gediş haqqının 30% bahalaşmasından sonra heç bir keyfiyyət və komfort dəyişikliyindən söhbət gedə bilməz”. Sozcu.az-ın xəbərinə görə, bunu gənc alim Elyar İslamoğlu bildirib. E.İslamoğlu Agentlikdən həmin marşrut xətti üzrə monitorinqlərin təşkil edilməsini istəyib: “Dayanacaqda gözləyən vətəndaşların fikrini, şikayətini öyrənin. Bakı Nəqliyyat Agentliyi yalandan “online” monitorinqlər apararaq hesabat verir. Mini marketi olan dayanacaqlar quraşdırıb qazanc güdməkdən başınız açılanda, avtobuslardan istifadə edən vətəndaşlara azacıq keyfiyyətli xidmət göstərilməsinə də çalışın. Aylardır ki, günün istənilən saatında 199 nömrəli avtobus 30-40 dəqiqə intervalla işləyir. Daha çox tələbələrin istifadə etdiyi bu avtobusun intervalı çox olduğu üçün minmək olmur, yağışda, küləkdə, soyuq havada insanlar yolda qalır. Avtobus sayı azdır. Sahibkardan keyfiyyətli xidmət göstərilməsini, avtobus sayının artırılmasını tələb edin. Qiymətlər bahalaşanda vətəndaşa keyfiyyətli xidmət göstəriləcəyinə BNA söz vermişdi”.

BMT-nin Baş katibi: "Hər on dəqiqədə bir qadın ailə üzvü və ya sevgilisinin əlindən ölür"

"Hər on dəqiqədə bir qadın və ya qızı ailə üzvü, sevgilisinin əlindən ölür". Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar yazdığı məqalədə qeyd olunub. Məqaləni təqdim edirik: "Bütün dünyada qadın hüquqları sahəsində əldə olunmuş irəliləyiş gözümüzün qarşısında yox olmaqdadır. Son proqnozlara görə, hazırkı templə gender bərabərliyinə tam nail olmaq üçün daha 300 il lazım olacaq. Ukraynadakı müharibədən tutmuş fövqəladə iqlim vəziyyətinə qədər bu gün bir birinin üstünə gələn böhranlar ilk növbədə və ən çox qadın və qızlara təsir edir. Demokratiyanın qlobal səviyyədə geriləməsi fonunda isə qadınların öz bədənlərinə dair hüquqları və şəxsi həyatları ilə bağlı müstəqilliyi şübhə altına alınır və inkar edilir. İki statistik məlumat uğursuzluğumuzu çox açıq şəkildə göstərir: Hər on dəqiqədə bir qadın və ya qızı ailə üzvü və ya sevgilisinin əlindən ölür. Hər iki dəqiqədə hamiləlik və ya doğuş zamanı bir qadın ölür. Bu ölümlərin əksəriyyətinin qarşısı almaq mümkündür. Beynəlxalq Qadınlar Günündə daha çox səy göstərmək öhdəliyini üzərimizə götürməliyik. Bu dəhşətli tendensiyaları geri çevirməliyik və hər yerdə qadın və qızların həyat və hüquqlarını müdafiə etməliyik. Bu, mənim əsas prioritetlərimdən biridir və bütün dünyada Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin mərkəzi istiqamətlərindəndir. Cənubi Sudandan Myanmaya qədər böhran vəziyyətində olan qadın və qızları dəstəkləyirik və sülh proseslərində onların səslərinin eşidilməsini təmin edirik. Baş katibin müavini Əminə Məhəmməd bu yaxınlarda Əfqanıstana səfər edib və bizim mesajımızı yerli rəsmilərə çatdırıb: qadın və qızlar əsas insan hüquqlarına malikdir və biz onlar üçün mübarizəni heç vaxt dayandırmayacayıq. Bu il Beynəlxalq Qadınlar Günü elm, texnologiya və innovasiya sahələrində gender boşluğunun aradan qaldırılmasına həsr olunub. Qlobal miqyasda kişilərin internetdə olma ehtimalı qadınlara nisbətən 21 faiz, aşağı gəlirli ölkələrdə isə 50 faiz daha çoxdur. Hətta ən zəngin ölkələr belə gender əsaslı stereotiplər və tarixi qərəzlər səbəbindən uduzur. Texnologiya sənayesində kişilər qadınları iki dəfə üstələyir. Süni intellekt sahəsində isə bu nisbət beşə birdir. Böyük məlumatlar qızıl dəyərindədir və müasir dünyada siyasi və biznes qərarlarının əsasını təşkil edir. Ancaq burada da tez-tez gender fərqliliyi nəzərə alınmır və ya ümumiyyətlə qadınlar görməzdən gəlinir. Hamımız təməlindən gender bərabərsizliyini artıran, habelə rəqəmsal məhsullar hesabına patriarxallığı və qadına qarşı nifrəti əbədiləşdirən məhsul və xidmətlərdən narahat olmalıyıq. Dünyanın Silikon Vadiləri qadın hüquqları üçün Ölüm Vadilərinə çevrilməməlidir. Kişi orqanizminin öyrənilməsi əsasında əldə olunan məlumatlara görə verilən tibbi qərarlar qadınlara nəyinki zərər vura, hətta onların ölümünə səbəb ola bilər. Elm və texnologiya sahələrində qadınlara qarşı ayrı-seçkilik çoxəsrlik patriarxallığın, ayrı-seçkiliyin və zərərli stereotiplərin nəticəsidir. 1901-ci ildən bəri qadınlar elmi kateqoriyalarda Nobel mükafatı alanların yalnız üç faizini təşkil edir. İnternetdə isə qadınlar, o cümlədən elm adamları və jurnalistlər, tez-tez cinsiyyətçi nifrət nitqinə və onları susdurmaq və utandırmaq üçün təhqirlərə məruz qalırlar. Lakin onları susdurmaq mümkün olmayacaq. Qadın və qızlar hər yerdə öz hüquqlarını tələb edirlər və onların sözləri bütün dünyaya yayılır. Qadın və qızların elm və texnologiyanın köməyi ilə dünyanın öyrənilməsinə tam töhfə verə bilməsi üçün bir neçə istiqamətdə əməli tədbirlər görməyə ehtiyacımız var. Ayrı-seçkilik yaradan məlumatlardan tutmuş qızları erkən yaşlarında elmi fənləri öyrənməkdən uzaqlaşdıran stereotiplərə qədər maneələri aradan qaldırmalıyıq. Bütün sahələrdə qərar qəbul edənlər, ehtiyac olarsa kvotalar vasitəsilə, qadınların elm və texnologiyada iştirakını və liderlik imkanları genişləndirməlidirlər. Onlar yaradıcı olmalı, işə qəbuletmə sistemini genişləndirməli və insanları bacarıqlarına görə işə götürməlidirlər. Bununla yanaşı bu səyləri davamlı şəkildə göstərməlidirlər. Gender bərabərliyi öz-özünə baş verməyəcək – bu sahəni prioritetləşdirmək və qərarların icrasına nəzarət etmək lazımdır. Bu yanaşma Birləşmiş Millətlər Təşkilatında artıq öz nəticələrini verir. Qeyd edim ki, bizim əməkdaşlar arasında gender bərabərliyini təmin etmək üçün strategiyamız var. Qadınlar üçün təhlükəsiz rəqəmsal mühit yaratmaq, habelə internetdə onları təhqir edənləri və bu şəxslərə bu şəraiti yaradan rəqəmsal platformaları məsuliyyətə cəlb etmək üçün də tədbir görməyimizə ehtiyac var. BMT ifadə azadlığını qorumaq şərti ilə rəqəmsal platformalarda zərərin azaldılması və məsuliyyətin artırılmasına yönəlmiş davranış qaydalarını hazırlamaq üçün hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor və digərləri ilə işləyir. Qadın hüquqları, iqlim böhranını həll etmək, yoxsulluğu aradan qaldırmaq və daha yaxşı bir dünya yaratmağımızı gözləyə biləcək bir dəbdəbə deyil. Bütün insanlar, icmalar və ölkələrin durumunu yaxşılaşdırmaq və Dayanıqlı İnkişaf üçün 2030-ci il Gündəliyinə nail olmaq üçün qadın və qızlara sərmayələrin yatırılması ən doğru yoldur. Gəlin hər yerdə qadın və qızlar, kişi və oğlanlar üçün daha inklüziv, ədalətli və firavan bir dünya yaratmaq üçün birlikdə çalışaq".

Xalqxeber.Az xəbər portalının 11 yaşı tamam olur

Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur. Sayt 2012-ci il martın 5-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb. Xalqxeber.Az günün 24 saatı işləyir. Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Xalqxeber.Az portalı geniş oxucu auditoriyasına malikdir.  Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur. Xalqxeber.Az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb. Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb. Bu ötən illər ərzində oxucularına hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışıb. Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Xalqxeber.Az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub. 

Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun məhkəməsi başlayır

“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə vəkil Aqil Layıc məlumat verib. İş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. İstintaqın sonunda Əvəz Zeynallı vəkili, həmçinin bu iş üzrə təqsirləndirilən Elçin Sadıqovun müdafiəsindən imtina edib. Qeyd edək ki, “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan təqsirləndirilən Elçin Sadıqov ev dustaqlığına buraxılıb.APA

Şəhid baş leytenant Kamran Hüseynov dəfn edilib

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn edilib. Şəhid doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb. Qeyd edək ki, 1995-ci ildə Neftçala rayonunda anadan olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olub.

Şuşa yaxınlığında məhv edilən separatçıların - Fotosu

Şuşa yaxınlığında erməni separatçılarının törətdiyi təxribata Azərbaycan Ordusunun bölmələri adekvat cavab verib. Sozcu.az xəbər verir ki, erməni Teleqram kanallarında yayılan məlumata görə, atışma zamanı separatçıların 3 polis əməkdaşı məhv edilib.