5 nömrəli Uşaq Vərəm Sanatoriyası cari ilin fevral ayının 27-də və mart ayının 2-də 3 lot üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.
Sozcu.az xəbər verir ki, bu satınalmaların ümumi məbləği 82.715 manat təşkil edib.
Dövlətin pulu nəyə xərclənir?
Sanatoriyanın keçirdiyi satınalmalarda şişirdilmiş rəqəmlərə rast gəlinir. Belə ki, Sanatoriyanın “İstehlakyönlü müxtəlif xidmətlər” lotu üzrə yekun vurduğu satınalma “8 mart” qadınlar günü münasibəti ilə keçiriləcək tədbirlə bağlıdır.
Bu satınalmanın məbləği 40.168 manatdır.
Satınalmanın qalibi isə “VİOLET-F” Məhdud Məsuliyyətli Cəmiyyətidir. “VİOLET-F” MMC 2022-ci ilin iyul ayında təsis edilib. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Bəşirov Fuad Əlişah oğludur. “VİOLET-F” MMC-nin maddi-texniki bazası, fəaliyyət profili, müvafiq lisenziyaları barədə heç bir məlumat yoxdur.
Dövlətin 40 min manatdan artıq vəsaitini tibb müəssisəsinin hansı işlərə xərclədiyinin siyahısına nəzər yetirək:
1. Ssenarinin yazılması və tədbirin hazırlanması
2. Musiqi qrupunun iştirakı (5 nəfər)
3. Zalın bazədilməsi, gül çələngi (təbii güllərdən)
4. Helium şarlar (rəngli) (100 ədəd)
5. Aparıcı 1 nəfər
6. Səsgücləndirmə musiqi alətləri, mikrofonun quraşdırılması və kirayəsi
Qeyd edilən işlərə büdcədən 40 min manat vəsaitin xərclənməsi səlahiyyətli orqanların ixtiyarına buraxıb keçək sanatoriyanın digər satınalmalarına…
“Otkad”da adı hallanan MMC ilə işbirliyi?
5 nömrəli Uşaq Vərəm Sanatoriyasının 2023-cü ilin fevral ayının 27-də “Çirkab mayelərin daşınması” və “İçməli suyun alınması” lotu üzrə yekun vurduğu satınalmalarda da çox ciddi şübhəli məqamlar var.
Bu satınalmaların ümumi məbləği 42.547 manat təşkil edir.
Hər iki lotun qalibi “OPPONENT-2019” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“OPPONENT-2019” 2019-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 5 manat, hüquqi ünvanı isə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 9, mənzil 56 ünvanıdır.
“OPPONENT-2019” MMC-nin qanuni təmsilçisi Allahverdiyev Ruhin Səxavət oğludur.
Əldə etdiyimiz məlumata görə əslən Cəbrayıl rayonundan olan Allahverdiyev Ruhin Səxavət oğlu Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə qeydiyyatdadır. Onun adına xeyli sayda MMC-lərin rəsmiləşdirildiyi və bu MMC-lərin dövlət satınalmalarında “otkad” məqsədlərlə istifadə edildiyi deyilir.
Qlobal.az məsələ ilə əlaqədar 5 nömrəli Uşaq Vərəm Sanatoriyasından mövqe öyrənə bilməyib.
Qeyd edək ki, 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının direktoru Cavadova Ruhəngiz Kamil qızıdır.(Qlobal.az)