Redaktor seçimi

“Ermənilər bayrağımızın altından keçsin, desin ki, Azərbaycan vətənimdir...”

“Ermənilərə sosial müavinətlərin veriləcəyi bağlı səslənən fikirlərin hamısı siyasətdir. Onsuz da ermənilər heç buna gedən də deyillər. Bizimkilər də bunu deməyə məcburdurlar. Ona görə də millət bir balaca gözləsə, daha yaxşı olar”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib. O, siyasi şərhçi Zərdüşt Əlizadənin “Qarabağ ermənilərinin hakimiyyətimiz altına keçməsi üçün onlara 30 il ərzində yığılıb qalan müavinətlərini verməliyik” fikirlərinə münasibət bildirib.  N.Cəfəroğluya görə, bu, sadəcə olaraq dövlətin siyasətidir ki, beynəlxalq təşkilatlara mövqeyimizi göstərək:  “Biz buna dözməliyik, görək, axırı nə olacaq. İndi buna nə hə, nə də yox demək olar. Hazırda elə şeylər də var ki, biz bunun içərisində deyilik, amma dövlət rəsmiləri xarici siyasətimizdə o qədər əziyyətlər çəkir ki, biz nəsə əldə edək”.  “Hesab edirəm ki, ağıllı insanlar gözləməli və fikirləşməlidirlər ki, dövlətin qorunması, habelə bütövlüyü üçün nə vacibdirsə, onu da etməliyik. Xalqımız təmkinli olmalıdır”, - əlavə edib.  “Əgər onlar bizim Konstitusiyamızı qəbul edəcəklərsə, qanunlarımızla oturub-duracaqlarsa, bayrağımızın altından keçəcəklərsə, ən əsası isə Xankəndinin Azərbaycan ərazisi olduğu həqiqəti ilə barışacaqlarsa, onda əhalimiz olduğu üçün biz də onlara hansısa güzəşlər edə bilərik. Amma açıq ürəklə desinlər ki, Azərbaycan mənim dövlətimdir və mən bu dövlətin vətəndaşıyam”, - yekunlaşdırıb. 

“Bakı Nəqliyyat Agentliyi yalandan “online” monitorinqlər apararaq hesabat verir”

“Bu gün düz 40 dəqiqədən artıq “Gənclik” metrostansiyasının yaxınlığındakı dayanacaqda 199 nömrəli avtobusu gözləmişəm. Dayanacaqda 199-u gözləyən iyirmidən artıq insan var idi. İşə, instituta, getdiyi ünvana gecikən... Bakı Nəqliyyat Agentliyi, aylardır ki, sərnişinlər bu marşrut üzrə avtobusların intervalının nizamlanmasını gözləyir. Gediş haqqının 30% bahalaşmasından sonra heç bir keyfiyyət və komfort dəyişikliyindən söhbət gedə bilməz”. Sozcu.az-ın xəbərinə görə, bunu gənc alim Elyar İslamoğlu bildirib. E.İslamoğlu Agentlikdən həmin marşrut xətti üzrə monitorinqlərin təşkil edilməsini istəyib: “Dayanacaqda gözləyən vətəndaşların fikrini, şikayətini öyrənin. Bakı Nəqliyyat Agentliyi yalandan “online” monitorinqlər apararaq hesabat verir. Mini marketi olan dayanacaqlar quraşdırıb qazanc güdməkdən başınız açılanda, avtobuslardan istifadə edən vətəndaşlara azacıq keyfiyyətli xidmət göstərilməsinə də çalışın. Aylardır ki, günün istənilən saatında 199 nömrəli avtobus 30-40 dəqiqə intervalla işləyir. Daha çox tələbələrin istifadə etdiyi bu avtobusun intervalı çox olduğu üçün minmək olmur, yağışda, küləkdə, soyuq havada insanlar yolda qalır. Avtobus sayı azdır. Sahibkardan keyfiyyətli xidmət göstərilməsini, avtobus sayının artırılmasını tələb edin. Qiymətlər bahalaşanda vətəndaşa keyfiyyətli xidmət göstəriləcəyinə BNA söz vermişdi”.

BMT-nin Baş katibi: "Hər on dəqiqədə bir qadın ailə üzvü və ya sevgilisinin əlindən ölür"

"Hər on dəqiqədə bir qadın və ya qızı ailə üzvü, sevgilisinin əlindən ölür". Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar yazdığı məqalədə qeyd olunub. Məqaləni təqdim edirik: "Bütün dünyada qadın hüquqları sahəsində əldə olunmuş irəliləyiş gözümüzün qarşısında yox olmaqdadır. Son proqnozlara görə, hazırkı templə gender bərabərliyinə tam nail olmaq üçün daha 300 il lazım olacaq. Ukraynadakı müharibədən tutmuş fövqəladə iqlim vəziyyətinə qədər bu gün bir birinin üstünə gələn böhranlar ilk növbədə və ən çox qadın və qızlara təsir edir. Demokratiyanın qlobal səviyyədə geriləməsi fonunda isə qadınların öz bədənlərinə dair hüquqları və şəxsi həyatları ilə bağlı müstəqilliyi şübhə altına alınır və inkar edilir. İki statistik məlumat uğursuzluğumuzu çox açıq şəkildə göstərir: Hər on dəqiqədə bir qadın və ya qızı ailə üzvü və ya sevgilisinin əlindən ölür. Hər iki dəqiqədə hamiləlik və ya doğuş zamanı bir qadın ölür. Bu ölümlərin əksəriyyətinin qarşısı almaq mümkündür. Beynəlxalq Qadınlar Günündə daha çox səy göstərmək öhdəliyini üzərimizə götürməliyik. Bu dəhşətli tendensiyaları geri çevirməliyik və hər yerdə qadın və qızların həyat və hüquqlarını müdafiə etməliyik. Bu, mənim əsas prioritetlərimdən biridir və bütün dünyada Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin mərkəzi istiqamətlərindəndir. Cənubi Sudandan Myanmaya qədər böhran vəziyyətində olan qadın və qızları dəstəkləyirik və sülh proseslərində onların səslərinin eşidilməsini təmin edirik. Baş katibin müavini Əminə Məhəmməd bu yaxınlarda Əfqanıstana səfər edib və bizim mesajımızı yerli rəsmilərə çatdırıb: qadın və qızlar əsas insan hüquqlarına malikdir və biz onlar üçün mübarizəni heç vaxt dayandırmayacayıq. Bu il Beynəlxalq Qadınlar Günü elm, texnologiya və innovasiya sahələrində gender boşluğunun aradan qaldırılmasına həsr olunub. Qlobal miqyasda kişilərin internetdə olma ehtimalı qadınlara nisbətən 21 faiz, aşağı gəlirli ölkələrdə isə 50 faiz daha çoxdur. Hətta ən zəngin ölkələr belə gender əsaslı stereotiplər və tarixi qərəzlər səbəbindən uduzur. Texnologiya sənayesində kişilər qadınları iki dəfə üstələyir. Süni intellekt sahəsində isə bu nisbət beşə birdir. Böyük məlumatlar qızıl dəyərindədir və müasir dünyada siyasi və biznes qərarlarının əsasını təşkil edir. Ancaq burada da tez-tez gender fərqliliyi nəzərə alınmır və ya ümumiyyətlə qadınlar görməzdən gəlinir. Hamımız təməlindən gender bərabərsizliyini artıran, habelə rəqəmsal məhsullar hesabına patriarxallığı və qadına qarşı nifrəti əbədiləşdirən məhsul və xidmətlərdən narahat olmalıyıq. Dünyanın Silikon Vadiləri qadın hüquqları üçün Ölüm Vadilərinə çevrilməməlidir. Kişi orqanizminin öyrənilməsi əsasında əldə olunan məlumatlara görə verilən tibbi qərarlar qadınlara nəyinki zərər vura, hətta onların ölümünə səbəb ola bilər. Elm və texnologiya sahələrində qadınlara qarşı ayrı-seçkilik çoxəsrlik patriarxallığın, ayrı-seçkiliyin və zərərli stereotiplərin nəticəsidir. 1901-ci ildən bəri qadınlar elmi kateqoriyalarda Nobel mükafatı alanların yalnız üç faizini təşkil edir. İnternetdə isə qadınlar, o cümlədən elm adamları və jurnalistlər, tez-tez cinsiyyətçi nifrət nitqinə və onları susdurmaq və utandırmaq üçün təhqirlərə məruz qalırlar. Lakin onları susdurmaq mümkün olmayacaq. Qadın və qızlar hər yerdə öz hüquqlarını tələb edirlər və onların sözləri bütün dünyaya yayılır. Qadın və qızların elm və texnologiyanın köməyi ilə dünyanın öyrənilməsinə tam töhfə verə bilməsi üçün bir neçə istiqamətdə əməli tədbirlər görməyə ehtiyacımız var. Ayrı-seçkilik yaradan məlumatlardan tutmuş qızları erkən yaşlarında elmi fənləri öyrənməkdən uzaqlaşdıran stereotiplərə qədər maneələri aradan qaldırmalıyıq. Bütün sahələrdə qərar qəbul edənlər, ehtiyac olarsa kvotalar vasitəsilə, qadınların elm və texnologiyada iştirakını və liderlik imkanları genişləndirməlidirlər. Onlar yaradıcı olmalı, işə qəbuletmə sistemini genişləndirməli və insanları bacarıqlarına görə işə götürməlidirlər. Bununla yanaşı bu səyləri davamlı şəkildə göstərməlidirlər. Gender bərabərliyi öz-özünə baş verməyəcək – bu sahəni prioritetləşdirmək və qərarların icrasına nəzarət etmək lazımdır. Bu yanaşma Birləşmiş Millətlər Təşkilatında artıq öz nəticələrini verir. Qeyd edim ki, bizim əməkdaşlar arasında gender bərabərliyini təmin etmək üçün strategiyamız var. Qadınlar üçün təhlükəsiz rəqəmsal mühit yaratmaq, habelə internetdə onları təhqir edənləri və bu şəxslərə bu şəraiti yaradan rəqəmsal platformaları məsuliyyətə cəlb etmək üçün də tədbir görməyimizə ehtiyac var. BMT ifadə azadlığını qorumaq şərti ilə rəqəmsal platformalarda zərərin azaldılması və məsuliyyətin artırılmasına yönəlmiş davranış qaydalarını hazırlamaq üçün hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor və digərləri ilə işləyir. Qadın hüquqları, iqlim böhranını həll etmək, yoxsulluğu aradan qaldırmaq və daha yaxşı bir dünya yaratmağımızı gözləyə biləcək bir dəbdəbə deyil. Bütün insanlar, icmalar və ölkələrin durumunu yaxşılaşdırmaq və Dayanıqlı İnkişaf üçün 2030-ci il Gündəliyinə nail olmaq üçün qadın və qızlara sərmayələrin yatırılması ən doğru yoldur. Gəlin hər yerdə qadın və qızlar, kişi və oğlanlar üçün daha inklüziv, ədalətli və firavan bir dünya yaratmaq üçün birlikdə çalışaq".

Xalqxeber.Az xəbər portalının 11 yaşı tamam olur

Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur. Sayt 2012-ci il martın 5-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb. Xalqxeber.Az günün 24 saatı işləyir. Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Xalqxeber.Az portalı geniş oxucu auditoriyasına malikdir.  Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur. Xalqxeber.Az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb. Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb. Bu ötən illər ərzində oxucularına hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışıb. Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Xalqxeber.Az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub. 

Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun məhkəməsi başlayır

“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə vəkil Aqil Layıc məlumat verib. İş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. İstintaqın sonunda Əvəz Zeynallı vəkili, həmçinin bu iş üzrə təqsirləndirilən Elçin Sadıqovun müdafiəsindən imtina edib. Qeyd edək ki, “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan təqsirləndirilən Elçin Sadıqov ev dustaqlığına buraxılıb.APA

Şəhid baş leytenant Kamran Hüseynov dəfn edilib

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn edilib. Şəhid doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb. Qeyd edək ki, 1995-ci ildə Neftçala rayonunda anadan olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olub.

Şuşa yaxınlığında məhv edilən separatçıların - Fotosu

Şuşa yaxınlığında erməni separatçılarının törətdiyi təxribata Azərbaycan Ordusunun bölmələri adekvat cavab verib. Sozcu.az xəbər verir ki, erməni Teleqram kanallarında yayılan məlumata görə, atışma zamanı separatçıların 3 polis əməkdaşı məhv edilib.

Xəlfəli yolunda ermənilərlə atışmada hər iki tərəfdən ölən və yaralananlar var - RƏSMİ

Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

DİN və Baş Prokurorluqdan Bakıdakı silahlı basqınla bağlı MƏLUMAT

Bu gün saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Sozcu.az xəbər verir ki, birgə məlumatda qeyd edilir ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb. Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb. Hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub. Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlk əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb. “Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur”, - məlumatda deyilir.

Hər şeyi edirik ki, Rusiya cəzalansın - Zelenski

Ukrayna rus təcavüzü üzrə məhkəməyə maksimum dəstək toplayıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Biz hər şeyi edirik ki, Beynəlxalq Ədalət Məhkəməsi Rusiya cinayətkarlarını cəzalandırmağa nail olsun. Çalışırıq ki, milli hüquq-mühafizə orqanlarımız və məhkəmə qurumlarımız da bütün rus qatilləri və icraçıları üçün ədalətli hökmlər təmin etsinlər", - Zelenski qeyd edib.

Ermənistanın müdafiə naziri istefaya göndərilir

Ermənistanın müdafiə naziri Suren Papikyan vəzifəsindən azad olunacaq. Sozcu.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb. Nəşrin məlumatına görə, nazirin istefası məsələsi həll olunub. Bildirilib ki, baş nazir Nikol Paşinyan Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı müdafiə naziri təyin edə bilər. Qəzetin informasiyasına görə, A.Abazyan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan rəsmiləri ilə əsirlərin mübadiləsi, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar aparıb, konstruktiv mühitin formalaşmasına kömək edib: “Bu isə Nikol Paşinyan üçün vacibdir”.

Elmar Hüseynov məzarının başında anıldı: qətlindən 18 il keçir

Bu gün “Monitor” jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən 18 il ötür. Sozcu.az xəbər verir ki, Martın 2-də Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı, jurnalistlər, ictimai xadimlərlə birlikdə Elmar Hüseynovun məzarını ziyarət edib.  Elmar Hüseynov tənqidi araşdırmaları ilə tanınan və hakimiyyəti sərt tənqid edən jurnalist idi. 2005-ci ilin martın 2-də Elmar Hüseynov qətlə yetirilib. Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist sonda Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hüseynovun ölümü geniş beynəlxalq rezonans doğurub. Onun qətlindən sonra Azərbaycanda ifadə azadlığının durumu sürətlə pisləşməyə başlayıb. Qətldən 18 il vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb.