Ançelottidən Arda Gülerin son durumu ilə bağlı açıqlama

"Real"ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Arda Gülərin zədədən sonra vəziyyəti ilə bağlı danışıb. Sozcu.az xəbər verir ki,  18 yaşlı oyunçu Madrid klubu ilə məşqdə zədələnib. Türkiyə millisinin üzvü klubun ABŞ-dakı təlim-məşq toplanışını vaxtından əvvəl başa vurub. Yaxın vaxtlarda o, Madridə qayıdacaq və müalicəyə başlayacaq. Ançelotti mətbuat konfransında Gülerin son durumu ilə bağlı deyib: “Gülerin zədəsi ilə bağlı durum o qədər də ciddi deyil. Düşünürəm ki, Arda maksimum bir ay xəstəxanada qalacaq". Qeyd edək ki, A.Güler iyulda "Real"la 6 illik müqavilə imzalayıb.

"Aris"in baş məşqçisi "Qarabağ"la qarşılaşmaq istəmir

Kiprin "Aris" komandası Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə yüksəlib. Sozcu.az xəbər verir ki, onlar ikinci təsnifat mərhələsinin cavab görüşündə Belarus BATE-sinə 5:3 hesabı ilə qalib gəliblər. Kipr təmsilçisi öz meydanındakı ilk görüşdə də Belarus klubunu ağır məğlubiyyətə uğratmışdı - 6:2. Beləliklə, "Aris" ikinci mərhələdə 11 qol vurub.  Kiprlilər üçüncü təsnifat mərhələsində "Qarabağ" - "Rakov" (Polşa) cütünə rəqib olublar. Bu cütün son iştirakçısı bu gün Bakıdakı cavab görüşündən sonra aydınlaşacaq. "Aris"in belaruslu baş məşqçisi Aleksey Şpilevski deyir ki, həm "Qarabağ", həm də "Rakov" çətin rəqiblərdir. O, dünən BATE ilə oyundan sonra keçirilən mətbuat konfransında bununla bağlı sualı da cavalandırıb. O bildirib ki, bununla belə, üçüncü mərhələdə "Qarabağ"la deyil, məhz "Rakov"la qarşılaşmaq istərdi. 35 yaşlı mütəxəssis onu da deyib ki, ötən il "Rakov"un baş məşqçisi vəzifəfəsinə dəvət alıb, amma sonda "Aris"də işləmək qərarı verib. "Qarabağ" - "Rakov" görüşü bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.

“Qəbələ”nin futbolçusu: “Bəxtimiz gətirmədi”

“İki zərbəmiz dirəyə tuş gəldi. Bəxtimiz gətirmədi”. Bunu “Qəbələ”nin futbolçusu Murad Musayev Kipr klubu “Omoniya”ya 2:3 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə jurnalistlərə açıqlamasında deyib. 29 yaşlı müdafiəçi rəqibin standart vəziyyətlərdəki üstünlüyünün həlledici rol oynadığını bildirib: “Komandamız yeni yığılıb və ilk rəsmi oyunumuz Konfrans Liqasına təsadüf etdi. Ötən mövsümdəki heyətdən bir çox oyunçu gedib, yeniləri gəliblər. Buna baxmayaraq, layiqli mübarizə apardıq. Matçın bəzi hissələrində rəqibdən güclü idik. Bəxtsiz qollar buraxdıq. Standart vəziyyətlər rəqibin üstün tərəfi idi. “Omoniya” üç dəfə standart vəziyyətdən fərqləndi, onun da biri penalti idi. Xırda səhvlər bizi məğlubiyyətə sürüklədi”. Azərbaycan millisinin üzvü 82-ci dəqiqədə topsuz sahədə “Omoniya”nın hücumçusuna qarşı müdaxiləsindən sonra hakimin penalti təyin etdiyi epizodu da dəyərləndirib: “Penalti epizoduna baxmamışam. Amma məncə, hakim göstərməyə bilərdi. Çünki top ikimizin arasında deyildi və ciddi müdaxilə yox idi. Sadəcə, toqquşma oldu”. Murad Musayev bir həftə sonra keçiriləcək cavab görüşündə revanş almağa çalışacaqlarını sözlərinə əlavə edib: “Şans həmişə var, “Omoniya”nı keçmək olar. Bu matçı yaxşı təhlil edib, səhvləri də aradan qaldıraraq, cavab görüşünə yollanacağıq. “Omoniya”nın, xüsusən də, standart vəziyyətlər zamanı qarşısını almağa çalışacağıq”. Qeyd edək ki, “Qəbələ” ilə “Omoniya” arasında cavab matçı avqustun 3-də Nikosiyada keçiriləcək.

"Rakov" - "Qarabağ" matçı 6-cı oldu

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları arasında ən çox azarkeş toplayan matçlar açıqlanıb. Sozcu.az xəbər verir ki, 12 qarşılaşmanı ümumilikdə 73 278 tamaşaçı izləyib. “Qarabağ”ın Polşa “Rakov”una səfərdə 2:3 hesabı ilə uduzduğu görüşü 5451 nəfər stadiondan izləyib. Matç bu nəticə ilə 6-cı olub.  Ən çox azarkeşi isə “Servette” (İsveçrə) - “Genk” (Belçika) oyunu toplayıb - 18026 nəfər. Qeyd edək ki, "Qarabağ"la "Rakov" arasındakı cavab oyunu avqustun 2-də Bakıda keçiriləcək və saat 20:00-da başlayacaq.

“Qarabağ” Polşaya YOLLANDI: Sabah böyük oyun var

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la qarşılaşacaq “Qarabağ” ilk oyun üçün səfərə yollanıb.  Sozcu.az-ın məlumatına görə, Azərbaycan çempionunu Polşaya aparan təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.  Bu gün ağdamlıların “Miejski” stadionunda oyunöncəsi son məşqi olacaq. Məşq Bakı vaxtı ilə saat 22:00-a nəzərdə tutulub. Bundan əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.  Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. 

Messinin debüt oyunu rekord qırdı

Lionel Messinin "İnter Mayami"də debüt oyunu Amerika televiziyasında rekorda imza atıb. Sozcu.az "TyC Sports"a istinadən yaydığı xəbərə görə, komandanın Liqa Kubokunda "Kruz Azul"a (2:1) qarşı oyununu 12,5 milyon insan izləyib. Bu, Amerika televiziyası tarixində ən çox baxılan futbol oyunudur. Bu oyuna 2022-ci ildəki NBA finallarından daha çox tələbat olduğu qeyd edilir. "Boston" və "Qolden Steyt" oyunlarına orta hesabla 12,4 milyon tamaşaçı baxıb. Qeyd edək ki, Messi “Kruz Azul”la oyunun (2:1) 54-cü dəqiqəsində ehtiyatdan meydana daxil olub və 90+4-cü dəqiqədə cərimə zərbəsində qələbə qolunu vurub.

Ronaldo: "Əl-Nəsr" yeni mövsümdə hər kuboku qazanacaq"

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Yaponiyada təlim-məşq toplanışı zamanı yeni mövsümlə bağlı fikirlərini bildirib. Sozcu.az goal.com-a istinadən xəbər verir ki, o deyib:  “Biz Yaponiyada olmaqdan çox şadıq. "Əl-Nəsr" üçün bu, ilk belə səfərdir. Qarşıda bizi iki yaxşı matç gözləyir və həyəcanlıyıq. Yaponiyada hamı futbola çox həvəslidir. Biz şou göstərmək üçün buradayıq. Yeni mövsümdə bütün kubokları qazanacağımıza ümid edirik. Bəli, çətin olacaq, amma düşünürəm ki, yeni məşqçi və yeni oyunçularla yaxşı komandamız var. Biz möhtəşəm mövsümü səbirsizliklə gözləyirik". "Əl-Nəsr" Yaponiyada PSJ və “İnter”lə qarşılaşacaq. 

"Əl-Nəsr"dən Maneyə təklif

"Bavariya"nın yarımmüdafiəçisi Sadio Mane "Əl-Nəsr"ə keçə bilər. Sozcu.az xəbər verir ki, Kriştianu Ronaldonun da çıxış etdiyi Səudiyyə Ərəbistanı klubu Maneyə bonuslar da daxil olmaqla ildə 40 milyon avro ödəməyə hazırdır. "Bavariya" "Tottenhem"in hücumçusu Harri Keynin transferi üçün vəsait əldə etmək üçün seneqallını satmaqda maraqlıdır.

Ançelotti Arda Güler haqda

"Real"ın baş məşqçisi Karlo Ançelotti bir müddət əvvəl "Fənərbaxça"dan Madrid klubuna keçən türkiyəli yarımmüdafiəçi Arda Gülerlə bağlı fikirlərini bölüşüb . Sozcu.az xəbər verir i, təcrübəli mütəxəssis 18 yaşlı futbolçunu tərifləyib: “Gülerin çox gözəl xüsusiyyətləri var. Düşünürəm ki, bu, "Real" azarkeşlərinin xoşuna gələcək”. Arda Güler ​​“Gənclərbirliyi”nin yetirməsidir. O, 2014-2019-cu illərdə bu klunun akademiyasında olub, daha sonra “Fənərbağça”da çıxış edib, əsas komandanın heyətində 51 matçda 9 qol vurub, 12 məhsuldar ötürmə verib. O, Türkiyə millisində də dörd oyunda iştirak edib. Yarımmüdafiəçinin "Fənərbağça" ilə müqaviləsi 2025-ci ilin yayına kimi qüvvədə idi. 

"Atletiko"nun futbolçusu: "Barselona"ya keçmək istəyirəm"

"Atletiko"nun hücumçusu Joao Feliks arzusunun "Barselona"da oynamaq olduğunu açıqlayıb. Sozcu.az jurnalist Fabrizio Romano "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, portuqaliyalı oyunçu deyib: "Mən "Barselona"da oynamaq istərdim. "Barselona" həmişə ilk seçimim olub və mən bu kluba keçmək istərdim. Bu, mənim uşaqlıqdan bəri həmişə arzum olub. Transfer reallaşsa, mənim üçün bu, gerçəkləşən bir yuxu olacaq". Qeyd edək ki, Feliks ötən mövsümün ikinci yarısı icarə əsasında "Çelsi"də oynayıb.

Yığmamızın Ermənistanla oyununun vaxtı açıqlandı

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin (U-16) Avropa çempionatının C Divizionunda Ermənistanla keçirəcəyi oyunun vaxtı müəyyənləşib. Sozcu.az xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb. Məlumata görə, Kosovonun paytaxtı Priştinada keçiriləcək görüş iyulun 21-nə təsadüf edəcək. B qrupunda mübarizə aparacaq milli buna qədər ilk olaraq iyulun 19-da Kipr seçməsi ilə üz-üzə gələcək. Tahir Baxşıyevin yetirmələri, həmçinin, iyulun 23-də Albaniya, 24-də isə San-Marino ilə qarşılaşacaq. Yığmanın ilk iki matçı Bakı vaxtı ilə saat 17:00-da, digər oyunları isə 19:30-da start götürəcək.

"Neftçi"dən 400 min avroluq transfer

"CFR Kluj" futbolçusu Yuri Matiası "Neftçi"yə satıb. Sozcu.az xəbər verir ki, bu barədə Ruminiyanın "Fanatik" nəşri məlumat yayıb. 28 yaşlı braziliyalı mərkəz müdafiəçisinin tezliklə "Neftçi" ilə rəsmi müqavilə imzalayacağı bildirilib. Nəşrin yazdığına görə, bu transfer üçün "Neftçi" "CFR Kluj"a 400 min avro təzminat ödəyəcək. Sözügedən transfer "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutunun istəyi ilə həyata keçirilib. Qeyd edək ki, artıq futbolçu Rumıniyanı tərk edərək Moskvaya yola düşüb. Hazırda "Neftçi" təlim-məşq toplanışı çərçivəsində bu şəhərdədir. Sabah onlar "Spartak"la yoxlama oyunu keçirəcək. Xatırladaq ki, daha əvvəl "CFR Kluj"un prezidenti Yuri Matiasa görə "Neftçi" ilə danışıqlar apardıqlarını təsdiqləmiş və 700 min avro təzminat tələb etdiklərini demişdi.