Premyer Liqanı bu komanda tərk edir

Bu gün Azərbaycan Premyer Liqasının 36-cı turuna start veriləcək. Sozcu.az xəbər verir ki, mövsümün son turunun ilk oyun günündə 3 görüş baş tutacaq. “Sumqayıt” – “Zirə” və “Qəbələ” – “Kəpəz” matçları eyni saatda start götürəcək. Günün son matçında isə “Səbail” və “Şamaxı” komandaları üz-üzə gələcək. Bu oyunda elitanı tərk edəcək komandanın adına aydınlıq gələcək. Qeyd edək ki, “Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” oyunları isə sabah keçiriləcək.

"Barselona"dan Dembeleyə yeni müqavilə

"Barselona" futbolçusu Usman Dembeleyə yeni müqavilə təklif edib. Sozcu.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi fransalı oyunçu ilə müqavilənin müddətini daha 4 il uzatmaq istəyir. Qeyd edək ki, Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. 26 yaşlı yarımmüdafiəçi bu mövsüm 33 oyuna çıxıb, 8 qol vurub və 7 qolun ötürməsini verib. Xatırladaq ki, Dembelenin Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Andres İnyesta Yaponiya klubundan ayrılıb

Əfsanəvi ispaniyalı futbolçu Andres İnyesta Yaponiya klubu “Vissel Kobe”dən ayrılıb. Bu barədə Asiya təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. 39 yaşlı yarımmüdafiəçi iyulun 1-də komandanın heyətində vida matçına çıxacaq. “Vissel Kobe” həmin gün Yaponiya çempionatının XIX turunda “Hokkaydo”nu qəbul edəcək. Qeyd edək ki, ölkəsinin “Barselona” klubunun yetirməsi olan Andres İnyesta 2018-ci ildən bəri “Vissel Kobe”nin formasını geyinir. O, Yaponiya təmsilçisində 133 oyun keçirib, 26 qol, 25 assistlə yadda qalıb.

“Neftçi”nin Konfrans Liqasında daha bir potensial rəqibi bəlli olub

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində daha bir potensial rəqibi bəlli olub.  İsrail təmsilçisi “Beytar” 2023/2024 mövsümündə qitənin üçüncü dərəcəli klub turnirində iştirak hüququ qazanıb. Yerusəlim klubu İsrail Kubokunu qazanmaqla buna nail olub. 5,000 reytinq xalı olan “Beytar” püşkatma zamanı səpələnməmişlər sırasında yer alacaq. Bununla “Neftçi”nin mümkün rəqiblərinin sayı 12-yə yüksəlib. Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər. UEFA Konfrans Liqası I təsnifat mərhələsi Səpələnmişlər: “Düdelanj” (Lüksemburq) “Riqa” (Latviya) “Maribor” (Sloveniya) “Şkendiya” (Şimali Makedoniya) “Linfild” (Şimali İrlandiya) “Vaduts” (Lixtenşteyn) “Dunayska” (Slovakiya) “Dandolk” (İrlandiya) “Alaşkert” (Ermənistan) “Şkupi” (Şimali Makedoniya) “Riqa” (Latviya) “Tobol” (Qazaxıstan) “B36 Torshavn” (Farer adaları) “Drita” (Kosovo) “Qzira Yunayted” (Malta) “Levadiya” (Estoniya) “Konnas” (Uels) “HB Torshavn” (Farer adaları) “Europa” (Cəbəllütariq) “Domjale” (Sloveniya) “Santa-Koloma” (Andorra) “Proqres” (Lüksemburq) Səpələnməmişlər: “Vikinqur” (Reykyavik, İslandiya) “Sent-Patriks” (İrlandiya) “Vikinqur” (Farer adaları) “Derri Siti” (İrlandiya) “Makedoniya” (Şimali Makedoniya) “Panevezis” (Litva) “Honka” (Finlandiya) “Baltsan” (Malta) “Zimbru” (Moldova) “Haka” (Finlandiya) “Dila” (Gürcüstan) “Birkirkara” (Malta) “Qlentoran” (Şimali İrlandiya) “Heqelmann” (Litva) “İsloç (Belarus) “Akureyri” (İslandiya) “Eqnatia” (Albaniya) “Penibont” (Uels) “Xaverforduest Kaunti” (Uels) “Meqpays” (Cəbəllütariq) “Kosmos” (San-Marino) Qeyri-müəyyənlər: “Dinamo” (Batumi, Gürcüstan) “İnter Eskaldes” (Andorra) “Kruzaders” (Şimali İrlandiya) “Payde” (Estoniya) “Torpedo” (Kutaisi, Gürcüstan) II təsnifat mərhələsi Səpələnmişlər: “Brügge” (Belçika) “Gent” (Belçika) “Makkabi (Təl-Əviv, İsrail) “Viktoriya” (Çexiya) “Budo-Qlimt” (Norveç) “Lex” (Polşa) “Hapoel” (Beer-Şeva, İsrail) “Yurqarden” (İsveç) APOEL (Nikosiya, Kipr) “Beşiktaş” (Türkiyə) “Riyeka” (Xorvatiya) “Styaua” (Rumıniya) “Legiya” (Polşa) “Rusenborq” (Norveç) “Spartak” (Trnava, Slovakiya) “KuPS” (Finlandiya) “Neftçi” (Azərbaycan) “Osiyek” (Xorvatiya) Səpələnməmişlər: “Beytar” (İsrail) “Hammarbü” (İsveç) “Kalmar” (İsveç) “Kauno” (Litva) “Poqon” (Polşa) “Zalaeqerseq” (Macarıstan) “Keçkemet” (Macarıstan) “Boraç” (Bosniya və Herseqovina) “Sabah” (Azərbaycan) “Ordabasi” (Qazaxıstan) “Aktobe” (Qazaxıstan) “Çelye” (Sloveniya) “Auda” (Latviya) Qeyri-müəyyənlər: “Aris” (Saloniki, Yunanıstan) “Voyvodina” (Serbiya)

"Valensiya" - "Real" matçının VAR hakimi ömürlük hakimlikdən kənarlaşdırılacaq

La Liqanın 35-ci turunun "Valensiya" - "Real" (1:0) matçının VAR hakimi İqlesias Villanueva ömürlük hakimlikdən kənarlaşdırılacaq. Sozcu.az AS-a istinadən xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası "Real"ın hücumçusu Vinisius Juniorun meydandan qovulduğu epizodda səhvə yol verən Vilyanuevanın hərəkətindən narazı qalıb. Hakimlər komissiyası Vinisius və "Valensiya"nın hücumçusu Huqo Duronun iştirakı ilə əlavə vaxtda baş verən epizodda Villanuevanın səhv hərəkət etdiyini, nəticədə "Real"ın futbolçusuna birbaşa qırmızı vərəqə göstərildiyini qəbul edib.

İlk dəfə avrokuboklarda mübarizə aparacaqlar

“Brayton” növbəti mövsüm üçün avrokuboklara vəsiqəni təmin edib. Sozcu.az xəbər verir ki, Roberto De Zerbinin komandası Premyer Liqanın 37-ci turunda səfərdə "Sauthempton"a qalib gəlib (3:1). "Brayton" 36 oyundan sonra, sona 1 tur qalmış 61 xalla 6-cı yerdədir. 7-ci sırada "Aston Villa" (37 oyundan sonra 58 xal), 8-ci yerdə "Tottenhem" (37 oyundan sonra 57 xal) qərarlaşıb. Həmçinin, "Brayton"un hələ də 5-ci yerə yüksəlmək şansı var.  "Liverpul" 37 matçdan sonra 66 xalla 5-cidir. Beləliklə, klub mütləq ya Avropa Liqasında, ya da Konfrans Liqasında çıxış edəcək. Bu mövsümə qədər "Brayton" heç vaxt 9-cu yerdən yuxarı qalxmamışdı. Komanda 2017-ci ildən Premyer Liqada çıxış edir.

"Arteta" ilk yay transferini etdi - 4 pəncəsi var

"Arsenal"ın məşq mərkəzində "Labrador" cinsli bir it görünüb. Sozcu.az xəbər verir ki, bunun baş məşqçi Mikel Artetanın yeni ideyası olduğu üzə çıxıb. Mütəxəssis düşünür ki, it oxşamaq stressi azaldır, ümumi əhval-ruhiyyəni yaxşılaşdırır. Buna görə də o, klubun bazasına belə bir heyvan gətirib. Həmçinin Arteta inanır ki, Vin (Win - qələbə - red.) adlı it onlara Premyer Liqa çempionluğunu qazanmağa kömək edəcək. Qeyd edək ki, "Arsenal" hazırda turnir cədvəlində 81 xalla (36 oyun) 2-cidir. "Topçular" sona 2 tur qalmış "Mançester Siti"dən (35 oyun) 4 xal geridədir.

Hakimi təhqir edən Kloppun cəzası məlum oldu

“Liverpul”un baş məşqçisi Yurgen Klopp cəzalandırılıb. Almaniyalı mütəxəssis İngiltərə Premyer Liqasında “Tottenhem”lə matçda (4:3) baş hakim Pol Tirni təhqir etdiyinə görə biri şərti olmaqla ikioyunluq diskvalifikasiya edilib. 55 yaşlı mütəxəssis 75 min funt sterlinq cərimə də ödəməli olacaq. Klopp cəza səbəbindən İngiltərə Premyer Liqasının 37-ci turunun “Aston Villa” ilə ev matçında texniki zonada ola bilməyəcək. Mənbə: BBC

"Everton" bu qiymətə satılır

"Everton"un İran əsilli britaniyalı sahibi Fərhad Moşiri klubu satmağa yaxındır. Sozcu.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. "Everton"un gələn həftənin əvvəlində ABŞ investisiya fondu "777 Partners" tərəfindən alınacağı gözlənilir. Onlar klub üçün 600 milyon funt-sterlinq ödəyəcəklər.  Müqavilənin şərtlərindən biri də yeni sahibinin yeni stadionun tikintisinə 505 milyon sərmayə qoymaq öhdəliyidir. Fərhad Moşiri 2016-cı ildən "Everton"da 94 faiz pay sahibidir.  Qeyd edək ki, "mersisaydlılar" 36 turdan sonra Premyer Liqanın turnir cədvəlində 17-cidirlər.

"Qarabağ" çempion olmağa öyrəşib, yenilik deyil" - Redon Cica

"Qarabağ"ın albaniyalı futbolçusu Redon Cica ölkəsinin "Supersport" telekanalına açıqlama verib. Sozcu.az xəbər verir ki, o, Ağdam təmsilçisi ilə bu mövsüm yaşadığı ölkə çempionluğu haqda danışıb: "Azərbaycanda "Qarabağ"ın çempionluğunu təmtaraqlı qeyd etmədik. Komanda son illər tez-tez ölkə çempionu olmağa öyrəşib və bu, yenilik deyil". 24 yaşlı hücumçu Azərbaycana və "Qarabağ"a uyğunlaşdığını deyib: "Yüngül zədə almışam və 100 faiz hazır deyiləm. Mümkün qədər yaxşı mövsüm üçün əlimdən gələni edirəm. Nə vaxt şansım olsa, əlimdən gələni edəcəyəm və rəhbərliyin transferə olan etimadını doğruldacağam. Fasilə mənə kömək edəcək. Sonra yeni mövsümdə start heyətində olmaq üçün hazırlıq mərhələsində əlimdən gələni edəcəyəm". Cica bildirib ki, yanvarda olan transfer futbolçu üçün yaxşı deyil, çünki komandaya uyğunlaşmaq çətindir: "Yayda hazırlıq mərhələsi olduğundan komandanın oyun üslubunu başa düşmək olur. "Qarabağ"a qış transfer pəncərəsinndə, fasilədə ilk oyundan beş gün əvvəl gəlmişdim. Oyunun gedişindən xəbərim yox idi. Mən sadəcə oynadım və əlimdən gələni etdim, amma indi komandaya uyğunlaşmışam. Ümid edirəm ki, növbəti mövsüm start heyətdə oynayacağam". R.Cica bildirib ki, qışda ayrıldığı "Tirana" Albaniya çempionu olsa, həmin klubdan da medal istəyəcək: "Tirana" çempion olsa, medal istəyəcəyəm. Çünki mövsümün ilk mərhələsində komandaya töhfə vermişəm. Futbolçunun bir mövsümdə 2 medal qazanması tez-tez baş vermir". Qeyd edək ki, "Tirana" Albaniya çempionatında 59 xalla liderdir.  Xatırladaq ki, "Qarabağ"  yarışın bitməsinə 2 tur qalmışdan 10-cu ölkə çempionluğunu təmin edib.

"Arsenal"dan transferlərə 200 milyon avro

"Arsenal" bu yay böyük transferlərə hazırlaşır.  Sozcu.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Bildirilib ki, London təmsilçisi heyəti gücləndirmək üçün 200 milyon avrodan çox pul ayırıb. "Arsenal"ın əsas hədəfləri Deklan Rays ("Vest Hem") və Moyzes Kaysedodur ("Brayton"). Qeyd edək ki, "Arsenal" İngiltərə Premyer Liqasında 81 xalla 2-ci pillədə qərarlaşıb.

"Qarabağ"ın ÇL-dəki 9 potensial rəqibi məlum oldu

Növbəti mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın 1-ci təsnifat mərhələsindəki 9 potensial rəqibi müəyyənləşib. Sozcu.az xəbər verir ki, Ağdam təmsilçisi səpələnmişlər səbətində yer alacaq. "Qarabağ"ın 15 potensial rəqibindən 9-u aşağıdakılardır:  “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Haken” (İsveç), “Valmiyera” (Latviya), “Larn” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift Esperanj” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya). 1-ci təsnifat mərhələsinin püşkü iyunda atılacaq, oyunlar isə iyulda keçiriləcək. Qeyd edək ki, ÇL-in 1-ci təsnifat mərhələsində 32 komanda iştirak edəcək. Onlardan artıq 22-si məlumdur. Bu komandalardan 10-u səpələnmişlər, 9-u səpələnməmişlər səbətində yer alacaq. Digər 3 komandanın hansı səbətdə olacağı hələlik məlum deyil.