Xırdalanda ər arvadını BIÇAQLADI

Mayın 2-də Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, B.Səfəroğlu küçəsində yerləşən evdə kirayədə yaşayan 1987-ci il təvəllüdlü Şahin Kərimov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Rəna Kərimovaya bıçaqla çoxsaylı xəsarətlər yetirib. Sol kürək, sol döş qəfəsi və qarın boşluğuna daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarətlər alan qadın xəstəxanaya çatdırılıb. Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Şahdağ, Xınalıq və Qrıza qar yağıb - FAKTİKİ HAVA

Mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub. Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Əhmədli stansiyasında yük vaqonu relsdən çıxdı

Bu gün saat 05:30 radələrində Əhmədli stansiyasında manevr işləri aparılarkən bir yük vaqonu relsdən çıxıb. Bu barədə Sozcu.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib. Məlumata görə, nəticədə vaqondan yük axını baş verib. Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.

Cəbrayılda mina partladı - Ölən var

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mina partlayışı baş verib. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Elşad Hacıyev məlumat verib. Məlumata görə, atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.

Məktəbin qarşısında 7 yaşlı uşağı maşın vurub öldürdü

Bakıda 7 yaşlı uşağı orta məktəbin qarşısında maşın vurub. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Elsevər Gülməli oğlu Dədəcanov özünə məxsus “Volksvagen” markalı avtomobillə Binə qəsəbəsində yerləşən 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu sağdan sola doğru keçmək istəyən piyada – 2016-cı il təvəllüdlü İbrahim Orxan oğlu Məmmədovu vurub. Azyaşlı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, orada ölüb. Faktla bağlı Xəzər RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bakıda sürücü yol kənarındakı avtomobili və piyadanı vurub

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Əhmədov Azad Rəmzi oğlu idarə etdiyi “AUDİ A6” markalı avtomobillə Xəzər rayon ərazisində əvvəlcə yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Volkswagen Golf” markalı avtomobili, ardınca isə yolun sağ kənarında dayanmış piyada 1993-cü il təvəllüdlü Kazımov Aqil Rasim oğlunu vurub. Piyada A.Kazımov almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb, “Volkswagen Golf” markalı avtomobilin sürücüsü 1970-ci il təvəllüdlü Kərimov Vüqar Tofiq oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Şəkidə üzərində tapança gəzdirən keçmiş məhkum həbs olunub

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sozcu.az-a verilən məlumata görə, şöbəyə Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Söhrab Məmmədovun Şəki rayonu ərazisində üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapança, 4 ədəd patron və daraq aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində tapançanı bir müddət əvvəl Mingəçevir şəhərində yaşadığı binanın zirzəmisindən tapdığını və Şəki rayonuna isə qohumlarıgilə qonaq gəldiyini bildirib. S.Məmmədovdan götürülən tapança və patronlar ekspertizaya təqdim olunub, ekspertizanın da rəyinə əsasən sihahın atəşə tam yararlı olduğu müəyyən edilib. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, odlu silahın hər hansısa bir cinayətdə istifadə olunub-olunmaması ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. Məhkəmənin də qərarı ilə S.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Danışmaq adı ilə telefonları istəyib, oğurlayan şəxs tutuldu

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Fuad Soltanov saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Araşdırma zamanı onun telefonla danışmaq adı ilə zərərçəkənlərə yaxınlaşdığı daha sonra onların gözündən yayınaraq mobil telefonlarla birlikdə hadisə yerindən yayındığı müəyyən edilib. Fuad Soltanovun paytaxtın bir neçə rayonunda analoji cinayətlər etdiyi müəyyən edilib. Nizami rayonunda isə o, əldə etdiyi mobil telefonlardan birində zərərçəkənə məxsus bank kartının məlumatlarından istifadə edərək 995 manat pulu da öz hesabına köçürərək oğurluq edib. Faktla bağlı Nizami RPİ-nin 25-ci PŞ-də araşdırmalar davam etdirilir. Fuad Soltanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Ağsuda 10 yaşlı uşağı maşın vurub - vəziyyəti ağırdır

Ağsuda piyadanı maşın vurub. Bu gün günorta saatlarında rayon sakini Mahmudov İslam idarə etdiyi VAZ 2107 markalı avtomobillə piyada 2013-cu il təvəllüdlü Fərzalizadə Zaur Təhsin oğlunu maşınla vurub. Hadisə nəticəsində ağır bədən xəsarətləri və başından xəsarət alan 10 yaşlı uşaq rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Uşağın vəziyyəti ağır olduğundan uşaq Bakı Nerocərrahiyə xəstəxanasına göndərilib. Fakta bağlı araşdırma aparılır.

FHN: Ötən sutka 28 yanğına çıxış olub, 4 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. FHN-dən verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 8 nəfər xilas edilib.

Metroda mobil telefon oğurlayan şəxs saxlanılıb

Bakı Metropolitenində mobil telefonu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən verilən məlumata görə, Metropolitendə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində metronun “28 May” stansiyasında bir sərnişinin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Qasımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Gədəbəydə maşın aşdı, sürücü öldü

Gədəbəy rayon Düz Yurd kənd ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, Gədəbəy rayon sakini, 1998-ci il təvəllüdlü Sezar Səfərov idarə etdiyi avtomobili aşırıb. O, qəza nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.