Həbsdə olan qohumuna narkotik keçirmək istəyən qadın saxlanıldı

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rasim Arif oğlu Əsgərova sovqat gətirmiş qohumu - Gəncə şəhər sakini Jalə Məhərrəm qızı Kazımovanın əşyalarına və üzərinə baxış keçirilən zaman sellofan paketin alt hissəsində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 4,633 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 3,419 qram olan narkotik maddə - heroin, ümumi çəkisi 0,44 qram olan narkotik maddə - marixuana, əynindəki şalvarın bel hissəsində xüsusi üsulla gizlədilmiş 2 ədəd tibbi şpritsin içərisində ümumi çəkisi 0,5 ml olan heroin məhlulu aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Bakıda təcili eniş edən təyyarə yola düşdü

"Britiş Eyrveys" (British Airways) aviaşirkətinin London-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Sozcu.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb. Bildirilir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub. "Boinq 787" (Boeing 787) təyyarəsi yerli vaxtı ilə saat 05:09-da Bakı hava limanına uğurla eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb. Onunla birlikdə Bakıda ailə üzvü olan daha bir reys sərnişini qalıb. "Britiş Eyrveys" aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Honkonqa Bakı vaxtı ilə saat 07:37-də yola düşüb.

Dəhşətli qəzada öldüyü deyilən sürücünün meyiti yoxa çıxdı

Dünən Yevlax rayonunda baş vermiş ağır qəzada ölən və yaralananların adları məlum olub. “Qafqazinfo” xəbər verir ki, 2003-cü il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun idarə etdiyi “Mersedes C 200” markalı avtomobilin Bərdə-Stansiya Mingəçevir yolunun Yevlaxın Kolanı kəndi ərazisindən keçən 42-ci km-də aşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Belə ki, avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində ölüb, digər sərnişinlər: 2006-cı il təvəllüdlü Hacızadə Məhəmməd Elnur oğlu, 2003-cü il təvəllüdlü Məhərrəmov Mikayıl Həsrət oğlu və Yusufov Əli Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə şəhəri Diaqnostika Mərkəzinin Acil Şöbəsinə yerləşdiriliblər. Hadisədən sonra sürücü Vəfadar İsmayılzadəni qəzanın baş verdiyi yerdə aşkar etmək mümkün olmayıb. Qəza “Yuxarı Qarabağ” kanalına yaxın ərazidə baş verdiyindən hadisə vaxtı sonuncunun kanala düşməsi ehtimal olunur. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Yevlaxda avtomobilin kanala düşməsi nəticəsində batan şəxsin axtarışları davam etdirilir

Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir. Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək

Cəlilabad sakini qətlə yetirildi: saxlanılan var

Mayın 27-də saat 18:30 radələrində Cəlilabad rayonu Əliqasımlı kəndində 1985-ci il təvəllüdlü Şamo Şamil oğlu Əzimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə Ş.Əzimovun həmkəndlisi, 1991-ci il təvəllüdlü Rəşad Aydın oğlu Aslanov şübhəli bilinir. O, saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. R.Aslanov polisə könüllü təslim olub. Araşdırma aparılır.

Göygöl sakini həmkəndlisini bıçaqladı

Göygöl rayonunun Mollacəlilli kəndində bıçaqlanma hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, kənd sakini Nəsrəddin Əhmədov gecə saatlarında həmkəndlisi Ayxan Nağızadəyə bıçaqla ağır xəsarət yetirib. İlkin araşdırma zamanı hadisənin Ayxan Nağızadənin həmkəndlisi barəsində nalayiq ifadələr işlətməsi səbəbindən baş verməsi məlum olub. Qarın nahiyəsindən ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı Göygöl RPŞ-də CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, Ayxan Nağızadə şübəli şəxs qismində tutulub.

Tovuda 75 yaşlı kişi minaya düşdü - Təfərrüat

09:22 Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib. DİN-in Mətbuat xidmətinin regional qrupundan Sozcu.az-a bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar. Onun sol ayağından xəsarət aldığı bildirilir. Hazırda xəstəxanada müalicəsi davam etdirilir. *** Tovuz rayonunda yerli sakinin minaya düşərək yaralandığı hadisənin təfərrüatı məlum olub. Report-un məlumatına görə, 1948-ci il təvəllüdlü Abdulla Ələsgərov mal-qaranı otaran zaman qadağan olunmuş əraziyə keçib və nəticədə mina partlayışı baş verib. Əvvəllər həmin şəxsə ərazinin minalı sahə olması, həyatı üçün təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq olub. Faktla bağlı araşdırma davam etdirilir.

Yatdığı yerdə ölən 7 yaşlı uşaqla bağlı - Rəsmi açıqlama

Baş Prokurorluq mayın 24-də Siyəzən şəhərində 7 yaşlı oğlanın müəmmalı şəkildə ölməsi ilə bağlı açıqlama verib. Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il təvəllüdlü Məhəmməd Eyvazlının ölməsinə dair Siyəzən rayon prokurorluğunda araşdırma aparılır: “İlkin araşdırma zamanı azyaşlının bədəni üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm səbəbinin müəyyən olunması məqsədilə müvafiq ekspertiza təyin edilib, həmçinin digər zəruri hərəkətlər aparılıb. Hazırda rayon prokurorluğunda araşdırma davam etdirilir”. “Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, 7 yaşlı uşaq mayın 24-nə keçən gecə yatdığı yerdə vəfat edib. Belə ki, səhər vaxtı onun valideynləri yuxudan oyanmadığını və huşunun üzərində olmadığını görüblər. Azyaşlı dərhal uşağı Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırsa da, onun artıq bir neçə saatdır vəfat etdiyi bildirilib. Ölümün hansı səbəbdən baş verməsi hələlik tam aydınlaşmasa da, kriminal əhəmiyyətli olmadığı bildirilir.

Xırdalanda 700 minlik cinayət - Qadın müdir həbs olundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən iş adamı, Xırdalandakı "İncilər” bağçasının və tədris mərkəzinin rəhbəri Təravət Bilalovaya hökm oxunub. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-Külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib. Bildirilib ki, T.Bilalova qohumu olan bir neçə nəfərdən, rəhbərlik etdiyi bağçada çalışan işçilərdən və digər şəxslərdən qızıl biznesi ilə məşğul olmaq adı ilə külli miqdarda pul alıb. Belə ki, 1987-ci il təvəllüdlü T.Bilalova 2020-ci ildə pandemiya ilə əlaqədar rəhbərlik etdiyi bağçanın fəaliyyətinin müvəqqəti dayandırılmasından sonra ətrafındakı şəxsləri hər ay 10 faiz gəlir gətirəcək qızıl biznesinə pul qoymalarına həvəsləndirib və yüksək qazanc vəd edərək ümumilikdə 9 nəfərdən 700 min manata yaxın (4250, 47.600, 198.000, 60.000, 54.000, 91.000, 40.580, 162.000, 39.970 manat olmaqla) pul alıb. Lakin sonradan həmin şəxslər dələduzluqla qarşılaşdıqlarını görərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Təravət Bilalova özünü ittiham üzrə qismən təqsirli bilib. Məhkəmə ona 6 il 6 ay müddətinə həbs cəzası təyin edib. Onun barəsində verilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilib və məhkəmə zalındaca həbs edilib.

Qəbələdə ağır qəza: yaralananların sayı artdı

13:28 Qəbələdə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumatlara görə, hərəkətdə olan mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində xeyli sayda yaralananlar var. Hazırda hadisə yerində araşdırma aparırlar, xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir. *** Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir. *** Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına 20 nəfər yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili tibbi yardım şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir.

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edildilər

Beynəlxalq axtarışa verilmiş 2 şəxs Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Baş prokurorluğun vəsatətləri əsasında Polşa  və Rusiya  tərəfindən müvafiq olaraq "Ekstradisiya haqqında" 13.12.1957-ci il tarixli Avropa Konvensiyanın və müvafiq Əlavə Protokollarının, həmçinin «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Yusif Əliyev və Lamin Vəliyevin ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub. Azərbaycan ərazisində Lamin Vəliyevin oğurluq, Yusif Əliyevin isə quldurluq cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində beynəlxalq axtarış elan edilib. Mayın 25-də Lamin Vəliyev və Yusif Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Kürdəmirdə Türkiyə vətəndaşı qəzaya düşdü

Kürdəmir rayonunda Türkiyə vətəndaşı qəzaya düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Mehmet Dəmir motosikletlə hərəkətdə olarkən VAZ-21011 markalı avtomobillə toqquşub. Nəticədə Mehmet Dəmir müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırılır.