Xocalıda ağır qəza: ölənlər var

Mayın 7-si saat 10 radələrində Xocalı Rayon Polis Şöbəsinə Zəfər Yolunun Xocalı rayon Baharlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Sozcu.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Onun sözlərinə görə, ilkin araşdırmalar zamanı məlum olub ki, Şuşa şəhər sakini 1959-cu il təvəllüdlü Hüseynəli Süleymanov idarə etdiyi İSUZU markalı yük avtomobili ilə idarəetməni itirərək avtomobili aşırıb. “Hadisə nəticəsində sürücü H. Süleymanov və sərnişin, İmişli rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Nuriyev hadisə yerində ölmüş, digər sərnişin, 1982-ci il təvəllüdlü İmişli rayon sakini Ramil Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırmalar davam etdirilir”.

Zaqatalada maşın yanıb

Zaqatalada minik avtomobili yanıb. Sozcu.az-ın məlumatına görə, hadisə səhər saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayon sakini Nail Camal oğlu İbrahimova məxsus “QAZ 3110” markalı minik avtomobili hərəkətdə olarkən maşında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib, yanğın söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.apa

Bir həftə ərzində 3 mağaza və 1 aptek soydu

Cəlilabadda bir həftə ərzində 3 mağaza və 1 aptekdən oğurluq edən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində yerləşən apteklərdən birindən 3360 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səyad Həmidov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun bir neçə gün ərzində əlavə olaraq 3 mağazadan da müxtəlif məbləğlərdə pul, danışıq kartları, tütün məmulatları və digər əşyalar oğurladığı müəyyən edilib. Məhkəmənin qərarı ilə S.Həmidov barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Tovuzda yaşlı qadın vəhşicəsinə öldürüldü

Tovuz şəhərində ahıl qadının ölümünə səbəb olan hadisənin bəzi təfərrüatları məlum olub. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə Tovuz şəhəri, Eldəniz Əliyev küçəsində olan fərdi yaşayış evlərin birində qeydə alınıb. Belə ki, Tovuz rayon sakini, 1952-ci il təvəllüdlü İntizar Bağırova aprelin 30-da yaşadığı evdə taxta parçası ilə döyülərək müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, ahıl qadınla onun evində kirayədə yaşayan, 1990-cı il təvəllüdlü Aynaz Alıyev arasında mübahisə baş verib. Bu zaman A. Alıyeva onu taxta parçası ilə döyərək evin pilləkənindən yıxıb, daha sonra isə qadına bir neçə dəfə həmin taxta parçası ilə zərbələr endirərək ona ağır bədən xəsarətləri yetirib. Mərhumun qonşularının dediyinə görə, A.Alıyeva boşanmış qadın olub, bir oğlu və bir qızı var. Qızı onunla, oğlu isə atasının yanında qalıb. A. Alıyeva Elçin Əliyev adında biri ilə elə həmin evdə qeyri-rəsmi münasibətdə yaşayıblar. Qonşular bildirib ki, bir gün mərhum İ. Bağırovanı küçədə kefsiz halda görüblər və ondan bunun səbəbini maraqlanıblar. Mərhum qadın bildirib ki, evində kirayədə yaşayanlar onun pulunu və qızıl-zinət əşyalarını oğurlayıblar. “Biz də Aynaza iradımızı bildirdik ki, bəs evində qaldığınız yaşlı qadının niyə qızıllarını oğurlamısınız, qaytarın qadının qızıllarını, yoxsa polisə məlumat verəcəyik. Onda Aynaz cavabında bildirib ki, borcları var, məcbur olub qızılları götürüblər və pul qarşılığında əmanət qoyublar. Lakin bir müddət sonra eşitdik ki, belə bir hadisə olub”-deyə mərhumun qonşuları bildirib. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən A. Alıyeva və onunla qeyri-rəsmi münasibətdə yaşayan E. Əliyev mərhumun evində bir neçə ay öncədən kirayədə qalırmış. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanıb. Aynaz Alıyeva və onunla birgə kirayədə yaşayan Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Xırdalanda ər arvadını BIÇAQLADI

Mayın 2-də Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, B.Səfəroğlu küçəsində yerləşən evdə kirayədə yaşayan 1987-ci il təvəllüdlü Şahin Kərimov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Rəna Kərimovaya bıçaqla çoxsaylı xəsarətlər yetirib. Sol kürək, sol döş qəfəsi və qarın boşluğuna daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarətlər alan qadın xəstəxanaya çatdırılıb. Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Şahdağ, Xınalıq və Qrıza qar yağıb - FAKTİKİ HAVA

Mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub. Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Əhmədli stansiyasında yük vaqonu relsdən çıxdı

Bu gün saat 05:30 radələrində Əhmədli stansiyasında manevr işləri aparılarkən bir yük vaqonu relsdən çıxıb. Bu barədə Sozcu.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib. Məlumata görə, nəticədə vaqondan yük axını baş verib. Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.

Cəbrayılda mina partladı - Ölən var

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mina partlayışı baş verib. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Elşad Hacıyev məlumat verib. Məlumata görə, atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.

Məktəbin qarşısında 7 yaşlı uşağı maşın vurub öldürdü

Bakıda 7 yaşlı uşağı orta məktəbin qarşısında maşın vurub. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Elsevər Gülməli oğlu Dədəcanov özünə məxsus “Volksvagen” markalı avtomobillə Binə qəsəbəsində yerləşən 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu sağdan sola doğru keçmək istəyən piyada – 2016-cı il təvəllüdlü İbrahim Orxan oğlu Məmmədovu vurub. Azyaşlı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, orada ölüb. Faktla bağlı Xəzər RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bakıda sürücü yol kənarındakı avtomobili və piyadanı vurub

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Əhmədov Azad Rəmzi oğlu idarə etdiyi “AUDİ A6” markalı avtomobillə Xəzər rayon ərazisində əvvəlcə yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Volkswagen Golf” markalı avtomobili, ardınca isə yolun sağ kənarında dayanmış piyada 1993-cü il təvəllüdlü Kazımov Aqil Rasim oğlunu vurub. Piyada A.Kazımov almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb, “Volkswagen Golf” markalı avtomobilin sürücüsü 1970-ci il təvəllüdlü Kərimov Vüqar Tofiq oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Şəkidə üzərində tapança gəzdirən keçmiş məhkum həbs olunub

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sozcu.az-a verilən məlumata görə, şöbəyə Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Söhrab Məmmədovun Şəki rayonu ərazisində üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapança, 4 ədəd patron və daraq aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində tapançanı bir müddət əvvəl Mingəçevir şəhərində yaşadığı binanın zirzəmisindən tapdığını və Şəki rayonuna isə qohumlarıgilə qonaq gəldiyini bildirib. S.Məmmədovdan götürülən tapança və patronlar ekspertizaya təqdim olunub, ekspertizanın da rəyinə əsasən sihahın atəşə tam yararlı olduğu müəyyən edilib. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, odlu silahın hər hansısa bir cinayətdə istifadə olunub-olunmaması ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. Məhkəmənin də qərarı ilə S.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Danışmaq adı ilə telefonları istəyib, oğurlayan şəxs tutuldu

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Fuad Soltanov saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Araşdırma zamanı onun telefonla danışmaq adı ilə zərərçəkənlərə yaxınlaşdığı daha sonra onların gözündən yayınaraq mobil telefonlarla birlikdə hadisə yerindən yayındığı müəyyən edilib. Fuad Soltanovun paytaxtın bir neçə rayonunda analoji cinayətlər etdiyi müəyyən edilib. Nizami rayonunda isə o, əldə etdiyi mobil telefonlardan birində zərərçəkənə məxsus bank kartının məlumatlarından istifadə edərək 995 manat pulu da öz hesabına köçürərək oğurluq edib. Faktla bağlı Nizami RPİ-nin 25-ci PŞ-də araşdırmalar davam etdirilir. Fuad Soltanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.