Krıma yeni hücum: Daha 2 təyyarə vuruldu

Ukrayna ordusu Rusiyanın Krımda yerləşən hərbi bazasına növbəti dəfə PUA-larla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumata görə, hücum nəticəsində Rusiyaya məxsus iki ədəd An-26 nəqliyyat təyyarəsi məhv edilib. Bundan başqa, iki ədəd radiolokasiya stansiyası da zərərsizləşdirilib. Qeyd edək ki, sentyabrın 23-nə keçən gecə Ukrayna işğal olunmuş Krımdakı Kaça aerodromunda iki təyyarəni vurmuşdu.

Bakıda 23 yaşlı oğlan qəfil öldü

Bakıda 23 yaşlı oğlan qəfil vəfat edib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Nihad Camal oğlu Seyidəliyev sentyabrın 23-də axşam saat 20 radələrində küçədə olarkən qəfil özünü pis hiss edib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. İlkin ehtimala görə, N.Seyidəliyev ürək çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə maşın 13 yaşlı yeniyetməni vurdu

Mingəçevirdə maşın 13 yaşlı piyadanı vurub. Sozcu.az-ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib. Belə ki, İkram Yusifov idarə etdiyi "VAZ -21015" markalı avtomobillə 2012-ci il təvəllüdlü Yusif Rüstəmovu vurub. Müxtəlif bədən xəsarətləri alan yeniyetmə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Tələbələr arasında dava: biri bıçaqlandı

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində tələbələr arasında yaranan mübahisə bıçaqlanma ilə bitib. Belə ki, hadisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi xXəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

Qusarın Laza kəndində yolu sel suları basdı - Foto

Qusarın Laza kəndində yolu sel suları basıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərtac-a kənd sakinləri məlumat verib. Güclü yağışlar nəticəsində sentyabrın 22-si səhər saatlarında Laza kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən daş-palçıq qarışıqlı sel suları axıb. Sel suları kənd ərazisində piyada körpüsünü və yolu basıb. Evlərə və istirahət məkanlarına ziyan dəyməyib. Əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub və fəsadlar qısa müddətdə aradan qaldırılıb. Qeyd edək ki, Azərbaycanın şəlalələr diyarı adlandırılan Laza kəndi əcnəbi və yerli turistlər arasında məşhurdur.

Kamçatkada növbəti güclü zəlzələ baş verdi

Kamçatkada 6,1 bal gücündə zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. Məlumata görə, zəlzələ 25 km dərinlikdə, Petropavlovsk-Kamçatskidən 180 km şərqdə baş verib.

Naxçıvanda avtobus dərəyə aşdı: 15-dən çox yaralı

Naxçıvanda avtobus qəzaya düşüb. Sozcu.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15 sərnişin xəsarət alıb. Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər (DİN) və Fövqəladə Hallar (FHN) nazirliklərinin əməkdaşları cəlb olunublar.

Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü

Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Şovu kəndində qeydə alınıb. Belə ki, "Mersedes" markalı avtomobil məktəbə gedən Gülay Əlizadə və onun qardaşı Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda 9 yaşlı uşaq faciəvi şəkildə öldü

Hacıqabulda yük avtomobili velosiped sürən 9 yaşlı uşağı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Atbulaq kənd sakini, 2016-cı il təvəllüdlü M.V velosipedlə hərəkətdə olarkən onu yük avtomobili vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Söyüş üstündə sinif yoldaşını bıçaqlayıb öldürdü

14:51 Cəlilabad rayonunda məktəblilər arasında mübahisə baş verib. Sozcu.az xəbər verir ki, rayonun Xəlilabad kəndində qeydə alınan hadisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. *** Cəlilabad rayonunun Xəlilabad kəndində məktəblinin öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Report-un məlumatına görə, öldürülən 11-ci sinif şagirdi Kənan İmanzadə və onun qətlində şübhəli bilinən sinif yoldaşı Sadiq Əsgərov Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Bildirilib ki, kəndlərində məktəb olmadığı üçün hər ikisi Xəlilabad kənd orta məktəbində təhsil alırmış. İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib. Dünən şagirdlər arasında mübahisə yaranıb, lakin digər sinif yoldaşları davanın böyüməsinin qarşısını ala biliblər. Bu gün səhər isə evlərindən mətbəx bıçağı götürən S.Əsgərov birinci dərsdən sonra K.İmanzadəni başqa sinfə çağıraraq yenidən mübahisə edib və daha sonra həmyaşıdının qarın boşluğu və döş qəfəsinə bıçaqla zərbə endirib. Ağır yaralanan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

İranda iki polis öldürüldü, biri yaralandı

Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin Xaş-Zahidan yolunda İran polislərinin olduğu avtomobilə silahlı hücum edilib. Sozcu.az xəbər verir ki, bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Məlumata görə, hücum nəticəsində 2 polis həlak olub, biri isə yaralanıb. Bölgəyə çox sayda hərbçi və polisin cəlb olunduğu, yolların bağlandığı bildirilib. Silahlı hücumun məsuliyyətini hələlik heç bir təşkilat öz üzərinə götürməyib.

Rusiyada son sutkada 62 afterşok oldu: biri 7,4 bal gücündə

Kamçatkada son sutka ərzində maqnitudası 3,5-7,4 bal olan 62 afterşok baş verib, onlardan 8-i hiss olunub. Sozcu.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, afterşoklardan birinin maqnitudası 7,4 bal olub. Yaşayış məntəqələrində 6 bala qədər hiss olunub. Sunami təhlükəsi elan edilib. Qeyd edək ki, Kamçatkada ötən gün 7,5 bal gücündə zəlzələ baş vermişdi.