Şəhərin mərkəzində qorxudan elan: Adam döymə, yaralama, qaçırma qiymətləri...

İstanbulda son zamanlar internet üzərindən kirayə qatillərin elanları artıb. Tetikçilər, ev və avtomobil elanları kimi açıq şəkildə xidmətlərini təklif edir, insan həyatı üzərindən qiymət razılaşmaları aparırlar. Hətta bəzi Telegram qruplarında endirim kampaniyaları belə təklif olunur. Sozcu.az xəbər verir ki, “Haber Global” komandası bu elanlara müraciət edərək, "Bir kişi tərəfindən təhdid olunuram, onun ölməsini istəyirəm, qiymət nə qədərdir?" sualını yönəldib. Aldıqları cavablar şokedici olub: Bədən bölgələrinə görə qiymətlər: bel altı 200 min TL, bel üstü 400 min TL, tam infaz 3 milyon TL. Mağazaya hücum: 30-50 min TL. Girov üçün adam qaçırma: 400 min TL-dən başlayır. Yaralama və ya döymə: 50 min TL. Onlar hədəfin məlumatlarını tələb edir və planlarını belə izah edirlər: "Maşın nömrəsini ver, GPS yerləşdirəcəyik, mübahisə görüntüsü yaradıb, gizlənərək işi bitirəcəyik." Hətta "Yaralı istərsən?" sualına "Ölür, narahat olma" kimi soyuqqanlı cavablar verirlər. Həbs riski ilə bağlı isə "Bizdən heç kimə bir şey olmaz" deyirlər. Bu cür elanlar və fəaliyyətlər, internetin təhlükəli tərəfini və hüquq-mühafizə orqanlarının bu sahədəki çətinliklərini bir daha gündəmə gətirir. İnsan həyatının bu qədər ucuz qiymətlərlə alınıb-satılması cəmiyyət üçün ciddi bir təhdiddir.yenisabah)

İşdən çıxarılan məktəb direktorunun “ürəyi getdi“

Bakı ən böyük məktəblərindən biri olan 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova işdən çıxarılıb. Bakupost.az bu barədə öz mənbələrinə istinadən xəbər verir. Qeyd olunur ki, işdən çıxarılmaq xəbərini eşidən direktor özünü xəstəliyə vurub. Belə ki, ərizəyə qol çəkərkən, Mehriban Ələkbərovanın "ürəyi gedib". Onun vəzifədən getməmək üçün bülleten açdırdığı da bildirilir. Qeyd edək ki, bundan əvvəl məktəb direktorunun adı müxtəlif neqativ hadisələrdə hallanıb.

“Range Rover” qazini vurdu, vəziyyəti ağırdır

Sumqayıtda “Range Rover” markalı avtomobil 32 yaşlı Rəşad Poladovu vurub. Vətən müharibəsi qazisi olan Rəşad ağır xəsarətlər alıb. Xəstəxanaya çatdırılan kişinin dalağı və kəllə sümüyünün bir hissəsi götürülüb. TƏBİB-dən soğrumuza cavab olaraq bildirilib ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 17.05.2025-ci il tarixində saat 14:10 radələrində 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub: “Ona dalağın cırılması, müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi diaqnozları təyin edilib. Şəxs cərrahi əməliyyat olunub və onun dalağı xaric olunub. Vəziyyəti ağır qiymətləndirilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. Ailə üzvlərinin yazılı iltizamnaməsinə əsasən 18.05.2025-ci il tarixində saat 03:40 radələrində sözügedən şəxs özəl tibb müəssisəsinə təxliyə olunub”.Qafqazinfo)

Ukrayna ordusu Rusiyanın Qara dənizdəki obyektlərini vurdu

Rusiyanın Qara dənizdəki radiolokasiya sistemi və qaz hasilatı platformalarındakı anbarları məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyat zamanı suüstü və hava dronlarından istifadə olunub.

Şabranda ağır qəza: ölənlər var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "AzSamand" markalı minik avtomobili və “Reno” markalı yük avtomobili toqquşub, 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

Gəncədə 18 yaşlı gənc bıçaqlanıb, saxlanılan var. Sozcu.az "Report"a istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M.Tağıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 18 yaşlı Rihat Cəfərov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Traktordan yıxılan şəxs xəstəxanada öldü

Bərdə rayonunda 6 gün əvvəl traktorun qoşqusundan yıxılan şəxs xəstəxanada ölüb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, rayonun Yeni Daşkənd kənd sakini, 2000-ci il təvəllüdlü Kənan Əlizadə ot gətirməyə gedərkən traktorun qoşqusundan yıxılıb. Nəticədə o, ağır xəsarət alıb və Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin apardığı müalicəyə baxmayaraq K.Əlizadənin həyatını xilas etmək mümkün olmayıb və mayın 17-də vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda ticarət mərkəzində FACİƏ

Şamaxıda xadimə hündürlükdən yıxılıb. Sozcu.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Megacity" ticarət mərkəzində baş verib.  Burada xadimə işləyən 32 yaşlı Günel Vəkalət qızı Yəhyayeva 3-cü mərtəbənin pəncərəsindən yerə yıxılıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.   Araşdırma aparılır.

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, rəsmi məlumatda deyilir: 3 il əvvəl törədilən cinayətdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü şəxs avtomat silahdan istifadə etməklə qəsdən adamöldürmə və odlu silahın qanunsuz saxlanılması ittihamı ilə tutulub. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adamöldürmə) və 236-cı (odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması) maddələri üzrə istintaq aparılır. Qeyd edək ki, mayın 6-da Saqareco rayonunun Keşəli kəndindən olan Aydın Həmzəyevin ailə üzvləri və yaxınları Tiflisdə Baş Prokurorluq qarşısında aksiya keçirib, qatilin cəzalandırılmasını tələb edib. Saxlanılan şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Aytacdan sonra daha bir meyit tapıldı

Tiflisdə Kür çayının suyunun azaldılmasından sonra aparılan axtarışlar nəticəsində daha bir naməlum meyit aşkarlanıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, məlumatı Fövqəladə Halların İdarəetməsi Xİdməti yayıb. Bildirilib ki, axtarışlar nəticəsində mayın 14-də baş vermiş avtomobil qəzası ilə əlaqəli olmayan daha bir meyit aşkarlanıb. Xilasedicilər çaya düşmüş avtomobilin 2 sərnişinin meyitlərini də tapıblar. Qeyd edək ki, xilasedicilər ötən gün axtarışlar zamanı Ortaçala SES yaxınlığında naməlum qadın meyiti aşkarlayıblar. Tibbi ekspertiza nəticəsində onun Qardabani rayonunun Kosalı kəndindən olan 21 yaşlı Aytac Məmmədovanın olduğu məlum olub. Avtomobil qəzası nəticəsində itkin düşmüş daha bir şəxsin axtarışları davam etdirilir.

4 uşaq anası xəstəxanada müayinə zamanı öldü

Gəncədə müayinə üçün xəstəxanaya gələn 4 uşaq anası orada ölüb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada baş verib. Şəhər sakini, 1966-cı il təvəllüdlü Ramilə Bayramova qan təzyiqi ilə bağlı xəstəxananın təcili yardım şöbəsinə müraciət edib. Müayinə edilərkən qadının təzyiqi qəfil yüksəlib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın müayinə otağında dünyasını dəyişib.

Qubada dəhşət: Fəhlələri cərəyan vurdu - Ölən var

Qubada iki nəfəri elektrik cərəyanı vurub. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə Əski İqriq kəndinin ərazisində baş verib. Burada Bakı şəhər sakini 40 yaşlı Fuad Əliyevə məxsus evdə təmir işləri aparılarkən paytaxt sakini 60 yaşlı Xanlar Məhəmmədəli oğlu Paşayevin idarə etdiyi “Mersedes” markalı betonqarışdıranın borusu elektrik xəttinə dəyib. Nəticədə orada fəhlə işləyən Qobustan rayon sakinləri 25 yaşlı Əsəd Elman oğlu Hüseynquliyevi və 24 yaşlı Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub. Ə.Hüseynquliyev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən Ş.Yusibovun vəziyyəti orta-ağırdır. Araşdırma aparılır.