“Keçmiş rəisi maşınımı gülləbaran etdi, cəmi 1 il həbs verdilər”

İş adamı Şirzad Quliyev keçmiş polis rəisi Rza Hacıyevin onu təhdid etdiyi üçün aldığı cəza müddətindən narazıdır. “Qafqazinfo”ya müraciət edən Quliyev bildirib ki, sabiq rəis onu ictimai yerdə avtomatla hədələyib, maşınını gülləbaran edib. Bununla belə Ali Məhkəmə Hacıyevə cəmi 1 il azadlıqdan məhrum etmə cəzası verib. Xatırladaq ki, Rza Hacıyev Milli Qəhrəman Əlif Hacıyevin qardaşıdır. O, vaxtilə Neftçala və Sabunçu rayonlarının polis rəisi olub. 2021-ci il dekabrın 16-da Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan Şirzad Quliyevin “Lexus” markalı maşınına avtomatdan 9 dəfə atəş açıb. Buna görə barəsində cinayət işi başlanaraq həbs edilib. Şirzad Quliyev müraciətində qeyd edir ki, hadisə baş verən zaman ətrafda çoxsaylı yaşayış evləri olmasına baxmayaraq, Hacıyev qanunsuz gəzdirdiyi “Kalaşnikov” avtomatı ilə 3-4 metr məsafədən onun avtomobilini atəşə tutub: “Avtomobilə 15 min manat ziyan dəydi. Maşın bir qırağa, bu, mənim həyat və sağlamlığım üçün real təhlükə idi. Rza Hacıyev Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilindi. Sabunçu Rayon Məhkəməsi Rzanın şəxsi əlaqələri sayəsində ona şərti cəza vermişdi. Lakin Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirib real cəza ilə əvəz etdi. Rza Hacıyev 4 il müddətinə azadlıqdan məhrum edildi. Rza kassasiya şikayəti verdi və işə Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baxıldı. Hakimlər cinayətin odlu silahdan istifadə edilməsi ilə törədilməsinə, ictimai yerdə törədilməsinə baxmayaraq, belə nəticəyə gəldilər ki, Rza Hacıyevin əməllərində xuliqanlıq yoxdur. Onun cəzasını 1 ilə endirərək qısa müddətdə azadlığa çıxması üçün şərait yaratdılar”. Məsələ ilə bağlı Ali Məhkəməyə sorğu ünvanlasaq da, sorğumuza cavab verilməyib. Qeyd edək ki, hadisə zamanı DİN açıqlama yayaraq bildirmişdi ki, Rza Hacıyev münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk edib. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Uzun illər daxili işlər orqanlarında çalışan Rza Hacıyev 2014-cü ildə polis polkovniki kimi təqaüdə göndərilib. Onun adı 2014-cü ildə Türkiyədə qətldə hallanıb. İddia olunub ki, Hacıyev AST Telmana məxsus “Mardan Palace” hotelində bir qadını döyərək öldürüb. Lakin iddialar təsdiqlənməyib. Məlumata görə, Hacıyevlə şərikinin davası isə biznes üstündə olub. Belə ki, onların Sabunçu rayonunda 600 kv. metrlik şərikli əmlakı olub. Şəriklik pozulanda Şirzad Quliyev əmlakın dəyərinin 50 faizi kimi nəzərdə tutulan 580 min manatı tələb edib. Hacıyev isə əmlakın sənəd üzərində ona məxsus olmasından istifadə edərək heç bir ödəniş etməyib. Məhkəmənin gedişatı zamanı isə sabiq rəis şərikinə 350 min manat ödəyib. Şirzad Quliyev qalan 230 min manatının hələ də ödənilmədiyini bildirir. Qeyd edək ki, cinayət işləri üzrə məhkəmə çəkişmələrində Ali Məhkəmə sonuncu instansiyadır. Onun qərarı yekun hesab olunur və dəyişdirilmir. Yalnız Ali Məhkəmənin sədri tərəfindən qərar plenuma çıxarılaraq müzakirə oluna və yenidən baxıla bilər.

Maştağada qətl: evinin qarşısında öldürüldü

Martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Sabunçu rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı Əli Seyidlinin ürək nahiyəsindən kəsici-deşici, üz nahiyəsindən isə küt alətlə yetirilmiş xəsarət nəticəsində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Rüfət Səfərova hücum edildi

Müdafiə Xətti” İnsan Hüquqları Mərkəzinin rəhbəri Rüfət Səfərov küçədə naməlum şəxsin hücumuna məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi özünün sosial şəbəkə hesabında yazıb.

Rusiyanın Su-24 təyyarəsi məhv edildi

Ukrayna hərbçiləri Rusiyanın Su-24 bombardmançı təyyarəsini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb. Məlumata görə, təyyarə Donetsk vilayətinin Baxmut yaxınlığında vurulub.

Qafan 3 gündür yanır

Martın 12-də Qafan şəhərinin Bağaberd məhəlləsinə bitişik dağın ətəyində baş verən yanğın hələ də söndürülməyib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, Qafanda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Biləsuvarda azyaşlının əlində pirotexniki vasitə partlayıb, gözündən xəsarət alıb

Biləsuvar rayonunda İlaxır çərşənbə günü azyaşlının əlində pirotexniki vasitə partlayıb və o xəsarət alıb. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü Y.Haqverdiyevin əlində pirotexniki vasitə partlayıb. O, gözündən və göz ətrafı nahiyədən ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb.

Casusluq edən xarici ölkə vətəndaşı həbs edildi - DTX

Azərbaycanda casusluq edən xarici ölkə vətəndaşı həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb. Bildirilib ki, istintaq olunan cinayət işi üzrə aparılan araşdırmalar zamanı xarici ölkə vətəndaşı, 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olmuşdur. Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə araşdırmalar davam edir.

Sabunçuda əl qumbarası aşkarlanıb - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib. 

Bakıda maşın aşdı: qadın öldü

Bu gün paytaxtın kənar dairəvi yolunun 4-cü km-də KİA markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Namiq Mirqasım oğlu Seyidovun maşını yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. Qəza zamanı sürücü yüngül xəsarət alıb, sərnişini, 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmova ölüb. "Dəfələrlə xəbardar edilməsinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi sürücülər yüksək sürətin ölümə səbəb olduğunu belə ağır faciələr başlarına gəldikdən sonra anlayırlar", - DYP rəsmisi vurğulayıb. Faktla bağlı araşdırma aparılır.

Arvadını öldürən şəxs saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Y. Hümbətovanı qətlə yetirməkdə şübhəli bilinən E. Quliyev Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Axar.az-a bildirib ki, bundan başqa Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 13-də həyat yoldaşı, Astara rayon Maxşan kənd sakini 1993-cü il təvəllüdlü G. Qəhrəmanovanı qətlə yetirməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Yusif Verdiyev saxlanılaraq Astara RPŞ-nin əməkdaşlarına təhvil verilib.

Manaf Ağayevin oğlu həbs edilib

Müğənni Manaf Ağayevin oğlu həbs edilib. Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşmənəyi tövsiyyə edib. Lakin Müşviq yol polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Müşviq Ağayevi polis bölməsinə aparıb. Məlum olub ki, Müşviq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.

Qəbələdə meşəlik ərazidə yanğın

18:14 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Vəndam qəsəbəsi yaxınlığında meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. FHN-dən Sozcu.az-a verilən məlumata görə, yanğınsöndürənlərin səyi nəticəsində yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. *** Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Vəndam qəsəbəsi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Yanğın nəticəsində 2 hektar sahədə qurumuş ağaclar, kötük, kol-kos və xəzəl yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub. Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.