Bakıda dava düşdü: Bıçaqlananlar var

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BAKU.WS-ə bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub. Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. *** Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib. Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub. Yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Maye qaz balonu partlayıb, xəsarət alan var

Gəncədə evdə maye qaz balonu partlayıb. Hadisə nəticəsində 1958-ci il təvəllüdlü Y.Vəliyev yuxarı ətrafının yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.APA

Elektrik şəbəkəsinin dispeçirini elektrik cərəyanı vuraraq öldürdü

Ağcabədi Elektrik Şəbəkəsinin dispeçirini elektrik cərəyanı vuraraq öldürüb. Ağcabədi Elektrik Şəbəkəsinin dispeçiri vəzifəsində işləyən, Hindarx sakini Səlim İsmayılov qəsəbə ərazisində elektrik dirəyindəki naqilləri təmir edərkən elektrik cərəyanı vurub. Nəticədə o hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.Report

Toyu yasa çevirənlər: Karvanlara ciddi nəzarət olunmalıdır

Bir neçə gün əvvəl Bəhrəmtəpə-Biləsuvar yolunda toy karvanında faciə yaşanıb və 5 nəfər həyatını itirib. Yol polisi hadisədən sonra bir daha xəbərdarlıq edib ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalıdır. “Əksinə bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər. Nəzərə almaq lazımdır ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərtdir. Bu həm də dəyər verdiyimiz insanların ən xoş günlərinin xoşbəxt anlarla yadda qalmasına töhfə verən davranışdır”, - qurumdan bildirilib. Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, toylarda baş verən qəzaların səbəbləri cəmiyyət olaraq bizi narahat etməyə bilməz. “Bizim milli adət-ənənələrimizin başlıcası toydur. Toy hər bir xalqın, xüsusən də Azərbaycan xalqının milli kimliyidir. Toy bir adətdir, ənənədir, kimlikdir. Amma toylarda qəzaların olması, xoşagəlməz hadisələrin baş verməsi insanlarda məyusluq hissi yaradır. Xüsusən toyda baş verən zaman ölüm hallarının olması, kiminsə sağlamlığını itirməsi toyda qanqaralıq yaradır. Bu nöqteyi nəzərdən toylarda belə hadisələrə qarşıyıq. Yaxşı olar ki, toyun ağsaqqalları bu zaman öz mövqeyini bildirsin. Toy üzvləri, yaşlılar bu məsələlərə nəzarət etməlidir. Xüsusən gənclərin idarə etdiyi nəqliyyat vasitələrinə yüksək həssaslıqla nəzarət olunmalıdır. Qəzaların minimum səviyyədə olması üçün nəzarət maksimum artırılmalıdır. Bu halda müəyyən nailiyyətdən danışmaq olar. Əks halda qanqaralıq olacaq, peşmanlıq hissi vətəndaşları məyus edəcək”.

II kurs tələbəsi vəfat etdi

Bakı Qızlar Universitetinin tələbəsi vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə “Azərbaycan tələbələri” feysbuk səhifəsi məlumat yayıb. M. Rəsulzadə universitetin Məktəbəqədər təhsil ixtisasının II kurs tələbəsi olub. Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

İranda güclü partlayış: 30 ölü, 17 yaralı

11:12 İranın Cənubi Xorasan əyalətinin Tabas şəhərində şaxtada partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd məlumat verib. Məlumata görə, partlayış nəticəsində 28 nəfər ölüb, 17 nəfər yaralanıb. Kolivənd 24 nəfərin itkin düşdüyünü bildirib. Hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilir. *** Saat 9-a (yerli vaxtla) olan məlumata görə, Tabas şəhərində kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Bu sözləri İranın Cənubi Xorasan əyalətinin Böhranların İdarə Olunması şöbəsinin baş direktoru Məhəmməd Əli Axundi deyib.

Sumqayıt-Bakı yolunda zəncirvari qəza: 6 maşın...

Sumqayıt-Bakı şosesinin Abşeron gənclər şəhərciyinin yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Oxu.az-a istinadla zəncirvari qəzada altı avtomobilə ziyan dəyib. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mətbuat Xidmətindən araşdırmanın nəticəsinə uyğun olaraq açıqlama veriləcəyi bildirilib.

Bakıda ağır qəza: ölən və yaralanan var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Eyvaz İsmayılov idarə etdiyi "Lada Priora" markalı avtomobillə 1982-ci il təvəllüdlü Kamil Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Elvin Musazadə isə gözündən aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.

Bakıda körpünün üzərində iki maşın yanır

Nəsim rayonu, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb. Qəza səbəbindən hər iki avtomobildə yanğın olduğundan, 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Sumqayıtda 20 yaşlı fəhlə faciəvi şəkildə öldü

Sumqayıtda 20 yaşlı fəhlə yüksəklikdən yıxılaraq ölüb. Hadisə Zeynalabdin qəsəbəsinin ərazisində qeydə alınıb. Sozcu.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Səfəralı Faiq oğlu Səfərov qəsəbədə aparılan tikintilərdən birində iş zamanı hündürlükdən yıxılaraq hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

İlk dərs günü bədbəxt hadisə: 16 yaşlı məktəbli itkin düşdü

İsmayıllıda tədris ilinin başladığı ilk gün bədbəxt hadisə yaşanıb. Sozcu.az-ın məlumatına görə, 16 yaşlı məktəbli İbrahim Babazadə itkin düşüb. Məktəblinin əmisi saytımıza açıqlamasında bildirib ki, hadisə ötən gün saat 1-2 radələrində baş verib. Belə ki, dərsə getmək adı ilə evdən çıxan yeniyetmə geri qayıtmayıb: "İbrahim dünən İsmayıllı-Bərdə avtobusu ilə Bərdəyə gedib. Hazırda polis araşdırma aparır, kameralar izlənilir. Bərdədə yanğınsöndürmə idarəsinin yanında şəhid bulağında əl-üzünü yuyub, su içib. Daha sonra ətrafdakı insanlardan mərkəzə gedən avtobus barədə soruşub. Ona 1 nömrəli avtobusa minməsi deyilib. Kimsə onu Bərdənin mərkəzinə çağırıb".  Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verilib, araşdırma aparılır.

İlk dərs günü şagird sinif yoldaşını bıçaqladı

Goranboyda bıçaqlanma hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Sozcu.az -a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A. Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub. Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R. Musayevin törətməsi məlum olub. Faktla bağlı araşdırma aparılır.