"Ukrayna cəbhəsindəki rus fərarilər Ermənistana qaçır"

“Səfərbər edilmiş Rusiya qoşunlarının bir qrup əsgəri işğal olunmuş Krım yarımadasında öz alayının komandir müavinini döyərək öldürüb və hadisə yerindən qaçıb”. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı xarici mediaya məlumat ötürüb. Həmin məlumatda qeyd edilir ki, Rusiyanın cənub hərbi dairəsinin səkkizinci ordusuna daxil olan 20-ci motoatıcı diviziyasının əsgərləri noyabrın 1-də polkovnik Musurbekova ağır bədən xəsarətləri yetiriblər. Həmin gün hücumu törətməkdə şübhəli bilinən hərbçilər geyimlərini atıb mülki şəxs qismində qaçıblar. Onlar Simferopol rayonundakı bazanı tərk edərək, Rusiyanın qonşu Krasnodar vilayətinə qaçıblar. Ukrayna kəşfiyyatı bildirib ki, döyüləndən 6 gün sonra polkovnik Musurbekov Simferopoldakı xəstəxanada aldığı xəsarətlərdən dünyasını dəyişib. Ukrayna Baş Qərargahı bildirib ki, Ukraynadakı müharibəni tərk edən Rusiya hərbçilərinin sayı artır. Aşağı əhval-ruhiyyə, zəif təchizat və təlim, eləcə də Vladimir Putinin komandanlıqla bağlı problemlərə genişmiqyaslı müdaxiləsi başlayandan bəri çoxsaylı belə məlumatlar var. Belə ki, bu ilin avqustunda Ukraynanın işğal olunmuş Xerson vilayətindəki bir qrup rus əsgəri Rusiya Əsgər Anaları Komitəsinə videomüraciət yayıb və orada onların əhval-ruhiyyəsini “döşəmə səviyyəsindən aşağı” kimi təsvir ediblər. Ukraynanın “RBC Ukraine” nəşri son aylarda rus qoşunlarının fərarilik hallarının artdığını vurğulayıb. Məsələn, bu il mayın 25-də Ukraynanın şərqindəki Luqansk vilayətinin Svatove yaxınlığında səfərbər edilmiş 20-yə yaxın rus əsgər yük maşınını oğurlayaraq qaçıb. İyunun 9-da eyni bölgənin işğal altında olan Arapivka şəhərində 90-na yaxın rus əsgəri də fərarilik edib. Donetsk vilayətinin Rusiyanın işğalı altında olan Soledar şəhərindəki hərbi hissədən də keçmiş məhbus olan 7 silahlı əsgər qaçıb. Onlardan üçü daha sonra saxlanılıb. Ukrayna mətbuatı cümə günü 76-cı Qvardiya Hava Hücum Diviziyasının hücum briqadasından olduqlarını bildirən iki nəfərin Ukraynanın Zaporojye vilayətinin Berdyansk şəhərində bir komandirin onu təhqir etdiyi üçün tabeliyində olan şəxsi güllələyərək öldürdüyünü də bildirib. Qeyd edək ki, Almaniyanın “Deutsche Welle” agentliyi belə bir xəbər yaymışdı ki, fərarilərin çoxu postsovet ölkələrinə – Ermənistana və ya Qazaxıstana gedib.konkret)

Maskdan ŞOK sözlər: “Qəzzada bir uşaq öldürülürsə...”

“Əgər Qəzzada bir uşağı öldürürsünüzsə, bir israillini öldürəcək ən azı bir neçə HƏMAS üzvü yaratmış olursunuz”. Bu barədə “SpeysX” şirkətinin qurucusu İlon Mask deyib. “Əsas problem öldürülən hər HƏMAS üzvünün yerinə neçə yeni üzvün meydana çıxmasıdır. Əgər öldürdüyünüzdən daha çoxunu yaradırsınızsa, demək ki, uğursuzsunuz”, - deyə Mask bildirib. (Axar.az)

Bu ölkələrdə ət Azərbaycandan 2 dəfə ucuzdur: “Bizdə monopoliyadır”

“Bazara müdaxilə etmək doğru deyil. Əksinə, hökumət çalışmalıdır ki, ölkədə ərzaq bolluğu yaransın, daha ucuz məhsul istehsal olunsun və digər qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda ətin qiyməti əhali üçün əlçatan və münasib olsun”. Bu sözləri Yenisabah.az-ala söhbətində kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. O, ətin qiymətinin 1-2 AZN aşağı salınması bağlı yayılan xəbərlərdən sonra paytaxtın ət bazarlarındakı hazırkı vəziyyəti şərh edib. Xatırladaq ki, hazırda qiymət azalması deyiləndən daha azdır və bir çox ət dükanlarında ətin kilosu 14 manata müştərilərə təklif olunur. Bildirək ki, əvvəllər bu qiymət 14 manat 50 qəpik civarında qərarlaşmışdı. Öz növbəsində, V. Məhərrəmov qeyd edib ki, aparılan araşdırmalar onu göstərir ki, əksər ölkələr illik adambaşına beynəlxalq normaya uyğun ət istehsal edir: “Ona görə də bu ölkələrdə ətin qiyməti Azərbaycanla müqayisədə 2 dəfə ucuzdur. Məsələn, Rusiya, Qazaxıstan və digər ölkələri buna misal göstərmək olar. Hətta Gürcüstanda belə ətin qiyməti Azərbaycana nisbətən xeyli aşağıdır. Əsas odur ki, ölkədə normaya uyğun məhsul istehsal olunsun. Belə olan zaman qiymətlər uyğun olacaq”. “O ki qaldı hansısa ticarət obyektlərində ətin qiymətinin 50 qəpik-1 manat düşməsinə, bu, normal haldır. Çünki hər bir ticarət obyektinin özünün xərcləri var. İkincisi isə ümumiyyətlə, bazar iqtisadiyyatında yuxarıdan göstəriş verib qiymətləri inzibati qaydada aşağı salmaq düzgün deyil. Burada hökumətin işi ondan ibarət olmalıdır ki, o, monopoliyanı aradan götürsün. Əgər istehsalı lazımi səviyyəyə qaldıra, o cümlədən normaya uyğun olaraq ölkə əhalisinin ətlə təminatını təşkil edə bilmiriksə, deməli, bazardan monopoliya götürülməlidir. Monopoliya ümumiyyətlə, aradan qaldırılmalıdır”, – mütəxəssis əlavə edib. Ekspert nümunə olaraq onu da vurğulayıb ki, azərbaycanlılar il ərzində 40 kiloqram ət istehlak edir:  “Bizdə idxalda monopoliya mövcuddur, indi də kəsimi ələ alıblar. Əgər əvvəllər hər bir qəssab kəsimi özü həyata keçirirdisə, indi bu, mərkəzləşib. Hətta rayonlarda da bu tendensiya özünü büruzə verir. Bu da ətin hər kiloqramına təxminən 1 manat əlavə edir”. “Hökumət bu kimi süni baryerlər yaratmaq özü qiymət artımında bir vasitəçiyə çevrilib. İndi isə qiymətin aşağı salınması ilə bağlı elan edirlər. Yaxşı, bəs aşağı nə qədər salınmalıdır? Bu barədə hökumət bir qiymət deyə bilmir. Məsələn, 1 manat, yaxud manat yarım aşağı salınsın – bu, yoxdur. Ola bilər ki, hökumət kimlərəsə tapşırıq verir ki, bu şəxslər də qəssablara və ət satışı ilə bağlı sahibkarla tapşırıq versin ki, qiymətlər düşsün. Amma hər sahibkar bu məsələdə öz xərcinə uyğun yanaşır və qiyməti ona uyğun elan edir”, – müsahibimiz fikirlərini tamamlayıb.

İsrail HƏMAS-a yox, bütün Fələstinə qarşı savaşır - Ştaye

İsrail hazırda təkcə HƏMAS hərəkatı yox, bütün Fələstin xalqına qarşı müharibə aparır. Sozcu.az xəbər verir ki, bu sözləri Fələstin Baş naziri Məhəmməd Ştaye deyib. “Heç birimiz bu və ya digər tərəfdən dinc əhalinin öldürülməsini dəstəkləmirik. Halbuki İsrailin indi etdiyi HƏMAS-a qarşı yox, bütün Fələstin xalqına qarşı müharibədir”, - Ştaye bildirib. Ştayenin sözlərinə görə, İordan çayının qərb sahilində bu il azı 350, oktyabrın 7-dən isə 147 nəfər ölüb: “Üstəlik, israilli nazirlərdən biri məskunlaşanlara silah paylanması əmrini verib. Bu, fələstinlilərin öldürülməsinə icazə verilməsi deyilsə, bəs nədir? İndi bizim həqiqətən ehtiyacımız olan şey müharibənin dayandırılmasıdır. Çünki humanitar yardımın ehtiyacı olanlara çatdırılması üçün bu lazımdır”.

İrəvandan Kremlə cavab: Bu, heç bir sənəddə yoxdur!

Ermənistan hökuməti bu yaxınlarda “Dünyanın kəsişməsi” layihəsini elan edib. Onun əsasında regional kommunikasiyaların açılacağı təqdirdə Ermənistanın öz ərazisində dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirməsi dayanır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Rusiya XİN-in rəsmi nümayəndəsinin bəyanatı ilə bağlı şərhində deyilir. “Bundan əlavə, bu yaxınlarda Ermənistan Milli Təhlükəsizlik Xidmətində xüsusi şöbə yaradılıb, onun vəzifəsi regional kommunikasiyaların açılacağı təqdirdə bu rabitələrin, eləcə də malların, yüklərin, nəqliyyat vasitələri və onların vasitəsilə daşınan insanların təhlükəsizliyini təmin etməkdir. Ermənistan Respublikası heç vaxt heç bir sənəddə öz suverenliyinə hər hansı məhdudiyyətlə razılaşmayıb və onun suveren ərazisinin heç bir hissəsində üçüncü ölkənin nəzarəti bərqərar oluna bilməz”, - bəyanatda bildirilib. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü açıqlamasında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiya FTX-nin həyata keçirməsinin qəbul edildiyini bildirib. Zaxarova bu sözlərində 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndinə əsaslanıb.

Rəsmi Brüssel: İsrailə qarşı sanksiyaların vaxtıdır

Belçika baş nazirinin müavini hökuməti Qəzzada mülki hədəflərə edilən hücumları araşdırmağa və İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə Reuters məlumat yayıb. Baş nazirin müavini Petra De Sutter deyib: "İsrailə qarşı sanksiyaların vaxtı çatıb. Bomba yağışı qeyri-insani hərəkətdir. İsrailin atəşkəslə bağlı beynəlxalq tələblərə əhəmiyyət vermədiyi aydındır". De Sutter deyib ki, Avropa İttifaqı İsraillə iki tərəf arasında iqtisadi və siyasi əlaqələri inkişaf etdirmək üçün bağlanmış assosiasiya sazişini dərhal dayandırmalıdır. De Sutter həmçinin İsrailə qarşı iki yeni məhdudiyyət təklif edib. Birinci məhdudiyyət işğal olunmuş Fələstin ərazilərindən məhsulların idxalına qadağa qoyulmasıdır. İkincisi, silahlıların, siyasətçilərin və müharibə cinayətlərinə görə məsuliyyət daşıyan əsgərlərin Aİ-yə daxil olmasını qadağan etməkdir.

Girovlarımızı azad etmədən atəşkəs olmayacaq - Netanyahu

Girovlarımızı azad etmədən atəşkəs olmayacaq. Sozcu.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. Netanyahu ölkəsinin anklavda saxlanılan girovlar azad edilmədən Qəzza zolağında hər hansı atəşkəsə razı olmayacağını təsdiqləyib. Qeyd edək ki, bir gün əvvəl televiziya ilə xalqa müraciətində Netanyahu vurğulamışdı ki, İsrail bu mövqeyini həm düşmənlərinə, həm də dostlarına çatdırır.

İşğalçı Rusiya 6 istiqamətdə uğursuz hücum etdi...- Ukrayna hücumu davam etdirir...

Rusiyanın Ukraynada genişmiqyaslı silahlı təcavüzünün 623-cü günü başlayıb. Ukraynada son 24 saat ərzində cəbhədə 45 hərbi toqquşma baş verib. Düşmən ümumilikdə 6 raket və 50 hava zərbəsi endirib, qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 64 zərbə vurub. Rusiya terror aktları nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar var. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının noyabrın 8-i səhər hesabatında deyilir. Severski və Slobojanski istiqamətlərində düşmən sərhədyanı ərazilərdə hərbi mövcudluğu saxlayır, qoşunlarımızın onlar üçün təhdid istiqamətlərinə atılmasının qarşısını almaq üçün aktiv təxribat işləri aparır, Belqorod bölgəsi ilə dövlət sərhədində mina partlayıcı maneələrin sıxlığını artırır.  Kupyansk istiqamətində düşmən Xarkov vilayətinin Sinkovka, İvanovka, Berestovo yaşayış məntəqələri ərazilərində uğursuz hücum əməliyyatları keçirib, müdafiəçilərimiz düşmənin 6 hücumunu dəf ediblər. Limansk istiqamətində düşmən Serebryanski meşə təsərrüfatı sahəsində uğursuz hücum əməliyyatları keçirib. Baxmut istiqamətində Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Donetsk vilayətində Boqdanovka, Andreyevka və Kleşiyevka yaxınlığında işğalçıların 6 hücumunu dəf ediblər. Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Baxmut şəhərinin cənubunda düşmənə canlı qüvvə və texnikada itkilər verərək, əldə olunan xətlərdə mövqelərini möhkəmləndirərək hücum əməliyyatlarını davam etdirir. Avdeyevka istiqamətində düşmən Avdeyevkanı mühasirəyə almaq cəhdlərindən əl çəkmir. Əsgərlərimiz müdafiəni mətanətlə saxlayır və düşmənə xeyli itki verirlər. Belə ki, Müdafiə Qüvvələri Donetsk vilayətinin Stepnoye, Avdeyevka, Tonenkoye və Pervomaysk yaxınlığında düşmənin 14 hücumunu dəf edib. Maryinsk istiqamətində düşmən Donetsk vilayətinin Maryinka bölgəsində uğursuz hücum əməliyyatları keçirib, burada müdafiəçilərimiz 17 hücumu dəf ediblər. Şaxtyorsk istiqamətində düşmən Donetsk vilayətinin Staromayorsk rayonunda hücum əməliyyatları həyata keçirib, lakin müvəffəq olmayıb. Zaporojye istiqamətində düşmən hücum  əməliyyatları keçirməyib. Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir, işğalçı qüvvələrə canlı qüvvə və texnikada itkilər verir, düşməni bütün cəbhə xətti boyu tükəndirir. Xerson istiqamətində ukraynalı əsgərlər düşmənin arxa cəbhəsini şiddətli məğlubiyyətə uğratmaqla əks-batareya döyüşü aparırlar. Son 24 saat ərzində Müdafiə Qüvvələrinin aviasiyası şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 17, düşmənin zenit-raket komplekslərinə isə 4 zərbə endirib. Raket qüvvələrinin bölmələri düşmənin 7 artilleriya silahını, iki idarəetmə məntəqəsini, yanacaq-sürtkü materialları eşelonunu, şəxsi heyətin, silahların və hərbi texnikanın cəmləşdiyi ərazini, hava hücumundan müdafiə sistemini, iki radiolokasiya stansiyasını və düşmənin elektron mübarizə sistemini məhv edib.

Bu gün Şuşa Şəhəri Günüdür

Azərbaycanda 8 Noyabr - Şuşa Şəhəri Günüdür. Sozcu.az xatırladır ki, 2023-cü il iyulun 31-də Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq: 26 avqust - Laçın Şəhəri Günü; 4 oktyabr - Cəbrayıl Şəhəri Günü; 17 oktyabr - Füzuli Şəhəri Günü; 20 oktyabr - Zəngilan Şəhəri Günü; 25 oktyabr - Qubadlı Şəhəri Günü; 8 noyabr - Şuşa Şəhəri Günü; 20 noyabr - Ağdam Şəhəri Günü; 25 noyabr - Kəlbəcər Şəhəri Günü.

"Əgər həqiqətən qalib gəlmək istəyiriksə, hər şeyi uçurmaq, hər şeyi dağıtmaq, hər şeyi..."

"Bu, özümüzün təmin etdiyimiz ərzağı və suyu, yanacağı və elektriki olan Stalinqraddır..." "Əgər həqiqətən qalib gəlmək istəyiriksə, hər şeyi uçurmaq, hər şeyi dağıtmaq, hər şeyi ilhaq etmək və yəhudilərlə məskunlaşdırmaq lazımdır..." Stalinqrad bir şəhər rəmzidir, xarabalıqlarından böyük sovet qələbəsinin başladığı şəhər rəmzidir.  Sozcu.az xəbər verir ki, bu barədə İsrailin ictimai və siyasi xadimi Moşe Feyqlin öz bloqunda yazıb. Amma bizim "Stalinqrad"ımızın lüks şərtləri var. Bu, özümüzün təmin etdiyiniz ərzağı və suyu, yanacağı və elektriki olan Stalinqraddır. Lakin bütün dünya üçün bu gün Qəzza həmin Stalinqrad kimi təsir bağışlayır. Biz öz əllərimizlə düşmənlərimizə ən böyük qələbələrdən birini bəxş edirik. Çünki qalib gəlmək istəyən "HƏMAS-ın infrastrukturunun məhv edilməsindən" danışmır. Qalib gəlmək istəyən fəth edilmədən, deportasiyadan və məskunlaşmadan danışır. Heç bir "pinset əməliyyatında" söhbət isə getmir! Əgər həqiqətən qalib gəlmək istəyiriksə, hər şeyi uçurmaq, hər şeyi dağıtmaq (yuxarıdan və aşağıdan), hər şeyi ilhaq etmək və yəhidilərlə məskunlaşdırmaq lazımdır. Başqa qələbə, sadəcə, yoxdur! Bunun əvəzinə indi bizdə "Oslo savaşı", amma daha böyük itkilərlə təkrarlanır. Və yenidən elə həmin ideologiya və həmin terminlərdən istifadə edilir. Müharibədə yalnız raket və tunellərlə döyüşürlər, kimin düşmən, kimin "tərəfdaş" olduğu bilinmir və qələbəyə can atllmır. Qələbə qazanmaq niyyətin yoxdursa, hər ölən adam hədər gedir. Qələbə qazanmaq niyyətin olmayacaqsa, əldə etdiklərin məğlubiyyətə çevrilir. İnfrastukturu məhv etmək əvəzinə, biz düşməni su, yanacaq, ərzaq və rabitə ilə təmin edirik, o düşmənə ki, tunellərdən çıxıb əsgərlərimizi qətlə yetirir. Bütün əhalini Misir sərhəddindən, bizi qətlə yetirən silahın daxil olduğu sərhəddən deportasiya etmək əvəzinə, biz əhalini düşmən yaraqlıları üçün canlı qalxan kimi saxlayırıq və öz hərçilərimizə mülki şəxslərə atəş açmağı qadağan edirik. Bütün qapılarımızı açdığımız ABŞ indi "ən azı altı aylıq humanitar atəşkəs" tətbiq edəcək... Telestudiyalarda yenidən qalib gəlməyin mümkün olmadığı və "siyasi həllin" axtarılması izah edilir. Adamları qətliamda iştirak edən, buna şirnikləndirən və növbəti qətliamı hazırlayan həmin Abu-Mazen Qəzzada hakimlik etmək üçün öz qiymətini yüksəldir. O Qəzzada ki, orada indi əsgərlərimizin qanı tökülür. Əgər onların həyatı bizim üçün qiymətlidirsə, biz "Oslo" ideologiyasını qəbul edən və bununla özlərinə karyera quran hərbi və siyasi rəhbərləri dəyişməliyik. Biz "yəhudi beyinlərimizi" işə salmalıyıq.  Sükan arxasına bunun bizim olduğunu və yalnız bizim ölkəmiz olduğunu anlayanları əyləşdirməliyik! Biz öz gözəl xalqımıza layiq olduğu liderləri bəxş etməliyik.

Türkiyə 2 milyard dollar müqabilində 1 milyon fələstinlini ... - SENSASİON İDDİA

Türkiyə Prezident Administrasiyasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi İsraillə 2 milyard dollar müqabilində 1 milyon fələstinlinin qəbulu ilə bağlı razılaşmanın olmasına dair iddiaları təkzib edib. Sozcu.az xəbər verir ki, bu barədə Mərkəz "X" sosial şəbəkəsindəki səhifəsində bildirib. Mərkəzdən verilən açıqlamada qeyd edilib ki, bəzi sosial media hesablarında yer alan “Netanyahudan açıqlama: 2 milyard dollar müqabilində 1 milyon fələstinlinin Türkiyə vətəndaşı olması üçün Ərdoğanla razılaşdıq” iddiası doğru deyil: "Prezidentimizin bu istiqamətdə görüşü, İsrailin baş naziri Benyamin Netanyahunun isə belə bir bəyanatı yoxdur. İddialar tamamilə uydurmadır".

Qazaxda vəkilin intiharının təfərrüatı məlum oldu

Qazax rayon Hüseynbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Rüfət Əsəd oğlu Mahmudov özlərinə məxsus üzümlük sahədə intihar edib. Onun meyiti hadisədən bir müddət sonra sahəyə gedən əmisi tərəfindən aşkarlanıb. Mərhum Qazaxda vəkil olub və intihardan bir gün öncə yaxınlarına işi ilə bağlı başqa rayona gedəcəyini bildirib. Səhəri gün isə onun meyiti üzümlük sahədə aşkarlanıb. R.Mahmudov ailəli olub, bir qızı, iki oğlu var, həyat yoldaşı Qazax Rayon İcra Hakimiyyətində çalışır. Mərhumun atası Əsəd Mahmudov rayonda tanınmış şəxsdir. O, sovxozda, ət kombinatında direktor, Qazax Rayon Sudan İstifadə Birliyində isə icraçı direktor vəzifələrində çalışıb. Yaxınları və kənd sakinləri mərhumun hansısa bir problemi olmadığını, hər kəsə qarşı xoş rəftar edən, mülayim insan olduğunu bildiriblər. Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.Report