“Samvel Babayanın aradan çıxması məni çox yandırdı...”

“Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və s. kimi separatçı liderlərin dövlətimiz tərəfindən qandallanıb Bakıya gətirilməsi mənə çox ləzzət elədir, ürəyimdən 30-35 illik tikanlardan birini də çıxardı... Amma...”   Azərbaycan ordusunun Qarabağdakı son əməliyyatı zamanı Şuşa rayonunun dogma Malıbəyli kəndini bələdçi və döyüşçü kimi ziyarət edə bilmiş tanınmış Qarabağ qazisi, ehtiyatda olan kəşfiyyatçı zabit Azay Kərimov Moderator.az əməkdaşı ilə söhbətində işğaldan azad edilən torpaqlarda keçmişdə və hazırda baş verən bir sıra olaylarla bağlı təəssürat və fikirlərini açıqlayıb. -Azay bəy, inşallah, doğma Malıbəyliyə köçəndən sonra Xankəndidə ermənilər yaşadığını bilə-bilə orada yaşamağı qəbul edə biləcəksinizmi? - Mən 35 ildən çoxdur, Qarabağ savaşlarının od-alovunu yaşamış, hər cür əzabını görmüş bir  qarabağlı, bir köçkün,  həm də bir zabit olaraq ermənilərlə barışmayacağam. Kim barışır, barışsın. Onların vasitəsilə törədilmiş bu hadisələr mənə o qədər od qoyub ki... Mənim əmim oğlu, dayım oğlu, neçə dostum, döyüş yoldaşlarım şəhid olub, şikəst olub ermənilərlə döyüşlərdə... Ona görə də mən yaxınlığımda, qonşuluğumda ermənilərin varlığına dözməyəcəm. Daha təfərrüatı açıqlamıram. Yəqin ki, məni anladınız... Yeri gəlmişkən onu da deyim ki, Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və s. kimi separatçı liderlərin dövlətimiz tərəfindən qandallanıb Bakıya gətirilməsi mənə çox ləzzət elədir, ürəyimdən 30-35 illik tikanlardan birini də çıxardı... Amma  məni bir hərbçi, həm də bir qarabağlı köçkün kimi daha çox yandıran separatçıların  keçmiş “müdafiə naziri” Samvel Babayanın aradan çıxıb Ermənistana qaça bilməsi olub. Gərək, düzünü deyəsən, 1987-1988-ci illərədək Qarabağda, nadir istisnalarla, erməni və azərbaycanlılar bir-birinə “can” deyib, “can” eşidirdi. Azərbaycan torpaqlarında iki millətin arasını qızışdıran Zori Balayan, Köçəryan, Sərkisyanla yanaşı, həm də Samvel Babayan olmuşdu. Bunların hamısı Moskvanın, “KQB”nin agentləri idi. Odur ki, Samvel Babayanı cəzasız buraxmaq bizim üçün böyük günahdır. Hesab edirəm ki, Balayan, Köçəryan və Sərkisyanla birlikdə, Babayanı da Ermənistanda tələb etmək lazımdır... - Hazırda Xankəndində Azərbaycan polisinin sülhməramlılarla birgə patrul xidməti aparması 1989-1990-cı illərdə  münaqişənin başladığı ilk vaxtlarını xatırladır. O zaman da yalnız Xankəndində deyil, digər məntəqələrdə rus hərbçilərlə azərbaycanlı milis adlanan polisləri təmin edirdi. O vaxtın təcrübəsi nə göstərir: Rusiya hərbçilərinə etibar etmək olar?.. - Xeyr, əlbəttə ki, etibar etmək olmaz. Əvvəlki söhbətlərimizdə hələ 1990-1991-ci illərdə sovet-rus hərbçilərinin bir arağa görə hansı tərəfə desən, atəş açmaqları barədə çox misallar çəkmişəm... Ermənilərin öz niyyətlərinə çatmaq üçün əsas “silah”ları məhz alkoqollu içkiləri: tut araqları, konyakları, çaxırları və bir də axçiləri, harsunları- qızları, qadınlarıdır... - Oktyabrın 2-də birgə patrul xidmətinə atəş açılıb. Görəsən, bunu doğrudan da hansısa revanşist separatçı edib? Bəlkə Rusiya tərəfi təşkil edib ki, bu torpaqlarımızda öz varlıqlarının “zəruriliyi”ni isbatlasınlar? - O da ola bilər. Çox güman ki, hansısa ürəyi həm Azərbaycana, həm Rusiyaya qarşı nifrətlə dolu olan separatçı erməni güclü alkoqol təsiri altında bunu etsin... Bütün hallarda mən də hesab edirəm ki, Qarabağda Rusiya “sülhməramlı”larının varlığına indi, ümumiyyətlə, ehtiyac yoxdur...

Saakyan, Qukasyan və İşxanyan belə saxlanıldı - Video

Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin ötən müddətdə törətdikləri terrorçuluq əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi davam etdirilir. DTX-nin Mətbuat xidmətindən Sozcu.az-a daxil olan məlumata görə, araşdırmalar zamanı Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki və İşxanyan Davit Rubeni tərəfindən Azərbaycan Respublikası ərazisində müvafiq olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” və digər adlar altında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilinə, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsinə, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı qurğular əldə edilməsinə, başqasına verilməsinə, saxlanılmasına, daşınmasına və gəzdirilməsinə, pul vəsaitlərini və digər əmlakı tamamilə və qismən, bilavasitə və dolayısı ilə həmin qanunsuz silahlı birləşmələrin terror aktları törətməsi istiqamətində istifadə edəcəyini bilərək həmin məqsədlə qəsdən toplamaq, ayırmaq və verməklə terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Eləcə də, qeyd olunan şəxslər tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsi, mütəşəkkil dəstə halında odlu silahdan və silah qismində digər predmetlərdən istifadə etməklə milli ədavət və düşmənçilik niyyəti ilə təkrarən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərarlar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan partlayış, habelə əraziləri davamlı şəkildə minalama və digər hərəkətlər törədərək terror aktlarının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın Xankəndi şəhərində anadan olmuş 1957-ci il təvəllüdlü Arkadi Qukasyan, həmin şəhərdə anadan olmuş 1960-cı il təvəllüdlü Bako Saakyan və Azərbaycanın Xocavənd rayonunda anadan olmuş 1958-ci il təvəllüdlü Davit İşxanyan 3 oktyabr 2023-cü il tarixində saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3.2 (terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham elan edilməklə cinayət məsuliyyətinə cəlb edilmişlər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

SON DƏQİQƏ: Azər Zeynalov HƏBS olunaraq Bakıya GƏTİRİLİR

Xəbər verdiyimiz kimi, oktyabrın 5-də Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verib. Bizim.Media-nın əldə etdiyi məlumata görə Azər Zeynalov güc strukturları tərəfindən saxlanılıb. Onun hazırda istintaqla bağlı Bakıya gətirildiyi bildirilir. Azər Zeynalovun həbsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi ilə əlaqə yaratmaq cəhdimiz baş tutmayıb.  Qeyd edək ki, Azər Zeynalov 1970-ci ildə Şərur şəhərində anadan olub. Ötən il Vasif Talıbovun istefasından sonra yeni sədr seçilənədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri vəzifəsinin icrası müvəqqəti olaraq sədrin birinci müavini Azər Zeynalova həvalə edilib.

Sirri açıram: Qarabağlılarla razılaşmışdıq ki... - Paşinyan

Ermənistan Dağlıq Qarabağın (keçmiş qondarma qurum nəzərdə tutulur – red.) rəhbərliyi ilə əvvəlcədən razılaşaraq, Dağlıq Qarabağın statusu məsələsində səviyyəni aşağı saldı. Lakin sonradan “Dağlıq Qarabağ rəhbərliyi” bu səviyyəni qaldırdı. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 4-də Milli Assambleyanın iclasında deputatların suallarını cavablandırarkən deyib. “Sizə bir sirr açım: Qarabağlı həmkarlarımızla birlikdə səviyyəni aşağı salmağa çalışdıq. Bəs sonra nə oldu? Biz səviyyəni aşağı saldıq, amma “Dağlıq Qarabağ” (keçmiş qondarma qurum – red.) sonra onu qaldırdı. Və mən də bunu sizin təklifinizlə qaldırdım”, - deyə Paşinyan müxalifətə müraciət edib. O əminliklə qeyd edib ki, əgər “Qarabağ rəhbərliyi” əvvəllər əldə edilmiş razılaşmalara və ümumi anlaşmaya əməl etsəydi, o zaman bütün baş verənlərin qarşısını almaq olardı.

Xankəndidə ələ keçirilən Araik Bakıya belə gətirildi - Video

Araik Arutyunyan cinayət məsuliyyətinə cəlb edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri birgə məlumat yayıb. Qeyd olunub ki, Azərbaycanın Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Araşdırmalar zamanı Azərbaycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü Arutyunyan Araik Vladimiri tərəfindən Azərbaycan Respublikasının ərazisində qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasına, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Bundan başqa, Araik Arutyunyan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılmasına və fəaliyyətinin təşkilinə, cinayətkar birlik halında həmin birləşmələrin silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchizinə, bunlardan istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsinə, eləcə də qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən olunmuşdur. İstintaq-əməliyyat tədbirləri nəticəsində, həmçinin, Araik Arutyunyan tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Azərbaycan Respublikasının Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Araik Arutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdir. Cari il oktyabrın 3-də Araik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılmış, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilmişdir. Hazırda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dövlət Departamenti: Qarabağda Rusiya sülhməramlılarının olmasından narahatıq

"ABŞ davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan rəhbərliyi ilə ən yüksək səviyyədə qarşılıqlı əlaqədə rol oynamağa davam edəcək". Sozcu.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib. “Biz Ermənistanın suverenliyinə və müstəqilliyinə hörmət edirik və təbii ki, onun qanunvericilik proseslərinə münasibət bildirməyi Ermənistan hökumətinin ixtiyarına buraxacağıq. Biz hər bir ölkənin BCM-yə qoşulmaq hüququna hörmət edirik”, - o bildirib. Dövlət Departamentinin sözçüsü Qarabağda uzunmüddətli müstəqil beynəlxalq monitorinq missiyasına çağırışını təkrarlayıb. Qarabağda Rusiya sülhməramlılarının olmasını şərh edən Patel qeyd edib ki, o, mövzu ilə bağlı spekulyasiya etmək istəmir: “Əlbəttə, belə bir mövcudluq hələ də narahatlıq doğurur. Lakin Birləşmiş Ştatlar bu məsələdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə əlaqə saxlamağa davam edəcək". Onun sözlərinə görə, Vaşinqton BMT nümayəndəsinin missiyanın səfərindən sonra Qarabağdakı vəziyyətlə bağlı bəyanatlarını yüksək qiymətləndirir: “Lakin bu, ABŞ-ın bu məsələyə baxışını dəyişmir. Biz hətta BMT-nin səfəri fonunda belə inanmağa davam edirik ki, Qarabağda uzunmüddətli müstəqil beynəlxalq müşahidə missiyasının yaradılmasına güclü istək və ehtiyac var. Bunun şəffaflığı təmin edəcəyini düşünürük".

"Artıq Bakı Köçəryan və Sarkisyanın həbsini tələb edə bilər" - Natali Aleksanyan

“Ermənistan nəhayət ki, Roma Statutunu ratifikasiya etdi. İndi məsələ həll olundu. Artıq Azərbaycan Robert Köçəryan və Serj Sarkisyanın həbsini tələb edə bilər. Buna inanılmaz dərəcədə sevinirəm”. Bu sözləri erməni bloger Natali Aleksanyan deyib. O bidirib ki, Ermənistan bu qaniçən soyğunçulardan qurtula bilmədiyi üçün onların işləri ilə Azərbaycanın məşğul olması daha yaxşıdır. “İndi onlardan qurtulmaq üçün yaxşı fürsətdir. Nəhayət, mənim ən böyük arzum gerçəkləşəcək və bu ikisi Bakı həbsxanasında çürüyəcək”, – deyə erməni bloger əlavə edib.

Qarabağdakı rejimin iki "prezidenti", parlament sədri və "daşnak" lideri qandallanıb, Bakıya gətirildi - FOTOLAR

Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib. Musavat.com çoxsaylı mənbələrə dayanaraq bu məlumatı yayır. İctimaiyyətə bu xoş xəbəri verməklə bərabər, inanırıq ki, bu şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.

Azərbaycan onların Qarabağdan çıxmasına icazə vermir - ŞOK İDDİA

Azərbaycan Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və Samvel Şahramyanın Qarabağı tərk etməsinə icazə vermir. Sozcu.az xəbər verir ki, bu iddia Ermənistanın “Hraparak” qəzeti tərəfindən ortaya atılıb. Saytın mənbələrinin məlumatına görə, hazırda onların Qarabağdan çıxarılması ilə bağlı fəal danışıqlar aparılır.

Xankəndidən çıxan ermənilərin növbəti təxribatı: meyitləri morqda saxlayıb çıxıblar

Ermənilər Xankəndidən çıxarkən şəhər xəstəxanasının morqunda 16 meyiti aparmayaraq orada saxlayıblar. Bunlar Xankəndidə vəfat etmiş şəxslərin meyitləridir. Faktı Azərbaycanın müvafiq orqanları aşkarlayıb. Rəsmi Bakı ölkəmiz humanizm nümayiş etdirərək meyitləri Ermənistana aparılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

Azərbaycana qarşı düşmən ritorika artır - Verdyan

Mən Ermənistanda Azərbaycan əleyhinə düşmən ritorikasının artmasını qeydə alıram. Bunun səbəbi heç də aydın deyil, amma heç bir yaxşılığa da səbəb olmayacaq. Sozcu.az xəbər verir ki, bu sözləri erməni bloger İşxan Verdyan özünün Teleqram kanalında yazıb. “İstənilən siyasətin hansısa aydın məqsədi olmalıdır ki, ölkənin özünün xeyrinə və ya guya yaxşılığa doğru yönəldilsin. Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq olunduğu gülünc vəziyyəti təxmin etsək, o zaman Ermənistanın bundan nə udacağı bilinmir. Ermənistan bundan heç nə qazanmayacaq və bunun üçün bütün siyasi resurslarını xərcləmək sağlam fikir deyil. Doğrudanmı, Ermənistan üçün yeganə motivasiya şər faşizmdir?” - deyə bloger bildirib.

Separatçıların sabiq başçıları dünən Qarabağdan çıxıb – Erməni mediası

Ermənistan mətbuatının məlumatına görə, Qarabağdakı separatçı rejimin üç sabiq başçısı Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan oktyabrın 1-də Ermənistana gəliblər. Qeyri-qanuni rejimin sonuncu rəhbəri Samvel Şahramanyan isə  ölən və itkin düşənlərin qalıqlarının tapılması üçün axtarış-xilasetmə işləri başa çatana qədər Qarabağda qalacaq.Turan.az)