SEPAH Londonda bu qətli 200 min dollara sifariş edib

SEPAH-ın Britaniyada fəaliyyət göstərən İrana müxalif jurnalistlərlə bağlı terror planı ifşa edilib. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb. Bildirilib ki, SEPAH Londonda yerləşən “İran İnternational” televiziya kanalının əməkdaşları - Sima Sabit və Fərdad Dərruxzadın öldürülməsi üçün killerə 200 min dollar pul ayırıb. Terror planının arxasında SEPAH-ın yüksək rütbəli komandirlərindən olan Məhəmmədrza Ənsarinin olduğu qeyd edilib. Ənsarinin planlaşdırdığı əməliyyyata SEPAH-a bağlı və Bəşər Əsəd ailəsinə yaxın Məhəmməd Əbdülrəzzaq Kənfani başçılıq edib. Qeyd edilib ki, terrorun həyata keçirilməsi 2016-cı ildə SEPAH-la əməkdaşlığa cəlb olunan, sonralar Qərb ölkələrindən birinin kəşfiyyat xidməti tərəfindən ələ keçirilən şəxsə tapşırılıb. Bununla yanaşı, dekabrın 20-də Britaniya məhkəməsi çeçen əsilli Avstriya vətəndaşı Məhəmməd Hüseyn Dutayevə qarşı ittiham irəli sürüb. Məhkəmə onu bundan əvvəl ofisi Londonda yerləşən İrana müxalif “İran İnternational” televiziya kanalına terror əməliyyatı həyata keçirməyə cəhddə günahlandırıb. Dutayev cari ilin fevral ayında adıçəkilən televiziya kanalının binasından fotolar çəkdiyi, məlumatlar topladığı vaxt Britaniya polisi tərəfindən həbs edilib.

“Heç vaxt sülh olmayacaq, müharibə yenidən başlayacaq!”

Qarabağdan İrəvana qaçan keçmiş separatçı rejimin qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Babayan Azərbaycanla sülh sazişi imzalamaq istəyən Ermənistan hakimiyyətinə qarşı çıxıb. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Babayan indi sülh bağlansa da, müharibənin yenidən başlanacağını iddia edir. “Ermənistan hökuməti sülh müqaviləsini elə hazırlayır ki, 20-25 ildən sonra nəvələrim müharibəyə gedəcək. Onlar elə bilirlər ki, sülhə gedirlər, lakin bu sülh yox, müharibədir, sadəcə olaraq, onu nəsildən-nəsilə ötürürsən. 100 il əvvəl olmuş hadisələrə görə bu gün də Türkiyə ilə münasibətlər qurmaq istəyənlər satqın adlandırılır. Hazırda diaspor mövcud hakimiyyəti qəbul etmir”, - o iddia edib. Babayan Azərbaycanı dolayısı ilə hədələməyə cəhd göstərib. Bildirib ki, Qarabağda ermənilərə “muxtariyyət” verilməsə, heç vaxt sülh olmayacaq, müharibə yenidən başlanacaq. O, yeni müharibənin 20 il sonra başlayacağını iddia edin. Qeyd edək ki, Babayan Paşinyana yaxınlığı ilə seçilir. Erməni baş nazir ondan separatçıları parçalamaq, ümumiyyətlə, qondarma “artsax” ideyasını nəzarətə götürmək üçün istifadə edir. İstisna deyil ki, Babayanın Paşinyan hökumətini tənqid edən bu çıxışı məhz separatçılar arasında özünü “Qarabağda erməni gələcəyini düşünən” şəxs kimi göstərmək məqsədi daşıyır.

Almaniya bu ölkədə 4 min hərbçi yerləşdirəcək

Almaniya silahlı qüvvələri Litvada daimi briqada yerləşdirəcək. Sozcu.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb. Bildirilir ki, briqada 2025-ci ildə fəaliyyətə başlayacaq. Birləşmənin ilkin komandanlığı 2024-cü ilin ikinci rübündə Litvada yerləşdiriləcək. Məlumata görə, 2024-cü ilin sonunadək birinci briqada komandirinin başçılıq etdiyi tam hüquqlu dislokasiya qrupu Litvaya gələcək. Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın 2023-cü ilin iyununda Litva ərazisinə silahlı qüvvələr briqadası yerləşdirmək planlarını açıqlayıb. O, briqadaya 4 minə yaxın hərbçinin daxil olacağını bildirib.

Rusiyanın itkiləri 346 mini ötdü

Ukrayna müharibənin 662-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 346 070 hərbçi, 5 739 ədəd tank, 10 692 ədəd zirehli döyüş maşını, 8137 ədəd artilleriya sistemi, 923 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 609 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 766 ədəd avtomobil texnikası, 6278 ədəd PUA, 1 610 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 194 xüsusi avadanlıq itirib.

“ABŞ Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyin yolunu tapdığını deyir” – FT

“Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması ilə bağlı danışıqları Ukraynanın xeyrinə aktivləşdirib”. Sozcu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Bildirilir ki, son həftələrdə Birləşmiş Ştatlar şəxsi danışıqlarda müsadirə məsələlərində getdikcə daha iddialı mövqe tutaraq, G7-nin iclaslarında bunu beynəlxalq hüquqa uyğun olaraq həyata keçirməyin bir yolunun olduğunu bildirib: “Adının açıqlanmasını istəməyən bir məmurun sözlərinə görə, Vaşinqton hesab edir ki, aktivlərin müsadirəsi ilə bağlı qərar tez verilə bilər. Onun sözlərinə görə, bu məsələ G7 liderlərinin müharibənin ikinci ildönümünə təsadüf edən mümkün görüşündə müzakirə oluna bilər” Nəşr qeyd edir ki, müsadirə ideyası Aİ və ABŞ daxilində siyasi fikir ayrılıqları fonunda daha fəal müzakirə olunmağa başlayıb.

İranın Rusiyaya verdiyi silahlar işə yaramadı - Məhv edildi

Rusiya ordusu gecə saatlarında Ukrayna ərazisinə İran PUA-ları (“Şahid”) ilə hücum edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. “Şahid” hücum dronları Ukraynaya Rusiya ərazisindən atılıb. Hava hücumunun dəf edilməsinə Ukrayna ordusunun qırıcıları, zenit-raket bölmələri və mobil atəş qrupları cəlb olunub. Əməliyyatlar nəticəsində 31 PUA-dan 30-u məhv edilib. “Şahid”lər Dnepropetrovsk, Kiyev, Vinnitsa, Çerniqov, Sumı, Poltava, Çerkassı, Xerson, Zaporoje, Nikolayev və Xmelnitski vilayətlərində vurulub. 

Ukrayna DİN: Qumbaranı partlatmış deputat cinayətə öncədən hazırlaşırmış

İclas zamanı bir neçə qumbara partlatmış Zakarpat vilayətinin Keretskivska kənd radasının deputatı Sergiy Batrın cinayətə əvvəlcədən hazırlaşırmış. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İhor Klımenko deyib. “Hadisəni törətmiş Zakarpatiyalı şəxs öncədən hazırlaşırmış, onun evində etirafı olan qeyd tapılıb”, – nazir bildirib. Xatırladaq ki, Ukraynanın Zakarpatiya vilayətindəki Keretskivska kənd radasının binasında deputat iclas zamanı qumbara partladıb.

Bu, Ukraynanın qələbəsidir - Zelenski

Prezident Vladimir Zelenski Avropa Birliyinin (AB) Ukraynanın birliyə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarını şərh edib. Sozcu.az xəbər verir ki, Zelenski X şəbəkəsində paylaşımında bunu bütün Avropanın qələbəsi adlandırıb. "Ukrayna üçün qələbə... Bütün Avropa üçün qələbə... Həvəsləndirən, ruhlandıran və gücləndirən qələbə...", - deyə Zelenski bildirib. Qeyd edək ki, AB Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul edilib. Eyni zamanda Ukrayna və Moldovanın üzvlüyü ilə bağlı danışıqlara başlanacaq.

Əsirlikdən azad edilən Aqşin və Hüseyn xəstəxanaya yerləşdirildi - VİDEO

Əsirlikdən azad edilən hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov artıq xəstəxanaya yerləşdirilib. Bu barədə Baku TV-nin əməkdaşı bildirib: “Səkkiz aylıq əsirlikdən sonra onların müayinə olunması, tibbi müayinədən keçməsi zəruri idi və onlar xəstəxanaya yerləşdirilərək tibbi müayinədən keçəcəklər. Üç günlük tibbi müayinədən sonra isə onların ailəsi ilə görüşü təyin olunacaq, evə buraxılacaqlar”.

Dünya daha bir şok yaşayır - Lemkin təşkilatı Qüdsü erməni şəhəri hesab edir

Dünyadakı bəzi beynəlxalq təşkilatlar və institutar açıq-aşkar ermənilərin maraqlarını müdafiə edir. Erməni sevgilərini gizlədə bilməyən həmin təşkilatlar ermənilərin müdafiəçiləri kimi çıxış edir və onların erməni diaporunun təsiri altında fəaliyyət göstərməsi hiss olunur. Sozcu.az xəbər verir ki, belə təşkilatlardan biri də Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutudur. Bu təşkilat oxuculara yaxşı tanışıdır. Azərbaycana qarşı aparılan kampaniyada fəal iştirak edən Lemkin İnstitutu ölkəmizi müharibə cinayətlərində ittiham edir. Ermənilərin maraqlarına xidmət edən Lemkin İnstitutu indi də Şərqi Qüdsdəki erməni məhəlləsinin dərdini çəkir. Hər gün Qəzzada həlak olan minlərlə günahsız insanı unudan faşist ideologiyasının təbliğatçıları indi də Qüdsdə erməni məhəlləsinin dağılmasından “dərin narahatdır”. Ermənilərin müadafiəçisi qismində çıxış edən Lemkin institutu beynəlxalq təşkilatları İsraildəki erməni icmasının hüquqlarını müdafiəsinə çağırıb: “Biz ABŞ-ı və İsrailin digər yaxın müttəfiqlərini bu torpaq mübahisəsində erməni icmasına lazımi hüquqi proseduru təmin etmək üçün məsuliyyət götürməyə çağırırıq. Bu ilin payızında erməni icması Qarabağı itirməklə ağır böhran vəziyyəti keçirir. Qüdsün erməni məhəlləsinin mədəni irsi, guya Fələstin ərazilərində yəhudi etnik dövləti yaratmaq məqsədi ilə buna icazə verən inşaatçılar və silahlı köçkünlərdən qorunmalıdır. Biz dinc nümayişlərlə bu torpağın işğalına qarşı müqavimət göstərməkdə davam edən və ərazini tərk etməkdən imtina edən erməni icmasını dəstəkləyirik”. Yaxın Şərqdə erməni maraqlarını müdafiə edən beynəlxalq təşkilatlar Qüdsün qədim erməni şəhəri olması haqqında iddia da irəli sürürlər. Faşist erməni ideologiyasına görə müqəddəs şəhərin təməlini ermənilər qoyub və İsa Məsih də ermənidir. Bütün dünyanı özlərinə güldürən erməni millətçiləri çox güman ki, Qüdsü də “Böyük Ermənistan”ın paytaxtı hesab edirlər.

"Putinin özü Ukrayna vətəndaşlarına qarşı soyqırıma başçılıq edir, amma..."

"Putinin özü Ukrayna vətəndaşlarına qarşı soyqırıma başçılıq edir, amma riyakarcasına Qəzzada humanitar fəlakətdən dəm vurur..." "İsrail və Ukrayna hazırda azad dünyanın Rusiya və İranın başçılıq etdiyi şər oxuna qarşı mübarizənin ön sırasındadır..." Rusiya və İsrail liderləri arasında baş tutan telefon söhbəti "demokratik ölkə başçısı ilə bütün dünya üçün açıq-aydın və hissediləcək dərəcədə təhlükə törədən ilanın başı ilə söhbətidir". Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi bəyan edib. Məlumatı "detaly.co.il" nəşri yayıb. Bəyanatda İsrailə Moskvaya qarşı müharibədə Kiyevin müttəfiqi olmağa çağırış edilib "İsrail və Ukrayna hazırda azad dünyanın Rusiya və İranın başçılıq etdiyi şər oxuna qarşı mübarizəsinim ön sırasındadır", - bəyanatda deyilir. Qeyd edilir ki, Putinin Qəzza bölgəsində humanitar fəlakət haqqında sözləri riyalarlıqdır, çünki "Putinin özü Ukrayna vətəndaşlarına qarşı soyqırıma başçılıq edir". Bəyanatda İsrail hökumətinə bu terrorçu ittifaqla birlikdə mübarizə aparmaq üçün Ukrayna ilə daha fəal əməkdaşlığa çağırış edilir. Xəbər verildiyi kimi, bu günlər İsrailin baş naziri Binyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Telefon söhbəti Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Netanyahu Rusiya rəsmi şəxslərinin BMT və digər beynəlxalq forumlarda İsrail əleyhinə mövqeləri ilə bağlı narazılığını ifadə edib. Baş nazir həmçinin "Rusiya ilə İran arasında təhlükəli əməkdaşlığı" sərt şəkildə tənqid edib. Söhbət zamanı Netanyahu vurğulayıb ki, oxşar terror hücumuna məruz qalan istənilən ölkə İsraildən də güclü cavab verərdi. Öz növbəsində Vladimir Putin terrorçuluğun bütün təzahürlərinin yolverilməz olduğu və pislənilməsi barədə prinsipial mövqeyini təsdiq edib.  Bununla yanaşı, o, vurğulayıb ki, terror təhlükələrinə müqavimətin mülki əhali üçün bu qədər ağır nəticələrə gətirib çıxarmaması son dərəcə vacibdir. Rusiya tərəfi dinc sakinlərin əzablarının yumşaldılması və münaqişənin deeskalasiyası məqsədilə bütün mümkün dəstəyi göstərməyə hazır olduğunu bəyan edib.

Sabiq baş həkimə hökm oxunub

Sumqayıt şəhər məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Sumqayıt 2 saylı şəhər xəstəxanasının sabiq baş həkimi Ramiz Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az xəbər verir ki, Sumqayıt şəhər məhkəməsinin hakimi Rövşən Xəlilovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cinayət məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla, 2 il müddətə islah işləri cəzasına məhkum edilib. Ramiz Həmzəyev Cinayıt Məcəlləsinin 313-cü maddəsinə əsasən təqsirli bilinsə də, bu maddə üzrə barəsində başlanmış cinayət işinə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyinə görə xitam verilib. İttihama görə, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Publik Hüquqi şəxsin Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının baş həkimi işləmiş Həmzəyev Ramiz Şahverdi oğlu vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla səlahiyyətlərindən su istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib. Belə ki, o əlillik dərəcəsi almaq üçün müraciət etmiş şəxslərin adına xəstəxanada stasionar müalicə almaları barədə müxtəlif diaqnozlar qeyd edilməklə saxta sənədlər verib. Bununla da Cinayət Məcəlləsinin 308.1-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib.