Bakıda bu küçə və prospekt tam bağlandı

Bakının Ziya Bünyadov prospektində - 20 Yanvar istiqamətində hərəkət tam dayanıb. Sozcu.az xəbər verir ki, prospektə paralel olaraq yan küçə - Əhməd Rəcəbli ilə kəsişmədə də ciddi tıxac var və maşınların hərəkəti tam məhdudlaşıb. Belə ki, Ziya Bünyadov prospektinin köməkçi yolu ilə hərəkət edən marşrut avtobusları işıqfordan sonra hərəkəti davam etdirə bilmirlər, qarşıdakı tıxac buna imkan vermir. Nəticədə yolu tam bağlayan marşrut avtobusları avtomobillərin Əhməd Rəcəbli küçəsinə hərəkətini də bloklayıb. Ziya Bünyadov prospektində 20 Yanvar istiqamətində tam tıxanmanın səbəbi bəlli deyil.

Paşinyan XƏBƏRDARLIQ ETDİ - "...statusundan asılı olmayaraq..."

Paşinyan İrəvandakı etirazlarla bağlı hökumətə xəbərdarlıq edib. Sozcu.az bu barədə erməni mediasına istinadən xəbər verir. "Bizdə olan məlumata görə, hüquq-mühafizə sistemi bütün lazımi vasitələrə malikdir və mümkün təxribat və iğtişaşlara qarşı sərt tədbirlər görməyə hazırdır. Bütün təxribatçılar statusundan asılı olmayaraq saxlanılacaq”. - , deyə Ermənistanın baş naziri bildirib.

Özü II Dünya müharibəsində, oğlu I Qarabağ savaşında döyüşdü, nəvəsi şəhid oldu - 100 yaşlı VETERAN

Bu gün faşizm üzərində qələbənin 79 ili tamam olur. Tarixə İkinci Dünya müharibəsi kimi düşmüş savaşda Azərbaycandan da 600 min nəfər iştirak edib. Hazırda onlardan cəmi 30 nəfəri həyatdadır – sağdır. Sozcu.az-ın məlumatına görə, faşizm üzərində qələbədə payı olanlardan biri də Füzuli rayonunun sakini Rəşid Mənsim oğlu Qasımovdur. Maraqlıdır ki, Rəşid kişi Qələbə günündə həm də yubileyini qeyd edir - onun 100 yaşı tamam olub. Rəşid Qasımov 18 yaşında İkinci Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, hitlerçilərlə döyüşlərin birində sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib. Müharibədən qayıdandan sonra rayonun təsərrüfat həyatının ön sıralarında olan Rəşid Qasımov aqronom, zootexnik, ferma müdiri, briqadir vəzifələrində çalışıb. 1993-cü ildə məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində məskunlaşıb. Rəşid kişinin oğlu və nəvəsi də Qarabağ savaşında iştirak ediblər. Belə ki, onun oğlu Nofəl Qasımov I Qarabağ savaşı dövründə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Nofəl Qasımov 1992-1993-cü illər arasında – müharibənin ən qızğın vaxtlarında təxminən 9 ay Füzuli rayonunun müdafiəsinə rəhbərlik edib. Daha sonra ata və oğulun yolunu nəvə davam etdirib. Belə ki, Rəşid Qasımovun nəvəsi Səid Rəşidzadə 44 günlük Vətən müharibəsində zabit kimi iştirak edib. Babasının adını soyad götürən Səid 2016-cı ildə baş verən Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun rəhbərliyi altında vuruşub. Talış yüksəkliyinin düşməndən geri alınmasında iştirak edib. 2018-ci ildə Ordudan tərxis olunub, ehtiyata buraxılıb. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid xəbərini eşidəndən sonra könüllü olaraq hərbiyə qayıdıb. Baş leytenant Səid Rəşidzadə Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Hadrutun girişində Şişqaya deyilən yüksəkliyinə bayraq sancan zaman snayper gülləsi ilə vurulub. Oktyabrın 11-də Səid şəhid olub, 12-də isə Hadrutun azad olunduğu elan edilib. Səidin şəhid olduğunu babasından gizlədiblər. Rəşid kişi nəvəsinin şəhidlik zirvəsinə yüksəlməsindən televiziya vasitəsilə xəbər tutub. Keçmiş icra başçısı, şəhid Səid Rəşidzadənin atası Nofəl Qasımov 100 yaşlı atası Rəşid kişi haqqında belə deyib: “Atam əvvəlcə 50-ni də aşırdı, indi də 100 də çatdı, gerisi uca Allaha bağlıdır. Haqqına yaşadı, ədalətli yaşadı, zəhmətlə yaşadı, İkinci Dünya müharibəsində vuruşdu, Qarabağ müharibəsinin acılarını gördü, amma əyilmədi. Həyatımda nəyi düz etmişəmsə, atamdan öyrənmişəm, səhvlərim öz günahımdı. Doğma Füzuli rayonunda 100 yaşı keçən 3 kişi vardı, atam Rəşid Mənsim oğlu Qasımov 4-cü kişi oldu”.(Modern)

Dönərdən zəhərlənənlərin 15-i UŞAQDIR

Zaqatalada zəhərlənən şəxslərdən 16-sı artıq evə buraxılıb.  Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.  “Mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Onlardan 15-i uşaqdır.  Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb.  Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur”, - açıqlamada deyilir. 

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb - YENİLƏNİB-2

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. *** Saart 21:20 Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, zəhərlənən şəxslər Zaqatala RMX-a daxil olub. Müraciət edənlərdən labarator müayinələr üçün müvafiq nümunələr götürülüb. Daxil olan 15 nəfərdən 5-i azyaşlıdır. *** Saat 20:35 Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub. Zəhərlənənlər arasında tələbələrdə var. Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər. Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər. Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb. *** Saat 18:17 Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Mosul kənd sakini, 1987-ci il təvəllüdlü Aynur Məmmədova və onun iki övladı - 2009-cu il təvəllüdlü Ravil Məmmədov və 2012-ci il təvəllüdlü Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub. Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir.

Ukrayna rəsmisi Putinin andiçmə mərasimini ələ saldı

Ukrayna rəsmiləri Rusiya prezidentinin andiçmə mərasimini “düşərgə lotusunun növbəti tacqoyma mərasimi” adlandırıblar. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, bu bənzətməni Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak öz “Telegram” kanalında paylaşıb. Vladimir Putini “klassik aztəhsilli diktator” adlandran Podolyak qeyd edib ki, Rusiya azad ölkə deyil və başqalarının qanına susayan, nifrət, paxıllıq kompleksləri olan tam bir diktatura ilə idarə olunur.

Bakıda məşhur bazar yola görə sökülür? - Rəsmi

Bakıda tixacların aradan qaldırılması üçün Ziya Bünyadov prospektinə paralel olaraq Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyasına qədər çəkiləcək yeni yolun məşhur “Keşlə” bazarının ərazisindən keçəcəyi və buna görə də bazarın söküləcəyi haqda məlumat yayılıb. Bu barədə Axar.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib ki, bu haqda hazırda qəti söz demək çətindir. “Hazırda tikinti ərazisinə düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır. İndiki mərhələdə tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir. Bu işlər yekunlaşandan sonra bu barədə dəqiq söz demək mümkün olacaq”, - A.Nəcəfli qeyd edib.

Aytən Ələkbərova dəhşətli faktlar açıqladı: “Onlar boşanmış qadınları yoldan çıxarırlar”

Son vaxtlar sosial şəbəkələrdə bəzi psixoloqların boşanmış və ya boşanmaq istəyən qadınlara tamamilə yanlış yol göstərdiyi ilə bağlı iddialar səslənir. Onlar psixoloqların qadınları səhv addım atmağa sövq etdiyini bildirirlər.  Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Aytən Ələkbərova bu cür psixoloqların kifayət qədər çox olduğunu bildirib:  “Son dövrlər boşanmaların sayının artması ilə qeyri-peşəkar “psixoloqlar” da artıb, mən onları psixoloq belə adlandıra bilmirəm, onlar sadəcə danışmaqla insanları yanlış yola aparırlar. Bu da ondan irəli gəlir ki, həmin şəxsin özünün əxlaqı keyfiyyətləri formalaşmayıb.  Boşanmaq niyyəti olan xanımın müraciətində öncə onun psixi xüsusiyyətini müəyyən edirik, biz onun psixi xüsusiyyətinə görə, onu narahat edə biləcək problemi tapıb önyarğıya çəkirik”.  A.Ələkbərova bildirib ki, öncə pasiyentin psixi durumuna baxılmalı, daha sonra ona düzgün yol göstərilməlidir. Onun sözlərinə görə, 85 faiz hallarda boşanmaq istəyən pasiyentlərini bu fikirdən döndərə bilir:  “Bu gün 3 uşağı olan qadın boşanmaq qərarına gəlirsə, əvvəlcə bilmək lazımdır ki, problem nədir. Əgər səni yoldaşının kobud rəftarı narahat edirsə, nəzərə almalısan ki, sabah boşansan 3 uşağı damın altında qoyub gedib haradasa çalışmalısan ki, o uşaqlara baxa biləsən. Hansı daha çətindir? Biz gələn insana bu sualı veririk.  Bu sualları verdikdən, qarşımızdakı şəxsin psixoloji temperamentini öyrəndikdən sonra ona yardım edirik. 26 ildir ki, bu peşədəyəm. Yanıma boşanma ilə bağlı gələn pasiyentlərin 85 faizinə ailəni möhkəmləndirməyi məsləhət görmüşəm. Ailədə qalıb bir-birinizi tanıdıqca, bir-birinizin psixi xüsusiyyətlərinə alışdıqca, ortada yaranan konfliktləri dərk edərək qəbul etdikdə boşanma ehtiyacı azalır. Yanıma gələn pasiyentlər bunu anladıqca, boşanmadan vaz keçirlər. 85 faiz hallarda bu, belə olur. Digər 15 faiz isə vaz keçmir, çünki buna ciddi səbəblər olur: ya o şəxsiyyət pozuntusundan əziyyət çəkən birinin yanındadır və ya həyat yoldaşı narsist, narkoman, iqraman, kliptoman biridir. Bu kimi hallarda həmin şəxsin yanında qalıb sabah hansısa faciənin baş verməyini gözləmək lazım deyil. Belə situasiyalarda artıq çıxış yolu yoxdur və boşanma mütləqdir. Amma sıradan səbəblərdən ötrü buna gərək yoxdur.  Bəzən elə qadınlar gəlir ki, deyir sizdən əvvəl başqa psixoloqda oldum, dedi ki, ailəni dağıtma, amma sənin də yaşamağa haqqın var. Baxın, öz əxlaqını formalaşdıra bilməyən biri, sabah övladlarına necə tərbiyə verəcək”. 

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

Ermənistanın Tavuş vilayətinin Kirant kəndindən Qazaxın kəndlərinə gedən yolda minatəmizləmə işləri aparılır. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Nəşr yazır ki, polis xüsusi əməliyyat keçirildiyini bildirərək sakinləri yoldan uzaqlaşdırıb. Hazırda Kirantdan keçən dövlətlərarası yol bağlıdır. Məlumata görə, Kirantdan Qazaxın təhvil verilməsi nəzərdə tutulan kəndlərinə gedən yolun əksər hissəsi minalardan təmizlənib, artıq əraziyə sərhəd dirəkləri yerləşdirilib. Nəşr bildirir ki, Ermənistan tərəfi həmin ərazidə demarkasiya prosesinə uyğun olaraq ən mühüm mövqeləri Azərbaycana təhvil verib. Sərhəddə proses yekunlaşana kimi əraziyə, hətta ümumilikdə kəndə girişin məhdudlaşdırılacağı qeyd olunur.

Makron: Kiyev kömək istəsəydi, ordu göndərərdim!

Rusiya ordusu cəbhə xəttini keçsəydi və Kiyev bizdən kömək istəsəydi, Ukraynaya quru qoşunları göndərmək barədə düşünərdik. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “Ekonomist”ə müsahibəsində deyib. “Mənim aydın strateji məqsədim var: Rusiya Ukraynada qalib gələ bilməz. Rusiya Ukraynada qalib gəlsə, Avropada təhlükəsizlik olmayacaq. Kim deyə bilər ki, Rusiya orada dayanacaq?” - o bildirib. Makron qeyd edib ki, digər Qərb ölkələri bu variantdan “apriori” imtina etməməlidir, çünki 2022-ci ilin yayında tanklar, uzaqmənzilli raketlər və təyyarələr göndərilməsini istisna edirdilər, lakin indi bütün bunlar Ukraynaya verilir. Qeyd edək ki, Makron Rusiyanın hansı cəbhə xəttini keçməsini nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Kəlbəcərin Baş planı təsdiqləndi

“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Sozcu.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Nazirlər Kabinetindən verilən şərhdə bildirilib ki, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanıb. Kəlbəcər şəhərinin sonuncu Baş planı 1969-cu ildə tərtib olunub və hesabat dövrü 2000-ci ilə qədərki müddəti əhatə edib. Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi əsas götürülüb. Nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastrukturu şəhərin inkişafına uyğun planlaşdırılıb.

Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır

Ermənistan qoşunlarını Geqarkunikdən (tarixi Göyçə mahalı) geri çəkir, burada da demarkasiya işlərinin aparılması gözlənilir. Bu məqsədlə həmin ərazinin minalardan təmizlənmə işi həyata keçirilir. Bu haqda iddialar Ermənistan mediasında yayılıb. Məlumatlara görə, erməni qoşunları Çəmbərək və Cildən (Göyçə gölü ətrafındakı kəndlər) çıxarılır. Ermənilər hesab edir ki, Tavuş-Qazax istiqamətində sərhədin demarkasiyasından sonra digər ərazilərdə də Bakının istəkləri qəbul olunacaq. Ermənistan Müdafiə Nazirliyi isə Geqarkunik bölgəsidə minaların təmizlənməsi və qoşunların çıxarılması xəbərlərini təkzib edib.