Təyyarə qəzası: Nəticələr bu tarixdə elan ediləcək

Qazaxıstanda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələri yanvarın sonunda açıqlanacaq. Sozcu.az Report-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Belə ki, Qazaxıstanda ölkə qanunvericiliyinin və İCAO-nun 13 saylı əlavəsinin tələblərinə uyğun olaraq, qəzanın baş verdiyi tarixdən 30 gün sonra təhqiqatın ilkin və ya aralıq nəticələri elan ediləcək. Nazirlikdən həmçinin bildirilib ki, qəza ilə bağlı beynəlxalq ekspertlər araşdırması davam edir. Bununla yanaşı, 13 saylı əlavəyə uyğun olaraq, komissiya araşdırmanı 12 ay ərzində başa çatdırmağı planlaşdırır. Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qroznıda "Pantsir" sisteminin hücumuna məruz qalıb və ciddi zədələnib. Rusiya ərazisində enişinə icazə verilmədiyindən Qazaxıstanın Aktau şəhəri istiqamətində uçmağa məcbur olan təyyarə aldığı zədə səbəbindən Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1046-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 794 760 hərbçi, 9 679 ədəd tank, 20 093 ədəd zirehli döyüş maşını, 21 578 ədəd artilleriya sistemi, 1 257 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1032 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 32 843 ədəd avtomobil texnikası, 21 356 ədəd PUA, 3006 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 675 xüsusi avadanlıq itirib.

Rusiyaya gedənlərin DİQQƏTİNƏ - Bu sənədlər tələb olunacaq

30 iyun 2025-ci il tarixindən etibarən əcnəbi vətəndaşlar Rusiyaya daxil olarkən istənilən buraxılış məntəqəsindən keçdikləri zaman barmaq izlərini və üz təsvirini təqdim etməli olacaqlar. Sozcu.az xəbər verir ki, müvafiq qaydalar hökumətin qərarı ilə təsbit edilib. Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşadək uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiya Federasiyasında akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilməyəcək. Rusiyaya vizasız giriş üçün əcnəbilər əvvəlcədən xüsusi ərizədə biometrik məlumatları, öz məlumatlarının və səfərin məqsədinin əks olunduğu ərizəni təqdim edə bilərlər.

Azər Baxşəliyevin son durumu açıqlandı

Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağır olaraq qalmaqda davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.az-a Azərbaycan Tibb Universitetindən bildirilib. Bildirilib ki, hazırda A.Baxşəliyev süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Qeyd edək ki, yanvarın 2-si böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev koma vəziyyətində xəstəxanaya çatdırılıb. Axşam saatlarında öldüyü deyilən aktyorun ürək fəaliyyəti həkimlər tərəfindən bərpa edilib.

Azər Baxşəliyev vəfat etdi - Xəstəxana təsdiqlədi

15:51 Aktyor Azər Baxşəliyev vəfat edib. Sozcu.az xəbər verir ki, aktyor uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. 1985-ci il təvəllüdlü aktyor uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı. *** Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağırdır. Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib. Bildirilib ki, o xəstəxanaya gələrkən koma vəziyyətində olub: "Azər Baxşəliyev vəfat etməyib. Hazırda reanimasiyadadır. Vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub. Xəstəxanaya gətirilərkən koma vəziyyətində olub". *** Koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilən tanınmış aktyor Azər Baxşəliyev vəfat edib. Bu barədə ATU-dan məlumat verilib.

Tovuzda yanğın: ev sahibinin qardaşının meyiti tapıldı

Tovuzda evdə yanğın olub, 71 yaşlı kişi yanaraq ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Həmin ərazidə yerləşən evdə baş verən yanğın söndürüldükdən sonra ev sahibi Rafiq Hüseynovun qardaşı 1954-cü il təvəllüdlü Fazil Hüseynovun yanmış meyiti tapılıb. Faktla bağlı araşdırma aparılır.

Təyyarə qəzasında həlak olan Balakən sakini Rəna Yeznayevanın nəşi ailəsinə təhvil verilib

Təyyarə qəzasında həlak olan Balakən rayonundan olan sonuncu sərnişinin nəşi dekabrın 30-u səhər saatlarında ailəsinə təhvil verilib. Sozcu.az-ın məlumatına görə, bu, Yeni Şərif kənd sakini, 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayevadır. O, Yeni Şərif kənd qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarənin sərnişinlərindən 15 nəfəri Balakən sakini olub, onlardan 9-u həlak olub. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib. Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb. Dövlət başçısı həmçinin qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.report

Xızıda məktəbdən direktorun meyiti tapıldı

Xızı rayonunda 65 yaşlı kişinin meyiti direktor işlədiyi məktəbdən tapılıb. Sozcu.az xəbər verir ki, 1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun ölüm səbəbi hələ ki məlum deyil. Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib, aidiyyəti qurumlara məlumat verilib: "Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq".

Zelenski də Əliyevə zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti özünün sosial şəbəkə hesabında yazıb. Telefon danışığı zamanı Vladimir Zelenski Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Qroznıda 25 dekabrda vurulan AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatına görə başsağlığı verib və qəza haqda fikirlərini bölüşüb.

Biləsuvarda dəhşətli qəza: 3 nəfər öldü

Bu gün səhər saatlarında Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvarın Arazbari kəndi yaxınlığında ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, qəza nəticəsində iki minik avtomobili toqquşub. İlkin məlumata görə, ölən və yaralananlar var. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub və yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

ABŞ İvanişviliyə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi açıqlama yayıb. Sanksiyalara İvanişvilinin ABŞ-dəki bütün aktivlərinin dondurulması, ABŞ fiziki və hüquqi şəxsləri tərəfindən ona tranzaksiyaların qadağan edilməsi daxildir. 

ABŞ da Azərbaycan təyyarəsinin vurulduğunu BİLDİRİR

ABŞ hakimiyyəti Azərbaycana məxsus "Embraer 190" təyyarəsinin Rusiya tərəfindən vurulduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu barədə AFP və CNN nəşrləri adı açıqlanmayan ABŞ rəsmisinə istinadən bildirib. "İlk əlamətlər Rusiyanın hava hücumundan müdafiə sisteminin Azərbaycan Hava Yollarına məxsus təyyarəni vurduğunu göstərir", - açıqlamada qeyd olunur. Bundan əvvəl "Caliber" nəşri, "Euronews" kanalı və "Reuters" agentliyi təyyarənin Rusiya tərəfindən vurulduğunu açıqlayıb. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.