“Xarici İşlər Nazirliyinin son məlumatına görə, mina xəritələri ilə bağlı məlumatların cəmi 25 faizi həqiqəti əks etdirir. Yəni 75 faiz məlumat dəqiq və həqiqətə uyğun deyil. Bu o deməkdir ki, hələ uzun illər mina təhlükəsi ilə baş-başa qalacağıq”.
Bu sözləri "Yeni Sabah"a ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib.
O qeyd edib ki, mina təhlükəsi uzun müddət davam edəcək:
“Son günlər mina partlayışlarından faciələr baş verir. Mina bəlası hələ uzun illər davam edəcək. Nə qədər çalışsaq da, istər ANAMA, istərsə də güc strukturları təmsilçiləri bunun qarşısını tam almaqda acizdir. Çünki onlar elə basdırılıb ki, onların harada saxlanmasını hətta ermənilərin özləri də unudublar.
Xarici İşlər Nazirliyinin son məlumatına görə, mina xəritələri ilə bağlı məlumatların cəmi 25 faizi həqiqəti əks etdirir. Yəni 75 faiz məlumat dəqiq və həqiqətə uyğun deyil. Bu o deməkdir ki, hələ uzun illər mina təhlükəsi ilə baş-başa qalacağıq.
İşğaldan azad edilmiş ərazilərə köçən insanlar son dərəcə diqqətli olmalıdır. 2023-cü ildəki antiterror əməliyyatından sonra 390 vətəndaşımız minaya düşüb. Onların arasında şəhid olan da var, ağır xəsarət alan da. Əksəriyyəti isə ömürlük şikəstdir. Bu statistika artacaq”.
Hərbi ekspert qeyd edib ki, mina təhlükəsi ilə bağlı mütəmadi məlumatlandırma aparılmalıdır:
“Hətta əsrlər keçsə belə, hardasa undulub qalan mina müəyyən dövrdən sonra özünü büruzə verir. Uzun illər sovet dövründə Lənkəran ərazisində, Xəzər dənizi yaxınlığında poliqon olub. Həm Masallının Mahmudavar kəndində, həm də Lənkəran ərazisində təlimlər keçirilib. Həmin ərazilərdəki karoziyaya uğrasa da, hələ də təhlükəlidir. Zaman-zaman sözügedən ərazidə həmin minaların peydə olmasının şahidi oluruq.
Azərbaycan teleməkanını bürüyən çal-çağır verilişlərin heç olmasa bu barədə reklamlar, xəbərdarlıqlar getməlidir. İşğaldan azad olunmuş ərazilərdə yaşayan vətəndaşlar üçün mina təhlükəsi ilə bağlı məlumat vərəqələri paylanmalıdır. Minanın aktual təhlükə olması insanların şüuraltına yeridilməlidir. Çox təəssüflər olsun ki, bu məsələyə biganə yanaşırıq”.
Xatırladaq ki, son 2 gündə Cəbralı və Ağdamda 3 mina partlayışı baş verib. Nəticədə, 1 hərbçi, 1 ANAMA əməkdaşı və 3 mülki şəxs xəsarət alıb və ya həlak olub.