İsrail üçün 3 böyük sədd: Buna görə qələbə şansı azdır

İsrailin İranla müharibədə uğursuzluğunun 3 əsas səbəbi var. Sozcu.az xəbər verir ki, bu barədə nüfuzlu həftəlik “The Economist” jurnalı yazıb. Britaniya nəşrinin təhlilində qeyd edib ki, İsrailin İranla birbaşa müharibədə tam qələbə şansı azdır. Əvvəla, İranın coğrafi böyüklüyü hərbi infrastrukturun tam məhv edilməsinin qarşısını alır. Qəzzə və ya Livanın cənubundan fərqli olaraq, qısa müddət ərzində və bir neçə məhdud əməliyyatla İran faktiki olaraq iflic vəziyyətinə düşə bilməz. Raket bazalarının və hərbi mərkəzlərin ölkə daxilində səpələnməsi İrana zərbələr endirmə imkanlarını azaldıb və İsrailin hədəfə aldığı hücumların effektivliyini şübhə altına alır. İkincisi, İranla İsrail arasında bir neçə min kilometr məsafə Tel-Əvivin genişmiqyaslı və davamlı hərbi əməliyyatlar keçirməsini çox çətinləşdirir. Hücum gücünü saxlamaq üçün İsrailə ABŞ-nin vasitəçi bazaları və ya aktiv dəstəyi lazımdır. Amerikanın xarici siyasətinin qeyri-müəyyənliyi ucbatından indiki vəziyyətdə Vaşinqtonun buna razılaşıb-razılaşmayacağı bilinmir. “The Economist” təhlilinə davam edərək vurğulayır ki, İran daxilində iqtisadi və sosial şəraitdən narazılıq olsa da, xarici təhlükə zamanı siyasi sistem ətrafında, bir növ, milli birlik və həmrəylik formalaşır. Bu xüsusiyyət, sürətli devirmə və ya daxili çöküş kimi planları qısa müddətdə təsirsiz edir. Nəşr belə nəticəyə gəlir ki, İsrailin İranla birbaşa müharibəsi nəinki Təl-Əviv üçün həlledici hərbi qazanc gətirməyəcək, həm də dialoq və vasitəçilik münaqişəni əvəz etməsə, İsraili baha başa gələn və aşındırıcı regional böhrana sürükləyə bilər.

Tehranda hökumət binalarını vuracağıq! - Katz

İran İsraildəki xəstəxanalara və mülki obyektlərə hücum edir. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katz X hesabında paylaşım edib. “Baş nazir və mən silahlı qüvvələrə hücumları daha da intensivləşdirmək, Tehranda strateji hədəfləri və hökumət binalarını hədəfə almaqla bağlı tapşırıq vermişik ki, İsrail dövlətinə qarşı təhdidləri aradan qaldıraq və ayətullah rejimini sarsıdaq”, - nazir qeyd edib.

İranın 3 hökumət təyyarəsi havaya qalxdı: nə baş verir? – Foto

İran hökumətinə məxsus 3 təyyarə ölkəni tərk edərək, Oman istiqamətinə (Maskata) gedib. Sozcu.az xəbər verir ki, bu barədə “Flightradar24” sistemində məlumat əksini tapıb. Hökumət təyyarələrinin hansı məqsədlə Maskata istiqamətləndiyi açıqlanmasa da, ehtimal edilir ki, bu, ABŞ-la danışıqlar üçün ola bilər.

Bakı metrosunda HADİSƏ - Tələbə qatar yoluna düşdü

Səhər saatlarında Bakı metrosunun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb. Sozcu.az “modern.az”a istinadən xəbər verir ki, qatar stansiyaya çatmamış dayandırılıb. Gənc yaşlı sərnişin stansiyanın əməkdaşları tərəfindən xilas edilib. Məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib. O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb. "O, stansiya yolundan bileti götürüb və çıxıb. "Bakı Metropoliteni" QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib", - açıqlamada bildirilib.

İsrail qırıcıları Türkiyənin hava məkanını pozdu

İyunun 13-də, İrana hücumların ilk gecəsində İsrail qırıcılarının bəziləri Türkiyənin hava məkanını pozub. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə "Hürriyet" qəzetinin əməkdaşı Hande Fırat məlumat verib. O qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələri İsrail təyyarələrini aşkar etdikdən dərhal sonra bir neçə F-16 qırıcısını havaya qaldırıb. İsrail pilotlarına Türkiyə hava məkanını tərk etmələri əmri verilib və qırıcılar dərhal Türkiyə ərazisindən çıxıblar.

İranın İsrailə zərbələri: 4 nəfər öldü, 87 nəfər yaralandı

İranın İsrailin mərkəzindəki dörd obyektinə gecə saatlarında həyata keçirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub, 87 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin təcili tibbi yardım xidməti "Magen David Adom" ("Davudun Qırmızı Ulduzu") məlumat yayıb.

İrandan daha çox zərbə gözləyirik - İsrail

İsrail artıq hərbi əməliyyat başlayandan İranda 250-dən çox hədəfə hücum edib və zərbələr davam edir. Sozcu.az xəbər verir ki, bu barədə TASS İsrail ordusunun nümayəndəsinə istinadən bildirib. "İsrail ordusu yaxın günlərdə İrandan daha çox raket hücumu və daha çox zərbə gözləyir",- nümayəndə qeyd edib.

Tehranda eyni vaxtda 5 maşın partladıldı - MOSSAD nələr edir?

İsrailin zərbələri başlayandan bəri ümumilikdə İranın 14 nüvə alimi həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, nüvə alimləri MOSSAD-ın əməliyyatlarının nəticəsində öldürülüb. Qeyd edək ki, bundan əvvəl İran mediası Tehran küçələrində eyni vaxtda 5 avtomobilin partlaması ilə bağlı məlumat yayıb. İranın yüksək rütbəli məmurunun Tehranda yaxın məsafədən öldürülməsi xəbəri də var.

İran şərtini açıqladı: İsrail dayansa...

Tehrana qarşı təcavüz dayanarsa, İran İsrailə zərbələri dayandıracaq. Sozcu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib. "Biz özümüzü müdafiə edirik, bu, özünümüdafiədir. Təbii ki, dayanarsa, biz də cavab verməyi dayandıracağıq".

İran İsrailə buraxılacaq raketlərin sayını açıqladı

Növbəti aviazərbələr zamanı İsrail ərazisinə 2000-ə yaxın raket buraxılacaq. Sozcu.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" İran ordusundakı mənbələrə istinadla məlumat yayıb. Qeyd edək ki, 13 iyun axşam saatlarında İran İsrailə cavab əməliyyatında 1000 raketdən istifadə etdiyini açıqlamışdı.

İsrail daha bir SEPAH komandanını öldürdü

İsrailin hücumu nəticəsində SEPAH hava hücumundan müdafiə qüvvələrinin komandanı Davud Şeyxianı ölüb. Sozcu.az xəbər verir ki, bu barədə İran KİV-I məlumat yayıb. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.

İranda bütün uçuşlar dayandırıldı

İranda bütün daxili və beynəlxalq uçuşlar dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, sözügedən addım təhlükəsizlik tədbirlərinin bir hissəsidir. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib.