İranın paytaxtı Tehranda Azərbaycanın səfirliyinə hücum edən terrorçu ilə bağlı çıxarılan hökmün icrası artıq bir ilə yaxındır ki uzanır. Xatırladaq ki, həmin terrorçu həbs olunub və onun barəsində məhkəmə 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarıb. Lakin bu qərarın üstündən bir ilə yaxın vaxt keçsə də, edamın nə vaxt icra ediləcəyi məlum deyil. Azərbaycan cəmiyyətinin daim diqqət mərkəzində olan bu hadisəni media da diqqətlə izləyir. Sozcu.az Report-a istinadla xəbər verir ki, edamla bağlı qərar tez bir zamanda icra olunmasa, Azərbaycan İrandakı səfirini növbəti dəfə geri çağıra bilər. Bəs nədən bu qərarın icrası gecikir? Apardığımız araşdırma ortaya bir sıra ehtimalların çıxmasına səbəb olub. Məsələn, terroru törədən İran vətəndaşı Yasin Hüseynzadənin həyat yoluna nəzər salsaq, ortaya bir sıra maraqlı məqamlar çıxır. 55 yaşlı Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı SEPAH sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. 1999-cu ilə qədər Təbrizdə SEPAH qərargahında yük maşını sürücüsü işləyib və oradan təqaüdə yollanıb. Yasin 1999-2006-cı illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olub. O, indi də həmin “Bəsic” bazası ilə əlaqəsini davam etdirir. Hətta onun Təbrizdə “Bəsic” və SEPAH qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən anti-hökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var. Bir günahsız insanın qətli, iki nəfərin yaralanmasını həyata keçirən bu terrorçunun edam olunmasının qarşısını çox güman ki, onun SEPAH üzvü olması alır. Məhz bu qurum onun edamının icrasına əngəl olur. Halbuki, bu müdhiş cinayət əməli barədə danışan xarici işlər naziri Ceyhun Bayramov bu ilin yanvarında bir daha rəsmi Bakının mövqeyini xatırladıb və bəyan edib ki, səfirlik öz fəaliyyətini iki şərtlə bərpa edə bilər: cinayətkar layiqli cəzasını alsın və İran səfirlik əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət versin. Qeyd edək ki, 2023-cü il yanvarın 27-də “Kalaşnikov” silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edib, nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər isə yaralanıb. Və təəccüb doğuran hal hadisə yerinə polis əməkdaşlarının ən sonda gəlməsi olub.
Rusiya Federasiyasının İstintaq Komitəsi keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi açıb. O, Moskvada dələduzluq ittihamı ilə saxlanılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib. İstintaq müəyyən edib ki, 2024-cü ilin fevralında Elman Paşayev Moskvada iş adamı Aleksey Blinovski ilə görüşü zamanı onu inandırıb ki, böyük pul mükafatı müqabilində onu və arvadı Yelenanı əvvəllər açılmış vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad edə bilər. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açıb.
AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli partiyasını tərk edib. Sozcu.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində paylaşım edib. A. Yusifli partiyadan ayrılma səbəbini AXCP-nin xroniki boykot qərarları ilə əlaqələndirib. vakansiyalar Qeyd edək ki, AXCP 2013-cü ildən sonra bütün seçkilərdə iştirak etməyib.
Sentyabrın 15-də Ermənistanın Zəngəzur bölgəsinin (Sünik) Sisian rayonunda yerləşən döyüş mövqeyində 2 əsgər bir-birini güllələyib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Məlumata görə, hərbçilər arasında əvvəlcə mübahisə baş verib, sonra bir-birlərinə silah tuşlayıblar. Atışma nəticəsində onların hər ikisi yaralanıb. Əsgərlər Xəstəxanaya aparılıblar.
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. General-mayor Nizami Məmmədov müttəhimlər kürsüsündə tək deyil. Onunla bərabər Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə mühakimə olunurlar. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Musavat.com xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəkillərin Müdafiə Nazirliyinə sorğu göndərilməsi ilə bağlı vəsatətləri müzakirə olunub. Hakim Fikrət Əliyev bildirib ki, Müdafiə Nazirliyinin hüquq idarəsi ilə əlaqə saxlayıblar və bu məlumatların verilmə qaydası ilə maraqlanıblar: "İdarədən bu məlumatların nə dərəcədə mövcudluğu, verilmə qaydası barədə məhkəməyə məlumat vermələri xahiş olunub. Bundan sonra bu məsələ müzakirə olunacaq. Buna görə də hazırkı mərhələdə bu vəsatət baxılmamış saxlanılır. Məsələyə vəziyyətə uyğun qiymət veriləcək”. Daha sonra hakimlər Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin iş üzrə yenidən məhkəmə mühasibatlıq-komisyon ekspertizasının keçirilməsi barədə vəsatətini müzakirəyə çıxarıblar. Hakim qeyd edib ki, vəkil bu vəsatəti ötən iclasda qaldırıb, amma vəsatətin müzakirəsini bugünkü iclasa saxlanılmışdı. Hakim deyib ki, vəkil vəsatətində iş üzrə rəqəmlərdə, mənimsənilən məbləğlərdə fərqlərin olmasını göstərib, bu səbəbdən ekspert tərəfindən yenidən ekspertiza keçirilməsi istənilib. Vəsatəti müzakirə edən hakimlər heyəti qərar elan ediblər. Həmin qərara görə, vəsatət təmin edilməyib. Bundan sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlovun əlavə şahid qismində adına kart açılan "ölü canlar" adı altında olan şəxslərin dindirilməsi, maliyyə vəsaitlərinin kənarlaşdırılması ilə bağlı mütəxəssislərin dindirilməsi barədə vəsatətləri müzakirə olunub. Məhkəmə hər iki vəsatəti təmin etməyib. Daha sonra məhkəmədə məlum olub ki, Cəlal Kazımovun həyat yoldaşının adına olan daşınmaz əmlak 110 min manata satılıb və həmin məbləğ ziyanın ödənilməsinə yönləndirilməsi üçün dövlət hesabına köçürülüb. Bundan başqa, Vüsal Əlizadənin də həyat yoldaşının adına olan daşınmaz əmlak 101 min 532 manata satılıb və həmin məbləğ də iş üzrə ziyanın ödənilməsi üçün dövlət hesabına köçürülüb. Vəkillər tərəfindən hər iki işlə bağlı sənədlər məhkəməyə təqdim olunub. Hakimlər hər iki sənədin cinayət işinə əlavə olunması ilə bağlı qərar qəbul ediblər. Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə iş üzrə nə qədər məbləğdə ziyanın ödənilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilməsini istəyib. Məhkəmə bu vəsatəti təmin edib. Bundan sonra Rəşad Mirmehdizadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rafail Xələfovun əlavə şahid qismində dindirilməsini istəyib: "Rafail Xələfov bu işlərin mərkəzində olan şəxsdir. Rafail Xələfov hələ məhkəmənin əvvəlində ifadə verib. Amma biz müdafiə tərəfi olaraq onun bütün iclaslarda iştirak etməsini, ona çarpaz sualların verilməsinin təmin olunmasını istəmişdik. Amma məhkəmə bu məsələyə müsbət cavab vermədi. Bizim işdə isə ortada olan iki əsas şahid var. Onlardan biri Rövşən Əliyevdir. O da vəfat edib. Digəri isə Rafail Xələfovdur. Şahidlərin dindirilməsindən sonra bizim Rafail Xələfova veriləsi suallarımız yaranıb. Buna görə də onun məhkəməyə dəvət olunmasını təmin etməyinizi xahiş edirəm”. Dövlət ittihamçısı Rafail Xələfovun məhkəməyə dəvət olunmasına etiraz etməyib. Vəsatəti müzakirə edən hakimlər sonda qərar veriblər. Qərara görə vəsatət təmin olunub. Növbəti iclasda Rafail Xələfovun sorğu-sual ediləcəyi gözlənilir. Daha sonra Nizami Məmmədovun digər vəkili Cahangir Cavadov bildirib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov məhkəmədə verdiyi ifadəsində 2015-2020-ci illərdə 20 milyon manat qazanc əldə etdiklərini, həmin məbləğin 19 milyon 600 min manatını sabiq baş qərargah rəisi Nəcməddin Sadıkova verdiyini, 400 min manatın özünə qaldığını, Nəcməddin Sadıkovun ona verdiyi 800 min manatın isə Nizami Məmmədova çatdırdığını göstərib: “Amma Nizami Məmmədovun özü bu faktın düzgün olmadığını dedi. Bunu da Məlikməmməd Qurbanovdan başqa təsdiq edəcək şahid yoxdur. Çünki bu həqiqət ola bilməz. Bunu təsdiq edəcək Nəcməddin Sadıkov da ortalıqda yoxdur. Bu məsələnin də müşavirə otağında nəzərə alınmasını xahiş edirəm”. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Növbəti proses sentyabrın 20-də keçiriləcək.
Sentyabrın 14-də Ukrayna qoşunları Kursk vilayətinin Qluşkovski rayonunda irəliləyişlərini davam etdiriblər. Ordu Tetkinodan cənubda və Sucanın şimalında irəliləyərək bir neçə kəndi ələ keçirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Məlumata görə, Ukrayna hərbçiləri Vesyoloe kəndində fəaliyyət göstərir. Rusiyalı hərbi bloger də bu kəndin ələ keçirildiyini təsdiqləyib: “Rus mənbələr hətta Ukrayna ordusunun Medvejevo kəndindən qərbə (Qluşkovodan cənub-qərbə) və Tetkinodan cənuba (Qluşkovodan təqribən 25 km cənub-qərbə) Sumı vilayəti ilə sərhəddə yerləşən ərazidə irəlilədiyini təsdiq edib. Onlar bildiriblər ki, Ukrayna qüvvələri sentyabrın 13-də və 14-də Medvejevo, Vesyeloe, Obuxovka və Novıy Put yaxınlığında hücum əməliyyatlarını davam etdirib. Ukrayna ordusu Sucadan şimalda yerləşən Çerkasskoe Poreçnoe kəndini ələ keçirib”.
“May ayından Çeçenistana işləməyə gedən oğlum Rzayev Nihad Tafdıq oğlu, qayınlarım Şirinov Elxan Əkbər oğlu və Məhərrəmov Vüqar Nazim oğlu miqrasiya probleminə görə hazırda həbs olunublar”. Sozcu.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən Nihadın atası Tovuz rayon sakini Tapdıq Rzayevin sözlərinə görə, yaxınlarını orada hərbçilərin təzyiqi altında imza atdıraraq Ukraynaya müharibə bölgəsinə göndərmək istəyirlər. Saytın əməkdaşı hazırda Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən “Severni Axmat” hərbi hissəsində saxlanılan Elxan Şirinov və Vüqar Məhərrəmovla əlaqə saxlayıb. Müvəqqəti saxlanma məntəqəsində zorla sənəd imzaladıqlarını deyən Elxan Şirinov onlarla birgə saxlanılan azərbaycanlıların 5 nəfər olduğunu bildirib: “Biz ikimiz (Vüqar Məhərrəmov və Elxan Şirinov) hazırda hərbi hissədəyik, digər 3 nəfər isə kalondadılar. Nihat da onlarladır. Həmin azərbaycanlı 2 nəfəri isə bizdən qabaq ora aparıblar. Yəqin ki, onlara da zorla sənəd imzalatmaq istəyəcəklər. Biz miqrant olaraq 3 nəfər burada qaldığımız müddətdə sənədlərimiz qaydasında olmadığına görə saxlanıldıq və həmin məntəqədə orduya qoşulmaq təklif edildi. Lakin imtina etdik, sonra bizi geri qaytardılar və boş sənədə imza atdırdılar. Bilik səviyyəmiz aşağı olduğu üçün həmin sənədə qol çəkdik. Sonra bizi hazırda olduğumuz hərbi hissəyə gətirdilər. Dedilər ki, qaçmaq istəsəniz, imtina etsəniz, sizi boş sahəyə aparıb güllələyəcəyik. Bizi zirzəmiyə salıb işgəncələr verirlər. Axı mən kimə görə, nəyə görə gedib Ukraynada döyüşməliyəm? Bizi Çeçenistanın nazirinin, nazir müavininin adı ilə hədələdilər”.
1 nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Şamaxı rayon prokurorluğu məlumat yayıb. Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1995-ci il təvəllüdlü Elbrus Şeydayevin Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində yolun kənarında qayınatası 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və qayınanası 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirdikdən sonra özünə məxsus avtomobillə Əlağa Hüseynovun üzərindən keçməsi nəticəsində sonuncunun hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Püstə Hüseynova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.
Sentyabrı 11-i saat 13 radələrində Ağcabədi rayonunda intihar hadisəsi baş verib. 1998-ci il təvəllüdlü Ülviyyə Zakir qızı Baxşəlizadə yaşadığı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi ərazisində evdə ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Ü. Baxşəlizadə orada ölüb. vakansiya Hadisə yerindən müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi götürülüb. Araşdırma aparılır./Publika.az
Bakıda mütəmadi olaraq müşahidə edilən tıxaclar, nəqliyyatın, şəhər həyatının iflic olması və əhalinin artımı paytaxtın köçürülməsi ideyasını yenidən aktuallaşdırıb. Artıq danılmaz faktdır ki, Bakı az qala 4 milyona çatan əhali yükünə dözə bilmir. Hətta hökumətin infrastrukturlara - yeni yollara, körpülərə və s. kimi projelərə xərclədiyi milyardlar belə, şəhərin rahat nəfəs alması üçün yetərli deyil. Bakının yollarının bir neçə milyard dollar investisiyanı “udmasına” baxmayaraq, problemin həlli görünmür və paytaxtın köçürülməsini qaçılmaz edir. Yeri gəlmişkən, İran prezidenti Məsud Pezeşkian da bir neçə gün əvvəl paytaxtın Tehrandan köçürülməsinin vacibliyini vurğulayıb. Paytaxtın köçürülməsi məsələsi bir neçə dəfə Milli Məclisdə də gündəmə gətirilib. Bəzi deputatlar hesab edir ki, Bakıda xüsusilə maşınların sıxlığından və yeni binaların tikilməsindən sonra ekoloji vəziyyət pisləşib. Təklifə görə, Bakı Azərbaycanın yalnız biznes mərkəzi olmalı, digər icra və idarəetmə strukturları isə ayrıca paytaxta köçürülməlidir. socar vakansiya Hələ 10 il əvvəl Ələt ərazisindəki geniş dağətəyi sahədə yeni paytaxt salınacağı haqda iddialar vardı. İddia olunurdu ki, yeni paytaxt kimi bu ərazinin seçilməsi təsadüfi deyil. Çünki bu geniş ərazidə hələ SSRİ dövründə Atom Elektrik Stansiyasının (AES) tikintisi planlaşdırılıb. AES-in tikintisi üçün keçən əsrin 80-ci illərində bura seçilib və SSRİ-nin müvafiq idarələri, xüsusilə buradakı geoloji vəziyyəti (sürüşmə, süxurların möhkəmliyi, zəlzələ riski və sair) öyrəndikdən, geofiziki araşdırmalar apardıqdan sonra obyektin tikintisinə razılıq verib. Hətta Xəzərin səviyyəsi maksimum qalxarsa, bu ərazinin təhlükəsiz olacağı barədə proqnoz verilib. Amma SSRİ-nin süqutu bu prosesi dondurub... Təsadüfi deyil ki, 1923-cü ildə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara elan edildi, İstanbul isə ölkənin əsas sənaye mərkəzi statusunu indi də daşımaqdadır. 1918-ci ildə Leninin təkidi ilə Moskva yeni paytaxt elan edildi, ancaq Sankt-Peterburq indi də Rusiyanın ikinci paytaxtı sayılır. 1998-ci ildə Nazarbayevin təklifi ilə Qazaxıstanın paytaxtı Astana elan edildi. Ancaq Almatı indi də ölkənin ən böyük şəhəridir. Bakı da bir neçə nazirliklərini “əldən verməklə” Azərbaycanın ən böyük şəhəri statusunu itirməyəcək, sadəcə, bu meqapolis izafi yükdən qurtulacaq. Qeyd edək ki, paytaxtın köçürülməsi üçün konstitusiyada dəyişiklik olmalıdır. Konstitusiyanı dəyişmək üçün isə referendum keçirilməlidir. Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a anışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, əgər paytaxtın köçürülməsi məsələsi aktuallaşsa, bu, konstitusiya dəyişikliyi olmadan mümkün deyil: “Amma paytaxtı köçürmədən də Bakının yükünün azaldılması mümkündür, bunun üçün atıla biləcək addımlar var. Konkret olaraq İranla bağlı danışsaq, orada paytaxtın Tehrandan köçürülməsi diskussiyasının səbəbi resurs çatışmazlığıdır. Şəhər həddən artıq böyüyüb, su resursları çatışmır. Şəhərdə sıxlıq yaranıb. Ona görə də belə bir addım atmağa çalışırlar. Ümumilikdə isə paytaxtın köçürülməsi çox bahalı layihədir. Söhbət 10 milyardlarla dollardan gedir. Bilmirəm, buna İranın gücü çatacaq, ya yox. Düşünmürəm ki, bu asanlıqla baş versin. Bizdə isə problem başqadır. Bakının həddindən artıq yüklənməsi və sıxlığın yaranmasının səbəbi bütün iqtisadi, siyasi, mədəni fürsətlərin Bakıda toplanmasıdır. Paytaxtı köçürmədən belə Bakının yükünün azaldılması layihələri həyata keçirilməlidir. Bunun üçün kifayət qədər fürsətlər də var. Allaha min şükür, torpaqlarımızı da işğaldan azad edib suverenliyimizi bərpa etmişik. İndi işğaldan azad edilmiş bölgələrdə yüz minlərlə insanların köçürülməsi və yaşaması potensialı var”. Ekspert əlavə edib ki, işğaldan azad edilən torpaqlara bir milyon, hətta iki milyon insan köçürə bilərik. Yeni milyonluq şəhərlər yaranmalıdır. Məsələn, niyə Gəncə milyonluq şəhərə çevrilməsin, yaxud da Mingəçevir? Bunun üçün Bakının yükü azaldılmalıdır. Ölkə üzrə iqtisadi fürsətlərin regionlarda da cəmlənməsinə şərait yaranmalıdır. Yeni sistem formalaşdırılmalıdır. Bir də inzibati qərarlarla da Bakının boşaldılması qərarı verilə bilər: universitetlərin Bakıdan köçürülməsi, bəzi dövlət və hökumət idarələrinin Bakıdan köçürülməsi. Kənd Təsərrüfatı Nazirliyi, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi - bu tipli qurumların Bakıda olmasının nə mənası var?! Bax, bu yollarla ölkənin paytaxtının yükünün azaldılması mümkündür. Azərbaycan ərazi cəhətdən çox böyük ölkə deyil. Paytaxtın harasa köçürülməsi o qədər də məntiqli deyil. Ona görə də düşünürəm ki, bununla bağlı qərar verməkdənsə, yəni 10 milyardlarla vəsait xərcləməkdənsə, Bakının yükünün azaldılması layihələrinə üstünlük verilməlidir".
09:52 Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək proses oktyabrın 8-nə kimi təxirə salınıb. Xatırladaq ki, 1999-cu il təvəllüdlü Ə.Əhmədov bu ilin fevral ayının 13-də aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinir. Hadisədən bir gün sonra Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib. Ə.Əhmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib.
Bu gün Moskvaya pilotsuz təyyarələr tərəfindən kütləvi şəkildə hücum edildiyi bildirilir. Sozcu.az "UNİAN"-istinadla xəbər verir ki, İlk dron yerli vaxtla saat 2:20-də Lyubertsı şəhər rayonunda vurulub. Sonra pilotsuz təyyarələr Moskva yaxınlığındakı Jukovskidə vurulub - yerli əhalinin dediyinə görə, əvvəlcə onlar ən azı 6 partlayış səsi eşidiblər. Moskva vilayətinin qubernatoru Vorobyov saat 05:23-də bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna şəhər dairələrində 14 PUA-nı vurub. Sonradan Rusiya mediası Ramenskoyedə çoxmərtəbəli binaların zədələndiyini, 11-12-ci mərtəbələr ərazisindəki mənzillərin yandığını bildirib. Əvvəlcə 9 yaşlı uşağın öldüyü bildirilsə də, sonradan bu məlumat təsdiqini tapmayıb. Hücum nəticəsində çoxmərtəbəli binalardan birində ən azı 20 mənzilə ziyan dəyib. Hündürmərtəbəli binalara edilən hücum nəticəsində üç qurbanın hamısının qəlpə yaraları olduğu bildirilir. Jukovski hava limanı yaxınlığında PUA-nın qəzaya uğradığı da bildirilir. Bundan əlavə, PUA Moskva vilayətinin Ramenski rayonunun Prudki kəndində fərdi yaşayış binasının yaxınlığında düşüb. Hadisə şahidlərinin sözlərinə görə, o, binanın arxasındakı meşəyə düşüb. Heç kim xəsarət almayıb. "Mash" telegram-kanalı yazır ki, Moskva bölgəsinə hücum üçün “Fierce” təyyarə tipli pilotsuz uçaqlardan istifadə edilib.