İtaliyada zəlzələ olub

İtaliyanın şimalında 5 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Mərkəzinə verilənlərinə görə, yerli vaxtla 22:19-da qeydə alınmış zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri əhalisi 8 min nəfər olan Tolmedzo kommunasından 13 km cənub-qərbdə olub. Tələfat və dağıntı barədə məlumat daxil olmayıb. Xatırladaq ki, İtaliyada dağıntılara yol açmış sonuncu güclü zəlzələ 2016-cı ildə qeydə alınıb. O zaman 300-ə yaxın insan həlak olmuş, 400-dən çox insan yaralanmışdı.

Bu, epidemiya kimi bütün dünyaya yayılır - İnterpol

Mütəşəkkil cinayətkarlıq epidemiya kimi bütün dünyaya yayıla bilər və miqyası getdikcə artır. Sozcu.az xəbər verir ki, bunu İnterpolun Baş katibi Yurgen Ştok bildirib. “Mənim dünyanı mümkün mütəşəkkil cinayətkarlıq epidemiyası barədə xəbərdar etmək qərarım yüngül qəbul edilmir”, - Y.Ştok qeyd edib.

Qarabağda ermənilərə məxsus dayaq məntəqəsi aşkar olundu – Video

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda əraziyə baxış zamanı Ermənistan silahlı qüvvələrinə məxsus növbəti tərk edilmiş dayaq məntəqəsi aşkar edilib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ağdərə rayonu ərazisində meşəlik zonada yerləşən dayaq məntəqəsindən 1 ədəd T-72B tankı, 4 ədəd D-20 artilleriya qurğusu, artilleriya mərmisi ilə dolu 3 ədəd "Ural" və 1 ədəd “Kamaz” markalı hərbi avtomobil və xüsusi texnikalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən təxliyə edilib. Aşkar edilmiş dayaq məntəqəsində mövcud olan atəş vasitələrinin 10 noyabr 2020-ci ildən sonra yaranmış təmas xəttindən dərində yerləşən Suqovuşan və ətrafdakı digər yaşayış məntəqələri istiqamətində tuşlanaraq yerləşdirilməsi onların Azərbaycana qarşı hərbi təxribatlarda tətbiq edilməsini əyani sübut edir. Antiterror əməliyyatından sonra Qarabağ ərazisində hələ də tapılmaqda olan silah-surat və ağır hərbi texnikanın sayı onu göstərir ki, həmin ərazilər miqyasına görə nəinki regionun, hətta dünyanın ən hərbiləşdirilmiş zonalarından birinə çevrilmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq əvəzinə Ermənistan tərəfi xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağ iqtisadi rayonuna daşıyıb, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırıb, həmçinin hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirib.

BMT TŞ Qəzza ilə bağlı qətnamə qəbul etdi

BMT Təhlükəsizlik Şurası Ramazan ayı ərzində Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə qəbul edib. Sozcu.az xəbər verir ki, Təhlükəsizlik Şurasının 14 ölkəsinin hamısı qətnamənin lehinə səs verib. Yalnız ABŞ səsvermədə bitərəf qalıb.

Sabah rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq

Mart ayının 26-da Azərbaycanda yağıntılı hava şəraiti müşahidə ediləcək. Sozcu.az xəbər verib ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Azərbaycan kəndlərinə girən erməni BELƏ HƏBS OLUNDU

Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Avetis Avetisyan həbs edilib. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə birləşmə məlumat yayıb. Məlumata görə, birləşmənin digər üzvü Hrant Der-Abrahamyanla da əlaqənin kəsildiyi, onun da saxlanıldığı ehtimal olunur. A.Avetisyanın martın 24-ü səhər saatlarında əməliyyatla həbs edildiyi açıqlanıb. Birləşmə Qazaxın işğalda olan kəndlərinin Azərbaycana təhvil verilməsinə mane olmağa çalışdıqlarını, lakin Emrənistan hökumətinin onlara qarşı çıxdığını qeyd edib. Məlumata görə, “Döyüş qardaşlığı” kəndlərin təhvil verilməməsi üçün insanları müharibəyə səsləyir, Tavuş-Qazax sərhədində demarkasiya prosesinin icrası zamanı Azərbaycan ordusuna qarşı təxribat törətməyi planlaşdırır. Onlar bu gün ərzində Qazaxın Yuxarı Əskipara və Bağanis-Ayrım kəndlərinə daxil olmağa hazırlaşdıqlarını açıqlayıblar. İrəvan isə artıq bir müddətdir birləşmənin təxribat planları və ictimai çağırışlarından xəbərdardır. Bu səbəblə təxribata mane olmaq və kəndlərin problemsiz təhvil verilməsi üçün birləşməni zərərsizləşdirməyə çalışır. Artıq “Döyüş qardaşlığı”nın bir neçə üzvünə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən xəbərdarlıq edilib. Həbs olunan A.Avetisyan və Hrant Der-Abrahamyan isə birləşmənin əsas üzvlərindən olublar. Qeyd edək ki, bundan öncə “Döyüş qardaşlığı” martın əvvəlində Qazaxın Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girəcəyini açıqlamışdı.

"Crocus City Hall"da ölənlərin sayı artdı: RƏQƏM...

Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 115-ə çatıb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.  ***  Moskva vilayətində “Crocus City Hall”dakı baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb. Bu barədə “112” teleqram kanalı məlumat yayıb. Məlumata görə, onlardan 3-ü uşaqdır. Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.  ***  Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda yaralıların sayı 183 nəfərə çatıb. Onlardan səkkizi uşaqdır. Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb. Rusiya səhiyyə naziri Mixail Muraşko isə “Rossiya-24” telekanalına bildirib ki, xəstəxanalara 115 nəfər aparılıb və onlardan 61-nin vəziyyəti ağırdır. 

Moskva teraktı: Bir azərbaycanlı həlak oldu

Moskvadakı terror aktında həlak olanlardan biri azərbaycanlıdır. Sozcu.az xəbər verir ki, Moskva vilayətinin Səhiyyə Nazirliyinin saytında "Krokus Siti Holl"a edilən terror hücumunda həyatını itirənlərin adları açıqlanıb. Siyahıda 17 yaşlı Sevinc Rüstəmova (19.10.2006) adlı şəxs də var.

Rusiyanın istənilən hücumuna hazırıq - Makron

Qərb nə qədər lazımdırsa, Rusiyadan gələn hücum qarşısında Ukraynanı dəstəkləyəcək. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. “Mən strateji qeyri-müəyyənlik yaratmışam və getdikcə daha çox ölkə bunu dəstəkləyir. Biz artıq Ukraynanı sadəcə olaraq dəstəkləyəcəyimizi demirik, rəsmi şəkildə deyirik ki, lazım olduğu qədər intensiv şəkildə dəstəkləyəcəyik. O deməkdir ki, biz Rusiyanın həyata keçirəcəyi istənilən hücuma cavab verməyə hazırıq”, - Makron bildirib. Onun sözlərinə görə, Qərbdə çoxları Rusiyanın Ukraynada dayanmayacağına inanır: “Kim fikirləşirsə ki, Rusiya Donbas və Krımda dayanacaq, səhv edir. Hər kəs də bu fikri bölüşür. Prezident Co Bayden də bir neçə gün öncə də belə bir söz dedi. Ona görə də mən hər kəsi yaxşı düşünməyə çağırıram”.

Beynəlxalq Cinayət Məhkəməsinin sədri Putini HƏDƏLƏDİ

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) yeni sədri Tomoko Akane Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı "müharibə cinayətlərinə" görə cavab verəcəyinə inandığını bildirib. Sozcu.az xəbər verir ki, jurnalistlərin sualına cavab olaraq Akane Çin atalar sözündən sitat gətirib: "Cənnətin intiqamı yavaş, lakin doğrudur". O, Beynəlxalq Cinayət Məhkəməsinin problemlərinin olduğunu da etiraf edib. Akane xüsusilə qeyd edib ki, son iki il ərzində barəsində həbs qərarı çıxarılan şəxslər həbs olunmayıb. Yaponiya hakimi Tomoko Akane 2023-cü ilin martında Rusiya Prezidenti Vladimir Putin və Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın Ukraynanın işğal olunmuş ərazilərindən uşaqları Rusiyaya qanunsuz deportasiya etmək ittihamı ilə həbs qərarı imzalayan üç Beynəlxalq Məhkəmə hakimindən biri olub. 2024-cü ilin martında o, Beynəlxalq Cinayət Məhkəməsinin rəhbəri seçilib.

Dəstək gücləndirilir – Rusiyaya qarşı “F-16” qırıcıları

“Ukraynaya artilleriya sursatları və hava hücumundan müdafiə sistemləri üçün daha çox raket veriləcək”. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov öz Feysbuk səhifəsində yazıb. O qeyd edib ki, Almaniyadakı Amerika Ramşteyn aviabazasında keçirilən görüşün əsas mövzusu sursat olub. Nazirin sözlərinə görə, tərəfdaşlar Kiyevə 155 mm, 152 mm və 105 mm-lik artilleriya mərmilərindən ibarət hərbi yardım paketləri göndərəcəklər. Bundan əlavə, o bildirib ki, “F-16” qırıcıları da Ukrayna səmasını “bağlamağa kömək etməlidir”. Nazirin sözlərinə görə, Kiyev bu təyyarələrin mümkün qədər tez Ukraynaya çatmasını təmin etmək üçün bütün tərəfdaşlarla – ABŞ, Danimarka, Belçika, Hollandiya, Rumıniya və digərləri ilə fəal işləyir.

Azərbaycanda 2 ailə qəzaya düşdü: 3 ölü, 4 yaralı

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Babək rayon Vayxır kəndi ərazisində qeydə alınıb. Belə ki, "Lada Niva" markalı avtomobillə "Hunday Santafe" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "Lada Niva"da olan Zərifə İbrahim qızı Əliyeva, Məhəmməd Mehdixan oğlu Əhmədov və Mütəllim Xanış oğlu Əliyev ölüb. Pərvin Məhəmməd oğlu Əhmədov isə ağır bədən xəsarətləri alıb. "Hunday Santafe"də olan 3 sərnişin - Qüdrət Mehdi oğlu Mahmudov, Qəşəm Əbülfəz oğlu Mahmudov və Seyfəli Mehdi oğlu Mahmudov ağır yaralanıb. Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin ağır olduqları bildirilir. Faktla bağlı araşdırma aparılır.