Deputatın həyat yoldaşı: “Polislər evimizin videokameralarını incələyirlər”

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkili hazırda 1 saylı Kliniki Xəstəxanada əməliyyata alınıb. Bu barədə Redaktor.az-a millət vəkilinin həyat yoldaşı Zülfiyyə xanım məlumat verdi. Onun sözlərinə görə, F.Mustafanın həyatı üçün təhlükə yoxdur: "Fazil bəyin həyatı üçün təhlükə yoxdur. Hazırda polislər evimizin videokameralarını incələyirlər".

Deputat haqqında şok faktlar: Saxta diplom, dini təhsil, fərarilik…

Milli Məclisin deputatı Cavid Osmanov haqda sensasiyalı hesab edilə biləcək və onun qanunverici orqanda fəaliyyət göstərməsini sual altına salacaq məlumatlar ortaya çıxıb. Demokrat.az-ın redaksiyasına daxil olan məlumatlar onu deməyə əsas verir ki, Cavid Osmanovun təhsili saxta, özü isə fəraridir. 06.02.1975-ci ildə anadan olmuş Cavid Həmid oğlu Osmanovun orta məktəbi 1992-ci ildə bitirdiyi, universitetə isə 5 il sonra 1997-ci ildə qəbul edildiyi onun tərcümeyi-halında qeyd olunur. Lakin redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Cavid Osmanov orta məktəbi bitirdikdən 5 il sonra – 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına heç bir imtahan vermədən qeyri-qanuni yolla daxil olub. Həmin universiteti isə 2000-ci ildə, yəni cəmi 3 il ərzində bitirib. Azərbaycanda bakalavr pilləsi 4 ildir, necə olur ki, Cavid Osmanov bu təhsil pilləsini 3 il ərzində bitirir və diplom ala bilir?! Ortaya başqa bir sual da çıxır ki, bəlkə Cavid Osmanovun bundan əvvəl hansısa təhsil müəssisəsinin saxta diplomunu əldə etmiş, Dövlət İdarəçilik Akademiyasına ikinci təhsil almaq adı ilə daxil olubdur?! Əgər belədirsə, Cavid Osmanov özünün niyə Wikipediya səhifəsində və Milli Məclisin elektron səhifəsində birinci təhsili haqqında məlumat vermir?  Bizi də maraqlandıran elə budur. Çünki redaksiyamıza daxil olan məlumatlarda qeyd edilir ki, Cavid Osmanov 1992-ci ildə orta məktəbi bitirdikdən sonra ərəb ölkələrinin birinə dini təhsil almaq adı ilə getmiş, 1 ildən sonra oradan qovulmuş və geri qayıtmışdır.  1993-cü ildə hərbi xidmətə çağırılmış Cavid Osmanov saxta arayışlar əldə etməklə hərbi xidmətdən yayınıb. Bu həmin dövr idi ki, ermənilər torpaqlarımızın işğalına davam edirdi və xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Vətən oğullarını Qarabağın müdafiəsi üçün orduya yazılmağa çağırışlar edirdi. Qarabağda erməni işğalçılarına qarşı ölüm-dirim savaşı gedən vaxt Cavid Osmanov saxta sənədlərlə Vətənin müdafiəsindən yayınmış, Ordudan fərarilik etmişdi. Diplomu saxta, keçmiş fərarinin qanunverici orqanda fəaliyyət göstərməsi, deputat kimi xalqın və dövlətin maraqlarından danışması gülünc, həm də ziyanlıdır. Məhz bu baxımdan, Azərbaycan Respublikası Milli Məclisinin spikeri, hörmətli Sahibə xanım Qafarovaya müraciət edir və ondan bəzi qaranlıq məqamlara aydınlıq gətirilməsinə köməklik etməsini xahiş edirik. 1. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanov 1992-ci ildə orta məktəbi bitirdikdən sonra hansı xarici ölkəyə dini təhsil almaq adı ilə getmişdir? 2. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanov 1993-cü ilin aprel ayından hərbi mükəlləfiyyətçi olduğu halda hansı əsaslarla Vətənin müdafiəsində iştirak etməmiş və Ordudan yayınmaq üçün hansı saxta arayışlar əldə etmişdir? 3. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanov orta məktəbi bitirdikdən  5 il sonra 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına necə və hansı əsaslarla qəbul olunmuşdur? Bu əsaslar Azərbaycan Respublikası qanunları ilə ziddiyyət təşkil edirmi? 4. Niyə həmin Akademiyadakı təhsil müddəti 3 il olmuşdur? (1997-ci ildə daxil olub 2000-ci ildə bitirdiyini özü rəsmi sənədlərdə qeyd edir )  5. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanovun 1-ci Ali təhsili varmı? Harada və qanuni əsaslarla təhsil almışdırmı? Əgər həqiqətən o 1-ci təhsilini qanuni şəkildə almışsa, nə üçün bütün rəsmi sənədlərdə 1-ci təhsilini gizlətməyə üstünlük vermiş və heç bir yerdə bunu qeyd etmək istəməmişdir? Ümid edirik ki, hörmətli spiker Sahibə xanım Qafarova bu məsələlərin araşdırılması üçün təcili göstəriş verəcək və nəticəsi barədə də Milli Məclis tərəfindən bizə məlumat veriləcəkdir. Çünki Milli Məclisin hər bir üzvü Vətəni canından çox sevən, pak və təmiz, savadlı və əqidəli şəxslərdən ibarət olmalıdır. Xalq namizədi haqqında həqiqəti bilməlidir ki, seçdiyi namizədin kimliyini dəqiq bilsin. Eyni müraciəti Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqova da ünvanlayır və bu məsələlərin araşdırılmasını xahiş edirik. Çünki YAP təkcə ölkəmiz və regionumuzun yox, dünyanın ən böyük və nüfuzlu partiyalarından biridir. Ulu Öndərin qurduğu, Prezident İlham Əliyevin sədrlik etdiyi bir partiyada təhsili və hərbi xidməti haqqında şübhəli məqamlar olan bir şəxsin təmsil olunması və bu partiyanın üzvü kimi qanunverici orqanda da təmsil olunması qəbuledilməzdir. P.S. Bu yazıda adıçəkilən deputat Cavid Osmanov əvvəlcədən ona ünvanladığımız İnformasiya Sorğumuzu cavabsız qoyub. 

Vaqnerçilərin nəhəng qəbiristanlığı - Şok video

Krasnodar vilayətinin Qoryaçiy Klyuç şəhəri yaxınlığında Ukraynada öldürülmüş vaqnerçilərin basdırıldığı qəbiristanlığın görüntüləri yayılıb. Sozcu.az xəbər verir ki, qəbiristanlığın görüntülərini paylaşan yerli sakinlərdən biri həddən artıq məzarın olduğunu bildirib. “Nə qədər insan ölüb. Nə qədər məzar var. Saymaqla bitmir. Sonu yoxdur. Hamısı da 2022-ci ilin sonu – 2023-cü ilin əvvəlinindir”, - çəkiliş aparan şəxs deyib. Qeyd edək ki, bir müddət öncə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə Qoryaçiy Klyuç şəhərinin meri arasında mübahisə yaranmışdı. Mer Ukraynada öldürülən vaqnerçilərin şəhər qəbiristanlığında basdırılmasına icazə vermədiyi üçün Priqojin də onu hədələmişdi. Daha sonra problem həll olunmuş və dəfnə icazə verilmişdi.

Əvəz Zeynallı: "Elçin Sadıqov niyə azadlıqdadır?" - YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləmiş Elnur Şükürovun cinayət işi üzərə məhkəmə iclası başlayıb. Sozcu.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Elan olunmuş ittiham üzrə Əvəz Zeynallı özünü təqsirli bilməyib. O deyib ki, vəzifəli şəxs olmadığı halda ona bu barədə ittiham verilib. Əvəz Zeynallı vəkil Elçin Sadıqovun azadlıqda olmasından narazı olduğunu söyləyib: “Mənə ittiham verilib ki, Elçin Sadıqovla birlikdə rüşvət almışam. Amma onun işi ayrıca icraata götürülüb və azadlıqdadır. Nəyə görə Elçin Sadıqov azadlıqdadır? Axı barəmdə ittiham onunla birlikdə verilib. Biz bir ittihamla saxlanılaraq həbs edilmişik”. Əvəz Zeyallı daha sonra məhkəmə prosesinin kiçik zalda keçirildiyindən narazı qaldığını vurğulayıb: “Xahiş edirəm ki, məhkəmə böyük zalda keçirilsin və prosesə daha çox insan buraxılsın”. Hakim qeyd edib ki, məsələ məhkəmə araşdırması zamanı müzakirəyə çıxarılacaq. Hazırda proses davam edir. *** 10:19 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləmiş Elnur Şükürovun cinayət işi üzərə məhkəmə iclası başlayır. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək proses saat 11:50-də start götürəcək. İclasda təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi və məhkəmənin baxışa verilməsi gözlənilir. İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır. Qeyd: “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan təqsirləndirilən Elçin Sadıqov ev dustaqlığına buraxılıb.

Klaar yenidən Azərbaycana gəlir

Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar aprelin 3-də Azərbaycana səfər etməyi planlaşdırır. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, T.Klaar Gənc Avropa Səfirləri və AB-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən birgə açılmış Avro Klubun açılış mərasimində iştirak üçün Bakıya səfər edəcək. Xatırladaq ki, T.Klaar sonuncu dəfə Azərbaycana martın 5-də gəlib.

Qurban Qurbanov görüşü izləməyə gələn şəhid övladları ilə görüşərək onların əlindən öpüb

Bu gün Türkiyənin “Qalatasaray” klubu ilə “Qarabağ” arasında xeyriyyə matçından öncə maraqlı anlar yaşanıb. Sozcu.az xəbər verir ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov görüşü izləməyə gələn şəhid övladları ilə görüşərək onların əlindən öpüb. Q. Qurbanovun şəhid mayor Elsevər Paşayevin qızları Nəzrin və Banuya xüsusi diqqəti sosial şəbəkələrdə təqdir olunub. Həmin görüntünü təqdim edirik: Foto: Firi Salim

"Mən müharibəni müharibə adlandırıram və Putinin onu uduzacağını deyirəm..."

"Mən müharibəni müharibə adlandırıram və Putinin onu uduzacağını deyirəm..." Tanınmış politoloq, hazırda İsraildə yaşayan Abbas Qallyamov Rusiya hakimiyyətinin onu nədə ittiham etdiyini hələlik bilmədiyini bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb. Xəbər verildiyi kimi, Qallyamov "cinayət maddəsi ilə" (konktret göstərilmir) axtarışda olan qismində məlumatlar bazasına daxil edilib. 2002-2008-ci illərdə Qallyamov Rusiya prezidenti yanında Başqırdıstan nümayəndəsinin müavini vəzifəsində olub.  2008-2010-cu illərdə Rusiya prezidentinin çıxışlarının hazırlanması üzrə Departamentdə işləyib və Rusiyanın o zamankı baş naziri Vladimir Putinin nitqlərini tərtib edib. 2010-2014-cü illərdə Başqırdıstan prezidenti administrasiyasının rəhbəri Rüstəm Xamitovun müavini işləyib. Politoloqun özü jurnalistlərə məlumat verib ki, "cinayət maddəsi" ilə bağlı heç bir bildiriş və ya çağırış vərəqəsi almayıb. O, güman edib ki, cinayət işi Rusiyada dəbdə olan "Rusiysa Federasiyası Silahlı Qüvvələrinin nüfuzdan salınması haqqında" maddəsi ilə açıla bilər. Avqust ayında Abbas Qallyamov ilə KİV-lərdə dərc edilən müsahibəsində o, güman edib ki, Putin elə bir davaya girişib ki, oradan qalib çıxmaq mümkün deyil.

Daha bir ölkə Ukraynaya helikopter verir

Şimali Makedoniya ordusu Ukraynaya 12 ədəd Mi-24 helikopterinin təhvil verilməsi barədə qərar qəbul edib. Sozcu.az xəbər verir ki, bu haqda Ukrayna mətbuatı məlumat yayıb. Bildirilib ki, Şimali Makedoniya 2001-ci ildə bu helikopterləri Ukraynadan alıb. Onlardan 4-ü modernləşdirilib, digərləri isə ümumiyyətlə istifadə olunmayıb.

Ermənilərdən Türkiyə ilə oyunda şok pankart - Foto

Türkiyə və Ermənistan milli komandaları arasında bu gün İrəvanda baş tutan oyun zamanı erməni azarkeşlər daha bir pankart açmaqla, öz mahiyyətlərini ortaya qoyublar. Sozcu.az xəbər verir ki, erməni azarkeşlər “NEMEZİS” yazılan iri pankartı oyun boyu nümayiş etdiriblər. Nemezis əməliyyatı – ASALA erməni terror təşkilatının Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyəti rəsmilərinə qarşı planlaşdırılan terror hücumlarının adıdır. Əməliyyat öz adını yunan intiqam ilahəsi Nemezidanın adından götürüb. Guya ermənilər bununla “soyqırıma” cavab veriblər. Halbuki 1918-ci ildə ermənilərin Bakı da daxil olmaqla, Azərbaycanın bir çox ərazilərində dəhşətli soyqırım və qətliamlar törətmiş, minlərlə azərbaycanlını qətlə yetirmişdilər. Qeyd edək ki, oyun 2:1 Türkiyə millisinin qələbəsi ilə yekunlaşıb.

Rusiyanın bu briqadası 8 dəfə məhv edilib

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiyanın 155-ci Dəniz Piyada Briqadası 8 dəfə məhv edilib və yenidən qurulub. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Müharibənin Araşdırılması İnstitutu (ISW) məlumat yayıb. Bildirilir ki, bunun səbəbi müharibənin əvvəlindən əsasən Uqledar uğrunda aparılan döyüşlər zamanı verilən itkilərdir.

"Ukrayna olmayacaqsa, Avropada heç kim təhlükəsiz olmayacaq” - Litva

NATO-nun Vilnüs sammitində Litvanın məqsədi Ukraynanı Alyansa tamhüquqlu üzvlüyə yaxınlaşdırmaq olacaq. Sozcu.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis deyib. “Mən Ukraynanın üzv olmadığı Avropanın təhlükəsizlik arxitekturasını görmürəm. Bu o deməkdir ki, Ukrayna olmayacaqsa, Avropada heç kim təhlükəsiz olmayacaq”, - nazir bildirib. Qeyd edək ki, NATO-nin Vilnüsdəki sammiti 11-12 iyul tarixlərində keçiriləcək.

Avropa İttifaqı Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ

Ukrayna hökumətinin Rusiyanın minlərlə uşağı qaçıraraq ölkəyə gətirməsi ilə bağlı iddialarından sonra Avropa İttifaqı (Aİ) hərəkətə keçib. Sozcu.az-ın xəbərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ Liderlər Sammitində bildirib ki, Avropa İttifaqı Rusiyaya qanunsuz aparılan ukraynalı uşaqların geri qaytarılması ilə bağlı konfrans keçirəcək. "Uşaqları ölkədən çıxarmaq üçün orada baş verənlər tariximizin ən qaranlıq vaxtlarının dəhşətli xatirəsidir. Bu, müharibə cinayətidir" - Von der Leyen bildirib. O, uşaqların geri qaytarılmasını təmin etmək üçün Polşanın Baş naziri Mateuş Moravyeçki ilə birlikdə çalışacaqlarını bildirib. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin ukraynalı uşaqların ölkəyə qeyri-qanuni deportasiyasındakı roluna və hərbi cinayətlər törətdiyinə görə həbs olunmasına order verib. Ukrayna hökumətinin açıqladığı məlumatlara əsasən, 2022-ci il fevralın 24-də müharibə başlayandan bəri 16 200 ukraynalı uşaq qanunsuz olaraq Rusiyaya aparılıb. Bildirilib ki, bu uşaqlardan yalnız 308-i Ukraynaya qayıdıb.Musavat.com