Kiyevdə həqiqətən ABŞ hərbçiləri var, ancaq...

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynada amerikalı hərbçilərin fəaliyyət göstərməsi barədə iddialara münasibət bildirib. Sozcu.az xəbər verir ki, o, Kiyevdəki ABŞ səfirliyində az sayda amerikalı hərbçinin olduğunu açıqlayıb. "Fox" kanalına müsahibəsində Kirbi deyib ki, bu hərbçilər Ukraynaya gətirilən və buradan aparılan avadanlıqları izləməyə kömək edirlər. ABŞ rəsmisi hərbçilərin döyüşdə iştirak etmədiyini vurğulayıb. Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin internetə sızan gizli sənədlərində Ukraynada 14 amerikalı hərbçinin olması barədə məlumatlar yer alıb.

Erməni təxribatında şəhadətə ucalmış Vidadinin əmisi: “Vətən müharibəsində də şəhidlik xəbəri gəlmişdi”

“Vidadi 44 günlük Vətən müharibəsində iştirak edəndə də onun şəhid olduğunu demişdilər. Mən bunu 3 gün ailəsindən gizlətdim”. Bunu Oxu.Az-a açıqlamasında ötən gün erməni təxribatının qarşısını alarkən şəhid olmuş Vidadi Zalovun əmisi, ehtiyatda olan zabit Məhəmməd Zalov deyib. O deyib ki, qardaşımın bir oğul balasını bu gün xalq olaraq, fəxrimiz kimi torpağa tapşırdıq: “44 günlük Vətən müharibəsində xidmətdə olduğu hərbi hissədən mənə zəng gəldi. Dedilər ki, Vidadi Zalov şəhid olub. Mən özüm də zabit olduğum üçün təxmin edirdim ki, yanlışlıq ola bilər. Ailəsindən üç gün gizlətdim, demədim. Nəhayət üç gün sonra özü anasına zəng edib dedi ki, adım Sumqayıt şəhidlərinin içində gedib, amma narahat olmayın. Bu dəfə də zəng mənə gəldi. Yenə dəqiqləşdirməmiş demək istəmədim. Əfsuslar olsun ki, bu dəfə xəbər yalan çıxmadı. Azərbaycan ordusunun heç bir zabitinin şəhid olmasını, yaralanmasını istəməzdik. Allah bütün şəhidlərə rəhmət eləsin. Ailələrinə səbir versin”.

Emin Hüseynov: "Qarabağa köç davamlı bir prosesə çevriləcək"

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köç davamlı bir prosesə çevriləcək". Bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib. "Hazırda həmin ərazilərdə əsas baza infrastrukturu ilə bağlı layihələr yekunlaşmaqdadır. Növbəti il biz işlərin əksəriyyətinin yekunlaşdığının şahidi olacağıq. Bu isə o deməkdir ki, artıq Qarabağın yol, kommunikasiya, digər infrastruktur xətləri tam olacaq, həyatın qayıtması üçün bütün zəruri şərait yaradılacaq. Böyük Qayıdış artıq başlayıb. İlk olaraq Şərqi Zəngəzurda yerləşən Zəngilanın Ağalı kəndinə məcburi köçkünlər köçürülüb. Köç bundan sonra davamlı prosesə çevriləcək", - deyə o qeyd edib. E.Hüseynov vurğulayıb ki, keçmiş təmas xəttində yerləşən ərazilər Qarabağ iqtisadi rayonunun ərazisinə düşür: "Həm Ağdamda, həm də Füzulidə mina təmizləyən heyətin əməyi nəticəsində biz işlərimizi sürətləndirə bilmişik. Azərbaycan dövləti öz gücü hesabına Qarabağı bərpa edir. Qarabağın dirçəlişi üçün hər cür şərait var. Biliklərimizi, bacarıqlarımızı ortaya qoyaq, bu işləri vaxtında icra edək".

Prezidentdən ötəngünkü təxribatla bağlı ilk açıqlama

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini Ermənistanın ötən gün törətdiyi təxribat barədə məlumatlandırıb. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirib. Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edib. Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Bugünkü təxribatın əsl səbəbi üzə çıxdı - Polkovnikdən şok açıqlama

Bu gün Laçın istiqamətində baş verən təxribatın arxasında Rusiya dayanır. Bunu Modern.az-a hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan-Ermənistan sərhədindəki silahlı insidentin səbəbləri barədə danışarkən deyib. Onun fikrincə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinin səsləndirdiyi bəyanat bugünkü təxribata işarə idi: “Rusiya səfiri bildirdi ki, KTMT missiyası Ermənistana gəlmək üçün hazırdır. Bu gün baş verənlər təsadüfi deyil. Məhz Rusiya səfirinin açıqlaması ona hesablanmışdı ki, Ermənistan təxribat törətməklə bağlı tapşırığı yerinə yetirsin. Onlar da Rusiyanın dediyi kimi sərhədimizdə təxribat törətdilər. Bundan əlavə, dünən Azərbaycan mətbuatında müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun Amerikada keçirdiyi görüşlərə geniş yer verilmişdi. Amerikanın adı gələndə İran və Rusiyanın necə reaksiya verdiyi hər kəsə məlumdur. Onlar Azərbaycan generalının ABŞ-da danışıqlar aparmasını qəbul edə bilməzlər. Əlbəttə, bunların hamısı bir-biri ilə əlaqəli məsələlərdir”. Ehtiyatda olan polkovnik hesab edir ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinə KTMT missiyasını yeritmək üçün bəhanə axtarır: “Sabah KTMT Ermənistana kömək üçün gəlsə, təəccüblənmərəm. Çünki onlara sadəcə bir bəhanə lazım idi. Ötən həftələrdə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığında müəyyən tapşırıqlar verilmişdi. Təsadüfi deyil ki, bu gün Lavrovun müavini İrəvandadır. Onun xüsusi tapşırıqla İrəvana gəldiyi deyilir. Təsdiqlənməmiş məlumat olsa da, gələn ay Prezident İlham Əliyev ilə Paşinyan arasında Vaşinqtonda planlaşdırılan görüş Rusiya və İranı ciddi şəkildə narahat edir. Onlar Vaşinqtonda görüşün baş tutmamasını istəyirlər. Xatırlayırsınızsa, ötən ilin dekabrın 7-də sülh sazişi ilə bağlı görüş keçirilməli idi. Onda da Ermənistan təxribat törətdi və görüş baş tutmadı. Bunlar hamısı zəncirin bir hissəsidir. Başa düşmək lazımdır ki, Ermənistan ona verilən tapşırıqları yerinə yetirir”. Hərbi ekspert bugünkü insidentdən sonra danışıqların arxa plana keçəcəyini düşünür: “Müdafiə Nazirliyinin verdiyi məlumat ondan ibarətdir ki, ermənilər sakitləşiblər. Erməni tərəfinin təxribatlarının qarşısı alınıb və mövqeləri susdurulub. Baxmayaraq ki, bundan əvvəl Basarkeçər istiqamətində bizə problemlər yaradırdılar, indi isə postu quracağımız Laçın rayonuna yaxın ərazidə, yəni Gorus rayonunun Dığ yaşayış məntəqəsindən hücum ediblər. Ermənistan ərazisi olmasına baxmayaraq, biz o nöqtələri də susdurmuşuq. Bundan sonra vəziyyətin necə olacağını yaxın saatlarda biləcəyik. Ancaq Azərbaycanla Ermənistan arasında təmaslar arxa plana keçəcək”. Xatırladaq ki, bu gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. 

Şəhidlərimizin qanı belə alınacaq - Türk Generaldan XƏBƏRDARLIQ

“Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm! Azərbaycan dövlətinin və xalqının başı sağ olsun. Bu təxribat gözlənilən idi. Ermənistan uzun müddətdir ki, pozucu fəaliyyət üçün fürsət axtarırdı. Məqsəd atəşkəsin sülh müqaviləsinə çevrilməsinin qarşısını almaqdır”. Sozcu.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib. General bildirib ki, Ermənistanın yeni sığınacağı, daydayı İrandır: “Həm Ermənistana, həm də Azərbaycana qonşu olan İran bitərəf olmaq əvəzinə, strateji prioriteti Ermənistana verib. İran Ermənistana hər cür - siyasi, diplomatik, hərbi dəstək verir. Bugünkü təxribatda da İranın silahlarından istifadə edildiyi göründü. Təxribatın törədildiyi saatdan indiyə qədər Azərbaycan-Ermənistan-İran sərhədində İran PUA-ları kəşfiyyat işlərini davam etdirir. Bu, onların əlbir olduqlarının sübutudur. Atəşkəs razılaşmasından 30 ay keçməsinə baxmayaraq, Ermənistan verdiyi sözlərə əməl etmir, ikili oyun oynayır, sülh müqaviləsi niyyəti yoxdur. Ermənistan mövcud durumdan qazanmağa çalışır”. Yücel Karauz qeyd edib ki, şəhidlərimizin qanı yerdə qalmayacaq: “Azərbaycan əsgərinin axan 1 damla qanına, Azərbaycan torpağının bir qarışına edilən hücumlara, təxribatlara misli ilə cavab veriləcək. Ermənistan ordusuna birinci səviyyəli həyəcan siqnalı verilib. Bu, təxribatın planlı şəkildə həyata keçirildiyini göstərir. Çünki Ermənistan ordusunda bu səviyyədə hazırlıq olmayıb. Erməni mənbələrində mülki şəxslərin belə silahlandırıldığı, səfərbər edildiyi haqda görüntülər yayılıb. Bu, Azərbaycanın uzatdığı barış əlini geri çevirən Ermənistanın son xətası olacaq. Əminəm ki, Ermənistan dəmir yumruğu bir daha başında hiss edərək ən qısa vaxtda sülh müqaviləsini imzalamaq üçün can atacaq. Hesab edirəm ki, Ermənistan Türkiyənin də prosesə qatılması üçün planlar qurur. Türkiyə sona qədər CAN Azərbaycanın yanında olacaq”.

Bu gün şəhid olan hərbçilərimizin - Fotoları

Xəbər verdiyimiz kimi, bu gün erməni təxribatı nəticəsində üç hərbçimiz şəhid olub. Bunlar Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğludur. Sozcu.az şəhid olan hərbçilərimizin fotolarını təqdim edir: Qeyd edək ki, şəhid olan hərbçilərin üçü də gizir olub. Zalov Vidadi Nizami oğlu Həsənov Elşad Qabil oğlu Tağıyev Səbuhi Gündüz oğlu Allah rəhmət eləsin!

Ermənistan təxribatı nəticəsində üç hərbçimiz şəhid oldu - ADLAR

Azərbaycan Ordusunun üç hərbçisi şəhid olub. Sozcu.az xəbər verir ki, Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Ermənilər ağır texnika yığır: böyük əməliyyata başlayır – Təcili

İranın aylardır Ermənistanı təhrik etdiyi insidentin əlamətləri görünür. Sozcu.az xəbər verir ki, “Caliber” Ermənistanın laçın istiqamətinə sürətlə ağır texnika və çoxsaylı canlı qüvvə cəmləşdirdiyi haqda məlumat yayıb. “Ermənistan hazırda artilleriya və zirehli texnikadan istifadə edir. İrəvan böyük hərbi əməliyyata hazırlaşır”, - məlumatda bildirilib.

Sərhəddə atışma belə başlayıb

Bugünkü insident bir qrup erməni hərbçinin Azərbaycan mövqelərinə yaxınlaşaraq mühəndis-tikinti işlərini görməsi ilə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb. Bildirilib ki, hərbçilərimizin geri çəkilmə ilə bağlı sərt xəbərdarlığına cavab olaraq Ermənistan tərəfi mövqelərimizi intensiv atəşə tutub. Bundan sonra gərgin döyüş başlayıb.

Erməni korpus komandiri yaralandı

Ermənilərin Laçın istiqamətində hərbçilərimizi atəşə tutması nəticəsində Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gözəlyan yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Gömrük generalından narazılıq artır – “Səfər Mehdiyevin yolu ilə gedir”

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri postundan uzaqlaşdırılması böyük ajiotaja səbəb olmuşdu. O vaxt bəzi müşahidəçilər bu qərardan uzağagedən nəticələr çıxarsalar da, iş adamları və sıravi vətəndaşlar gömrük orqanlarında köklü islahatların aparılacağına ümid edərək,  bu dəyişiklikdən məmnun qalmışdılar.  Yenisabah.az xatırladır ki, Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2022-ci il tarixində imzaladığı sərəncamla vəzifədən azad olunub. İki gün sonra Səfər Mehdiyevin səlahiyyətləri müavini Şahin Bağırova həvalə olunub. Ş.Bağırov 2023-cü il fevral ayının 14-nə kimi DGK sədrinin birinci müavini, sədr səlahiyyətlərini müvəqqəti icra edən şəxs olub. Şahin Bağırov cari ilin 14 fevralından DGK-ya rəhbərlik edir. Maraqlıdır ki, onun sədr postuna təyin edilməsi ilə bağlı məlum sərəncamın üzərindən 2 aydan da az vaxt keçməsinə rəğmən bu qurumun ətrafında yenidən narazılıq yaranıb. Həm iş adamları, həm də sıravi vətəndaşlar DGK əməkdaşlarının fəaliyyətindən ciddi şəkildə narazılıq edirlər. Onların fikrincə, Ş.Bağırovun qurum daxilində nisbətən şəffaf və ədalətli fəaliyyət göstərməsi sədr postuna təyinat aldığı günə kimi olub. O, DGK sədri vəzifəsinə təsdiqlənəndən sonra gömrük orqanları əvvəlki idarəçilik prinsipinə dönüb. İş adamları mətbuatda və sosial şəbəkələrdə Şahin Bağırovun Səfər Mehdiyevin yolu ilə getdiyini açıq şəkildə dilə gətirirlər. Onların iddiasına görə, DGK-da islahatlar imitasiya xarakteri daşıyır. Sədr əvəzi özünün müsbət imicini yaradaraq qurumun başına keçidini təmin edəndən sonra yenə “köhnə hamam, köhnə tas” prinsipi işə düşüb. Xatırladaq ki, bu, DGK-nın fəaliyyəti ilə bağlı ilk narazılıq deyil. Gömrük əməkdaşları bir müddət əvvəl vətəndaşın çantasındakı şəxsi əşyaları - qol saatını, zinyət əşyalarını, gödəkçələri, köynəkləri, hətta alt paltarlarını görüntüləyib xəbəri ictimailəşdirəndən sonra ciddi tənqid obyektinə çevrilmişdilər.  İqtisadçılar vəziyyətdən çıxış yolunu DGK-nın ləğv edilərək, bu qurumun səlahiyyətlərin müvafiq nazirliklərdən birinin balansına verilməsində görürlər.