“Ukrayna Rusiyanı geri oturtmağa müvəffəq olacaq. Mən Ukraynanın əks-hücum əməliyyatlarına nikbin yanaşıram”.
Sozcu.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns deyib.
O, müvafiq bəyanatla Kolorado ştatının Aspen şəhərində keçirilən təhlükəsizlik forumunda çıxış edib. U.Berns bildirib ki, Rusiya əhəmiyyətli struktur zəifliklərindən əziyyət çəkir. Bura aşağı əhval-ruhiyyə, zəif ümumi keyfiyyətlər, siyasi və hərbi rəhbərlik arasında iğtişaşlar daxildir: “Bu, çətin bir iş olacaq, lakin biz kəşfiyyat orqanı olaraq ukraynalıların irəliləyişinə kömək edəcək dəstək və kəşfiyyat məlumatlarının mübadiləsini təmin etmək üçün əlimizdən gələni edəcəyik”, - U.Berns söyləyib.
MKİ rəhbəri həmçinin əlavə edib ki, Rusiyanın “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamı Rusiya Prezidenti Vladimir Putinin sistemindəki bəzi əhəmiyyətli çatışmazlıqları üzə çıxarıb. Onun fikrincə, V.Putin qiyama həddindən artıq reaksiya verdiyini gizlətməyə çalışacaq.
Qeyd edək ki, müharibə başlayandan bəri U.Berns Ukraynaya bir neçə dəfə səfər edib. Lakin onun səfərləri həmişə məxfi saxlanılıb.
Bu yaxınlarda “Vaşinqton Post” qəzeti yazıb ki, U.Berns iyunun əvvəlində gizli şəkildə Kiyevə səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna kəşfiyyatının yüksək rəhbərliyi ilə görüşüb, ona ərazini işğalçılardan azad etmək planları barədə məlumat verilib.
V.Zelenski U.Bernsin səfərləri ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.