“Tramp kimdir ki, Ukraynanı təslim etsin... Onun hələ Putinlə də konfliktə gedəcəyi istisna deyil...”

“Bu gün Ukraynanı dəstəkləyən dövlətlərin hərbi büdcəsi 400 milyarddan yuxarıdır və bu, Rusiyanın hərbi büdcəsindən iki dəfə çoxdur. Onların arasında Fransa, Böyük Britaniya kimi nüvə dövlətləri də var...” “Mən düşünmürəm ki, Ukraynanın təslim edilməsi mümkün ola. Əvvəla, biz unutmamalıyıq ki, ortada Ukrayna xalqı var. Bu ciddi bir faktordur. Ukrayna xalqı təcavüzə məruz qalıb, onun şəhərləri dağıdılıb, yüz minlərlə insanı qətlə yetirilib, yaralanıb, şikəst edilib, milyonlarla insanı qaçqın düşüb. Ukrayna xalqının iradəsi var ortada. Bunu Tramp istəsə, Putin istəsə, hətta Zelenski istəsə, bu, mümkün olacaqmı? Mən tələsməzdim belə cavab verməyə..." Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert  Ərəstun Oruclu bunu Moderator.az əməkdaşının “Real siyasət baxımından sizin təhlilləriniz nə göstərir, doğrudanmı, bəzi şərhçilərin dediyi kimi, Tramp Putinlə görüşdükdən sonra Ukraynanın ona təslim olması üçün həlledici addımlar atacaq?” sualını cavablandırarkən dilə gətirib. “Digər tərəfdən, biz görürük ki, Ukraynanı yetərincə dəstəkləyənlər də var. Məsələn, Böyük Britaniya da daxil olmaqla aparıcı Avropa ölkələri, Kanada və s. ölkələrdən ibarət böyük bir düşərgə formalaşır. Və bu düşərgənin də hərbi və iqtisadi potensialı kifayət qədərdir. Heç də düşünməyək ki, məsələn. ABŞ yoxdu deyə,  onlar da yoxdur... Bu gün Ukraynanı dəstəkləyən dövlətlərin hərbi büdcəsi 400 milyarddan yuxarıdır və bu, Rusiyanın hərbi büdcəsindən iki dəfə çoxdur. Onların arasında Fransa, Böyük Britaniya kimi nüvə dövlətləri də var. Almaniya kimi böyük iqtisadi potensiala  malik ölkə də var. O yandan Türkiyə var. Hansını ki, Avropa Birliyi ölkələri özünə yaxınlaşdıra bilsə, - ümid edirəm ki, bu, baş tutacaq, -özü bir hərbi gücdür”, -deyə davamında analitik diqqətə şatdırıb.  “Bir sözlə, “ABŞ prezidenti Tramp Ukraynanı Rusiyaya, Putinə təslim edəcək” demək asandır, amma bunu həyata keçirmək elə də asan məsələ deyil.  Azərbaycanda da bəzi analitiklər bunu bir ifadə kimi çox işlədirlər. Tramp kimdir ki, Ukraynaya sahiblənsin, onun müqəddəratını həll etsin, onu təslim etsin. Bəli, hansısa razılaşmalar əldə edərək onlardan müəyyən dividentlər götürə bilər.  Amma hələ məlum deyil ki, Trampla Putinin münasibətləri hansı həddə qədər davam edəcək və sonradan hansı istiqamətə yönələcək. Həm də Tramp barəsində proqnoz verilməsi qeyri-mümkün olan bir şəxsdir və belə düşünürəm ki, onun hələ Rusiya ilə də konfliktə gedəcəyi istisna deyil. Yeri gəlmişkən, birinci prezidentlik müddətində bu artıq olubdur”, - ekspert vurğulayıb.

Kiyevdə elan etdim: 1 milyard göndəririk - Sançes

İspaniya Ukraynaya 1 milyard avro dəyərində yeni yardım paketi təqdim edəcək. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes məlumat yayıb. “Ukrayna ədalətli və davamlı sülhə nail olmalıdır. Mən indicə Kiyevdə elan etdim ki, İspaniya Ukrayna xalqına 1 milyard avro dəyərində yeni hərbi yardım paketi göndərəcək”, - Sançes X hesabında qeyd edib. Qeyd edək ki, Kanada, Estoniya və İspaniya baş nazirləri Castin Trüdo, Kristian Mixal və Pedro Sançes, Litva və Latviya prezidentləri Gitanas Nauseda və Edqars Rinkeviç, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının nümayəndəsi Antonio Kosta Kiyevdə səfərdədirlər.

Britaniya rus məmurların ölkəyə girişinə qadağa qoyur

Rusiyaya qarşı növbəti sanksiya paketi çərçivəsində Böyük Britaniya bütün yüksək rütbəli siyasətçilərin, məmurların və menecerlərin ölkəyə girişini qadağan etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə "Tayms" məlumat yayıb. Məlumata görə, Daxili İşlər Nazirliyi bütün regional və federal nazirləri, o cümlədən Rusiyanın iri şirkətlərinin direktorlarını və menecerlərini sanksiya siyahılarına daxil edəcək: "Məhdudlaşdırıcı tədbirlər federal və dövlət departamentlərinin, eləcə də agentliklərinin yüksək vəzifəli məmurlarına, enerji və maliyyə sektoru şirkətlərin rəhbərlərinə, Rusiya KİV-lərinin rəhbərliyinə də təsir edəcək".

Bu ölkə Ukraynaya 10 min mərmi göndərir

Estoniya Ukraynaya 10 000 artilleriya mərmisi və hərbçilər üçün 750 000 ərzaq paketi göndərir. Sozcu.az xəbər verir ki, bu barədə Estoniya Baş naziri Kristen Mixal məlumat verib. “Ukraynanın mövqeyini gücləndirmək və Rusiyaya təzyiqi artırmaq üçün Estoniya ukraynalı döyüşçülərə 10 min artilleriya mərmisi və 750 min ərzaq paketi göndərir”, - nazir bildirib.

Berbok Trampı hədələdi: Təzyiqi artıracağıq ki...

Amerikalılara təzyiqi artıracağıq ki, onlar Avropanın liberal demokratiyasını dəstəkləməyi dayandıracaqları təqdirdə itirəcəkləri çox şeyin olduğunu başa düşsünlər. Sozcu.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok ABŞ prezidenti Donald Trampı ABŞ-la əlaqələri kəsməklə hədələyərkən deyib. Berbok Trampı yalnız “tvit” yazmaqda və real dünyanı görməyə çətinlik çəkməkdə günahlandırıb.

Zelenski cəsur və mübariz liderdir - Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna Prezidenti Volodimir Zelenskini mübariz və cəsur lider adlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Kelloq “X”də paylaşım edib. Kelloq bildirib ki, Zelenski və onun istedadlı milli təhlükəsizlik komandası ilə müzakirələr geniş və müsbət olub. Qeyd edək ki, Donald Tramp Zelenskini Ukraynada prezident seçkilərini keçirməkdən imtina etdiyi üçün diktator adlandırıb.

Kinq Trampı təhqir etdi: Putini sevən əclaf!

Amerikalı məşhur yazıçı Stiven Kinq ABŞ Prezidenti Donald Trampı satqın, Putini sevən əclaf adlandırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə səhifəsində yazıb. "Bu sözlərin iki dəfə artığı İlon Maska aiddir", - o bildirib.

Zelenski Trampın xüsusi nümayəndəsi ilə görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski paytaxt Kiyevdə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. Əlavə informasiya verilmir.

Ukraynalılar həm də bizim üçün ölürlər - Trüdo

Kanada və müttəfiqləri birmənalı olaraq Vladimir Putinin beynəlxalq asayişi qanunsuz, əxlaqsız və ədalətsiz şəkildə pozmasına qarşıdır. Sozcu.az xəbər verir ki, bunu Kanada Baş naziri Castin Trüdo deyib. “Mən bir neçə saatdan sonra avropalı tərəfdaşlarımla oturub Ukraynanı birmənalı şəkildə qorumağa davam edəcəyimiz, həmçinin hamımızın təhlükəsizliyini təmin edən qaydaları necə qoruyacağımız barədə danışmaq üçün səbirsizliklə gözləyirəm. Ukraynalılar təkcə öz suverenliklərini, ərazi bütövlüyünü qorumaq üçün döyüşür və ölmürlər. Onlar həmçinin bütün dünyada bizi təhlükəsiz saxlayan və təxminən 80 ildir davam edən qaydalara əsaslanan nizamı qorumaq üçün mübarizə aparırlar. Dünya üçün sülh, sabitlik, firavanlıq dövrü yalnız ona görə olub ki, bizim sərhədlərlə bağlı, qonşularınıza təcavüz etməmək haqqında qanunlarımız var idi. Amma Rusiya bir neçə il öncə qəsdən onu pozmağa qərar verdi. Kanada hər zaman Ukraynanın yanında olacaq”, - Trüdo bildirib.

ABŞ qitələrarası ballistik raketini sınaqdan keçirdi

ABŞ döyüş başlığı olmayan “Minuteman III” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə sınağın keçirildiyi BŞ Kosmik Qüvvələrinin “Vandenberq” bazasından məlumat yayılıb. “Döyüş başlığı olmayan “Minuteman III” qitələrarası ballistik raketi sınaq çərçivəsində 19 fevral 2025-ci il saat 1:00-da (Bakı vaxtı ilə 13:26) buraxılıb”, - qeyd olunur. Vurğulanıb ki, sınaq buraxılışı Vaşinqtonun hər hansı dünya hadisələrinə reaksiyası deyil.

Roma Papası ölüm ayağındadır

Roma Papası ölüm ayağındadır. Sozcu.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb. Nəşr qeyd edir ki, 88 yaşlı pontifikin vəziyyəti getdikcə ağırlaşır. Fransisin şiddətli ağrıları var və o, bu dəfə sağ qala bilməyəcəyinə əmin olduğunu bildirib.

Zelenski: Açıq şəkildə bildiririk ki, Ukraynanın iştirakı olmayan danışıqları qəbul etməyəcəyik

Ukraynaya konkret təhlükəsizlik təminatları lazımdır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN Türk-ə müsahibəsində bildirib. “Müzakirə masasında Putin əgər müharibəyə dönmək istərsə, onu dayandıracaq insanlar olmalıdır. Bizə sözlə deyil, real və konkret təhlükəsizlik təminatlarını verə bilənlər olmalıdır. Belə bir dialoqa biz hazırıq. Diplomatiyanın nə olduğunu bilirik. Əlbəttə, Putinlə danışmağı o qədər də xoşlamıram. Biz düşmənik və düşmənçiliyimiz davam edir. Ancaq biz bu müharibəni bitirmək üçün hər şeyi edəcəyik. Hər şey tərəfdaşlar arasında açıq bir kommunikasiya ilə olmalıdır. Biz şahmat oynaya bilmərik. Çünki şahmatda hər bir addımınız bəzən onlarla, bəzən yüzlərlə, bəzən isə minlərlə insanın ölümünə səbəb olur”, - Zelenski vurğulayıb. Ukrayna Prezidenti ABŞ-nin Rusiya ilə ikitərəfli əlaqələrinə də münasibət bildirib: “Mən bunu bəyənsəm də, bəyənməsəm də, bu, onların ikitərəfli əməkdaşlığıdır və ABŞ-nin öz qərarıdır. Yoxsa, əlbəttə, onların Putini siyasi izolyasiyadan çıxardıqlarını müşahidə edirik, amma yenə deyirəm ki, bu onların qərarıdır. Ancaq nə vaxt ki, “Bizim müharibənin başa çatmasına dair planlarımız bunlardır” deyildiyində, bu, bizdə suallar yaradır. Biz müzakirə masasının harasındayıq? Müharibə Ukraynada gedir. Putin ukraynalıları öldürür, amerikalıları, ya da avropalıları yox. Elə buna görə də biz açıq şəkildə bildiririk ki, siz nə istəsəniz müzakirə edə bilərsiniz, amma bizsiz Ukraynanı müzakirə etsəniz, qəbul etməyəcəyik. Məncə, bu, olduqca ədalətlidir”. Müharibəni bitirmək üçün həm Ukraynanın, həm də Rusiyanın danışıqlar masası arxasında olmasına diqqət çəkən Zelenski danışıqlarda təkcə Avropa İttifaqının deyil, Avropa qitəsinin də təmsil olunmasının vacibliyini bildirib.