"Əkshücum xoşbəxt sonluqla bitən saatyarımlıq film deyil..."
"Bayden bu müharibənin səhifəsini aşıra bilər, onun fikri və dəstəyi mənim üçün çox önəmlidir..."
"Rusiyanın başqa ölkələrə hücum etməsinə imkan verməyəcək yeganə nəsnə qələbədir..."
Ukrayna prezidenti Vladimir Zelenski Kreml lideri ilə güzəştin mümkünlüyünü rədd edib və bəyan edib ki, müharibədə "xoşbəxt sonluq" olmayacaq.
Sozcu.az xəbər verir ki, bu barədə o, Amerikanın CNN telekanalı üçün jurnalist Fərid Zəkəriyyəyə verdiyi müsahibəsində bəyan edib.
"Ukrayna üçün bu əkshücumda fasilə etməmək çox vacibdir. Mən əkshücum başlamazdan öncə tərəfdaşlarımıza demişəm ki, biz səmaya nəzarət etmirik və onlar bunu anlamalı və etiraf etməlidir.
Biz ona necə nəzarət edək və ya heç olmasa qüvvələrimizi səmada Rusiya qüvvələri ilə necə bərabərləşdirək? Biz hamımız uğur və xoşbəxt sonluq istəyirik.
Amma bu saatyarımlıq kino deyil. Bu, əkshücumdur. Bu, xoşbəxt sonluğu olan film deyil. Biz çox insanımızı itirmişik. Bu, xoşbəxt sonluq deyil. Bunu etiraf etmək gərəkdir", - Zelenski deyib.
O, ABŞ prezidenti Co Baydenlə Amerikanın uzaqvuran "ATACMS" raketlərinin tədarükü barədə razılığa gəlmək niyyətində olduğundan danışıb.
"Onun fikri və onun dəstəyi mənim üçün çox önəmlidir. Düşünürəm ki, o, bu müharibənin səhifəsini aşıra bilər. Bunu o, bir dəfə "HIMARS"larla edib. Bu, çox vacib olub", - Zelenski xatırladıb və Ukraynanın ilk "ATACMS" raketlərini bu payızda ala biləcəyinə ümid etdiyini ifadə edib.
O, vurğulayıb ki, Rusiyanın başqa ölkələrə hücum etməsinə imkan verməyəcək yeganə nəsnə qələbədir. Onun sözlərinə görə, Rusiyanın növbəti hədəfləri Baltikyanı ölkələr və Polşa ola bilər. Zelenskinin fikrincə, Putinin məqsədi təcavüz tətbiq etməklə Sovet İttifaqını geri qaytarmaqdır.
Bəzi beynəlxalq siyasətçiləri tərəfindən sülh danışıqlarına və Moskva ilə güzəştlərə nail olunmasına edilən çağırışları şərh edərkən Zelenski bəyan edib ki, Rusiyanın özü güzəştə getməyə hazır deyil.
O, Rusiya təcavüzündən əzab çəkən digər ölkələri misal çəkib. "Siz Putin tərəfindən başqa məsələlər üzrə, Gürcüstanla, Moldova ilə bağlı güzəşt görmüsünüzmü?" - Ukrayna prezidenti əsaslı sual edib.
Zelenski həmçinin hərbi qiyamdan sonra "Vaqner qrupu" özəl hərbi şirkətinin direktoru Yevgeni Priqojinin ölümünü xatırladıb və qeyd edib ki, ona verilən vədlər və təhlükəsizlik zəmanətlərinə rəğmən o, qətlə yetirilib.
"Siz kiminləsə güzəştə və ya dialoqa getmək istəsəniz, bunu yalançı ilə edə bilməzsiniz", - Zelenski qeyd edib.
"Putin bizim ölkənizi büsbütün qəsb etmək, bütün ailələri, evləri məhv etmək istəyir...O, anlayır ki, Ukrayna heç vaxt geri çəkilməyəcək, öz torpaqlarından getməyəcək. Biz bunu heç vaxt etməyəcəyik. Bax buna görə də o, hesab edir ki, bizi məhv etməlidir", - Ukrayna prezidenti əlavə edib.