Şarl Mişel Trampa Avropanın öncəliklərini xatırlatdı

Avropa Şurasının rəhbəri Şarl Mişel ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Ş.Mişel X səhifəsində yazıb. "Mən AB-nin iqtisadi və geosiyasi vəziyyətdə, əsasən də Ukrayna və Yaxın Şərqdəki prioritetlərini qeyd etdim. Biz Avropanı gücləndirməyə və müdafiəmizə və təhlükəsizliyimizə daha çox sərmayə qoymağa davam edəcəyik", - o bildirib.

Dünya liderləri Trampı TƏBRİK EDİR

Dünya liderləri və siyasətçiləri ABŞ-da keçirilən prezident seçkilərində qələbəsini elan edən respublikaçı namizəd Donald Trampa təbrik mesajları ünvanlayıblar. Sozcu.az-ın məlumatına görə, bir çox ölkənin lideri Trampı təbrik edib. Fransa Prezidenti Emmanuel Makron, Macarıstanın Baş naziri Viktor Orban, Litva Prezidenti Gitanas Nauseda, Latviya Prezidenti Edqars Rinkeviç, Ukrayna Prezidenti Volodimir Zelenski, İsrailin Baş naziri Benyamin Netanyahu, Serbiya Prezidenti Aleksandr Vuçiç, Avstriya kansleri Karl Nehammer, NATO-nun baş katibi Mark Rutte, El Salvador prezidenti Nayib Bukele və İtaliya baş nazirinin müavini Matteo Salvini Trampı təbrik ediblər. Makron “sülh və firavanlıq naminə” respublikaçı ilə işləməyə hazır olduğunu bildirib. Macarıstanın baş naziri əmindir ki, Trampın qələbəsi “bütün dünya üçün çox lazımdır”. Netanyahu Donald Trampın Ağ Evə qayıtmasını “tarixi”, Zelenski isə təsirli hesab edib. Zelenski qeyd edib ki, o, “prezident Trampın həlledici rəhbərliyi altında güclü Amerika Birləşmiş Ştatlarının erasını gözləyir” və həmçinin Ukraynaya davamlı dəstəyi səbirsizliklə gözləyir. Avstriya kansleri ABŞ-ı mühüm strateji tərəfdaş adlandırıb, o, “qlobal problemləri birlikdə uğurla həll etmək üçün” transatlantik əlaqələri daha da gücləndirməyə ümid edir. Latviya prezidenti də analoji ümidi dilə gətirib. Vuçiç bildirib ki, Serbiya sabitlik, firavanlıq və sülh naminə ABŞ ilə əməkdaşlığa sadiqdir. İtaliyanın baş nazirinin müavini Matteo Salvini Donald Trampın qeyri-qanuni miqrasiya ilə mübarizə və vergilərin azaldılması planlarını, həmçinin “Xristian dəyərləri və sülhə qayıdış, ifadə və fikir azadlığı” ilə bağlı planlarını bölüşdüyünü bildirib.

Tramp qələbəsini elan etməyə hazırlaşır - Təcili

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp artıq qələbəsini elan etməyə hazırlaşır. Sozcu.az xəbər verir ki, onun tərəfdarları Trampın seçki qərargahının önünə toplaşbağa və şənliyə başlayıblar. Qeyd edək ki, səslərin sayılması davam etsə də, Tramp ciddi fərqlə rəqibi Kamala Harrisi qabaqlayır və qələbəsinə artıq kimsə şübhə etmir.

ABŞ-da erkən səs verənlərin son sayı

Noyabrın 5-də ölkədə keçirilən ümumi seçkilərdə 83 milyona yaxın ABŞ vətəndaşı erkən səs verib. Sozcu.az xəbər verir ki, bu barədə Florida Universitetindən bildirilib. Universitetin ekspertlərinin hesablamalarına görə, ölkənin 82 713 594 vətəndaşı erkən səs verib - 45 milyona yaxını seçki məntəqələrində, 37.7 milyonu isə poçt vasitəsilə. Səs verənlərin 37.8 faizi Demokrat, 35.8 faizi isə Respublikaçılar Partiyasının üzvləri olub. Qalan 26.4 faiz seçici siyasi mənsubiyyəti barədə məlumat verməyib. Ən çox səs verən ştat Texas (8.9 milyon) olub. Florida (8.3 milyon) və Kaliforniya (8.1 milyon) ştatları isə sonrakı yerləri tutublar. Qeyd edək ki, ABŞ-da ümumi seçici sayı 168 milyon nəfərdir.

Tramp bədbin danışdı: Məğlub ola bilərəm!

Seçkidə məğlub ola bilərəm. Sozcu.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib. “Fikirləşirəm ki, mənim ciddi üstünlüyüm var, amma məğlub da ola bilərəm. Pis şeylər baş verə bilər, amma maraqlı olacaq”, - Tramp bildirib. Onun sözlərinə görə, qalib elə seçki gecəsi məlum olacaq. Qeyd edək ki, ABŞ-da prezident seçkisi bu gün keçirilir.

İspaniyada qorxulu ssenari: Yeraltı avtoparkda kütləvi məzarlıq!

İspaniyada güclü yağışlardan sonra baş verən sel fəlakətində həyatını itirənlərin sayı 200-ü keçib. Valensiya bölgəsində ən azı 2 min adamın itkin düşdüyü iddia edilir. Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, İspanyanın Baş naziri Pedro Sançes daşqın bölgəsinə ümumilikdə 5 min əsgərin göndəriləcəyini açıqlayıb. Həmçinin helikopterlərin təhvil verilməsi üçün əsgərlərlə yanaşı, İspaniya donanmasının gəmisi də cəlb olunacaq. Britaniyanın "The Sun" qəzetinin məlumatına görə, İspaniyada fəlakətlə bağlı dəhşətli ssenari mümkündür. Belə ki, yeraltı dayanacaqda bütöv bir məzarlıq ola bilər. Fəlakət baş verən gün yeraltı dayanacaqda olan hadisə şahidi deyib ki, avtoparkdan çıxarmaq ona nəsib olub: "Çıxdığım zaman yeraltı parkda insanlar və 30-a yaxın avtomobil var idi. Dayanacaqdakı suyu boşaldanda nə tapacaqlarını düşünmək məni qorxudur”. Ticarət mərkəzində çalışan işçilər bildiriblər ki, daşqın günü qırmızı həyəcan səbəbindən mərkəzdə həmişəkindən az adam olub. Lakin onlar hələ də suyun altında qalan insanların sayının yüzlərlə olduğunu deyirlər.

Qazaxıstanda əməliyyat: Ekstremist yuvası məhv edildi

Qazaxıstan Daxili İşlər Nazirliyinin əməkdaşları ölkənin cənubunda dini ekstremist təşkilatın gizli yuvasını ləğv ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Daxili İşlər Nazirliyinin ekstremizmə qarşı mübarizə bölməsi Milli Təhlükəsizlik Komitəsinin köməkliyi ilə Hizbut-Təhrir” dini ekstremist təşkilatının Kentau şəhərindəki məxfi bölməsini ləğv edib. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qrup üzvlərinin terrorizm ideyalarını təbliğ edən, habelə dini hissləri və digər dini etiqadlı vətəndaşları təhqir edən faktlar müəyyən edilib”, - məlumatda deyilir. Qeyd olunur ki, təşkilatın 10 üzvü saxlanılıb: “Onların yaşayış yerlərində aparılan axtarışlar zamanı xeyli miqdarda dini ekstremist ədəbiyyat və digər maddi sübutlar götürülüb”.

“Moldova, sən qalib gəldin!” - Prezident seçkisinin qalibindən ilk AÇIQLAMA

Moldovanın hazırkı prezidenti Maya Sandu prezident seçkilərinin ikinci turunda 55,04 faiz səslə liderdir, onun rəqibi Aleksandr Stojanoqlo isə 44,96 faiz səs toplayıb. Sozcu.az xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatda bildirilib. Seçki protokollarının 98,92% faizinin sayıldığı qeyd edilib. “Moldova, bu gün qalib gəldin. Biz birliyə, demokratiyaya və ləyaqətli gələcəyə sadiqliyimizin gücünü göstərdik. Sağ olun, əziz moldovalılar!”, - Sandu özünün X səhifəsində yazıb. Moldovada prezident seçkilərinin noyabrın 3-də baş tutan ikinci turu zamanı ölkənin hazırkı Prezidenti Maya Sandu ilə keçmiş Baş prokuror, rusiyayönümlü Sosialistlər Partiyasından namizəd Aleksandr Stoyanoqlo mübarizə aparıb. Maya Sandu Avropaya inteqrasiya siyasətini rəhbər tutur. O, 2020-ci ilin dekabrından Moldova prezidenti idi.

İspaniya kralı hücuma məruz qaldı

İspaniya kralı VI Filipp və həyat yoldaşı Letisiya Valensiyada daşqından əziyyət çəkənlərin hücumuna məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə TVE kanalı məlumat yayıb. Məlumata görə, kral və kraliça Valensiyaya, daşqınlardan çox zərər çəkmiş Paiporta və Çiva rayonlarına yollanıb. Toplaşanlardan bəziləri onlara tərəf palçıq atmağa başlayıblar. Etirazçılar VI Filipp və Letisiyanı “qatil” adlandırıblar.

Bu gün Moldovanın prezidenti məlum olur

Moldovada respublikanın hazırkı rəhbəri Maya Sandu ilə ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo arasında prezident seçkilərinin ikinci turu başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Moldova Seçki Komissiyasından məlumat verilib. Məlumata görə, ölkə ərazisində hazırda 1988 seçki məntəqəsi fəaliyyət göstərir. Qeyd edək ki, oktyabrın 20-də keçirilən seçkilərdə namizədlərdən heç biri səs çoxluğunu ala bilməmişdi. Sandu 42.49, Stoyanoqlo isə 25.65 faiz səs toplamışdı.

Təl-Əvivdə yəhudilərin aksiyası: Qəzzada soyqırıma son!

Təl-Əvivin Həbimə meydanına toplaşan 300-ə yaxın insan Qəzzada soyqırıma etiraz edib. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Etirazı solçu qrupların Sülh Tərəfdaşlığı təşkil edib. Onlar “Qəzzada soyqırımı dayandırın” və “Sionizm zəhlətökəndir” kimi şüarlar olan plakatlar qaldırıblar.

Livandan İsrailə raket hücumu olub: 19 nəfər yaralanıb

İsraildə Şaron və Dan bölgələrində xəbərdarlıq siqnalları işə salındıqdan sonra Livandan mərkəzi İsrailə doğru üç raket atılıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Ordusunun yaydığı məlumatda bildirilib. İsrail pilisi Tir şəhərinin raket atəşinə tutulduğunu, 19 nəfərin yaralandığını bəyan edib. İsrail mediasının məlumatına görə, Tirdə bir bina zədələnib, onun raketlə vurulduğu qeyd edilib. Digər məlumata görə, İsrail ordusunun Şimal qüvvələrinin komandiri, general-mayor Ori Qordin Livanda patrul xidməti zamanı avtomobilinin aşması nəticəsində “yüngül xəsarətlər” alıb. Aşan avtomobildə İsrail Mərkəzi Komandanlığının rəhbəri general-mayor Avi Blot da olub, lakin o, xəsarət almayıb. Daha bir neçə hərbçi də yaralanıb, lakin ətraflı məlumat verilməyib. İsrail mediasına görə, oktyabr ayında Livanın cənubunda və “Hizbullah” döyüşçülərinin İsrailin quru işğalına şiddətlə müqavimət göstərdiyi İsrailin şimal sərhədində gedən döyüşlərdə 37 İsrail əsgəri həlak olub. İsrail mediası qeyd edib ki, Livanın cənubundakı relyefin əngəlli olması və Livanın “Hizbullah” hərəkatının hücum təhlükəsi səbəbindən gecələr səyahət etmək zərurəti İsrail əsgərləri arasında çoxsaylı yol qəzalarına səbəb olub.