Tramp prezidentliyə başlayan kimi İrana zərbə... - Şok iddia

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp İranda nüvə silahının yaradılmasının qarşısını almaq üçün Tehrana qarşı qabaqlayıcı hava zərbələri endirmək imkanını nəzərdən keçirir. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə son telefon danışığında prezidentlik dövründə İranın nüvə sıçrayışına nail ola biləcəyindən narahat olduğunu və belə bir nəticənin qarşısını almaq üçün variantlar axtardığını bildirib. Qeyd olunur ki, Trampla İran məsələsinin müzakirələrində iki variant nəzərdən keçirilib: “Onlardan biri Yaxın Şərqə daha çox Amerika qoşunu, təyyarə və gəmi göndərməklə hərbi təzyiqin artırılmasını nəzərdə tutur. ABŞ həmçinin İsrailə bunker dağıdan bombalar kimi qabaqcıl silahlar da sata bilər ki, bu da onun hücum gücünü artıracaq və İranın nüvə obyektlərini sıradan çıxarmağa imkan verəcək”.

Bufer-zonaya buna görə daxil olduq - Netanyahu

İsrail ordusu Suriya sərhədindəki bufer-zonaya müvəqqəti olaraq nəzarət edəcək. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. “İsrail cihadçı qrupların bu boşluğu doldurmasına və 7 oktyabr hücumları formasında Qolan təpələrində İsrail yaşayış məntəqələrinə təhlükə yaratmasına icazə verməyəcək. Bu səbəbdən ordu-bufer zonaya daxil olaraq, İsrail sərhədinə yaxın strateji yerləri nəzarətə götürüb. Bu, (Suriyada) 1974-cü il müqaviləsinə sadiq qüvvələr hakim olana və sərhədimizdə təhlükəsizlik təmin edilənə qədər müvəqqətidir”, - Netanyahu bildirib.

Suriyada prezident sarayı yandırıldı

Bəşər Əsədin Dəməşqdəki prezident sarayı yanır. Sozcu.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Məlumata görə, sarayın qəbul zalı yandırılıb.

Hakimiyyət onun rəhbərliyi altında qalacaq - HTŞ

“Heyət Təhrir əş-Şam” Suriyanın Dəməşq şəhərinə daxil olduqdan sonra ilk əmrlərini elan edib. Sozcu.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Məlumata görə, HTŞ-nin lideri Əbu Məhəmməd əl-Colani Suriyanın dövlət qurumlarının hakimiyyətin rəsmi təhvil verilməsinə qədər Baş nazir Məhəmməd Qazi əl-Cəlalinin rəhbərliyi altında qalacağını bildirib. Qeyd edək ki, Suriyanın hazırkı hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali şəhəri tərk etməyəcəyini, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu bildirib.

Bəşər Əsədin yeri bilinmir...-Putin də ondan üz döndərdi...- “Bloomberg News”

Üsyançılar Suriyada daha çox şəhərə nəzarəti ələ keçirməyə davam etdikcə, Bəşər Əsədin ailəsinin Rusiyaya qaçdığı bildirilir. Sozcu.az  “Wionews” nəşrinə istinadla xəbər verir ki, Wall Street Journal cümə günü yazır. Bura onun həyat yoldaşı, uşaqları və iki baldızı daxildir.  “WSJ”-nin Suriya təhlükəsizlik rəsmilərinə və ərəb rəsmilərinə istinadən verdiyi xəbərə görə, Suriya prezidentinin Britaniya əsilli həyat yoldaşı keçən həftə üç uşağı ilə birlikdə qaçıb. Qəzetin verdiyi məlumata görə,   Əsədin kürəkənləri Birləşmiş Ərəb Əmirliklərinə qaçıblar. Onun hələ də Suriyada olub-olmaması qeyri-müəyyən olaraq qalır.  “Bloomberg News”-un məlumatına görə, Kremlə yaxın mənbə Moskvanın Suriya prezidentini xilas etməyi planlaşdırmadığını bildirib. Görünür, Vladimir Putin rejim hərbçilərinin mövqelərini tərk etməsindən məmnun deyil. “Rusiyanın Əsədi xilas etmək planı yoxdur və Suriya prezidentinin ordusu mövqelərini tərk etməyə davam etdikcə, Əsədi xilas etmək planı yoxdur”, - mənbə bildirib. Cümə günü Əsədyönlü telekanal xəbər verib ki, prezident İrandadır. Məlumatlara görə, Misir və İordaniya rəsmiləri Suriya prezidentinin ölkəni tərk edərək mühacirətdə olan hökumət qurmasını istəyirlər.

Gürcü Arzusunun bir arzusu var: Mişa... - Zurabişvili

Gürcüstan Baş naziri İrakli Kobaxidze böhranı həll edə bilmədiyi üçün istefa verməlidir. Sozcu.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Birinci kanalına müsahibəsində deyib. “Böhranı həll edə bilməyən baş nazir dəyişdirilməlidir və o baş nazir istefa verən kimi mən iki həftəyə seçki təyin etməliyəm. Bu kompromisdir, depolarizasiyadır, Gürcüstan üçün çıxış yolu, sabitlik, sülh, azad və demokratik gələcəkdir”, - Zurabişvili bildirib. Onun sözlərinə görə, Gürcü Arzusu Saakaşvili dövründən də pis olub: “Gürcü Arzusunun bir arzusu var: onların yeganə rəqibi həmişə Mişa olsun. Bu gün Gürcü Arzusu Saakaşvilinin dövründə olduğundan daha pis olub. Onlar hər şeyi təkrarladılar və Saakaşvilinin dövründə olmayan yeganə şeyi - Rusiya, avtoritarizm, təkpartiyalı sistem, seçki saxtakarlığı, insan hüquqlarının pozulması əlavə edildi”.

İsrail Hizbullahın Suriya sərhədindəki anbarlarını vurdu

İsrail aviasiyası Suriyanın Livanla sərhədində Hizbullahın silah anbarları və silah qaçaqmalçılığı marşrutlarına zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. “İsrail Hərbi Hava Qüvvələri Suriya-Livan sərhədindəki nəzarət-buraxılış məntəqələri yaxınlığında yerləşən silah qaçaqmalçılığı yollarına və terrorçuların infrastrukturuna zərbələr endirib. Bu marşrutlar Hizbullah tərəfindən silahların saxlanması və qaçaqmalçılığı üçün istifadə olunurdu”, - məlumatda qeyd olunub.

Blinken Tiflisi hədələdi: Tədbir görəcəyik!

ABŞ Dövlət katibi Entoni Blinken Gürcüstan hakimiyyətini AB-yə üzvlük danışıqlarının dayandırılmasına etiraz edən nümayişçilərə qarşı zorakılığa görə pisləyib və Tiflisi daha sərt sanksiyalarla hədələyib. Sozcu.az xəbər verir ki, bu barədə Entoni Blinkenin yaydığı bəyanatda bildirilib. “Birləşmiş Ştatlar Gürcü Arzusu Partiyasının Gürcüstan vətəndaşlarına, etirazçılara, media nümayəndələrinə və müxalifət xadimlərinə qarşı amansız və əsassız zorakılığını qətiyyətlə pisləyir. Dinc toplaşmaq və söz azadlığı hüquqlarından istifadə etdiyi üçün saxlanılan şəxslər dərhal azad edilməli, qanunsuz güc tətbiqinə görə məsuliyyət daşıyan məmurlar tam məsuliyyətə cəlb edilməlidir”, - Blinken vurğulayıb. Blinken rəsmi Vaşinqtonun Gürcüstan xalqı ilə həmrəy olduğunu da vurğulayıb: “Birləşmiş Ştatlar əvvəllər elan etdiyimiz ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsini davam etdirməklə yanaşı, əlavə sanksiyalar da daxil olmaqla, ixtiyarımızda olan vasitələrdən istifadə etməyə hazırlaşır”. Qeyd edək ki, bundan əvvəl Dövlət Departamenti Tiflisin AB-yə üzvlük danışıqlarını təxirə salmaq qərarına və etirazçılara qarşı güc tətbiqinə görə ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını açıqlamışdı.

Hindistan Rusiya hərbi texnikasından imtina edir

Hindistan Rusiyadan müdafiə texnikası sifarişlərini kəskin şəkildə azaldıb və indi daha çox Qərb təchizatçılarından alır. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Bildirilib ki, Hindistan silahlarının yalnız 36%-i ötən il Rusiyadan gətirilib, 2009-cu ildə isə bu rəqəm 76% olub. Bu, ənənəvi olaraq Rusiyadan silah tədarük edən ölkə üçün əhəmiyyətli siyasi dəyişiklikdir. Yüksək rütbəli Hindistan rəsmilərinin dediyinə görə, Hindistan və Rusiyanın birgə helikopter və qabaqcıl döyüş təyyarələri hazırlamaq və istehsal etmək planları daha əvvəl dayandırılıb. Bundan əlavə, Hindistan heyətinə təlim keçmək üçün Rusiyadan sualtı qayığın icarəyə götürülməsi təklifinin də həyata keçirilməyəcəyi ehtimal edilir, çünki Dehli artıq öz gəmilərini inşa edir.

Qaribaşvili "Gürcü Arzusu"nu tərk etdi

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri, keçmiş baş nazir İrakli Qaribaşvili partiya sıralarını tərk edir. Sozcu.az xəbər verir ki, bu barədə “Mtavari Arxi” məlumat yayıb. Onun partiyanı hansı səbəbdən tərk etməsi açıqlanmır.

Tramp onu FTB direktoru təyin edir

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Keş Pateli Federal Təhqiqat Bürosunun (FTB) direktoru vəzifəsinə təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb. "Keş Patelin FTB-nin növbəti direktoru olacağını elan etməkdən qürur duyuram. Keş karyerasını korrupsiya ilə mübarizəyə, ədaləti və Amerika xalqını müdafiə etməyə sərf edən mükəmməl hüquqşünas, müstəntiq və “Amerika hər şeydən öncə” ideyasının çempionudur", - Tramp yazıb. Trampın sözlərinə görə, Patel Rusiyanın 2016-cı il prezident seçkilərinə iddia edilən müdaxiləsini ifşa etməkdə kritik rol oynayıb. Tramp FTB-nin yeni direktorunun Amerikada cinayət epidemiyasına son qoyacağına, miqrantlardan ibarət cinayətkar dəstələri məhv edəcəyinə, ABŞ-ın sərhədindən keçən narkotik və insan alverinə son qoyacağına əmin olduğunu bildirib. Qeyd edək ki, Keş ABŞ-da dərin dövlət nümayəndələrinin siyahısını dərc edən şəxsdir.

NATO Rusiya ilə sərhəddə desant təlim mərkəzi yaradır

Arktikada Rusiyaya qarşı mübarizə aparmaq üçün Norveçdə NATO-nun dəniz desantı təlim mərkəzi yaradılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Nyusvik” nəşri yazıb. Nəşrin məlumatına görə, ABŞ, Böyük Britaniya və Niderlanddan olan hərbi qulluqçular üçün nəzərdə tutulan təlim bazası ölkənin şimalında yerləşir. Bildirilib ki, Norveçin özünün dəniz desantı yoxdur, lakin onun xüsusi təyinatlı qüvvələrinin bir hissəsi bu bölgədə yerləşir. “Böhran və ya müharibə zamanı Norveçi, şimali regionunu və NATO-nu qorumaq üçün birlikdə təlim keçməliyik”, - Norveçin müdafiə naziri Byorn Arild Qram deyib.