Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul prosesi hər il yüz minlərlə gəncin gələcəyini müəyyən edir, amma bu il yenidən göstərdi ki, planlaşdırma və idarəetmə prinsipləri hələ də insan amilini nəzərə almır. Bu il elektron ərizə təqdim edənlərin sayı 131 168 nəfərə çatıb, onlardan təxminən 100 000 nəfəri real müsabiqə iştirakçısıdır. Lakin bu qədər böyük kütləyə ixtisas seçimi üçün cəmi 9 gün vaxt ayrılıb. Bu, sağlam idarəetmə qərarı deyil və nə məntiqlə, nə də ədalətli yanaşma ilə izah oluna bilər. Rəqəmlərə diqqət etsək, I qrup üzrə 31 000-dən çox, II qrup üzrə 26 000-dən çox, III qrup üzrə 28 500-dən çox, IV qrup üzrə 6 600-dən çox, V qrup üzrə isə 10 000-dən çox abituriyent iştirak edir. Üstəlik, 30 000-ə yaxın subbakalavr da bu prosesə qoşulur. Bu qədər geniş kütlənin həyatını formalaşdıracaq qərarı verməsi üçün ən azı 13-14 gün lazımdır, amma DİM cəmi 9 gün ayırır. İroniya ondadır ki, magistratura pilləsinə 20 000 iştirakçı üçün 10 gün, orta ixtisas təhsilinə 27 000 iştirakçı üçün 8 gün verilir, amma 100 000-dən çox gəncin taleyini həll edən ali təhsil seçiminə daha az vaxt ayrılır. Üstəlik, DİM-in məsul şəxsi Vəfadar Misirov iyulun 30-da 10 gün vaxt ayrılacağını açıqlasa da, real vəziyyətdə müddət 9 gündür. Belə qeyri-sabit qərarlar abituriyentlərdə haqlı narazılıq yaradır, prosesə olan etimadı sarsıdır. Dövlət qurumlarının əvvəlcədən elan etdiyi şərtləri sonradan dəyişməsi gənclərin günahı deyil, amma onların taleyinə birbaşa təsir göstərir. Qəbul prosesi illərdir göstərir ki, ixtisas seçimi mərhələsi planlı və rasional şəkildə təşkil edilmir. Gənclərə qərar vermək üçün kifayət qədər vaxt ayrılmır, şəffaflıq və sabitlik təmin edilmir. Minlərlə insanın gələcəyi bürokratik sürət tələbləri naminə risk altına atılır. Təhsil idarəçiliyi belə strateji mərhələlərdə daha məsuliyyətli və insana yönəlik qərarlar qəbul etməlidir, əks halda ədalətsizlik və çaşqınlıq davam edəcək. Kamran Əsədov, təhsil ekspeti
16:33 İsmayıllıda 26 yaşlı şəxs çayda batıb. Sozcu.az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Faiq Qurban oğlu Qurbanov çayda çimmək istəyərkən qəfildən suda batıb. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir. *** İsmayıllıda çayda batan şəxsin meyiti tapılıb. Faiq Qurbanovun meyiti FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Musiqi sənəti istiqamətinə aid Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə imtahanın nəticəsi elan olunub. Bu barədə Sozcu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Abituriyentlər imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda 1064 nəfər iştirak edib. “Harmoniya və solfecio”, “Musiqi nəzəriyyəsi və solfecio” fənlərinin hər biri üzrə iştirakçılara 30 qapalı tipli tapşırıq təqdim olunub. Qeyd edək ki, qiymətləndirmə fənlərin hər biri üzrə 10 ballıq şkalada aparılır. İxtisaslar üzrə nəzəriyyə fənləri və müsabiqə balları burada təqdim olunub. İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 30 iyul saat 10:00-dan 31 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Qeyd edək ki, 27 iyul 2025-ci il tarixində DİM ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə imtahan keçirib. İmtahanlar Bakı, Gəncə, Naxçıvan şəhərlərində təşkil edilib.
Bakıda çimərlikdə daha iki nəfər boğulub. Sozcu.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindəki ictimai çimərlikdə baş verib. İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov dənizdə boğulmağa başlayıb. Həmin vaxt çimərlikdə olan Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov səkkiz yaşlı uşağın boğulduğunu görüb onu xilas etmək üçün dənizə girib. A.Rüstəmovu xilas edə bilməyən R.Cabbarov özü də boğulub. Hər iki şəxsin meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Abşeronda dənizdə batan iki nəfərin meyiti sudan çıxarılıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb. Dalğıc-xilasedicilər tərəfindən vətəndaşlar - 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlunun və 2009-cu il təvəllüdlü Cabbarov Əli Elşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
ABŞ prezidenti Donald Tramp Rusiya hakimiyyətinə qarşı səbrini itirir, çünki Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqların ləngiməsi onu narahat edir. Sozcu.az xəbər verir ki,bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Fox News telekanalında çıxışı zamanı bildirib. Dövlət katibi qeyd edib ki, Tramp sülh razılaşmasına nail olmaq və nəhayət Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək istəyir. Lakin Rubionun sözlərinə görə, hazırda ABŞ prezidenti getdikcə daha da əsəbiləşir, çünki Vladimir Putinlə aparılan müsbət telefon danışıqları real nəticə vermir. “O, səbrini və Rusiya tərəfinin hər hansı addım atmasını gözləmə əzmini itirir”, – deyə Rubio vurğulayıb.
Şamaxıda magistral yolun şəhər ərazisindən keçən hissəsində yol qəzası olub. Sozcu.az xəbər verir ki, maşın yolu keçmək istəyən piyadalar 46 yaşlı Kəmalə Rəfiyeva və onun 18 yaşlı qızı Leyla Rəfizadəni vurub. Müxtəlif dərəcəli ağır xəsarətlər alan piyadalar şəhər mərkəzi xəstəxanasına çatdırılıb.
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 1 nəfər batıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 22-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək ibtidai istintaqda iştirak etmiş tərcüməçilərin qeyri-peşəkar olduğunu, bu səbəbdən onlara etiraz bildirdiyini deyib. R.Vardanyanın müdafiəçisi Avraam Berman tərcüməçilərin adlarını sadalayaraq təqsirləndirilən şəxsin etirazını müdafiə etdiyini söyləyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək Ruben Vardanyan tərəfindən Cinayət-Prosessual Məcəlləsinə əsasən etiraza və ya tərcüməçinin qeyri-peşəkarlığına dair konkret halların göstərilmədiyi, o cümlədən tərcüməçinin cinayət təqibində maraqlı olmasını təsdiqləyən sübutlar təqdim edilmədiyi üçün etirazın baxılmamış saxlanılmasını xahiş edib. Məhkəmədə iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razı olduqlarını bildiriblər. Zeynal Ağayev etiraza münasibət bildirərək deyib ki, təqsirləndirilən şəxs ibtidai istintaqda iştirak etmiş tərcüməçilərin qeyri-peşəkar olmasını vurğulasa da, məhkəməyə bu halı təsdiqləyən hər hansı dəlil təqdim etməyib və etirazını əsaslandırmayıb. Ona görə də vəsatət baxılmamış saxlanılıb. Ardınca təqsirləndirilən R.Vardanyan yenidən məhkəməyə müraciət edərək bildirib ki, müdafiəçisi ilə birgə bu il fevralın 25-də keçirilmiş məhkəmənin iclas protokolları ilə tanış olub və orada göstərilən bəzi xüsusatlarla razı deyil. Hesab edir ki, məhkəmə tərəfindən vəsatətə baxılma qaydası pozulub. Qeyd edilənlərə əsasən, məhkəmənin cinayət təqibində maraqlı olduğunu bildirərək növbəti dəfə hakimlər kollegiyasına etirazını bildirib. R.Vardanyanın müdafiəçisi Avraam Berman təqsirləndirilən şəxsin etirazını müdafiə etdiyini deyib. Dövlət ittihamçısı Fuad Musayev etiraza münasibət bildirərək qeyd edib ki, müdafiə tərəfinin məhkəmə iclas protokollarında yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək hüququ var. Məhkəmə iclas protokolunda hər hansı xüsusatın qeyd edilməməsi və ya prosessual iştirakçıların vəsatətinin təmin olunmaması məhkəmə kollegiyasına etiraz üçün əsas hesab edilmir. Bu səbəbdən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib. Məhkəmədə iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razı olduqlarını bildiriblər. Zeynal Ağayev söyləyib ki, cinayət prosesində müvafiq etirazlar əsaslandırılmaqla yazılı formada edilir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olması barədə konkret və mötəbər dəlillər təqdim edilməyib, məhkəmənin obyektivliyi və qərəzsizliyinə təsir göstərən dair hallar müəyyənləşdirilməyib. Qeyd olunanlara əsasən, etiraz baxılmamış saxlanılıb. Bundan sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər. Zərərçəkmiş Anar Kazımovun hüquqi varisi Eynur Kazımov qardaşının Laçın rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində həlak olduğunu bildirib. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınaraq dindirilmiş Valeh Səfərov ifadəsində qardaşı Gökhan Səfərovun Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində həlak olduğunu söyləyib. Zərərçəkmiş şəxslər Zamir Sadıqov və Zülfüqar Muradov ifadələrində düşmənin təxribatları nəticəsində yaralandıqlarını qeyd ediblər. Zərərçəkmiş Kənan Qədirli isə Ağdərə istiqamətində yaralı şəxsləri ərazidən çıxarmaq istəyərkən xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında hazırda dizində ağrıların qaldığını, reabilitasiyasının davam etdiyini diqqətə çatdırıb. Gündüz Qasımov ifadəsində Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan mərminin partlaması nəticəsində xəsarət aldığını deyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən bildirib ki, həmin vaxt yanındakı şəxslərdən biri həlak olub, daha bir neçə nəfər yaralanıb. Vüsal Qurbanov ifadəsində Xocalıda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış snayper atəşi nəticəsində yaralandığını söyləyib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında həmin vaxt həlak olanların və yaralananların olduğunu da deyib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Sadiq Əhmədov ifadəsində Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində xəsarət aldığını söyləyib. Sonradan həmin minanın piyadaəleyhinə mina olduğunu öyrənib. Sadiq Məhərrəmov ifadəsində Kəlbəcərdə düşmən tərəfindən atılmış qumbaraatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını bildirib. O, hazırda üçüncü qrup əlildir. Məhkəmənin növbəti iclası iyulun 29-na təyin edilib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
İsrail druzlara yalan vədlər verərək addım-addım bölgəni işğal etməyə hazırlaşır. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Suriyadan olan tədqiqatçı Amar əl-İsavi deyib. “Bu işğala son qoyulmasa, İsrail Hatay, Hasəkə və Rakka sərhədində Türkiyəyə “qonşu” olacaq. Druzistan və İsrail Kürdüstanı qurmaqla.. Bunun qarşısı alınmalıdır. Biz burada türk təyyarələrini görmək istəyirik”, - tədqiqatçı əlavə edib. Qeyd edək ki, İsraillə Suriya arasında atəşkəslə bağlı razılaşmanın əldə olunması ilə bağlı məlumat yayılıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi nasaz avtomobillərlə bağlı sürücülərə xəbərdarlıq edib. İdarədən Sozcu.az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir ki, isti hava nasaz avtomobildə yanğın ehtimalını dəfələrlə artırır: "Yay mövsümü üçün xarakterik olan isti hava texniki-təhlükəsizlik baxımından nasaz, istismara yararsız nəqliyyat vasitələrində yanğın ehtimalını dəfələrlə artırır. Avtomobilin mühərrik sistemində, elektrik naqillərində, təkər və ya şinlərində mövcud olan nasazlıqlar isti hava şəraitində özünü daha tez biruzə verir ki, bu da yanğınla müşahidə edilən ağır fəsadlara, yolda ləngimələrə, ətraf mühitin çirklənməsinə gətirib çıxarır. Baş Dövlət Yol Polisi İdarəsi son günlər bu qəbildən olan hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərə avtomobilin texniki sazlığını daim nəzarətdə saxlamağı, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, uzaq məsafələrə səfərlər zamanı avtomobili texniki müayinədən keçirməyi, avtomobili standartlara uyğun və yararlı odsöndürənlə təchiz etməyi və ondan istifadə qaydalarını mənimsəməyi tövsiyə edir".
ABŞ Prezidenti Donald Tramp bu gün Ukraynanın silahlandırılması ilə bağlı yeni planı açıqlayacaq. Planda Kiyevə uzaqmənzilli raketlərin verilməsinin nəzərdə tutulduğu da bildirilir. Sozcu.az xəbər verir ki, bu barədə "Axios" sözügedən planla tanış olan iki mənbəyə istinadən məlumat yayıb. “Hərbi yardıma çox güman ki, Moskva da daxil olmaqla Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vura bilən uzaqmənzilli raketlər daxil olacaq”, - məqalədə deyilir. Ancaq mənbələr yekun qərarın verilib-verilmədiyindən xəbərsizdir. Yardım planı Trampla Vaşinqtona səfər edəcək NATO-nun baş katibi Rutte arasında keçiriləcək görüşdə təqdim olunacaq. Plana əsasən, Ukraynaya göndəriləcək ABŞ silahlarının pulunu Avropa ölkələri ödəyəcək. Qeyd edək ki, Tramp özü artıq iki dəfə bu barədə açıqlama verib. “Trampı bu yola getməyə inandıran amillərdən biri iyulun 3-də telefon zəngi zamanı Putinin müharibəni genişləndirəcəyini açıq şəkildə bəyan etməsi olub”, - deyə mənbələr bildiriblər. Onlar həmçinin deyiblər ki, Zelenski NATO-nun son sammitində Avropa ölkələrinin maliyyəsi hesabına Trampdan silah istəyib.