Erməni məktəblərində Azərbaycan dili tədris ediləcək

Ermənistanda 2025/2026-cı tədris ilindən etibarən üç məktəbdə Azərbaycan dili fənni tədris olunacaq. Sozcu.az xəbər verir ki, bu qərar xarici və regional dillərin inkişafına dair dövlət proqramı çərçivəsində qəbul edilib. Yeni proqramın məqsədi region ölkələrinin dillərinə marağı artırmaq və şagirdlərə əlavə bilik imkanları yaratmaqdır. Azərbaycan dili kursu könüllü olacaq və yalnız 10–12-ci sinif şagirdləri üçün nəzərdə tutulur. Tədrisin təşkili isə uyğun ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq. Proqramın reallaşdırılması Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək.

İslam Rzayevin müavinləri də saxlanılıb? - RƏSMİ AÇIQLAMA

Ötən gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. Mətbuatda onunla yanaşı bir neçə şəxsin də saxlanıldığı bildirilir. Saxlanılan şəxslər arasında icra başçısının müavinləri, rayonun baş memarının da olduğu qeyd olunub. Sozcu.az xəbər verir ki, Modern.az hadisə ilə əlaqədar Balakən Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının köməkçisi Aydın Xoçbərov sualları cavablanıdırıb. O qeyd edib ki, başçının müavinləri, köməkçiləri və baş memar işlərinin başındadır. "Hər kəs öz işinin başındadır, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) apardığı əməliyyatlar zamanı yalnız icra başçısı İslam Rzayev saxlanılıb”, açıqlamada qeyd olunub. Qeyd edək ki, icra başçısının birinci müavini Turan Dibirov, müavinləri Nəzakət Rüstəmova və Mehparə Nuriyevadır. Rayonun baş memarı isə Tahir Rəcəbovdur.

Narkoloji Mərkəzin keçmiş baş direktoruna hökm oxundu

Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin sabiq baş direktoru Elşən Mustafayev və qurumun keçmiş direktor müavini Zamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasasən, Elşən Mustafayev 8 il, Zamin Əliyev 8 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan icra başçısı Rzayev kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir. Sozcu.az xəbər verir ki, saxlanıldığı bildirilən 60 yaşlı İslam Rzayev 2011-ci ildən rayonun icra başçısıdır. O, əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə İdarəsində böyük iqtisadçı kimi başlayıb. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləyib. Azəriqaz QSC-nin baş mütəxəssis vəzifəsində çalışıb, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləyib.

Təhsildə boşluq - Məntiq fənninə ehtiyac varmı? - VİDEO

Hamımıza məlumdur ki, əmək bazarına daxil olmaq üçün verilən imtahanlarda " məntiq" testləri salınır ki, bu da məktəb və universitetlərdə tədris olunmur. Məktəblərdə “Məntiq” fənni niyə tədris olunmur və bu boşluq şagirdlərin gələcəkdə əmək bazarına hazırlaşmasına necə təsir edir? Suallarımızı təhsil eksperti Vüsət Əzizov cavablandırıb.

Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar...

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində qərar verilib. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib. Məlumata görə, Səbail Rayon Məhkəməsində onlar barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Putinin qanadlı raket sınağı… - Tramp

Rusiya Prezidenti Vladimir Putinin nüvə enerjili qanadlı raket sınağı uyğun hərəkət deyil. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. "O, Ukraynada müharibəni sona çatdırmalıdır. Bir həftə çəkməli olan müharibənin artıq dördüncü ilidir. O, raketləri sınaqdan keçirmək əvəzinə, bunu etməlidir", - Tramp əlavə edib.

Ukraynaya çox sayda raketlər yerləşdirilib - Starmer

ABŞ-ın “Tomahavk” raketlərinin Ukraynaya təhvil verilməsi ilə bağlı danışıqlar davam edir. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer deyib. O, jurnalistin sualına “Biz hamımız bunun üzərində işləyirik” cavabını verib. Starmer həmçinin əlavə edib ki, Böyük Britaniya son günlər və həftələr ərzində Ukraynaya çox sayda raketlər yerləşdirib.

İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sozcu.az-a verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 35 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ukrayna ABŞ-dan hərbi helikopterlər alır

Ukrayna ABŞ-ın “Bell” şirkətindən AH-1Z “Viper” hücum və UH-1Y “Venom” nəqliyyat helikopterləri alacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Defense Express” məlumat yayıb. “Bu, Ukrayna hökuməti ilə birbaşa silah istehsalçısı arasında deyil, hökumətlər arasında razılaşmadır", - məlumatda qeyd edilib.

45 işçi şəhadətnamə olmadan fəaliyyət göstərirmiş

Cari il sentyabr ayının ortalarına qədər 149 özəl tibb müəssisəsində plandankənar, 85 özəl tibb müəssisəsində isə planlı yoxlamalar aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərtac-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib. Həmçinin məlumat verilib ki, qeyd olunan dövrdə özəl tibb müəssisələrində həyata keçirilən yoxlamalar nəticəsində 45 işçinin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi aşkarlanıb və bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 215.4-ci maddəsi ilə müvafiq protokollar tərtib edilib. AEM vətəndaşlara tövsiyə edir ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda, mərkəzin əlaqə nömrələri vasitəsilə onlara məlumat versinlər. "Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir", - deyə AEM-dən bildirilib.

Bakıdakı qəzaların yarıdan çoxu piyadavurmadır

Bu il ilin 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə ümumi yol qəzalarının 39,1 faizini, Bakı şəhəri üzrə isə 59.6 faizini təşkil edib. Bu barədə Sozcu.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bu göstəricilərin formalaşmasında piyada məsuliyyətsizliyi az rol oynamayıb: "Təəssüf ki, piyadaların məhz piyada keçidlərin yaxınlığında vurulması yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını yenidən gündəmə gətirir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu nəzərdə tutulmuş yerlərdən keçməyi, sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi, qəflətən avtomobil yoluna çıxmamağı xahiş edir. Əziz piyadalar! Unutmayın, sizin həyat və sağlamlığınız özünüz, doğmalarınız və cəmiyyətimiz üçün çox dəyərlidir!".