İsrail Qəzzanı alıb, iki ölkəyə zərbə endirəcək

Böyük ehtimalla Qəzza zolağını İsrail bir neçə günə nəzarətə götürəcək. Suriya və Livan ərazisində də müəyyən preventiv tədbirlər qaçılmazdır. Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev hazırda davam edən İsrail-HƏMAS müharibəsi haqda deyib. Verdiyevin sözlərinə görə, quru əməliyyatları başa çatdıqdan sonra belə İsrail Qəzza zolağında müəyyən nəzarət mexanizmlərini saxlayacaq: “Hizbullah da əgər HƏMAS-ı dəstəkləməyə cəhd edərsə, onun taleyi HƏMAS-dan fərqli olmayacaq. Daha əvvəlki illərdə olduğu kimi, İsrail Müdafiə Ordusu hər iki tərəfin dayaqlarını kifayət qədər sarsıdacaq”. Qeyd edək ki, HƏMAS 7 oktyabrda Qəzza zolağından İsrailə kütləvi hücuma keçib. Nəticədə indiyə qədər 900 israillinin öldüyü, 2,7 minə yaxın insanın isə yaralandığı bildirilir. İsrail ordusu müharibəyə girdiyini elan edib və Qəzzaya ağır zərbələr endirir.

İsrail HƏMAS-la danışıqlara gedir? - XİN

Hazırda HƏMAS ilə danışıqlar aparılmır. Sozcu.az xəbər verir ki, bunu İsrailin Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat deyib. “Dövlətimiz müharibə vəziyyətindədir və hesab edirik ki, hazırda heç bir danışıqlar mümkün deyil. Biz bunu heç müzakirə də etmirik”, - Hayat qeyd edib. Qeyd edək ki, HƏMAS sülh danışıqlarına hazır olduğunu bildirib.

İsrail bütün şəhərlərə nəzarəti bərpa etdi - Təcili

İsrailin bütün yaşayış məskənlərinə nəzarət bərpa edilib, bir neçə gizlənmiş terrorçunun olması mümkündür. Sozcu.az xəbər verir ki, bunu İsrail ordusunun mətbuat katibi Daniel Haqari deyib. “Hücuma keçdik. İsrail Qəzzanı əhatə edən ərazilərdə yüzlərlə terrorçunu məhv etdi”, - Haqari bildirib. Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb.

BMT missiyasının Qarabağa növbəti səfəri başladı

BMT missiyası növbəti dəfə Qarabağa səfər edib. Sozcu.az xəbər verir ki, missiya üzvləri bu gün Ağdamdan Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Qeyd edək ki, BMT missiyası bundan öncə oktyabrın 1-də Qarabağda olub. Missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir.

Rusiya sülhməramlıları Qarabağda daha iki müşahidə məntəqəsini bağlayıblar

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları daha iki daimi müşahidə məntəqəsini bağlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, gün ərzində iki müşahidə məntəqəsi bağlanıb. Xatırladaq ki, Rusiya sülhməramlıları oktyabrın 6-da 3, 7-də daha bir müşahidə məntəqəsini bağlayıblar. 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Hərbi əməliyyatın birinci mərhələsi BAŞA ÇATDI

“Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsi başa çatıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb. O bildirib ki, Qəzza zolağından hücuma cavab olaraq həyata keçirilən əməliyyat nəticəsində terrorçuların əksəriyyəti məhv edilib. Netanyahu bəyan edib ki, qarşıya qoyulan məqsədlərə çatana qədər hücumlar davam edəcək.

İsraildə fövqəladə vəziyyət elan edildi

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə fövqəladə vəziyyət elan edib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb . Nazir, həmçinin hüquq-mühafizə orqanlarına könüllülərin cəlb edilməsi ilə bağlı göstəriş verib. Onun sözlərinə görə, ordu tam döyüş hazırlığındadır. Ben-Qvir əlavə edib ki, Qəzza zolağından hücumlar başlayandan bəri ən azı 22 nəfər ölüb, 500-dən çox insan yaralanıb və daha bir neçə mülki şəxs əsir götürülüb.

Sülh sazişi ilə bağlı son gəlişmə – İmza mərasimi üçün adı çəkilən üç paytaxt

Ermənistan ilə Azərbaycan arasında Qarabağda dair məsələ tamamilə yekunlaşdı. Bu fakt öz növbəsində iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər. Lakin indiki məqamda əsas sual budur: Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi harada və ya hansı platformada imzalanacaq? Son proseslər bunun anonsu sayıla bilərmi? Yəni Azərbaycan Qərb masasından imtina edə bilərmi? Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, hazırda regionda və dünyada geosiyasi vəziyyət sürətlə dəyişir: “Belə olan təqdirdə Ermənistan ilə Azərbaycan arasında yekun sülhün nə zaman və harada imzalanacağını demək çətindir. Lakin hazırda sülh müqaviləsi ilə bağlı üç platforma diqqət çəkir: 1. Brüssel formatı; 2. Vaşinqton formatı; 3. Moskva formatı; Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərin effektivliyi azdır. Çünki Ermənistan ilə Rusiya arasında gərginlik var və proses hələlik səngimir. Belə olan təqdirdə bu formatda keçirilən görüşlərin nəticəsində sülh müqaviləsinin imzalanması çətin görünür. Brüssel formatı isə daha çox son zamanlar Qərbin sərgilədiyi qərəzli mövqeyə görə bir qədər motivasiyanı aşağı salır. Belə ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi sanksiyaların tətbiq edilməsini özündə ehtiva edən qətnamə bu formata olan inamı da azaltdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Qranadada keçirilən görüşdə iştirak etməyərək Qərbə qarşı etirazını bildirdi. O ki qaldı Vaşinqton formatına, burada əsas məsələ Rusiya-ABŞ münasibətləridir. Moskva Vaşinqtonla rəqabət içərisində olduğu üçün bu formatda əldə edilən qərarların icrasına mane olmaq istəyir. Bu da öz növbəsində formatı qeyri-effektiv edir”.

Xocalıda yeni narkotik plantasiyası aşkarlandı

Xocalıda daha bir ərazidə narkotik plantasiyası aşkarlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, plantasiya Xocalının Təzəbinə kəndində tapılıb. Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev jurnalistlərə açıqlamasında ərazinin əkin sahəsi olduğunu bildirib: "Əkin sahəsi olmasına baxmayaraq, ərazidə bu cür fəaliyyətlə məşğul olunub. Plantasiyanın sahəsi 10 hektardan çoxdur". Qeyd edək ki, oktyabrın 2-də də Xocalıda 100 hektarlıq ərazidə kultivasiya üsulu ilə əkilmiş çətənə plantasiyası aşkarlanmışdı.

Natiq Qasımova Milli Qəhrəman adı verilsin

Millət vəkili Fazil Mustafa Birinci Qarabağ müharibəsi zamanı ermənilərə qarşı 5 gün təkbaşına döyüşən azərbaycanlı döyüşçü Natiq Qasımovun Azərbaycanın Milli Qəhrəmanı adını alması məsələsini işıqlandırıb. O, bunu Milli Məclisdə gündəmə gətirəcəyini bildirib. Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Qarabağ qaziləri” İctimai Birliyinin sözçüsü Rey Kərimoğlu millət vəkilini təşəbbüsünə görə alqışlayıb. “Təşəbbüsə görə Fazil Mustafa sağolsun, gözəl addımdır. Biz bu məsələni 10 il bundan öncədən deyirdik, sosial şəbəkədə, mediada da yazırdıq. Gec də olsa, onun haqda həqiqət üzə çıxdı. Biz 1992-ci ildən N.Qasımovun qəhrəmanlığını və şəhid olduğunu bilirdik. Nə yaxşı ki, film yayıldı və bu məsələ gündəmə gəldi. Biz də “Qarabağ qaziləri” Birliyi olaraq bu məsələni dəstəkləyirik və onun Milli Qəhrəman adına layiq görülməsini xahiş edirik”, - o bildirib.

Kərki və Qazaxın kəndləri geri qaytarılacaq - Paşinyan öhdəlik götürdü

Ermənistanın baş naziri Nikol Paşinyan hazırda bu ölkənin nəzarətində olan bəzi əraziləri Azərbaycana qaytaracağı barədə öhdəlik götürüb. Sozcu.az xəbər verir ki, o, Azərbaycanın 86,6 min kvadratkilometr ərazi bütövlüyünü tanıyıb. Erməni baş nazir bununla faktiki olaraq, Qazax rayonuna aid olan 6 kənd də Kərkinin (Naxçıvan) Azərbaycan ərazisi olduğunu imzası ilə təsdiqləyib.

Fuad Muradov kimləri şantaj edib? – Alınan pullar

Ötən gün hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilən “Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradovun nədə ittiham olunduğu məlum olub. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, iş üzrə beş zərərçəkmiş var. İttihama görə, Fuad Muradov tanışı olan G. Nəbiyeva (ad-soyad şərtidir) və Z. Əbilovla (ad-soyad şərtidir) əlbir olaraq zərərçəkmişləri şantaj edib. Belə ki, iş üzrə zərərçəkmiş beş nəfərin qadınla intim görüntüləri çəkilib, onlar həmin görüntüləri zərərçəkmişlərin ailə üzvlərinə göndərəcəkləri hədəsi ilə ümumilikdə 20 min manata qədər pul tələb edərək alıblar. İş üzrə zərərçəkənlər Fuad Muradov və digərləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Müraciət əsasında hər 3 nəfər saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etməkdə) maddəsi ilə ittiham verilib. Müstəntiqin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən Fuad Muradov və digərləri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.